Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 26—29
  • Müqəddəs Kitab həyatları dəyişir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab həyatları dəyişir
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/10 s. 26—29

Müqəddəs Kitab həyatları dəyişir

AİLƏ tərbiyəsi görməyən bir kişi nəyin sayəsində xoşbəxt insan, yaxşı ər və ata oldu? Pozğun həyat sürən qadını əxlaqlı və namuslu olmağa nə təşviq etdi? Görək bu barədə onlar özləri nə danışırlar.

«Özümü lazımsız və bədbəxt hiss edirdim» (VİKTOR HÜQO HERRERA).

ANADAN OLDUĞU İL: 1974

ÖLKƏ: ÇİLİ

KEÇMİŞDƏ: İÇKİ DÜŞKÜNÜ

AVTOBİOQRAFİYA. Mən mənzərəli diyar olan Çilinin cənub hissəsində, Anqol şəhərində dünyaya göz açmışam. Atamı heç vaxt görməmişəm. Üç yaşım olanda anam məni və qardaşımı götürüb paytaxta — Santyaqoya köçdü. Ailəmiz evsiz insanlar üçün olan müvəqqəti düşərgədə, balaca bir otaqda məskunlaşdı. Biz ictimai ayaqyolundan istifadə edirdik, suyu isə yanğın kranından götürürdük.

Təxminən iki ildən sonra dövlət bizə xudmani bir ev verdi. Əfsuslar olsun ki, yeni qonşularımız əyyaşlar, narkomanlar, cinayətkarlar və fahişələr idi.

Bir gün anam bir kişi ilə tanış oldu. Onlar evləndilər. Atalığım hədsiz dərəcədə çox içirdi. O, anamı və məni döyürdü. Mən tez-tez təkliyə çəkilib ağlayırdım, pənahına sığına biləcəyim ata həsrətində idim.

Anamın gecə-gündüz işləməsinə baxmayaraq, biz yenə də çox kasıb idik. Elə günlər olurdu ki, yeməyə quru süddən və şəkərdən başqa heç nəyimiz olmurdu. Gizlincə qonşunun pəncərəsindən onların televizoruna baxmaq qardaşımla mənim əyləncəmiz idi. Ancaq bir gün o, bizi yaxaladı və hər şey bitdi.

Atalığım ayıq olanda (bu isə çox nadir hallarda baş verirdi) bizə yeməyə nə isə alardı. Bir gün o, bizə balaca televizor aldı. Bu, özümü xoşbəxt hiss etdiyim tək-tük anlardan biri idi.

On iki yaşımda oxumağı öyrəndim. Bir il sonra məktəbi atdım və işləməyə başladım. Bütün günü işləyir, işdən sonra isə iş yoldaşlarımla əyləncə gecələrinə gedirdim. Orada biz içki içir və narkotik qəbul edirdik. Tezliklə məndə asılılıq yarandı.

20 yaşım olanda Kati ilə tanış oldum və biz evləndik. Əvvəl-əvvəl hər şey yaxşı idi, lakin mən yenidən köhnə həyat tərzimə qayıtdım və əvvəlkindən də betər oldum. Və bir gün başa düşdüm ki, axırım ya həbsxana, ya da qəbiristanlıq olacaq. Ən dəhşətlisi də o idi ki, oğlum Viktor mənim ucbatımdan uşaqlıqda çəkdiyim əzabları çəkirdi. Özümdən zəhləm gedirdi, özümü lazımsız və bədbəxt hiss edirdim.

2001-ci ildə Yehovanın Şahidləri bizə gəldilər və Kati onlarla Müqəddəs Kitabı öyrənməyə başladı. Kati öyrəndiklərini mənimlə bölüşürdü. Mən də maraq üçün Müqəddəs Kitabı öyrənməyə başladım. 2003-cü ildə Kati özünü Allaha həsr edib vəftiz oldu.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Bir gün mən Rut 2:12 ayəsini oxudum. Orada deyilir ki, Yehova iman təzahür etdirən və Onu özünə sığınacaq edən insanları xeyir-dualandırır. Başa düşdüm ki, əgər həyat tərzimi dəyişsəm, Allahı razı salmış olacağam və O, məni də xeyir-dualandıracaq. Müqəddəs Kitabda əyyaşlığın dəfələrlə mühakimə olunması diqqətimi çəkdi. 2 Korinflilərə 7:1 ayəsində yazılan sözlər mənə çox təsir etdi. Bu ayə bizi təşviq edir ki, «bədəni və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək». Buna görə natəmiz vərdişlərimdən əl çəkməyə başladım. Başlanğıcda özümə hakim ola bilmirdim, amma Kati hər zaman mənə dayaq olurdu.

İşdən çıxmalı oldum, çünki orada siqaret çəkmək və içki içmək kimi çox güclü şirnikdirici təsirlərə məruz qalırdım. Bir müddət işsiz qalmağım dolanışığımızı çətinləşdirsə də, Müqəddəs Kitabı öyrənmək üçün daha çox vaxtım oldu. Məhz bu zaman mən ruhani cəhətdən inkişaf etməyə başladım. Kati heç vaxt məndən qazancımdan artığını tələb etmirdi, nə də sadə həyat tərzi sürdüyümüzə görə məni qınayırdı. Sevgi dolu dəstəyinə görə ona ürəkdən minnətdaram.

