TƏLİM MƏQALƏSİ 43
NƏĞMƏ 41 Ey Allahım, eşit duamı
Başqaları üçün dua etməyi unutmayaq
«Bir-birinizdən ötrü dua edin. Salehin hərarətli duasının böyük təsiri var» (YAQ. 5:16).
ƏSAS FİKİR
Görəcəyik ki, başqaları üçün dua etmək nəyə görə vacibdir və bunu etməyin hansı yolları var.
1. Dualarımızın Yehova üçün önəmli olduğunu haradan bilirik?
DUA tayı-bərabəri olmayan bir hədiyyədir. Bir düşünün, Yehova mələklərə müəyyən işlər tapşırıb (Zəb. 91:11). Həmçinin Oğluna da vacib məsuliyyətlər həvalə edib (Mət. 28:18). Amma duaları dinləmək məsuliyyətini Öz öhdəsinə götürüb. Yehova, «duaları eşidən» Allah bizi şəxsən dinləyir (Zəb. 65:2).
2. Həvari Bulus hansı nümunəni qoyub?
2 Biz öz narahatlıqlarımız barədə Yehova ilə açıq danışa bilərik. Amma başqaları üçün də dua etməliyik. Həvari Bulus da belə edirdi. Məsələn, o, Efes yığıncağına yazmışdı ki, durmadan dualarında onları yad edir (Efes. 1:16). Bulus ayrı-ayrı şəxslər üçün də dua edirdi. Məsələn, o, Timutiyə demişdi: «Allaha şükürlər olsun. Səni durmadan, gecə-gündüz dualarımda yad edirəm» (2 Tim. 1:3). Bulusun dua edəsi xeyli problemi var idi (2 Kor. 11:23; 12:7, 8). Amma o, başqaları üçün dua etməyə vaxt ayırırdı.
3. Başqaları üçün dua etməyi unutmağımıza nə səbəb ola bilər?
3 Bəzən başqaları üçün dua etməyi unuduruq. Bunun bir səbəbini Sabrinaa adlı bacı belə açıqlamışdı: «İndiki zəmanədə baş qaşımağa vaxt yoxdur. Diqqətimiz problemlərimizə o qədər cəmlənə bilər ki, yalnız öz ehtiyaclarımız barədə dua edərik». Bəs siz özünüzdə belə bir şey müşahidə etmisiniz? Etmisinizsə, o zaman bu məqalə sizə kömək edə bilər. Məqalədən görəcəyik ki, 1) başqaları üçün dua etmək nəyə görə vacibdir və 2) bunu necə edə bilərik.
BAŞQALARI ÜÇÜN NƏYƏ GÖRƏ DUA ETMƏLİYİK?
4, 5. Dualarımızın başqaları üçün hansı «böyük təsiri» ola bilər? (Yaqub 5:16).
4 Duamızın «böyük təsiri var». (Yaqub 5:16 ayəsini oxuyun.) Görəsən, kimin üçünsə etdiyimiz dua onun vəziyyətini dəyişə bilər? Bəli, dəyişə bilər. İsa həvari Butrusun onu danacağını bildiyi üçün belə demişdi: «Mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin» (Luka 22:32). Həvari Bulus da yaxşı bilirdi ki, dua çox şeyi dəyişə bilər. O, Romada haqsız yerə həbs olunanda Filimona yazmışdı: «Ümid edirəm ki, dualarınız sayəsində sizdən ötrü azadlığa buraxılacağam» (Flm. 22). Bulus, doğrudan da, həbsdən azad olundu və təbliğ işini davam etdirə bildi.
5 Əlbəttə, biz dua edəndə bu o demək deyil ki, Yehovanı nəyisə etməyə məcbur edirik. Yehova görür ki, bəndəsi hər hansı məsələyə görə narahatdır və bəzən onun xahişini yerinə yetirməyi məsləhət bilir. Bunu anladığımız üçün Yehovaya hərarətlə dua edirik, sonra isə məsələnin həllini Onun öhdəsinə buraxırıq (Zəb. 37:5; 2 Kor. 1:11).
6. Kimin üçünsə dua etmək onunla münasibətimizə necə təsir edir? (1 Butrus 3:8).
6 Dua bizi «şəfqətli» edir. (1 Butrus 3:8 ayəsini oxuyun.) Şəfqətli insan başqasının dərdini görə bilir və ona kömək etmək istəyir (Mark 1:40, 41). Maykl adlı ağsaqqal deyir: «Mən başqalarının ehtiyacları barədə dua edəndə onların hansı çətinliklərlə üzləşdiklərini daha aydın təsəvvür edirəm və bu onlara sevgimi artırır. Onların xəbəri olmasa da, özümü onlara daha yaxın hiss edirəm». Riçard adlı ağsaqqal isə duanın başqa xeyrini vurğulayır. O deyir: «Biz kimin üçünsə dua edəndə ona kömək etməyə daha da meyilli oluruq... Həmin insana yardım edəndə isə bir növ onun haqda etdiyimiz duanın cavablanmasına kömək edirik».
7. Başqaları üçün dua etmək öz problemimizə tarazlı yanaşmağa necə kömək edir? (Filippililərə 2:3, 4; həmçinin şəkillərə baxın.)
7 Dua öz problemimizə düzgün yanaşmağa kömək edir. (Filippililərə 2:3, 4 ayələrini oxuyun.) Şeytan İblisin idarə etdiyi dünyada yaşadığımız üçün hər birimizin özünəxas çətinliyi var (1 Yəh. 5:19; Vəhy 12:12). Biz başqaları üçün dua etməyi vərdişə çevirəndə yadda saxlayırıq ki, «dünyadakı bütün» qardaşlarımız da «eyni əzablara qatlaşır» (1 But. 5:9). Ketrin adlı öncül bacı deyir: «Başqaları üçün dua etmək mənə xatırladır ki, problemləri olan təkcə mən deyiləm. Bunun sayəsində fikrim-zikrim öz problemimdə olmur».
Başqaları üçün dua etmək öz problemlərimizə düzgün yanaşmağa kömək edir (7-ci abzasa baxın)d
ONLARIN DUALARIMIZA EHTİYACI VAR
8. Kimlər üçün dua edə bilərik?
8 Kimlər üçün dua edə bilərik? Müəyyən qrup insanlar üçün, məsələn, səhhətində problemləri olanlar üçün, məktəbdə rişxəndlə, həmyaşıdlarının təzyiqi ilə üzləşən gənclər üçün və yaşlı bacı-qardaşlarımız üçün dua edə bilərik. Xeyli sayda dindaşımız ya ailə üzvləri, ya da hökumət tərəfindən təqiblərlə üzləşir (Mət. 10:18, 36; Həv. 12:5). Bir başqaları siyasi iğtişaşlara görə evlərindən didərgin düşüb. Kimisi isə təbii fəlakətlərdən zərər çəkib. Bəlkə də, bu bacı-qardaşları şəxsən tanımırıq, amma onlar üçün dua edəndə İsanın «bir-birinizi sevin» göstərişinə əməl etmiş oluruq (Yəh. 13:34).
9. Nəyə görə Yehovanın təşkilatında rəhbərlik edən qardaşlar üçün və onların həyat yoldaşları üçün dua etməliyik?
9 Biz Yehovanın təşkilatında rəhbərlik edən qardaşlar üçün də dua edə bilərik. Bura Rəhbərlik Şurasının üzvləri, onların köməkçiləri, filial komitələri, filiallarda xidmət edən nəzarətçilər, rayon nəzarətçiləri, yığıncaqdakı ağsaqqallar və yığıncaq xidmətçiləri daxildir. Bu qardaşların çoxunun öz problemləri olsa da, bizim rifahımız üçün çox çalışırlar (2 Kor. 12:15). Məsələn, Mark adlı bir rayon nəzarətçisi deyir: «Mənim ən böyük çətinliklərimdən biri yaşlı valideynlərimdən çox uzaqda yaşamağımdır. Onların ikisinin də səhhəti zəifdir. Düzdür, bacım və onun yoldaşı valideynlərimin qayğısına qalır. Amma valideynlərimin yanında ola bilmədiyim üçün çox məyus oluram». Bu zəhmətkeş qardaşlarımızın problemlərindən agah olsaq da, olmasaq da, onlar üçün dua etməyi unutmamalıyıq (1 Salon. 5:12, 13). Bundan əlavə, onların həyat yoldaşları üçün də dua edə bilərik. Axı onlar ərlərinə təyinatlarını icra edə bilmələri üçün sədaqətlə dəstək olurlar.
10, 11. Dindaşlarımız üçün etdiyimiz ümumi dualar Yehovaya məqbuldur? İzah edin.
10 Yuxarıda da müzakirə etdiyimiz kimi biz müəyyən qrup bacı-qardaşlar üçün tez-tez ümumi dualar edirik. Məsələn, ağlımızda konkret kimisə tutmadan Yehovadan xahiş edə bilərik ki, həbsdə olan və yaxud əzizini itirən dindaşlarımıza kömək olsun. Donald adlı ağsaqqal deyir: «Problemlərlə üzləşən o qədər bacı-qardaşımız var ki, hərdən onların hamısı üçün ümumi dua edirik».
11 Bu cür dualar Yehovaya məqbuldur? Bəli, axı biz bütün dindaşlarımızın konkret hansı çətinliklərlə üzləşdiyini bilmirik. Buna görə də müəyyən qrup bacı-qardaşlarımız üçün ümumi dualar etmək yerindədir (Yəh. 17:20; Efes. 6:18). Bu dualar göstərir ki, biz «bütün qardaşlığı» sevirik (1 But. 2:17).
AYRI-AYRI ŞƏXSLƏR ÜÇÜN ETDİYİMİZ DUALAR
12. Müşahidəçi olmaq konkret dualar etməyə necə kömək edir?
12 Müşahidəçi olun. Bacı-qardaşlar üçün ümumi dua etməklə yanaşı, onların hər biri üçün adbaad dua edə bilərik. Yığıncağınızda xroniki xəstəliklə mübarizə aparan kimsə var? Yaxud məktəbdə sinif yoldaşlarının təzyiqinə görə ruhdan düşmüş gənc var? Bəs övladını «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» təkbaşına böyüdən valideyn tanıyırsınız? (Efes. 6:4). Müşahidəçi olsanız, onların halına yanacaqsınız. Bu da onlar üçün dua etmək istəyinizi gücləndirəcəkb (Rom. 12:15).
13. Şəxsən tanımadığımız dindaşlarımız üçün necə dua edə bilərik?
13 Adbaad dua edin. Şəxsən tanımadığımız insanlar üçün də dua edə bilərik. Məsələn, Krımda, Eritreyada, Rusiyada, Sinqapurda və digər ölkələrdə həbsdə olan bacı-qardaşlarımız haqda düşünək. jw.org saytında həbsdə olanların adlarını tapa bilərikc. Brayn adlı bir rayon nəzarətçisi deyir: «Fikir vermişəm ki, həbsdə olan dindaşlarımın adını vərəqə yazmaq və sonra bu adları ucadan oxumaq dua zamanı onları yada salmağa kömək edir».
14, 15. Konkret duaları necə etmək olar?
14 Konkret xahişlər edin. Bu məqalədə adı çəkilən Maykl deyir: «Mən jw.org saytında həbs olunmuş qardaşların hadisəsini oxuyanda çalışıram düşünüm ki, onların yerində olsaydım, hansı hissləri keçirərdim. Bilirəm ki, yoldaşım üçün narahat olardım, istəyərdim, heç nədən korluq çəkməsin. Buna görə də həbsdə olan evli qardaşlar üçün dua edəndə bu kimi konkret məqamları da qeyd edirəm» (İbr. 13:3, haşiyə).
15 Həbsdə olan bacı-qardaşlarımızın gündəlik həyatlarının necə keçdiyi barədə düşünsək, duamıza başqa konkret xahişlər də daxil edə bilərik. Məsələn, dua edə bilərik ki, həbsxana nəzarətçisi onlarla mehriban davransın və səlahiyyəti olan şəxslər onlara sərbəst ibadət etməyə imkan versin (1 Tim. 2:1, 2). Həmçinin dua edə bilərik ki, həbsdə olan qardaşın aid olduğu yığıncaq onun iman nümunəsindən ruhlansın və ya dindaşımız olmayan insanlar onun gözəl nümunəsini müşahidə edib xoş xəbərə hay versin (1 But. 2:12). Sözsüz ki, eyni üsuldan başqa sınaqlara tab gətirən bacı-qardaşlarımız üçün də dua edəndə istifadə edə bilərik. Müşahidəçi olmaqla, adbaad dua etməklə və konkret xahişlər söyləməklə bir-birimizə məhəbbətimizin bol olduğunu göstəririk (1 Salon. 3:12).
DUALARIMIZA TARAZLI BAXIŞ
16. Dualarımıza necə tarazlı yanaşa bilərik? (Mətta 6:8).
16 Gördüyümüz kimi etdiyimiz dualar insanın vəziyyətini dəyişə bilər. Bununla belə, dualarımıza tarazlı yanaşmalıyıq. Bir şeyi yadda saxlamalıyıq ki, biz dua edəndə Yehovaya bilmədiyi bir şeyi demirik, həm də Yehova məsələnin həll yolunu göstərməyimizə ehtiyac duymur. O, bəndələrinə nəyin lazım olduğunu onların özündən əvvəl bilir. (Mətta 6:8 ayəsini oxuyun.) Bəs onda nəyə görə başqaları üçün dua etməliyik? Bu məqalədə vurğulanan səbəblərdən əlavə, bununla insanları düşündüyümüzü göstəririk. Məhəbbət bizi bir-birimiz üçün dua etməyə təşviq edir. Üstəlik, Yehova xidmətçilərinin Onun məhəbbətini əks etdirdiyini görəndə çox sevinir.
17, 18. Dindaşlarımız üçün dua etməyin vacibliyini nümunə əsasında izah edin.
17 Hətta dualarımız vəziyyəti dəyişməsə də, onlar bizim bacı-qardaşlara sevgimizi göstərir. Bu isə Yehovanın diqqətindən yayınmır. Gəlin bir nümunəyə baxaq. Təsəvvür edin ki, bir ailədə iki balaca uşaq var: bir oğlan və bir qız. Balaca oğlan xəstə yatır. Qız isə atasına yalvarıb deyir: «Ata nə olar, qardaşım üçün nəsə elə. O çox xəstədir!» Ata onsuz da oğlunun sağalması üçün nə lazımdırsa edir. O, oğlunu sevir və onun qayğısına qalır. Amma o, balaca qızının qardaşı üçün nə qədər narahat olduğunu və ona kömək etməsini xahiş etdiyini görəndə ürəyi dağa dönür.
18 Eynilə Yehova da bizi bir-birimizin qayğısına qalmağa, bir-birimiz üçün dua etməyə təşviq edir. Belə edəndə göstəririk ki, təkcə özümüzü yox, başqalarını da düşünürük. Bu isə Yehovanın diqqətindən yayınmır (2 Salon. 1:3; İbr. 6:10). Həmçinin yuxarıda da müzakirə etdiyimiz kimi bəzi hallarda duamız sayəsində kiminsə vəziyyəti dəyişə bilər. Odur ki, gəlin bir-birimiz üçün dua etməyi heç vaxt unutmayaq.
NƏĞMƏ 101 Birlik içində yaşayaq
a Bəzi adlar şərtidir.
b jw.org saytında «Takeşi Şimizu: Yehova duaları eşidən Allahdır» adlı videoya baxın.
c Həbsdə olan dindaşlarımızın adlarını tapmaq üçün jw.org saytında axtarış xanasına «Yehovanın Şahidlərinin həbsdə olduğu ölkə və ərazilər» yazıb axtarın.
d ŞƏKLİN İZAHI. Bacı-qardaşların öz problemləri olsa da başqaları üçün dua edirlər.