Getdikcə Yehovanın Şahidləri ilə daha sıx ünsiyyət edirdim. Onların sayəsində mən başa düşdüm ki, təhsilsiz olmağıma baxmayaraq, Yehova Allah Ona səmimi-qəlbdən xidmət etmək arzumu qiymətləndirir. Məsihçi yığıncağında gördüyümüz məhəbbət və birliyin ailəmizə çox böyük təsiri oldu. Bu cür sülhə biz heç harada rast gəlməmişdik. 2004-cü il dekabr ayında mən də özümü Allaha həsr edib vəftiz oldum.

MƏNƏ FAYDASI. Müqəddəs Kitabın Yeşaya 48:17 ayəsində yazılan «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm» sözlərinin doğruluğuna öz şəxsi təcrübəmdə əmin oldum. Mənim dəyişməyim anama və qardaşıma çox gözəl təsir bağışladı və onlar da Allahın Kəlamını öyrənməyə başladılar. Hətta qonşularım da mənim dəyişdiyimi və necə xoşbəxt ailəyə sahib olduğumu görüb sevinirlər.

Mənim Allahı sevən və məni özünə etibarlı dost bilən həyat yoldaşım var. Atamı heç vaxt görməsəm də, Allahın Kəlamından bir ata kimi üç oğluma necə tərbiyə verməli olduğumu öyrəndim. Onlar mənə dərin hörmət bəsləyirlər. Ən vacibi isə, Yehova oğullarım üçün gerçək Allahdır və onlar Yaradanımızı sevirlər.

Allaha necə də minnətdaram ki, bədbəxt uşaqlığıma baxmayaraq, mənə xoşbəxt olmaq imkanı verib.

«Mən qəzəbli və aqressiv bir insan oldum» (NABİHA LAZAROVA).

ANADAN OLDUĞU İL: 1974

ÖLKƏ: BOLQARISTAN

KEÇMİŞDƏ: NARKOTİK ALVERÇİSİ

AVTOBİOQRAFİYA. Mən Bolqarıstanın Sofiya şəhərində orta təbəqəli ailədə doğulmuşam. Atam bizi qoyub gedəndə mənim altı yaşım var idi. Bu, mənim üçün böyük zərbə oldu, qəlbimə dərin yara vurdu. Özümü atılmış hiss edir və məhəbbətə layiq olmadığımı düşünürdüm. Böyüdükcə bu hisslər məni üsyankar olmağa təhrik etdi. Mən qəzəbli və aqressiv bir insan oldum.

Birinci dəfə evdən qaçanda 14 yaşım var idi. Mən tez-tez anamdan və nənəmlə babamdan pul oğurlayırdım. Tez özümdən çıxdığım üçün məktəbdə başım problemdən açılmırdı. Bunun ucbatından beş il ərzində beş məktəb dəyişmişdim. Attestat almağıma üç il qalmış məktəbdən çıxdım. Çox əxlaqsız həyat sürürdüm. Məndə siqaretdən və marixuanadan asılılıq yaranmışdı. Həddindən çox içirdim, demək olar ki, hər gün əyləncə gecələrinə gedirdim. Üstəlik, narkotik alveri ilə məşğul olmağa başladım. İnsanların əzab-əziyyət çəkdiyi və öldüyü bu ümidsiz dünyada yaşamağın mənasını görmürdüm. Birgünlük həzz üçün yaşayırdım.

1998-ci ildə, 24 yaşım olanda Braziliyanın San-Paulu şəhərinin hava limanında qanunsuz narkotik alveri ilə məşğul olan zaman tutuldum. Mənə dörd il həbs cəzası kəsdilər.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. 2000-ci ildə Yehovanın Şahidləri mənim olduğum həbsxanaya həftədə bir dəfə baş çəkməyə başladılar. Onlardan biri, Marines mənə qarşı çox xeyirxah idi. O, məndə Müqəddəs Kitabı öyrənmək həvəsi oyatdı. Əvvəllər heç vaxt Yehovanın Şahidləri haqda eşitmədiyim üçün digər dustaqlardan onlar barədə nə bildiklərini soruşdum. Əksəriyyətin Şahidləri pisləməsi mənə təəccüblü gəldi. Hətta onlardan biri dedi: «Hansı dinə qoşulursan qoşul, bircə Yehovanın Şahidi olma». Onun sözləri marağımı daha da artırdı; mən başqalarının bu insanlara nəyə görə bu qədər nifrət etdiklərini bilmək istədim. Belə bir qənaətə gəldim ki, səbəb onların həqiqi dində olmalarıdır. Axı Müqəddəs Kitabda deyilir ki, İsa peyğəmbərin əsil davamçıları təqiblərə məruz qalacaqlar (2 Timoteyə 3:12).

Həmin arada məni həbsxananın inzibati binasında işləməyə təyin etdilər. Bir gün anbarda «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarınına köhnə sayları ilə dolu olan bir neçə qutu tapdım. Jurnalları öz kamerama aparıb oxumağa başladım. Onları oxuduqca məndə elə hiss yaranırdı ki, sanki, qızmar günəş altında səhrada dolaşarkən sərin su quyusu tapmışam. O gündən etibarən jurnallar bir dəqiqə də olsun əlimdən düşmürdü, hər gün saatlarla Müqəddəs Kitabı araşdırırdım.

Bir gün həbsxana rəisi məni çağırtdırdı. Fikirləşirdim ki, məni azad edəcəklər, buna görə də tez şey-şüylərimi yığıb dustaqlarla vidalaşdım və qaça-qaça rəisin otağına getdim. Ora gələndə məlum oldu ki, saxta sənədlərlə əlaqədar mənə qarşı iddia qaldırılıb. Nəticədə, mənə əlavə iki il də iş kəsdilər.

Əvvəl çox pis oldum. Ancaq bir neçə gündən sonra dərk etdim ki, əslində, bu, xeyir-dua imiş. Müqəddəs Kitabdan çox şey öyrənsəm də, ürəyimdə fikirləşirdim ki, həbsxanadan çıxandan sonra köhnə həyat tərzimə qayıdacağam. Dəyişmək üçün mənə daha çox vaxt lazım idi.

Bəzən mənə elə gəlirdi ki, Allah mənim kimi insanın ibadətini heç vaxt qəbul etməz. Amma mən 1 Korinflilərə 6:9—11 kimi ayələrin üzərində dərindən düşündüm. Bu ayələrdə göstərilir ki, eramızın birinci əsrində İsa peyğəmbərin bəzi davamçıları Allaha ibadət etməmişdən qabaq oğru, içki düşkünü və soyğunçu olmuşlar. Lakin Allahın köməyilə onlar dəyişdilər. Keçmişdə yaşayan bu insanların nümunəsi məni çox ruhlandırdı.

Pis vərdişlərimin bəzilərindən, məsələn, narkotikdən əl çəkmək mənə o qədər də çətin olmadı. Lakin siqareti atanacan çox əzab çəkdim. Bir ildən çox davam edən mübarizədən sonra axır ki, bu vərdişimin də öhdəsindən gəldim. Siqareti atmaqda onun insan orqanizmə vurduğu zərərləri araşdırmağımın böyük köməyi dəydi. Amma ən böyük kömək Yehovaya usanmadan dua etməyim oldu.

Atam bizi tərk edəndə özümü atılmış hiss edirdim, amma Yehovaya yaxınlaşdıqca yavaş-yavaş bu hisslərin öhdəsindən gəldim. Müqəddəs Kitabda yazılan Məzmur 27:10 ayəsi məni riqqətə gətirdi. Orada deyilir: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər». Anladım ki, heç vaxt məni tərk etməyəcək ən yaxşı Atanı tapmışam! Artıq həyatımın mənası var. 2004-cü il aprel ayında, həbsxanadan çıxandan altı ay sonra vəftiz oldum.

MƏNƏ FAYDASI. İndi mən xoşbəxtəm. İnsanı məhvə aparan vərdişlərdən canımı qurtarandan sonra özümü fiziki və emosional cəhətdən qat-qat yaxşı hiss edirəm. Bu gün mənim xoşbəxt ailəm var və səmavi Atam Yehova mənə Öz dostluğunu bəxş edib. Ona ibadət edən insanlar arasında özümə çoxlu ata, ana, qardaş və bacı tapmışam (Mark 10:29, 30). Onlara minnətdaram ki, məndə mənim görə bilmədiyim potensialı gördülər.

Hərdən elə anlar olur ki, keçmişdə sürdüyüm həyat tərzimə görə özümü çox qınayır və ruh düşkünlüyünə qapılıram. Amma Allahın əvvəlki işlərin bir daha xatırlanmayacağı yeni dünyaya dair vədi mənə təsəlli verir (Yeşaya 65:17). Lakin keçmişdə başıma gələn hadisələr mənə eyni problemlərlə üzləşən insanlara şəfqətlə yanaşmağa kömək edir. Yaşadıqlarımın yeganə faydası budur. Təbliğdə Allahın Kəlamındakı xoş xəbəri insanlarla bölüşərkən qarşıma çıxan narkomanlarla, içki düşkünləri ilə və ya cinayətkarlarla rahat dil tapıram və onlara qarşı qərəzsizəm. Əminəm ki, əgər mənim kimi insan Yehovanı razı salmaq üçün həyatında belə dəyişikliklər edə bildisə, deməli, bunu hər kəs bacarar!

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc olunur.

[27–ci səhifədəki şəkil]

«Atamı heç vaxt görməsəm də, Allahın Kəlamından bir ata kimi üç oğluma necə tərbiyə verməli olduğumu öyrəndim»

[29–cu səhifədəki şəkil]

«Heç vaxt məni tərk etməyəcək ən yaxşı Atanı tapmışam!»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş