YƏHYANIN YAZDIĞI MÜJDƏ
1 Başlanğıcda Söz var idi,+ Söz Allahla idi+ və Söz ilahi varlıq idi.+ 2 O, başlanğıcda Allahla idi. 3 Hər şey onun vasitəsilə mövcud oldu+ və onsuz heç bir şey mövcud olmadı.
4 Onun vasitəsilə həyat mövcud oldu və həyat insanlar üçün nur oldu.+ 5 Bu nur qaranlıqda parlayır,+ ancaq qaranlıq onu üstələyə bilmir.
6 Allahın göndərdiyi bir elçi peyda oldu. Onun adı Yəhya idi.+ 7 O, şəhadət vermək üçün gəlmişdi. O, nur haqqında şəhadət verəcəkdi ki,+ hər cür insan onun vasitəsilə iman gətirsin. 8 O özü həmin nur deyildi,+ amma nur haqqında şəhadət verməli idi.
9 Hər cür insanı nurlandıran əsl nur dünyaya gəlmək üzrə idi.+ 10 O, dünyada idi.+ Dünya onun vasitəsilə mövcud olmuşdu,+ lakin dünya onu tanımadı. 11 O, doğma yurduna gəldi, ancaq xalqı onu qəbul etmədi. 12 O, onu qəbul edən, onun adına iman gətirən hər kəsə+ Allahın övladı+ olmaq hüququ verdi. 13 Onlar ətdən-qandan doğulmayıblar, insan istəyi ilə dünyaya gəlməyiblər, onlar Allahın övladlarıdırlar.+
14 Söz insan olub+ aramızda yaşadı və biz onun calalını gördük. Bu, atanın yeganə oğluna+ verdiyi calala bənzəyirdi. O, Allahın lütfü ilə və həqiqətlə dolu idi. 15 Yəhya onun barəsində şəhadət verir, nida edirdi: «Mən bu sözləri onun haqqında deyirdim: “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”».+ 16 Biz hamımız onun dolğunluğundan bəhrələndik, lütf üstündən lütf aldıq. 17 Qanun Musa vasitəsilə verildi,+ lütf+ və həqiqət isə İsa Məsih vasitəsilə açıldı.+ 18 Bəşər övladlarından heç kim heç vaxt Allahı görməmişdir,+ yalnız Atanın qoynunda* olan+ o ilkin ilahi varlıq+ Onu bizə tanıtdı.+
19 Yəhudilər Yəhyanın kim olduğunu+ öyrənmək üçün Yerusəlimdən onun yanına kahinlərlə lavililəri göndərdi. Yəhya belə şəhadət verdi: 20 «Mən Məsih deyiləm». O, bunu açıq-aşkar dedi, sualdan qaçmadı. 21 Belə olduqda onlar soruşdular: «Bəs onda kimsən? Olmaya, İlyassan?»+ O: «Xeyr», — dedi. «Bəlkə, həmin o Peyğəmbərsən?»+ O, yenə inkar etdi. 22 Onda onlar dedilər: «Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək». 23 O cavab verdi: «Mən Əşiya peyğəmbərin dediyi,+ “Yehovanın yolunu hamarlayın!”+ — deyə çöllükdə car çəkənin səsiyəm». 24 Gələnlər isə fərisilərdən idilər. 25 Onu yenə sorğu-suala çəkdilər: «Əgər sən nə Məsih, nə İlyas, nə də həmin o Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz* edirsən?» 26 Yəhya onlara cavab verib dedi: «Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. 27 O, məndən sonra gəlir, amma mən onun səndəlinin bağını belə, açmağa layiq deyiləm».+ 28 Bütün bunlar Beytaniyyədə, İordan çayının o biri tayında baş verdi. Yəhya orada vəftiz edirdi.+
29 Ertəsi gün Yəhya ona tərəf gələn İsanı görəndə dedi: «Budur bəşəriyyətin+ günahını yuyan+ Allahın Quzusu!+ 30 “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”, — deyə haqqında danışdığım adam budur.+ 31 Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın».+ 32 Yəhya bunu da təsdiqlədi: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm.+ 33 Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib+ qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”.+ 34 Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur».+
35 Ertəsi gün Yəhya iki şagirdi ilə bir yerdə olanda 36 yol ilə gedən İsanı görüb dedi: «Budur Allahın Quzusu!»+ 37 Bu sözləri eşidən həmin iki şagird İsanın ardınca getdi. 38 İsa geriyə baxdı və onların arxadan gəldiyini görəndə soruşdu: «Nə istəyirsiniz?» Onlar cavab verdilər: «Rabbi, sən harada qalırsan?» (Rabbi «müəllim» deməkdir.) 39 İsa dedi: «Gəlin özünüz görün». Onlar gedib onun harada qaldığını gördülər. Təxminən günorta saat dörd* olardı. Onlar həmin gün İsa ilə qaldılar. 40 Yəhyanın sözünü eşidib İsanın ardınca gedən iki şagirddən biri Şimon Butrusun qardaşı Andreas+ idi. 41 O, əvvəlcə qardaşı Şimonu tapdı və dedi: «Biz Məsihi tapmışıq»+ (Məsih «məsh edilmiş» deməkdir.) 42 O, qardaşını İsanın yanına gətirdi. İsa ona baxıb dedi: «Yəhya oğlu Şimon,+ indən belə səni Kifa (yunanca Butrus*)+ çağıracaqlar».
43 Sabahısı gün İsa Cəliləyə yollanmaq istədi. O, Filipi+ tapıb dedi: «Ardımca gəl». 44 Filip də Andreasla Butrusun doğma şəhəri olan Beytsəydadan idi. 45 Filip Natanaili+ tapıb ona dedi: «Biz Tövratda* Musanın yazdığı və Peyğəmbərlərin kitabında bəhs edilən adamı, Yusifin+ oğlu nəsrani İsanı tapmışıq». 46 Amma Natanail ona dedi: «Heç Nasirədən də fərli bir şey çıxar?» Filip ona cavab verdi: «Gəl özün bax». 47 İsa ona tərəf gələn Natanaili görəndə onun haqqında belə dedi: «Budur, zərrə qədər də bicliyi olmayan əsl israilli!»+ 48 Natanail soruşdu: «Sən məni haradan tanıyırsan?» İsa cavab verdi: «Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin». 49 Natanail dedi: «Rabbi, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan».+ 50 İsa dedi: «Səni əncir ağacının altında gördüyümü dediyim üçün mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən». 51 Sonra əlavə etdi: «Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun yanına enib-qalxdığını görəcəksiniz».+
2 Bundan iki gün sonra Cəlilənin Qanə şəhərində toy idi. İsanın anası orada idi. 2 İsa da şagirdləri ilə toya dəvət olunmuşdu.
3 Şərab azalanda İsanın anası ona dedi: «Şərabları yoxdur». 4 Ancaq İsa anasına dedi: «Bu, bizim işimiz deyil. Mənim vaxtım hələ gəlməyib». 5 Anası məclisdə xidmət edənlərə dedi: «Sizə nə desə, onu da edin». 6 Yəhudilərin paklanma qaydalarına+ görə orada su üçün altı ədəd daş küp vardı. Küplərin hər biri qırx dörd litrdən altmış altı litrə* qədər su tuturdu. 7 İsa onlara dedi: «Küpləri su ilə doldurun». Xidmətçilər küpləri ağzına qədər doldurdular. 8 Sonra İsa onlara dedi: «İndi bir az götürüb sərpayı üçün aparın». Onlar elə də etdilər. 9 Sərpayı şərabın haradan gəldiyini bilmirdi, bunu yalnız xidmətçilər bilirdi. O, şəraba çevrilmiş suyun dadına baxdıqda bəyi çağırıb 10 dedi: «Başqaları əvvəlcə süfrəyə yaxşı şərab qoyur, qonaqlar keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı indiyə saxlamısan». 11 Bu, İsanın göstərdiyi ilk möcüzə idi. O, bunu Cəlilənin Qanə şəhərində etmişdi. İsa orada öz qüdrətini göstərdi+ və şagirdləri ona iman etdilər.
12 Bundan sonra İsa, anası, qardaşları+ və şagirdləri Kəfərnahuma+ getdilər, lakin orada çox qalmadılar.
13 Yəhudilərin Pasxa bayramı+ yaxınlaşırdı. İsa Yerusəlimə gəldi. 14 O, məbəddə mal-qara, qoyun və göyərçin+ satanları, həmçinin oturub sərraflıq edənləri gördü. 15 İsa kəndirdən bir qamçı düzəldib onların hamısını qoyun, mal-qara qarışıq məbəddən qovdu. Sərrafların masalarını çevirib pullarını yerə dağıtdı.+ 16 Göyərçin satanlara isə dedi: «Yığışdırın bunları buradan! Bəsdirin Atamın evini bazara çevirdiniz!»+ 17 Bu zaman onun şagirdləri Müqəddəs Yazılarda deyilən «Sənin evin üçün çəkdiyim qeyrət məni yandırıb-yaxacaq»+ sözlərini xatırladılar.
18 Bunu görən yəhudilər ona dedilər: «Hansı əlamətlə+ bizə sübut edə bilərsən ki, bunları etməyə ixtiyarın var?» 19 İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, mən onu üç günə tikərəm».+ 20 Onda yəhudilər dedilər: «Bu məbəd qırx altı ilə tikilib, sən onu üç günə necə tikəcəksən?» 21 Ancaq İsa məbəd deyərkən öz bədənini nəzərdə tuturdu.+ 22 İsa diriləndən sonra şagirdləri xatırladılar ki, o, bunu dəfələrlə demişdi.+ Beləcə, onlar həm Müqəddəs Yazılardakı bu sözlərə, həm də İsanın sözlərinə inandılar.
23 İsa Yerusəlimdə Pasxa bayramında olarkən xeyli adam onun göstərdiyi möcüzələri görüb onun adına iman etdi. 24 Amma İsa onlara çox da etibar etmirdi, çünki hamısını yaxşı tanıyırdı. 25 Ehtiyac yox idi ki, kimsə ona başqası haqqında bir şey danışsın, çünki o, hər kəsin ürəyini görürdü.+
3 Fərisilərin arasında Nikodem+ adlı bir adam vardı. O, yəhudilərin rəhbərlərindən biri idi. 2 O, gecə vaxtı İsanın yanına gəlib+ dedi: «Rabbi*+, biz bilirik ki, sən Allahın bizə yolladığı müəllimsən, çünki Allah güc verməsə,+ heç kəs bu möcüzələri+ göstərə bilməz». 3 İsa ona cavab verdi: «Bunu bil ki, insan yenidən* doğulmasa,+ Allahın Padşahlığını görə bilməz».+ 4 Nikodem ondan soruşdu: «Adam artıq böyüyübsə, yenidən necə doğula bilər? Məgər o, anasının bətninə girib ikinci dəfə doğula bilər?» 5 İsa cavab verdi: «Eşit və agah ol, sudan+ və ruhdan+ doğulmayan Allahın Padşahlığına girə bilməz. 6 İnsandan insan, müqəddəs ruhdan isə göyə məxsus olan doğulur. 7 “Yenidən doğulmalısınız” dediyimə təəccüblənmə. 8 Külək istədiyi səmtə əsir. Sən onun səsini eşidirsən, amma haradan gəlib hara əsdiyini bilmirsən. Ruhdan doğulmuş hər adam da belədir».+
9 Nikodem İsadan soruşdu: «Bu necə ola bilər?» 10 Cavabında İsa dedi: «Sən İsrailin müəllimi ola-ola belə şeyləri bilmirsən? 11 Əmin ola bilərsən ki, biz bildiyimizi danışırıq və gördüyümüzə şəhadət edirik. Siz isə şəhadətimizi qəbul etmirsiniz. 12 Mən sizə yerə aid şeylər haqqında danışanda inanmırsınızsa, göyə aid şeylər haqqında danışsam, necə inanacaqsınız? 13 Heç bir insan göyə çıxmayıb,+ amma insan Oğlu göydən gəlib.+ 14 Musa səhrada ilanı yuxarı qaldırdığı kimi,+ insan Oğlu da yuxarı qaldırılmalıdır+ ki, 15 ona iman edən hər adamın əbədi həyatı olsun.+
16 Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu+ onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun.+ 17 Çünki Allah Öz Oğlunu bəşəriyyəti mühakimə etmək üçün yox, bəşəriyyəti onun vasitəsilə xilas etmək üçün dünyaya göndərmişdir.+ 18 Ona iman edən məhkum edilməyəcək,+ iman etməyən isə artıq məhkum olunub, çünki Allahın yeganə Oğlunun adına iman etməyib.+ 19 Hökm üçün əsas budur: nur dünyaya gəldi,+ insanlar isə nuru yox, qaranlığı sevdilər, çünki əməlləri pis idi. 20 Şər iş görən nura nifrət edir və əməlləri ifşa olunmasın deyə, nura tərəf getmir. 21 Doğru iş görən adam isə nura+ tərəf gedir ki, əməllərinin Allahın iradəsinə müvafiq olduğu görünsün».
22 Bundan sonra İsa şagirdləri ilə birlikdə Yəhudiyyə kəndlərinə getdi və bir müddət onlarla orada qaldı. O, camaatı vəftiz edirdi.+ 23 Yəhya da Salimin yaxınlığında, Aynonda vəftiz edirdi, çünki orada su bol idi.+ Camaat ora gəlib vəftiz olunurdu.+ 24 O zaman Yəhya hələ həbs edilməmişdi.+
25 Yəhyanın şagirdləri bir yəhudi ilə paklanma barəsində mübahisə etdilər. 26 Onlar Yəhyanın yanına gəlib dedilər: «Rabbi, səninlə İordan çayının o tayında olan adam, kimin haqqında ki sən şəhadət vermişdin,+ bax, o vəftiz edir və hamı onun yanına gedir». 27 Yəhya cavab verdi: «İnsana göydən verilməsə, o, heç nə edə bilməz. 28 “Mən Məsih deyiləm,+ mən onun qabağınca göndərilmiş adamam”, — dediyimə siz özünüz şahidsiniz.+ 29 Gəlin kimə məxsusdursa, bəy də odur.+ Amma bəyin dostu bəyin yanında duranda və onun səsini eşidəndə ürəkdən sevinir. Mən də beləcə ürəkdolusu sevinirəm. 30 O böyüməli, mən isə kiçilməliyəm».
31 Yuxarıdan gələn+ hamıdan böyükdür. Yerdən olan isə elə yerdəndir və yerə aid şeylərdən danışır. Göydən gələn hamıdan böyükdür.+ 32 O gördüyü və eşitdiyi şeylərdən danışır,+ lakin onun şəhadətini heç kəs qəbul etmir.+ 33 Onun şəhadətini qəbul edən Allahın haqq olduğunu təsdiqləyir*.+ 34 Allahın göndərdiyi şəxs Onun sözlərini danışır.+ Allah da ruhunu səxavətlə verir. 35 Ata Oğulu sevir+ və hər şeyi onun ixtiyarına verib.+ 36 Oğula iman edən əbədi həyata qovuşacaq.+ Oğula itaət etməyənsə həyata qovuşmayacaq,+ Allahın qəzəbinə düçar olacaq.+
4 Ağa eşitdi ki, fərisilər onun Yəhyadan daha çox şagird hazırladığını və daha çox adam vəftiz etdiyini bilirlər.+ 2 (Əslində, İsa özü yox, şagirdləri vəftiz edirdilər.) 3 Onda Yəhudiyyədən çıxıb yenidən Cəliləyə yollandı. 4 İsa Səməriyyədən keçib getməli idi. 5 O, Səməriyyənin Sixar şəhərinə gəldi. Bu şəhər Yaqubun öz oğlu Yusifə verdiyi tarlanın yaxınlığında yerləşirdi.+ 6 Orada Yaqubun quyusu vardı.+ Uzun yoldan yorulmuş İsa quyunun yanında oturmuşdu. Günorta saat on iki* olardı.
7 Bu zaman oraya su dalınca bir səməriyyəli qadın gəldi. İsa ona dedi: «Mənə içməyə su ver». 8 (Şagirdləri şəhərə yemək almağa getmişdilər.) 9 Səməriyyəli qadın İsaya dedi: «Necə olur ki, sən yəhudi ola-ola məndən — səməriyyəli bir qadından su istəyirsən?» (İş orasındadır ki, yəhudilərlə səməriyyəlilər arasında heç bir münasibət yoxdur.)+ 10 İsa qadına cavab verdi: «Əgər sən Allahın ənamından+ xəbərdar olsaydın və səndən su istəyən adamın kim olduğunu bilsəydin, özün ondan su istəyərdin, o da sənə dirilik suyu verərdi».+ 11 Qadın dedi: «Ağa, quyu dərindir, sənin isə su çəkməyə heç çəlləyin də yoxdur. Səndə dirilik suyu haradandır? 12 Məgər sən bu quyunu bizə vermiş, özü də, oğulları da, mal-qarası da buradan su içmiş atamız Yaqubdan da böyüksən?» 13 İsa qadına cavab verdi: «Bu suyu içən hər bir adam yenə də susayacaq. 14 Ancaq mənim verəcəyim sudan içən adam əsla susamayacaq.+ Bu su onun içində qaynayıb əbədi həyat verən bir çeşmə olacaq».+ 15 Qadın ona dedi: «Ağa, mənə də bu sudan ver ki, bir də susamayım və bura su dalınca gəlməyim».
16 İsa ona dedi: «Get, ərini də çağır, bura gəl». 17 Qadın cavab verdi: «Mənim ərim yoxdur». İsa dedi: «Düz dedin, ərin yoxdur. 18 Sənin beş ərin olub, ancaq indi yaşadığın kişi ərin deyil. Burasını düz dedin». 19 Qadın dedi: «Ağa, görürəm sən peyğəmbərsən.+ 20 Bizim əcdadlarımız Allaha bu dağda ibadət ediblər, siz isə deyirsiniz ki, Allaha Yerusəlimdə ibadət etmək lazımdır».+ 21 İsa dedi: «İnan mənə, elə bir vaxt gələcək ki, siz Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22 Siz kor-koranə ibadət edirsiniz,+ biz isə bilik əsasında ibadət edirik, çünki xilas yəhudilərdən başlayır.+ 23 Amma elə bir vaxt gələcək ki və artıq gəlib də, Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır.+ 24 Allah ruhdur*+, Ona ibadət edənlər ruha və həqiqətə uyğun ibadət etməlidirlər».+ 25 Qadın ona dedi: «Mən bilirəm ki, Məsih adlanan biri gələcək. O gələndə hər şeyi bizə açıq-aydın bildirəcək». 26 İsa ona dedi: «O, mənəm».+
27 Bu vaxt onun şagirdləri gəlib çıxdılar. Onlar İsanın qadınla söhbət etdiyini görəndə təəccübləndilər. Amma heç kəs soruşmadı: «Ondan nə istəyirsən?», «Niyə onunla danışırsan?» 28 Qadın isə səhəngini orada qoyub şəhərə getdi və camaata dedi: 29 «Ay camaat, gedin, gördüyüm bütün işləri mənə danışan adama baxın. Bəlkə, Məsih elə odur?» 30 Onlar şəhərdən çıxıb İsanın yanına yollandılar.
31 Bu vaxt şagirdlər onu dilə tuturdular: «Rabbi+, bir az yemək ye». 32 Ancaq İsa onlara dedi: «Mənim öz yeməyim var. Sizin ondan xəbəriniz yoxdur». 33 Şagirdlər bir-birindən soruşdular: «Məgər ona kimsə yemək gətirib?» 34 İsa onlara dedi: «Mənim yeməyim məni Göndərənin iradəsini yerinə yetirmək+ və Onun buyurduğu işi tamamlamaqdır.+ 35 Məgər özünüz demirsiniz ki, biçinə hələ dörd ay var? Mən isə sizə deyirəm: başınızı qaldırın və tarlalara baxın,+ məhsul yetişib, biçinə hazırdır. 36 Biçinçi artıq əməkhaqqını alır və əbədi həyat üçün məhsul yığır ki, əkən də, biçən də qoşa sevinsin.+ 37 Doğrudan da, yaxşı deyiblər: “Biri əkir, o biri biçir”. 38 Mən sizi zəhmətini çəkmədiyiniz məhsulu biçməyə göndərdim. Zəhməti başqaları çəkdi, siz isə onların zəhmətindən bəhrələndiniz».
39 O şəhərdən olan xeyli səməriyyəli həmin qadının: «O, gördüyüm bütün işləri mənə danışdı», — sözlərini eşidib İsaya inandılar.+ 40 Buna görə də onlar İsanın yanına gəlib xahiş etdilər ki, yanlarında qalsın. İsa orada iki gün qaldı. 41 İsanı dinləyən xeyli adam da ona iman etdi. 42 Onlar qadına dedilər: «Biz indi yalnız sənin dediklərinə görə ona inanmırıq. Çünki onun sözlərini öz qulaqlarımızla eşitdik və bilirik ki, o, doğrudan da, dünyanın xilaskarıdır».+
43 İki gündən sonra İsa Cəliləyə yollandı. 44 (Lakin İsa özü deyirdi ki, peyğəmbər öz el-obasında hörmət görmür.)+ 45 O, Cəliləyə gələndə oranın sakinləri onu xoşüzlə qarşıladılar, çünki onlar İsanın bayram vaxtı Yerusəlimdə etdiyi işləri görmüşdülər,+ belə ki, özləri də bayrama getmişdilər.+
46 İsa yenidən Cəlilənin Qanə şəhərinə, suyu şəraba çevirdiyi yerə gəldi.+ Kəfərnahumda padşahın bir naibi var idi. Onun oğlu xəstə yatırdı. 47 Bu adam İsanın Yəhudiyyədən Cəliləyə gəldiyini eşidəndə onun yanına getdi və İsadan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlan ölüm ayağında idi. 48 Amma İsa ona dedi: «Siz əlamət və möcüzə görməsəniz, ömründə inanmazsınız».+ 49 Padşahın naibi dedi: «Ağa, nə olar, gəl gedək, qoyma oğlum ölsün». 50 İsa dedi: «Get, oğlun sağaldı».+ O, İsanın sözünə inanıb getdi və 51 hələ yolda ikən nökərləri qarşısına çıxıb xəbər verdilər ki, oğlu sağalıb. 52 O, nökərlərdən uşağın nə vaxt sağaldığını xəbər aldı. Onlar cavab verdilər: «Dünən günorta saat bir* olardı, uşağın qızdırması keçdi». 53 Onda naib başa düşdü ki, uşaq İsanın: «Oğlun sağaldı»,+ — dediyi vaxt sağalıb. Beləcə, özü və bütün ev əhli İsaya iman gətirdi. 54 Bu, İsanın Yəhudiyyədən Cəliləyə gələrkən göstərdiyi ikinci möcüzə+ idi.
5 Bundan sonra yəhudilərin bir bayramı+ olacaqdı. İsa Yerusəlimə getdi. 2 Yerusəlimdə, Qoyun darvazası+ yaxınlığında sütunlarla əhatə olunmuş, ibranicə Beytzata adlanan bir hovuz var idi. 3 Orada çoxlu xəstə, kor, şikəst, əl-ayağı qurumuş adam uzanmışdı. 4 *—— 5 Onların arasında otuz səkkiz il idi ki, xəstə olan bir adam da var idi. 6 Bu adamın uzun müddət xəstə olduğunu bilən İsa onun orada uzandığını görəndə ona dedi: «Sağalmaq istəyirsən?»+ 7 Xəstə cavab verdi: «Ağa, bir adamım yoxdur ki, su çalxalananda məni hovuza salsın. Mən çatanacan başqası məndən əvvəl suya girir». 8 İsa ona dedi: «Dur, xərəyini də götür, get».+ 9 O, dərhal sağaldı, xərəyini götürdü və gəzməyə başladı.
O gün şənbə günü idi. 10 Yəhudilər sağalmış kişiyə dedilər: «Bu gün şənbə günüdür, xərək daşımaq olmaz».+ 11 O cavab verdi: «Məni sağaldan belə dedi: “Xərəyini götür, get”». 12 Onlar soruşdular: «Bu sözü sənə kim dedi?» 13 Sağalmış adam bilmirdi onu kim sağaldıb, çünki İsa camaatın arasında gözdən itmişdi.
14 Sonra İsa məbəddə olarkən o adamı tapıb dedi: «Sən indi sapsağlamsan. Bax, indən belə günah işləmə, yoxsa daha betər bəlaya düçar olarsan». 15 O adam gedib yəhudilərə söylədi ki, ona İsa şəfa verib. 16 İsa bu işləri şənbə günü gördüyü üçün yəhudilər onu təqib edirdilər. 17 Ancaq İsa onlara dedi: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm».+ 18 Bunu eşidən yəhudilər onu öldürmək üçün daha çox fürsət axtarmağa başladılar, çünki onların fikrincə, İsa nəinki şənbəni pozur, hətta Allahı öz Atası adlandırır+ və özünü Allaha tay tuturdu.+
19 İsa onlara cavab verdi: «Bilin və agah olun, Oğul özündən bir şey edə bilməz, o, yalnız Atasından gördüyü şeyləri edə bilər.+ Ata nə edirsə, Oğul da eyni şeyi o cür edir. 20 Ata Oğulu sevir+ və etdiyi hər şeyi ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz məəttəl qalasınız.+ 21 Ata ölüləri dirildib onlara həyat verdiyi kimi,+ Oğul da ürəyi istədiyi adamlara həyat verir.+ 22 Ata heç kəsi mühakimə etmir, O, bu səlahiyyəti Oğula verib+ ki, 23 hamı Ataya ehtiram bəslədiyi kimi, Oğula da ehtiram bəsləsin. Oğula hörmət etməyən onu göndərmiş Ataya da hörmət etmir.+ 24 Bunu bilin, mənim sözlərimi eşidib məni göndərənə iman edən əbədi həyata qovuşacaq.+ O məhkum edilməyəcək, ölümdən həyata keçəcək.+
25 Bunu bilin, elə bir saat gələcək ki və artıq gəlib də, ölülər Allahın Oğlunun səsini eşidəcək və onun sözünə qulaq asanlar yaşayacaq. 26 Ata həyat mənbəyi+ olduğu üçün Oğula da insanlara həyat bəxş etmək ixtiyarı verib.+ 27 Ata Oğula hökm kəsmək səlahiyyəti də vermişdir,+ çünki o, insan Oğludur.+ 28 Buna heyrət etməyin, çünki elə bir vaxt* gələcək ki, qəbirlərdə* olanların hamısı onun səsini eşidib,+ 29 qəbirlərindən çıxacaq. Yaxşı əməl sahibləri dirilib həyata qovuşacaq, pis əməl sahibləri isə dirilib mühakimə olunacaqlar.+ 30 Mən özbaşına heç bir şey edə bilmərəm. Atam necə deyirsə, elə də hökm edirəm. Çıxardığım hökm ədalətlidir,+ çünki mən öz istəyimi yox, məni göndərənin iradəsini həyata keçirməyə çalışıram.+
31 Əgər özüm haqda yalnız özüm şahidlik etsəydim, şəhadətim düz olmazdı.+ 32 Mənim haqqımda başqası da şəhadət edir və mən bilirəm ki, onun mənim haqqımda verdiyi şəhadət doğrudur.+ 33 Siz Yəhyanın yanına adam göndərmişdiniz, o, həqiqət barəsində şəhadət etdi.+ 34 Mən insanların şəhadətinə ehtiyac duymuram, bunları xilas olmağınız üçün deyirəm. 35 O adam işıq saçan, yanar bir çıraq idi, amma siz qısa müddət onun işığında şadlanmaq istədiniz.+ 36 Ancaq mənim haqqımda Yəhyanın verdiyi şəhadətdən daha böyük şəhadət var, çünki Atamın mənə verdiyi bu tapşırıq, gördüyüm bu işlər mənim Ata tərəfindən göndərildiyimi təsdiqləyir.+ 37 Məni göndərən Ata mənim haqqımda Özü şahidlik edib.+ Siz nə Onun səsini eşitmisiniz, nə də üzünü görmüsünüz.+ 38 Onun sözü sizin qəlbinizdə yaşamır, çünki Onun göndərdiyi adama inanmırsınız.
39 Siz Müqəddəs Yazıları araşdırırsınız,+ elə bilirsiniz ki, bunların sayəsində əbədi həyata qovuşacaqsınız. Halbuki elə Müqəddəs Yazıların özü mənim haqqımda şəhadət edir.+ 40 Ancaq siz yanıma gəlib həyata qovuşmaq istəmirsiniz.+ 41 Mən insanlardan tərif gözləmirəm. 42 Yaxşı bilirəm ki, sizin qəlbinizdə Allaha məhəbbət yoxdur. 43 Mən Atamın adından gəlmişəm, siz isə məni qəbul etmirsiniz. Əgər başqası öz adından gəlsəydi, onu qəbul edərdiniz. 44 Siz bir-birinizi tərifləyirsiniz, lakin tək olan Allahın tərifini qazanmağa çalışmırsınız. Belə halda, mənə necə inana bilərsiniz?+ 45 Elə bilməyin ki, mən sizi Atamın qarşısında təqsirləndirəcəyəm. Onsuz da sizi təqsirləndirən var, o da güvəndiyiniz Musadır+. 46 Əgər siz Musaya inansaydınız, mənə də inanardınız, çünki o, mənim haqqımda yazmışdı.+ 47 Amma əgər onun yazdıqlarına inanmırsınızsa, mənim sözlərimə necə inanacaqsınız?»
6 Bundan sonra İsa Cəlilə, yəni Təbəriyyə dənizinin o biri tayına yollandı.+ 2 İsanın xəstələri möcüzə ilə sağaltdığını görən çoxlu sayda adam onun dalınca gedirdi.+ 3 İsa bir dağa qalxıb şagirdləri ilə birlikdə orada oturdu. 4 Bu hadisə yəhudilərin Pasxa bayramı+ yaxınlaşan vaxt olmuşdu. 5 İsa başını qaldırıb gördü ki, yanına çoxlu adam gəlir. O, Filipə dedi: «Bu adamlar üçün haradan çörək alaq?»+ 6 İsa nə edəcəyini bilirdi, bunu sadəcə Filipi sınamaq üçün dedi. 7 Filip cavab verdi: «Bu qədər adama heç iki yüz dinarlıq* çörək də bəs eləməz ki, heç olmasa hərəsi bir tikə yesin». 8 Şagirdlərdən biri, Şimon Butrusun qardaşı Andreas dedi: 9 «Burada bir oğlan uşağında beş arpa çörəyi və iki balaca balıq var. Amma bu qədər adam üçün bunlar nədir ki?»+
10 İsa dedi: «Camaatı yerə oturdun». Ora otluq idi. Adamlar oturdular. Kişilərin sayı təxminən beş min nəfər olardı.+ 11 İsa çörəkləri götürüb Allaha şükür etdi və sonra oturanlara payladı. Eləcə də hər kəsə istədiyi qədər balıq payladı. 12 Camaat yeyib doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın». 13 Şagirdlər artıq qalan tikələri yığdılar, beş arpa çörəyindən on iki dolu səbət yığıldı.
14 Camaat İsanın möcüzələrini görəndə dedi: «Bu adam, doğrudan da, dünyaya gəlməli olan Peyğəmbərdir».+ 15 İsa bilirdi ki, onlar onu zorla padşah etmək üçün gələcəklər. Buna görə də tək-tənha dağa qalxdı.+
16 Axşamüstü şagirdlər dənizə tərəf düşdülər+ 17 və qayığa minib dənizin o biri tayına, Kəfərnahuma üzdülər. Artıq hava qaralmışdı, amma İsa hələ onların yanına gəlməmişdi.+ 18 Güclü külək əsdiyindən dəniz coşurdu.+ 19 Şagirdlər avar çəkə-çəkə təxminən beş-altı kilometr* üzmüşdülər ki, suyun üstü ilə yeriyib qayığa yaxınlaşan İsanı gördülər. Onları vahimə bürüdü. 20 Ancaq İsa onlara dedi: «Mənəm, qorxmayın!»+ 21 Şagirdlər sevincək İsanı qayığa götürdülər. Qayıq dərhal mənzilbaşına çatdı.+
22 Ertəsi gün dənizin o biri sahilində qalmış camaat gördü ki, sahildə qayıq yoxdur. İsa şagirdləri ilə orada olmuş balaca qayığa minməmişdi, şagirdlər dənizə tək çıxmışdılar. 23 Ağanın Allaha şükür etdiyi və camaatın çörək yediyi yerin yaxınlığına Təbəriyyədən bir neçə qayıq gəldi. 24 Adamlar İsa ilə şagirdlərini orada görməyəndə qayıqlarına minib İsanı axtarmaq üçün Kəfərnahuma gəldilər.
25 Onlar İsanı dənizin o biri sahilində tapanda dedilər: «Rabbi*+, sən bura nə vaxt gəldin?» 26 İsa onlara cavab verdi: «Siz möcüzə gördüyünüz üçün yox, o çörəklərdən yeyib doyduğunuz üçün məni axtarırsınız.+ 27 Xarab olub gedən qida üçün əlləşməyin, əbədi həyat+ gətirən və daim qalan qidadan ötrü çalışın. Bu qidanı sizə insan Oğlu verəcək, çünki Atamız Allah Oğulu bəyənib və onun üzərinə möhürünü vurub».+
28 Onda adamlar İsaya dedilər: «Nə edək ki, Allaha xoş getsin?» 29 İsa onlara cavab verdi: «Allahın göndərdiyi insana iman etsəniz, Ona xoş gedər».+ 30 Onlar dedilər: «Bir möcüzə göstər,+ biz də görüb sənə inanaq. Nə göstərə bilərsən? 31 Bizim əcdadlarımız səhrada manna yeyiblər,+ necə ki yazılıb: “Allah onlara göydən çörək verdi”».+ 32 İsa onlara dedi: «Bunu bilin ki, Musa sizə göydən gələn həqiqi çörəyi verməmişdi. Göydən gələn həqiqi çörəyi sizə indi Atam verir. 33 Allahın verdiyi çörək göydən gələn və bəşəriyyətə* həyat verən insandır». 34 Onlar dedilər: «Ağa, bizə həmişə bu çörəyi ver».
35 İsa onlara dedi: «Həyat çörəyi mənəm. Ardımca gələn heç vaxt acmayacaq və mənə iman edən əsla susamayacaq.+ 36 Amma dediyim kimi, siz məni görsəniz də inanmırsınız.+ 37 Atamın mənə verdiyi hər kəs ardımca gələcək. Ardımca gələni isə mən heç vaxt qovmaram.+ 38 Çünki mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün+ göydən gəlmişəm.+ 39 Məni göndərənin iradəsi isə budur ki, Onun mənə verdiyi adamlardan heç birini itirməyim, axırıncı gündə onları dirildim.+ 40 Bəli, Atamın iradəsi budur ki, Oğulu qəbul edib ona iman edən hər kəs əbədi həyata+ qovuşsun. Mən axırıncı gündə onu dirildəcəyəm».+
41 Onda yəhudilər İsanın «mən göydən gəlmiş çörəyəm»+ sözlərinə görə deyinməyə başladılar. 42 Onlar deyirdilər: «Məgər bu, Yusifin oğlu İsa deyil? Biz onun atasını da, anasını da yaxşı tanıyırıq.+ Bəs necə olur ki, o deyir: “Mən göydən gəlmişəm”?» 43 İsa onlara dedi: «Bəsdirin deyindiniz. 44 Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz.+ Mən axırıncı gündə o adamı dirildəcəyəm.+ 45 Peyğəmbərlərin kitabında da yazılıb: “Onların hamısı Yehovadan elm alacaq”.+ Atamı dinləyib Ondan elm almış hər bir adam ardımca gəlir. 46 Atanı yalnız Onun yanından gələn görüb,+ ondan başqa heç kim görməyib. Atanı o görüb.+ 47 Eşidin və agah olun, iman edən əbədi həyata qovuşacaq.+
48 Mən həyat çörəyiyəm.+ 49 Sizin əcdadlarınız səhrada manna yedilər, amma axırda öldülər.+ 50 Göydən gəlmiş həqiqi çörəyi yeyənsə ölməyəcək. 51 Mən göydən gəlmiş diri çörəyəm. Bu çörəkdən yeyən əbədi yaşayacaq. Bəli, bəşəriyyətin həyatı uğrunda verəcəyim çörək mənim bədənimdir».+
52 Onda yəhudilər öz aralarında mübahisəyə başladılar: «Nə? Bu adam bizə öz bədənini verəcək, biz də onu yeyəcəyik?!» 53 İsa onlara dedi: «Eşidin və agah olun, əgər insan Oğlunun bədənini yeməsəniz, qanını içməsəniz, həyata qovuşmayacaqsınız.+ 54 Mənim bədənimdən yeyib qanımdan içənin əbədi həyatı var və mən axırıncı gündə onu dirildəcəyəm.+ 55 Mənim bədənim həqiqi qidadır, qanım həqiqi içkidir. 56 Bədənimdən yeyən və qanımdan içən mənimlə vəhdətdədir, mən də onunla vəhdətdəyəm.+ 57 Necə ki var olan Atam məni göndərib və mən Onun sayəsində yaşayıram, bədənimdən yeyən də mənim sayəmdə yaşayacaq.+ 58 Göydən gəlmiş çörək budur. O, əcdadlarınızın yediyi çörək kimi deyil. Onlar bu çörəkdən yedilər, amma öldülər. Bu çörəyi yeyən isə əbədi yaşayacaq».+ 59 O, bunları Kəfərnəhumda, sinaqoqda* vəz edərkən* söylədi.
60 Bunları eşidən şagirdlərdən bir çoxu dedi: «Bu nə danışır?! Bu sözlərə necə qulaq asmaq olar?!» 61 İsa şagirdlərin buna görə deyindiyini bildiyindən onlara dedi: «Bu sözlərim sizə xoş gəlmədi? 62 Bəs insan Oğlunun əvvəllər olduğu yerə qayıtdığını+ görsəniz, nə edəcəksiniz? 63 Həyatı müqəddəs ruh verir,+ bədəndən isə heç bir fayda yoxdur. Sizə dediyim sözlər müqəddəs ruhdandır, onlar həyat verir.+ 64 Amma aranızda elələri var ki, inanmır». İsa kimlərin inanmadığını və kimin onu satacağını qabaqcadan bilirdi.+ 65 O, sözünə davam edib dedi: «Buna görə sizə dedim: “Atam izin verməsə, kimsə yanıma gələ bilməz”».+
66 Bundan sonra onun şagirdlərindən bir çoxu öz köhnə məşğuliyyətlərinə qayıtdı+ və daha onun ardınca getmədi. 67 Onda İsa on iki həvaridən soruşdu: «Bəlkə, siz də getmək istəyirsiniz?» 68 Şimon Butrus cavab verdi: «Ağa, kimin yanına gedək?+ Əbədi həyatın sözləri səndədir.+ 69 Biz inanırıq, bilirik ki, sən Allahın Müqəddəsisən».+ 70 İsa onlara dedi: «Sizin on ikinizi də mən seçmişəm,+ ancaq sizdən biri böhtançıdır*».+ 71 O, bunu Şimon İskəryutun oğlu Yəhuda haqqında deyirdi. Yəhuda on iki həvaridən biri+ olsa da, sonradan İsanı satdı.
7 İsa Cəlilədə təbliğ edirdi. O, Yəhudiyyəyə getmək istəmədi, çünki yəhudilər onu öldürməyə fürsət axtarırdılar.+ 2 Yəhudilərin Çardaqlar bayramı+ yaxınlaşırdı. 3 İsanın qardaşları+ ona dedilər: «Burada qalma, Yəhudiyyəyə get, qoy şagirdlərin də etdiyin işləri görsünlər. 4 Məşhurlaşmaq istəyən adam gizlində iş görməz. Sən ki belə işlər görürsən, özünü niyə dünyaya tanıtmırsan?» 5 Əslində, İsanın qardaşları ona inanmırdılar.+ 6 Buna görə də İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib,+ sizin üçünsə həmişə münasib vaxtdır. 7 Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm.+ Ancaq sizə nifrət etməsinə səbəb yoxdur. 8 Siz bayrama gedin. Mən isə getmirəm, çünki mənim vaxtım hələ gəlməyib».+ 9 İsa onlara bu sözləri deyib Cəlilədə qaldı.
10 Ancaq qardaşları bayrama gedəndən sonra İsa da ora getdi. O elə getdi ki, heç kimin xəbəri olmasın. 11 Bayram vaxtı yəhudilər onu axtarmağa başladılar. Onlar: «O haradadır?» — deyə soruşurdular. 12 Camaat arasında onun haqqında çoxlu söz-söhbət gəzirdi. Bəziləri deyirdi: «O, yaxşı adamdır». Başqaları deyirdi: «Yox, o, camaatı yoldan çıxarır».+ 13 Ancaq yəhudilərin qorxusundan+ heç kəs onun haqqında açıq danışmırdı.
14 Bayram yarıdan keçmişdi. İsa məbədə gəlib vəz etməyə başladı. 15 Yəhudiləri heyrət bürümüşdü. Onlar deyirdilər: «Necə olur ki, bu adam Müqəddəs Yazıları+ belə yaxşı bilir, axı o, heç yerdə təhsil almayıb*?»+ 16 İsa onlara cavab verdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir.+ 17 Allahın iradəsini yerinə yetirmək istəyən adam bu təlimin Allahdan olduğunu,+ yoxsa mənim özümdən danışdığımı ayırd edəcək. 18 Özündən danışan özünə ad-san axtarır. Ancaq onu göndərəni ucaltmaq istəyən+ düz adamdır, onda əyrilik yoxdur. 19 Məgər Qanunu sizə Musa verməyib?+ Halbuki aranızda heç kəs Qanuna əməl etmir. Məni nəyə görə öldürmək istəyirsiniz?»+ 20 Onlar cavab verdilər: «Səndə cin var. Kim səni öldürmək istəyir?» 21 İsa onlara dedi: «Mən cəmi bir iş gördüm, sizsə məəttəl qalmısınız. 22 Özünüz fikirləşin: Musa sizə sünnət haqqında qanun verib+ (hərçənd sünnət Musadan yox, əvvəl yaşamış əcdadlarımızdan qalıb)+ və siz şənbə günündə də sünnət edirsiniz. 23 Əgər Musanın Qanunu pozulmasın deyə, şənbə günü sünnət etmək olarsa, bəs onda nə üçün şənbə günü+ insanı tamamilə sağaltdığıma görə qəzəblənmisiniz? 24 Bəsdirin zahirə görə mühakimə etdiniz, ədalətlə mühakimə edin».+
25 Yerusəlim sakinlərindən bəziləri dedilər: «Bu, onların öldürmək istədikləri həmin adam deyil?+ 26 Bir baxın, o, açıq-aşkar danışır, ona bir söz deyən yoxdur. Olmaya, bizim rəhbərlər onun Məsih olduğunu düşünürlər? 27 Biz bu adamın haralı olduğunu bilirik,+ ancaq Məsih zühur edəndə heç kəs onun haradan gəldiyini bilməyəcək». 28 İsa məbəddə vəz edərkən ucadan dedi: «Siz məni tanıyırsınız və mənim haradan gəldiyimi bilirsiniz. Ancaq mən özbaşına gəlməmişəm.+ Məni göndərən gerçəkdir, lakin siz Onu tanımırsınız.+ 29 Onu mən tanıyıram,+ çünki mən Onun elçisiyəm, məni O göndərib». 30 Onda İsanı tutmaq üçün bir yol axtarmağa başladılar.+ Lakin bir nəfər də olsun onu tutmadı, çünki onun vaxtı hələ yetişməmişdi.+ 31 Bununla belə, camaatın içindən bir çoxu ona iman etdi.+ Onlar deyirdilər: «Məgər Məsih gəlib bu adamın göstərdiyi möcüzələrdən artığını göstərəcək?»
32 Fərisilər İsa haqqında gəzən söz-söhbəti eşidəndə böyük kahinlərlə əlbir olub İsanı tutmaq üçün keşikçi göndərdilər. 33 Onda İsa dedi: «Məni göndərənin yanına qayıtmazdan+ əvvəl bir az da sizinlə qalacağam. 34 Siz məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz».+ 35 Yəhudilər bir-birilərinə dedilər: «Bu adam hara gedir ki, biz onu tapmayacağıq? Bəlkə, o, yunanların arasında yaşayan yəhudilərin yanına gedib yunanları da öyrətmək fikrindədir? 36 Görəsən, o, “məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz” sözləri ilə nə demək istəyir?»
37 Bayramın+ ən əsas günü, axırıncı gün gəlib çatdı. İsa qalxıb ucadan dedi: «Susayan yanıma gəlib su içsin.+ 38 Kim mənə iman edərsə, Müqəddəs Yazılarda deyildiyi kimi, onun “içindən dirilik suları axacaq”».+ 39 İsa bunu müqəddəs ruh barəsində deyirdi. Ona iman edənlər bu ruhu tezliklə alacaqdılar.+ İsa hələ şanlı mövqeyinə qalxmadığı üçün onlar müqəddəs ruhu almamışdılar.+ 40 Bu sözlərin müqabilində camaatın arasından bəziləri dedilər: «Bu adam, doğrudan da, həmin o Peyğəmbərdir!»+ 41 Başqaları deyirdi: «Bu Məsihdir».+ Ancaq belə deyənlər də vardı: «Axı Məsih Cəlilədən gəlməli deyil.+ 42 Məgər yazılmayıb ki, Məsih Davudun nəslindən olacaq,+ Davudun yaşadığı Beytləhm+ kəndindən+ gələcək?» 43 Camaat arasında İsaya görə fikir ayrılığı yarandı. 44 Hətta bəziləri İsanı tutmaq istədi, lakin heç kəs bunu etmədi.
45 Keşikçilər böyük kahinlərin və fərisilərin yanına qayıdanda onlar soruşdular: «Onu niyə gətirmədiniz?» 46 Keşikçilər cavab verdilər: «Biz hələ ömrümüzdə bu cür danışan adam görməmişik».+ 47 Fərisilər onlara dedilər: «Deyəsən, o, sizi də yoldan çıxarıb! 48 Görün heç rəhbərlərdən və ya fərisilərdən kimsə ona inanır?+ 49 Qanundan xəbəri olmayan bu camaat isə Allahın lənətinə gəlib». 50 Əvvəllər İsanın yanına gəlmiş Nikodem adlı bir fərisi onlara dedi: 51 «Məgər bizim Qanun insanı dinləmədən, onun işini araşdırmadan hökm kəsməyə yol verir?»+ 52 Onlar Nikodemə dedilər: «Olmaya, sən də cəliləlisən? Axtarsan, görərsən ki, Cəlilədən peyğəmbər çıxmayacaq».*
8 12 İsa yenidən onlara dedi: «Mən dünyanın nuruyam.+ Mənim ardımca gələn əsla qaranlıqda yeriməyəcək. O, həyat nuruna sahib olacaq».+ 13 Fərisilər ona dedilər: «Sən özün-özünə şəhadət edirsən, sənin şəhadətin doğru deyil». 14 İsa onlara cavab verdi: «Mən özüm-özümə şəhadət etsəm də, mənim şəhadətim doğrudur. Çünki mən haradan gəldiyimi və hara gedəcəyimi bilirəm.+ Siz isə mənim haradan gəldiyimi və hara gedəcəyimi bilmirsiniz. 15 Siz insan meyarı ilə mühakimə edirsiniz,+ mən isə heç kəsi mühakimə etmirəm. 16 Mühakimə etsəm də, mənim kəsdiyim hökm doğrudur, çünki mən tək deyiləm, məni göndərən Atam mənimlədir.+ 17 Bundan əlavə, sizin Qanunda da yazılıb: “İki nəfərin şəhadəti doğrudur”.+ 18 Mən özüm də özüm haqda şəhadət edirəm, məni göndərmiş Ata da mənim haqqımda şəhadət edir».+ 19 Onlar İsaya dedilər: «Sənin Atan haradadır?» İsa cavab verdi: «Siz nə məni tanıyırsınız, nə də Atamı.+ Məni tanısaydınız, Atamı da tanıyardınız».+ 20 İsa bu sözləri məbəddə, xəzinə qabları olan yerdə+ vəz edərkən söyləmişdi. Ancaq heç kəs onu tutmadı, çünki onun vaxtı hələ gəlməmişdi.+
21 İsa sözünə davam etdi: «Mən çıxıb gedirəm. Siz məni axtaracaqsınız, bununla belə, öz günahınız içində öləcəksiniz.+ Siz getdiyim yerə gələ bilməzsiniz».+ 22 Onda yəhudilər dedilər: «Bəlkə, bu, özünü öldürmək istəyir? Bir görün nə deyir: “Siz getdiyim yerə gələ bilməzsiniz”». 23 İsa onlara dedi: «Siz aşağıdakı aləmdənsiniz, mən isə yuxarıdakı aləmdənəm.+ Siz bu dünyadansınız, mən isə bu dünyadan deyiləm. 24 Buna görə də sizə: “Günahınız içində öləcəksiniz”, — dedim. Çünki əgər siz inanmasanız ki, mən oyam, günahınız içində öləcəksiniz». 25 Onlar İsadan soruşdular: «Sən kimsən?» İsa cavab verdi: «Yəni bütün dediklərim hədər getdi? 26 Sizə deyiləsi çox sözüm var, çox məsələ ilə bağlı hökm kəsməliyəm. Məni göndərən haqdır. Mən Ondan eşitdiklərimi dünyaya danışıram».+ 27 Onlar İsanın səmavi Ata haqqında danışdığını başa düşmədilər. 28 Sonra İsa dedi: «Siz insan Oğlunu yuxarı qaldıranda+ mənim o şəxs olduğumu+ və özümdən heç bir şey etmədiyimi biləcəksiniz.+ Ata mənə nə öyrədibsə, mən də onu danışıram. 29 Məni göndərən mənimlədir. O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm».+ 30 İsa bunları deyərkən xeyli adam ona iman etdi.
31 İsa ona iman gətirmiş yəhudilərə dedi: «Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. 32 Siz həqiqəti dərk edəcəksiniz+ və həqiqət sizi azad edəcək».+ 33 Onlar dedilər: «Biz İbrahimin övladlarıyıq, heç vaxt heç kəsin köləsi olmamışıq. Necə yəni “siz azad olacaqsınız”?» 34 İsa cavab verdi: «Eşidin və agah olun, günah işləyən hər bir adam günahın köləsidir.+ 35 Nökər evdə həmişəlik qalmır. Oğul həmişəlik qalır. 36 Əgər Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız. 37 Mən bilirəm ki, siz İbrahimin övladlarısınız. Ancaq siz məni öldürmək istəyirsiniz, çünki mənim sözlərim sizə kar etmir. 38 Mən Atamın yanında olarkən gördüklərimi+ sizə danışıram, siz isə öz atanızdan eşitdiklərinizi edirsiniz». 39 Onlar cavab verdilər: «Bizim atamız İbrahimdir». İsa dedi: «Siz İbrahimin övladları+ olsaydınız, İbrahimin gördüyü işləri görərdiniz. 40 Siz isə indi məni, Allahdan eşitdiyi həqiqəti sizə söyləyən adamı öldürmək istəyirsiniz.+ İbrahim belə iş görməmişdi. 41 Siz atanızın gördüyü işləri görürsünüz». Onlar dedilər: «Biz bic doğulmamışıq. Bizim bir Atamız var, o da Allahdır».
42 İsa onlara dedi: «Sizin Atanız Allah olsaydı, siz məni sevərdiniz,+ çünki mən Allahdan gəlmişəm və indi buradayam. Mən özbaşına gəlməmişəm, məni O göndərib.+ 43 Nə üçün mənim dediklərimi başa düşmürsünüz? Çünki sözlərimi dinləyə bilmirsiniz. 44 Sizin atanız İblisdir və siz atanızın arzularını həyata keçirmək istəyirsiniz.+ O, əzəldən qatildir. O, həqiqətə bağlı qalmadı,+ çünki onda həqiqət yoxdur. O, öz təbiətinə xas olaraq yalan danışır, çünki o, yalançıdır və yalanın atasıdır.+ 45 Mən isə həqiqəti danışdığım üçün siz mənə inanmırsınız. 46 Hansı biriniz məni günah iş görməkdə təqsirləndirə bilər? Əgər həqiqəti danışıramsa, niyə mənə inanmırsınız? 47 Allahın bəndəsi Allahın sözünə qulaq asır.+ Siz isə Allahın bəndəsi olmadığınız üçün mənə qulaq asmırsınız».+
48 Onda yəhudilər dedilər: «Düz deyirik də! Sən səməriyyəlisən,+ özü də içində cin oturub».+ 49 İsa cavab verdi: «Məndə cin yoxdur. Mən Atama ehtiram bəsləyirəm. Siz isə mənə hörmət qoymursunuz. 50 Mən özümü şərəfləndirmək istəmirəm.+ Məni şərəfləndirmək istəyən var. O həm də Hakimdir. 51 Bilin və agah olun, mənim sözümə əməl edən adama ölüm yoxdur».+ 52 Yəhudilər dedilər: «Doğrudan da, səhv etməmişik. Səndə cin var. İbrahim də, peyğəmbərlər də ölüblər, sən isə deyirsən ki: “Mənim sözümə əməl edən adam heç vaxt ölməyəcək”. 53 Məgər sən vəfat etmiş atamız İbrahimdən böyüksən? Peyğəmbərlər də ölüblər. Sən özünü kim hesab edirsən?» 54 İsa cavab verdi: «Əgər mən özümü şərəfləndirsəydim, onda bu şərəf heç nə olardı. Məni şərəfləndirən Atamdır.+ Siz Onu öz Allahınız sanırsınız. 55 Amma Onu qətiyyən tanımırsınız,+ mən isə Onu tanıyıram.+ Əgər mən desəydim ki, Onu tanımıram, sizin kimi yalançı olardım. Ancaq mən Onu tanıyıram və Onun sözünə əməl edirəm. 56 Atanız İbrahim mənim günümü görəcəyi üçün çox sevinirdi. O, mənim günümü gördü və şadlandı».+ 57 Onda yəhudilər dedilər: «Sənin heç əlli yaşın da yoxdur, sən İbrahimi görmüsən?!» 58 İsa dedi: «Bilin və agah olun, İbrahim doğulmazdan əvvəl mən var idim».+ 59 Onlar daş götürüb onu daşlamaq istədilər. Ancaq İsa gizləndi və məbəddən çıxdı.
9 İsa yolla gedərkən anadangəlmə bir kor gördü. 2 Şagirdlər ondan soruşdular: «Rabbi*+, bu adam niyə kor doğulub? Bu, onun öz günahına görədir, yoxsa valideynlərinin?» 3 İsa cavab verdi: «Nə öz günahına görədir, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, onun bu halında insanlar Allahın işlərinin şahidi olsunlar.+ 4 Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik.+ Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz. 5 Nə qədər ki dünyadayam, mən dünya üçün nuram».+ 6 Sonra o, yerə tüpürdü, tüpürcəyi ilə torpağı qarışdırıb palçıq düzəltdi və kor adamın gözlərinə yaxdı.+ 7 Sonra ona dedi: «Get Şilam hovuzunda üzünü yu». (Şilam «axar su» deməkdir.) O gedib üz-gözünü yuyan kimi gözləri açıldı və geri qayıtdı.+
8 Onda qonşular və onun bu vaxta qədər dilənçi olduğunu görənlər dedilər: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?» 9 Bəziləri deyirdi: «Hə, bu həmin dilənçidir». Digərləri: «Yox, bu o deyil, sadəcə ona oxşayır», — deyirdilər. O isə deyirdi: «Bu mənəm». 10 Ondan soruşdular: «Bəs gözlərin necə açıldı?» 11 O cavab verdi: «İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Şilamda üz-gözümü yuyum.+ Mən gedib orada üzümü yudum və gözlərim açıldı». 12 Onlar soruşdular: «O dediyin adam haradadır?» O cavab verdi: «Nə bilim».
13 Onlar əvvəllər kor olmuş adamı fərisilərin yanına gətirdilər. 14 İş orasında idi ki, İsanın palçıq düzəldib bu adamın gözlərini açdığı+ gün şənbə günü idi.+ 15 İndi də fərisilər ondan gözlərinin necə açıldığını soruşmağa başladılar. O cavab verdi: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım». 16 Fərisilərdən bəziləri dedilər: «O adam Allahdan deyil, çünki o, şənbəni+ pozur». Digərləri isə dedilər: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?»+ Bu səbəbdən onların arasında fikirayrılığı yarandı.+ 17 Onlar yenə də kordan soruşdular: «İndi ki o, sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?» O cavab verdi: «O adam peyğəmbərdir».
18 Yəhudilər bu adamın valideynlərini çağırtdırmayınca onun əvvəllər kor olduğuna və sonradan sağaldığına inanmadılar. 19 Onlar onun ata-anasından soruşdular: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs necə oldu ki, indi görür?» 20 Onun valideynləri dedilər: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub. 21 Amma gözləri necə açılıb, bunu kim edib, xəbərimiz yoxdur. Özündən soruşun, yekə kişidir. Qoy özü desin». 22 Onun ata-anası yəhudilərdən qorxduqları üçün+ belə dedilər. Çünki yəhudilər söz qoymuşdular ki, İsanı Məsih kimi qəbul edənləri sinaqoqdan qovsunlar.+ 23 Valideynləri buna görə dedilər: «Yekə kişidir, özündən soruşun».
24 Belə olduqda onlar əvvəllər kor olmuş adamı təkrarən çağırıb dedilər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir». 25 O cavab verdi: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm. Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm». 26 Onlar soruşdular: «O, sənə nə etdi? Gözlərini necə açdı?» 27 O adam cavab verdi: «Mən sizə dedim, sizsə heç qulaq asmadınız. Niyə yenə soruşursunuz? Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?» 28 Onlar kinayə ilə dedilər: «Özünsən onun şagirdi! Biz Musanın şagirdiyik. 29 Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik». 30 O dedi: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb. 31 Biz bilirik ki, Allah günahlı adamları dinləmir,+ lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir.+ 32 Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın. 33 Əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi».+ 34 Onlar: «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?» — deyib onu bayıra atdılar.+
35 İsa yəhudilərin onu bayıra atdığını eşidəndə onu tapıb dedi: «İnsan Oğluna iman edirsən?» 36 O cavab verdi: «O kimdir, ağa? Söylə, ona iman edim». 37 İsa dedi: «Sən onu görmüsən və o, indi səninlə danışır». 38 Onda həmin adam: «Ağa, inanıram», — deyib ona təzim etdi. 39 İsa dedi: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər,+ görənlər isə kor olsunlar».+ 40 Orada duran fərisilər bunu eşidəndə dedilər: «Yəni biz koruq?» 41 İsa onlara dedi: «Siz kor olsaydınız, günahınız olmazdı. İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır».+
10 İsa sözünə davam etdi: «Bilin və agah olun, qoyun ağılına qapıdan yox, başqa yerdən girən oğru və soyğunçudur.+ 2 Qapıdan girən isə qoyunların çobanıdır.+ 3 Qapıçı onun üçün qapını açır+ və qoyunlar onun səsinə qulaq asır.+ Çoban qoyunlarını adbaad çağırıb çölə çıxarır. 4 O, qoyunlarının hamısını çıxardandan sonra onların qabağınca gedir, qoyunlar da onun dalınca. Çünki onlar çobanın səsini tanıyırlar. 5 Onlar heç vaxt yad adamın dalınca getməzlər, əksinə, ondan qaçarlar, çünki yadların səsini tanımırlar». 6 İsa bu məsəli onlar üçün çəkdi. Ancaq onlar bu sözlərin mənasını başa düşmədilər.
7 İsa sözünə davam etdi: «Bunu bilin, mən qoyunlar üçün qapıyam.+ 8 Əsl çoban adı ilə gələnlər oğru və soyğunçudurlar. Qoyunlar onlara qulaq asmırlar. 9 Mən qapıyam. Məndən keçən xilas olacaq, o, içəri girəcək, çölə çıxacaq və otlaq tapacaq.+ 10 Oğru ancaq çapıb-talamaq, məhv etmək və dağıtmaq məqsədilə gəlir.+ Mən isə gəldim ki, qoyunlar həyata, əbədi həyata qovuşsunlar. 11 Mən yaxşı çobanam.+ Yaxşı çoban qoyunları uğrunda həyatını verir.+ 12 Qoyunların yiyəsi olmayan muzdur, əslində, çoban deyil. O, görəndə ki, canavar gəlir, qoyunları qoyub qaçır. Canavar da onları qapıb pərən-pərən edir. 13 O, muzdla işlədiyi üçün qoyunların qeydinə qalmır. 14 Mən isə yaxşı çobanam və öz qoyunlarımı tanıyıram, qoyunlarım da məni tanıyır.+ 15 Necə ki Atam məni tanıyır, mən də Atamı tanıyıram.+ Mən qoyunlarım uğrunda həyatımı fəda edirəm.+
16 Bu ağıldan olmayan başqa qoyunlarım da var.+ Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq. Hamısı bir sürüdə birləşəcək. Onların bir çobanı olacaq.+ 17 Atam məni sevir,+ çünki mən həyatımı fəda edirəm,+ sonra onu geri alacağam. 18 Heç kəs həyatımı əlimdən almır, onu özüm verirəm. Onu verməyə və sonra geri almağa haqqım var.+ Atam mənə belə buyurub».
19 Bu sözlərə görə yəhudilərin arasında yenə fikirayrılığı yarandı.+ 20 Onlardan bir çoxu deyirdi: «Onda cin var, onun başına hava gəlib! Nə üçün ona qulaq asırsınız?» 21 Digərləri isə deyirdi: «İçinə cin girmiş adam bu cür danışa bilməz. Heç cin də korun gözünü aça bilər?»
22 O vaxt qış idi, Yerusəlimdə Həsr etmə bayramı* keçirilirdi. 23 İsa məbəddə, Süleyman sütunları adlanan yerdə+ gəzişirdi. 24 Bu zaman yəhudilər onu dövrəyə alıb dedilər: «Sən nə vaxta qədər bizi intizarda qoyacaqsan? Əgər Məsihsənsə, açıq de». 25 İsa cavab verdi: «Mən sizə demişəm, siz isə inanmırsınız. Atamın adı ilə gördüyüm işlər mənim haqqımda şəhadət edir.+ 26 Siz isə inanmırsınız, çünki mənim qoyunlarımdan deyilsiniz.+ 27 Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər.+ 28 Mən onlara əbədi həyat+ verəcəyəm. Onlar heç vaxt məhv olmayacaqlar. Heç kəs onları əlimdən dartıb ala bilməz.+ 29 Atamın mənə verdikləri hər şeydən qiymətlidir və heç kim onları Atamın əlindən ala bilməz.+ 30 Atamla mən vəhdətdəyik».+
31 Yəhudilər yenə də daş götürüb onu daşlamaq istədilər. 32 İsa onlara dedi: «Mən Atamın buyruğu ilə sizə çoxlu yaxşı işlər göstərdim. Bu işlərin hansına görə məni daşlamaq istəyirsiniz?» 33 Yəhudilər cavab verdilər: «Biz səni yaxşı işlərinə görə yox, küfr danışdığın üçün+ daşlamaq istəyirik. Çünki sən insan olduğun halda, özünü Allah yerinə qoyursan». 34 İsa onlara dedi: «Məgər sizin Qanunda yazılmayıb: “Demişəm: “Siz ilahlarsınız*”?+ 35 Əgər Allah məhkum etdiyi adamları Öz kəlamında “ilah”+ adlandırırsa və Müqəddəs Yazılarda yazılan silinə bilməz, 36 nəyə görə siz “Mən Allahın Oğluyam*”+ dediyim üçün mənə, Atanın seçib* dünyaya göndərdiyi adama “sən küfr danışırsan” deyirsiniz? 37 Əgər mən Atamın buyurduğu işləri görmürəmsə, mənə inanmayın. 38 Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın+ ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu dərk edib biləsiniz».+ 39 Onlar yenə də İsanı tutmaq istədilər, ancaq İsa onların əlindən qurtuldu.
40 İsa İordan çayının o tayına, Yəhyanın vəftiz etməyə başladığı yerə+ getdi və orada qaldı. 41 Onun yanına çoxlu adam gəldi. Onlar deyirdilər: «Yəhya heç bir möcüzə göstərməsə də, onun bu adam haqqında dediyi hər söz doğru çıxdı».+ 42 Orada bir çoxları İsaya iman gətirdi.
11 O zaman Məryəmin və bacısı Martanın+ yaşadığı Beytaniyyə kəndində İlazər adında bir adam xəstə yatırdı. 2 Bu, Ağanın ayaqlarını ətirli yağla yağlayıb saçı ilə silən Məryəm idi.+ Xəstə yatan İlazər onun qardaşı idi. 3 Bacılar İsaya xəbər göndərdilər: «Ağa, əziz dostun xəstədir». 4 İsa bunu eşidəndə dedi: «Bu xəstəlik ölümə aparmır. Bu xəstəlik Allahı ucaldacaq,+ Allahın Oğlu da onun vasitəsilə ucalacaq».
5 İsa Marta ilə bacısını və İlazəri çox istəyirdi. 6 Ancaq İlazərin xəstələndiyini eşidəndə iki gün də olduğu yerdə qaldı. 7 Sonra şagirdlərinə dedi: «Gəlin yenə Yəhudiyyəyə gedək». 8 Şagirdləri dedilər: «Rabbi*,+ yəhudiyyəlilər təzəlikcə səni daşlamaq istəyirdilər,+ sənsə yenə ora gedirsən?» 9 İsa cavab verdi: «Məgər gündüz on iki saat davam eləmir?+ Gündüz gəzənin ayağı heç nəyə ilişmir, çünki o, bu dünyanın işığını görür. 10 Lakin gecə gəzənin ayağı mütləq nəyəsə ilişəcək, çünki o, zülmətdədir».
11 İsa bunları deyəndən sonra əlavə etdi: «Dostumuz İlazər yuxuya gedib,+ mən isə onu oyatmağa gedirəm». 12 Şagirdlər dedilər: «Ağa, yatırsa, deməli, sağalacaq». 13 İsa onun öldüyünü deyirdi, onlarsa elə bildilər ki, İsa adi yuxudan danışır. 14 Onda İsa açıq dedi: «İlazər ölüb.+ 15 Mənim orada olmamağım sizin xeyrinizədir, çünki indi sizin imanınız möhkəmlənəcək. Durun, onun yanına gedək». 16 Bu vaxt Əkiz ləqəbli Tomas o biri şagirdlərə dedi: «Gəlin gedək, biz də onunla ölək».+
17 İsa oraya gələndə öyrəndi ki, İlazər artıq dörd gündür sərdabəyə qoyulub. 18 Beytaniyyə Yerusəlimin yaxınlığında, oradan təxminən üç kilometr* aralıda yerləşirdi. 19 Marta ilə Məryəmə qardaşlarına görə başsağlığı verməyə xeyli yəhudi gəlmişdi. 20 Marta eşidəndə ki, İsa gəlir, onun qabağına çıxdı, Məryəm+ isə evdə qaldı. 21 Marta İsaya dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi. 22 Ancaq indi də əminəm ki, Allahdan nə istəsən, sənə verəcək». 23 İsa ona dedi: «Qardaşın diriləcək». 24 Marta dedi: «Bilirəm, o, axırıncı gündə, dirilmə+ zamanı diriləcək». 25 İsa ona dedi: «Dirilmə və həyat mənəm.+ Mənə iman edən ölsə də, həyata qayıdacaq 26 və mənə inamla yaşayan adam heç vaxt ölməyəcək.+ Buna inanırsan?» 27 O cavab verdi: «Bəli, Ağa, mən inanıram ki, sən Allahın Oğlusan, dünyaya gəlməli olan Məsihsən». 28 Marta bunu deyib getdi və bacısı Məryəmi çağırıb təklikdə ona dedi: «Ustad+ gəlib, səni görmək istəyir». 29 Məryəm bunu eşidəndə dərhal durub İsanın yanına getdi.
30 İsa hələ kəndə girməmişdi, Martanın onu qarşıladığı yerdə durmuşdu. 31 Bacılara başsağlığı verməyə gəlmiş yəhudilər Məryəmin cəld durub evdən çıxdığını görəndə qalxıb onun dalınca getdilər. Onlar elə düşündülər ki, o, sərdabənin+ yanına ağlamağa gedir. 32 Məryəm İsanın durduğu yerə gəldi və onu görəndə ayaqlarına yıxılıb dedi: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». 33 İsa Məryəmin və onunla gəlmiş yəhudilərin ağlaşdığını görəndə bərk qəhərləndi və dərindən ah çəkib 34 soruşdu: «Onu hara qoymusunuz?» Ona dedilər: «Ağa, gedək bax». 35 İsa ağladı.+ 36 Onda yəhudilər dedilər: «Gör onu necə çox istəyirdi!» 37 Bəziləri isə belə deyirdi: «Korun+ gözünü açan bir şey edə bilməzdi ki, bu yazıq ölməsin?»
38 İsa yenə də dərindən ah çəkib sərdabəyə yaxınlaşdı. Bu, mağara idi və ağzına daş qoyulmuşdu. 39 İsa dedi: «Daşı kənara çəkin». Mərhumun bacısı Marta ona dedi: «Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər». 40 İsa ona dedi: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?»+ 41 Daşı götürdülər. İsa göyə baxıb+ dedi: «Şükürlər olsun sənə, Ata, məni eşitdin. 42 Bilirəm, Sən məni həmişə eşidirsən. Ancaq bunu burada durmuş camaatdan ötrü dedim ki, məni Sənin göndərdiyinə inansınlar».+ 43 İsa bunu deyib ucadan səslədi: «İlazər, çölə çıx!»+ 44 Ölmüş adam sərdabədən çıxdı. O, sarğılarla kəfənlənmişdi, üzünü isə dəsmalla örtmüşdülər. İsa dedi: «Kəfənini açın, azad olsun».
45 Məryəmin yanına gəlmiş yəhudilərin çoxu bunu görəndə İsaya iman etdi.+ 46 Bəziləri isə gedib İsanın nə etdiyini fərisilərə danışdılar. 47 Onda böyük kahinlər və fərisilər Sinedrionu toplayıb tədbir tökməyə başladılar: «Biz nə edək? Bu adam çoxlu möcüzə göstərir.+ 48 Onu özbaşına qoysaq, hamı ona inanacaq, onda romalılar gəlib həm məbədimizi, həm də xalqımızı ələ keçirəcəklər». 49 Onlardan biri, həmin il baş kahin olan Qayafa+ Sinedriona dedi: «Siz heç nə bilmirsiniz, 50 başa düşmürsünüz ki, bütün xalqın məhvindənsə, bir adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır». 51 Amma o, bu sözləri özündən demədi, həmin il baş kahin olduğundan İsanın xalq üçün öləcəyini peyğəmbərlik etdi. 52 Amma İsa yalnız xalq üçün yox, Allahın pərən-pərən düşmüş övladlarını bir yerə yığmaq üçün də öldü. 53 Onlar o gün İsanı öldürməyə qərar verdilər.
54 Buna görə də İsa artıq yəhudilərin arasında açıq-aşkar gəzmirdi. O, səhraya yaxın bir bölgəyə, Əfraim+ adlanan şəhərə getdi və şagirdləri ilə orada qaldı. 55 Yəhudilərin Pasxa bayramı+ yaxınlaşırdı. Ətraf yerlərdən xeyli adam bayram qabağı paklanmaq üçün Yerusəlimə gəlmişdi. 56 Onlar İsanı axtarırdılar və məbəddə durub bir-birinə deyirdilər: «Görəsən, o, bayrama gəlməyəcək?» 57 Böyük kahinlər və fərisilər isə əmr etmişdilər ki, onun yerini bilən adam gəlib onlara xəbər versin. Onlar İsanı tutmaq istəyirdilər.
12 Pasxa bayramına altı gün qalmış İsa diriltdiyi İlazərin+ yaşadığı kəndə, Beytaniyyəyə gəldi. 2 Axşam orada onun üçün süfrə açdılar. Marta onların qulluğunda durmuşdu,+ İlazər də İsa ilə bir süfrədə əyləşənlərin arasında idi. 3 Məryəm çəkisi təxminən üç yüz qram* olan bahalı, ətirli yağ, xalis nard* götürüb İsanın ayaqlarına sürtdü və saçı ilə onun ayaqlarını quruladı. Yağın ətri bütün evi bürüdü.+ 4 Şagirdlərdən biri,+ İsanı satmaǧa hazırlaşan Yəhuda İskəryut dedi: 5 «Nə üçün bu ətirli yağı üç yüz dinara* satıb pulunu kasıblara paylamadıq?!» 6 Yəhuda bunu kasıbların qeydinə qaldığı üçün yox, oğru olduğu üçün dedi. Pul qutusu onda olurdu və o, qutuya atılan pullardan oğurlayırdı. 7 Onda İsa dedi: «Qızla işiniz olmasın. Qoyun o, bu adəti icra edib məni dəfn gününə hazırlasın.+ 8 Kasıblar həmişə yanınızdadır,+ mən isə həmişə yanınızda olmayacağam».+
9 Bu vaxt xeyli yəhudi İsanın orada olduğundan xəbər tutub ora gəldi. Onlar təkcə İsanı yox, onun diriltdiyi İlazəri də görmək istəyirdilər.+ 10 Onda böyük kahinlər İlazəri də öldürmək qərarına gəldilər, 11 çünki İlazərə görə çoxlu yəhudi ora gəlir və İsaya iman gətirirdi.+
12 Ertəsi gün bayrama gəlmiş xeyli adam İsanın Yerusəlimə yaxınlaşdığını eşidəndə 13 əllərində xurma budaqları onu qarşılamağa çıxdılar. Onlar ucadan deyirdilər: «Yalvarırıq, qurtar! Yehovanın adı ilə gələnə,+ İsrail Padşahına eşq olsun!»+ 14 İsa bir qoduq tapıb ona mindi.+ Bu haqda belə yazılıb: 15 «Ey Sion qızı, qorxma! Bax! Sənin padşahın qoduğun belinə minib gəlir».+ 16 Şagirdlər əvvəlcə bunu başa düşmədilər, amma İsa şərəfli mövqeyinə yüksələndə+ onların yadına düşdü ki, bunlar onun haqqında yazılıb və hər şey yazıldığı kimi olub.+
17 İsanın sərdabədə+ olan İlazəri səsləyib diriltməsini görmüş adamlar durmadan İsa haqqında şəhadət edirdilər.+ 18 Camaat həm də bu möcüzə barədə eşitdiyindən onun qabağına çıxmışdı. 19 Fərisilər bir-birilərinə dedilər: «Görürsünüz, heç nə alınmır. Bütün dünya onun ardınca gedir!»+
20 İbadət üçün bayrama gələnlər arasında yunanlar da vardı. 21 Onlar Cəlilənin Beytsəyda şəhərindən olan Filipə+ yaxınlaşıb xahiş etdilər: «Ağa, biz İsanı görmək istəyirik». 22 Filip gedib bunu Andreasa dedi. Andreasla Filip birlikdə gəlib məsələni İsaya danışdılar.
23 İsa onlara cavab verdi: «İnsan Oğlunun şərəflənmək vaxtı gəldi.+ 24 Eşidin və agah olun, buğda dəni torpağa düşüb ölməyincə necə var elə qalır. Öləndə+ isə çoxlu bar verir. 25 Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən+ isə onu əbədi həyat üçün qoruyacaq.+ 26 Kim mənə xidmət etmək istəyirsə, ardımca gəlsin. Mən harada olsam, xidmətçim də orada olacaq.+ Mənə xidmət edən adamı Allah şərəfləndirəcək. 27 Ürəyim sıxılır.+ Nə deyim? Ata, məni bu sınaqdan* qurtar.+ Hərçənd mən elə bu gün üçün gəlmişəm. 28 Ata, Öz adını ucalt». Bu vaxt göydən bir səs+ gəldi: «Ucaltmışam, yenə də ucaldacağam».+
29 Orada duranlar bunu eşitdi. Bəziləri dedi ki, ildırım çaxdı. Digərləri isə onunla mələk danışdığını dedilər. 30 İsa dedi: «Bu səs mənim üçün yox, sizin üçün idi. 31 Bu dünyaya hökm kəsmək vaxtı yetişdi. İndi bu dünyanın hökmdarı+ devriləcək.+ 32 Mən isə yuxarı qaldırılanda+ hər cür insanı özümə cəlb edəcəyəm». 33 İsa bu sözlərlə necə öləcəyinə işarə edirdi.+ 34 Camaat ona dedi: «Biz Tövratdan* eşitmişik ki, Məsih əbədi qalmalıdır.+ Necə olur, sən deyirsən ki, insan Oğlu yuxarı qaldırılmalıdır?+ Axı bu insan Oğlu kimdir?» 35 İsa onlara dedi: «Nur bir az da aranızda olacaq. Nə qədər ki nur sizinlədir, yeriyin, yoxsa zülmət sizi üstələyər. Zülmətdə yeriyən hara getdiyini bilmir.+ 36 Nə qədər ki nur sizinlədir, nurun övladları olmaq üçün nura iman gətirin».+
İsa bunları deyəndən sonra çıxıb getdi və onlardan gizləndi. 37 İsa onların gözü qabağında çoxlu möcüzə göstərsə də, onlar İsaya inanmırdılar. 38 Beləliklə, Əşiya peyğəmbərin bu sözləri yerinə yetdi: «Yehova, kim bizdən eşitdiyinə iman gətirdi?+ Yehova gücünü* kimə göstərdi?»+ 39 Onların imansızlığının səbəbini isə Əşiya belə göstərmişdi: 40 «O, onların gözünü kor etdi, ürəyini hissiyyatsız etdi ki, gözləri ilə görməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, onlara şəfa verim».+ 41 Əşiya onun calalını gördüyü üçün onun haqqında bunları demişdi.+ 42 Yenə də rəhbərlərin içindən çoxları ona iman etdi,+ amma fərisilərin qorxusundan bunu büruzə vermədilər, çünki sinaqoqdan qovulmaq istəmirdilər.+ 43 Onlar insanların yanında qazandıqları izzəti Allahın verdiyi izzətdən daha çox sevirdilər.+
44 İsa ucadan dedi: «Mənə iman edən yalnız mənə yox, məni göndərənə də iman edir.+ 45 Məni görən məni göndərəni də görür.+ 46 Mən bir nuram, bu dünyaya gəlmişəm.+ Mənə inanan adam zülmətdə qalmayacaq.+ 47 Mən sözlərimi eşidib onlara əməl etməyəni mühakimə etmirəm. Mən dünyanı mühakimə etməyə yox, xilas etməyə gəlmişəm.+ 48 Məni vecinə almayan və sözlərimi qəbul etməyən üçün hakim var. Ağzımdan çıxan söz axırıncı gündə onu mühakimə edəcək. 49 Çünki mən özümdən danışmıram, məni göndərən Ata mənə nə haqda danışmağı, nə deməyi buyurub.+ 50 Mən bilirəm ki, Onun buyruğu əbədi həyata aparır.+ Atam mənə nə deyibsə, mən də onu danışıram».+
13 İsa hələ Pasxa bayramından əvvəl bilirdi ki, bu dünyadan Atasının yanına köçmək vaxtı yaxınlaşır.+ O, dünyada olan davamçılarını sevirdi və onları axıradək sevdi.+ 2 Axşam yeməyi başlamışdı. İblis İsanı satmaq fikrini artıq Şimon oğlu Yəhuda İskəryutun+ ürəyinə qoymuşdu.+ 3 İsa Atasının hər şeyi ona verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bildiyi üçün+ 4 süfrədən qalxdı, üst paltarını çıxarıb kənara qoydu və bir dəsmal götürüb belinə bağladı.+ 5 Sonra bir ləyənə su tökdü və şagirdlərinin ayaqlarını yuyub belindəki dəsmalla qurulamağa başladı. 6 Növbə Şimon Butrusa çatanda Butrus dedi: «Ağa, sən mənim ayaqlarımı yuyacaqsan?» 7 İsa cavab verdi: «Mənim nə etdiyimi indi başa düşmürsən, sonra başa düşəcəksən». 8 Butrus dedi: «Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan». İsa ona dedi: «Yumasam,+ yanımda sənə yer yoxdur». 9 Belə olduqda Şimon Butrus dedi: «Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu». 10 İsa ona dedi: «Çimmiş adam tərtəmizdir, təkcə ayaqları yuyulsa bəsdir. Siz də təmizsiniz, amma hamınız yox». 11 İsa bilirdi, kim onu satacaq,+ ona görə də: «Hamınız təmiz deyilsiniz», — dedi.
12 İsa onların ayaqlarını yuyub qurtarandan sonra paltarını geyindi, süfrəyə əyləşib dedi: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? 13 Siz mənə “Ustad”, “Ağa” deyirsiniz, düz də edirsiniz, bu, elədir ki var.+ 14 Əgər mən, Ağa və Ustad ola-ola, sizin ayaqlarınızı yudumsa,+ siz də bir-birinizin ayaqlarını yumalısınız.+ 15 Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın.+ 16 Bunu bilin, nökər ağasından üstün deyil, göndərilən də onu göndərəndən üstün deyil. 17 Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız.+ 18 Hamınızı nəzərdə tutmuram, mən seçdiyim adamları tanıyıram. Lakin bu, ona görə oldu ki,+ “çörək kəsdiyim adam mənə xəyanət etdi*”+ sözləri yerinə yetsin. 19 İndi bunları sizə qabaqcadan deyirəm ki, bunlar baş verəndə mənim o şəxs olduğuma inanasınız.+ 20 Bunu bilin, göndərdiyim adamı qəbul edən məni qəbul edir.+ Məni qəbul edənsə məni göndərəni qəbul edir».+
21 İsa bu sözlərdən sonra bərk həyəcanlandı və bəyan etdi: «Bilin və agah olun, sizlərdən biri məni satacaq».+ 22 Şagirdlər İsanın kimi nəzərdə tutduğunu anlamayıb mat-mat bir-birinin üzünə baxırdılar.+ 23 İsanın yanında* onun sevimli şagirdi əyləşmişdi.+ 24 Şimon Butrus həmin şagirdə him-cim etdi: «Soruş gör kimi deyir?» 25 O da İsaya tərəf əyilib soruşdu: «Ağa, o adam kimdir?»+ 26 İsa cavab verdi: «Çörəyi kasanın içinə batırıb kimə versəm, odur».+ Sonra çörəyi kasaya batırıb Şimon İskəryutun oğlu Yəhudaya verdi. 27 Yəhuda çörəyi alan kimi Şeytan onun qəlbinə girdi.+ İsa Yəhudaya dedi: «Nə edəcəksənsə, tez elə». 28 Ancaq süfrədə əyləşənlərdən heç kəs İsanın nə üçün belə dediyini başa düşmədi. 29 Pul qutusu+ Yəhudada olduğu üçün bəziləri elə bildi ki, İsa ona: «Bayram üçün lazım olan şeyləri al», — dedi, ya da ona kasıblara bir şey paylamağı tapşırdı. 30 Yəhuda tikəni alıb dərhal çıxdı. Artıq gecə idi.+
31 O çıxıb gedəndən sonra İsa dedi: «İndi insan Oğlu şərəflənir,+ Allah da onun vasitəsilə şərəflənir. 32 Allah Özü onu ucaldacaq+ və bunu dərhal edəcək. 33 Balalarım, artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm:+ siz getdiyim yerə gələ bilməyəcəksiniz. 34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin.+ Bir-birinizi mən sizi sevdiyim kimi sevin.+ 35 Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz».+
36 Şimon Butrus soruşdu: «Ağa, sən hara gedirsən?» İsa dedi: «Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən».+ 37 Butrus ona dedi: «Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm».+ 38 İsa dedi: «Mənim yolumda canını verərsən? Bunu bil, xoruz banlamamış sən düz üç dəfə məni danacaqsan.+
14 Qoy ürəyiniz narahat olmasın.+ Allaha iman edin,+ Mənə də iman edin. 2 Atamın evində qalmağa yer çoxdur. Belə olmasaydı, mən sizə deyərdim. Axı mən sizin üçün yer hazırlamağa gedirəm.+ 3 Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam ki, siz də mən olan yerdə olasınız.+ 4 Siz getdiyim yerin yolunu bilirsiniz».
5 Tomas+ dedi: «Ağa, biz sənin hara getdiyini bilmirik, yolu haradan bilək?»
6 İsa cavab verdi: «Yol,+ həqiqət+ və həyat+ mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz.+ 7 Məni tanıyırsınızsa, Atamı da tanıyırsınız. Bu andan etibarən, siz Onu tanıyırsınız, siz Onu gördünüz».+
8 Filip dedi: «Ağa, bizə Atanı göstər, bəsimizdir».
9 İsa ona dedi: «Mən neçə vaxtdır ki, sizinləyəm, sən isə, Filip, bu vaxta qədər məni tanımamısan? Məni görən Atanı da görüb.+ Necə olur ki, sən: “Bizə Atanı göstər”, — deyirsən? 10 Məgər mənim Ata ilə, Atanın da mənimlə vəhdətdə olduğuna inanmırsan?+ Sizə dediyim sözləri özümdən demirəm,+ mənimlə daima vəhdətdə olan Atam mənim vasitəmlə Öz işini görür. 11 İnanın, mən Atamla, Atam da mənimlə vəhdətdədir. Mənə inanmırsınızsa, etdiyim işlərə inanın.+ 12 Bunu bilin, mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək,+ çünki mən Atamın yanına gedirəm.+ 13 Bundan əlavə, mənim adımla nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm ki, Ata Oğul vasitəsilə şərəflənsin.+ 14 Mənim adımla nə isə diləsəniz, yerinə yetirəcəyəm.
15 Məni sevirsinizsə, əmrlərimə də əməl edəcəksiniz.+ 16 Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi* verəcək. O, əbədiyyən sizinlə olacaq.+ 17 Bu köməkçi həqiqət ruhudur.+ Dünya bu ruhu ala bilməz, çünki onu görmür və tanımır.+ Siz isə onu tanıyırsınız, çünki o, sizinlədir və sizdədir. 18 Sizi yetim qoymayacağam, mütləq yanınıza gələcəyəm.+ 19 Bir azdan dünya artıq məni görməyəcək, siz isə görəcəksiniz,+ mən yaşadığım üçün siz də yaşayacaqsınız. 20 O gün siz mənim Ata ilə, sizin mənimlə, mənim də sizinlə vəhdətdə olduğumu biləcəksiniz.+ 21 Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm».
22 İskəryut yox, o biri Yəhuda+ dedi: «Ağa, sən özünü nə üçün dünyaya yox, məhz bizə açıq-aşkar göstərmək istəyirsən?»
23 İsa ona cavab verdi: «Məni sevən mənim sözümə əməl edəcək+ və Atam onu sevəcək. Onda biz onun yanına gəlib onunla yaşayacağıq.+ 24 Məni sevməyən isə sözümə əməl etmir. Eşitdiyiniz sözlər mənim deyil, məni göndərmiş Atanındır.+
25 Hələ ki sizinləyəm bunları sizə deyirəm. 26 Köməkçi, yəni Atanın mənim adımla göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq.+ 27 Sizə sülh verirəm, öz sülhümü sizə bağışlayıram.+ Mənim verdiyim sülh dünyanın verdiyi sülhə bənzəmir. Qoy ürəyiniz narahat olmasın, qorxmayın. 28 Sizə: “Gedirəm və yanınıza qayıdacağam”, — dediyimi eşitdiniz. Məni sevirsinizsə, Atamın yanına getdiyimə sevinməlisiniz, axı Ata məndən üstündür.+ 29 Sizə qabaqcadan söylədim ki, bu hadisələr baş verəndə inanasınız.+ 30 Artıq sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı+ gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur.+ 31 Lakin Atamı sevdiyimi dünya bilsin deyə, hər şeyi Atamın mənə buyurduğu kimi edirəm.+ Durun gedək.
15 Mən həqiqi meynəyəm, Atam isə bağbandır. 2 O, məndəki bar gətirməyən budaqları kəsib atır, bar verən budaqları isə budayır* ki, onlar daha çox bar gətirsin.+ 3 Sizə dediyim sözlərin sayəsində siz artıq təmizsiniz.+ 4 Mənimlə vəhdətdə qalın, mən də sizinlə vəhdətdə qalacağam. Necə ki budaq meynənin üstündə olmasa, öz-özündən bar verə bilməz, siz də mənimlə vəhdətdə olmasanız,+ bar gətirə bilməzsiniz. 5 Mən meynəyəm, siz isə bu meynənin budaqlarısınız. Mənimlə vəhdətdə qalan və mənim də vəhdətdə olduğum adam çoxlu bar gətirir.+ Siz məndən ayrı heç nə edə bilməzsiniz. 6 Mənimlə vəhdətdə qalmayan kəs budaq kimi kəsilib atılır və quruyur. Belə budaqları yığıb oda atır və yandırırlar. 7 Siz mənimlə vəhdətdə qalırsınızsa və sözlərim qəlbinizdə qalırsa, nə istəyirsiniz diləyin, sizə veriləcək.+ 8 Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şərəflənir.+ 9 Atam məni sevdiyi kimi,+ mən də sizi sevirəm. Sizə olan məhəbbətimi itirməyin. 10 Mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim sizə olan məhəbbətimi qoruyub-saxlayacaqsınız.
11 Bunları sizə ona görə deyirəm ki, qəlbimdəki sevinci siz də tam duyasınız.+ 12 Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin.+ 13 Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur.+ 14 Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız.+ 15 Mən artıq sizə qul demirəm, çünki qul ağasının işlərindən bixəbər olur. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim. 16 Siz məni seçmədiniz, mən sizi seçdim ki, daima bar gətirəsiniz və gətirdiyiniz bar həmişə qalsın, Atam mənim adımla dilədiyiniz hər şeyi sizə versin.+
17 Bunları sizə ona görə buyururam ki, bir-birinizi sevəsiniz.+ 18 Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib.+ 19 Siz bu dünyaya aid olsaydınız, dünya sizi sevərdi. Mən sizi seçdiyim üçün siz dünyaya aid deyilsiniz.+ Buna görə də dünya sizə nifrət edir.+ 20 Sizə dediyim sözü yaddan çıxarmayın. Nökər ağasından üstün deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər.+ Mənim sözümə əməl ediblərsə, sizin də sözünüzə əməl edəcəklər. 21 Mənim adıma görə bütün bunları başınıza gətirəcəklər, çünki onlar məni göndərəni tanımırlar.+ 22 Mən gəlib onlara danışmasaydım, günahsız olardılar.+ Ancaq indi günahlarına görə üzrlü sayıla bilməzlər.+ 23 Mənə nifrət edən Atama da nifrət edir.+ 24 Onların arasında misli görünməmiş işləri görməsəydim, günahsız olardılar.+ Ancaq məni gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər. 25 Lakin beləcə onların Tövratında* yazılmış bu sözlər yerinə yetdi: “Mənə nahaqdan nifrət etdilər”.+ 26 Atamdan sizə göndərəcəyim köməkçi, yəni Atamdan olan həqiqət ruhu+ gələndə mənim haqqımda şəhadət verəcək.+ 27 Siz də mənim haqqımda şəhadət verməlisiniz,+ çünki əvvəldən mənimlə olmusunuz.
16 Bunları sizə ona görə söylədim ki, məndən dönməyəsiniz. 2 Sizi sinaqoqlardan qovacaqlar.+ Elə bir vaxt gələcək ki, sizi öldürən hər kəs+ bu yolla Allaha qulluq etdiyini düşünəcək. 3 Onlar bu işləri ona görə edəcəklər ki, nə Atanı tanıyırlar, nə də məni.+ 4 Bunları deməkdə məqsədim odur ki, həmin vaxt gələndə sizi xəbərdar etdiyimi xatırlayasınız.+
Bunları sizə əvvəlcədən deməmişdim, çünki sizinlə idim. 5 İndi məni göndərənin yanına gedirəm,+ amma biriniz də soruşmursunuz ki, hara gedirsən? 6 Bu sözlərimə görə qəm dəryasına batmısınız.+ 7 Amma mən sizə həqiqəti söyləyirəm, getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi+ yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm. 8 O gələndə dünyaya günahın, doğruluğun və hökmün nə demək olduğunu açıq-aşkar göstərəcək. 9 İlk növbədə günahın nə demək olduğunu göstərəcək,+ çünki onlar mənə iman etmirlər.+ 10 Sonra doğruluğun nə demək olduğunu göstərəcək, çünki mən Atanın yanına gedirəm və siz artıq məni görməyəcəksiniz. 11 Nəhayət, hökmün nə demək olduğunu göstərəcək, çünki bu dünyanın hökmdarı artıq məhkum edilib.+
12 Sizə deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz. 13 Həqiqət ruhu gələndə sizə yol göstərəcək,+ həqiqəti tam dərk etməyinizə kömək edəcək. O özündən danışmayacaq, eşitdiyini danışacaq və sizə qarşıdakı hadisələri xəbər verəcək.+ 14 O, məni şərəfləndirəcək,+ çünki məndən eşitdiklərini sizə bildirəcək.+ 15 Atanın nəyi varsa, hamısı mənimdir.+ Buna görə sizə dedim ki, o, məndən eşitdiklərini sizə bildirəcək. 16 Bir azdan artıq məni görməyəcəksiniz,+ amma bir qədər sonra görəcəksiniz».
17 Onda şagirdlərdən bəziləri bir-birindən soruşdu: «Görəsən, o, “bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz”, “Atamın yanına gedirəm” sözləri ilə nə demək istəyir?» 18 Onlar deyirdilər: «O, “bir azdan” deməklə nəyə işarə edir? Biz bu sözlərin mənasını başa düşmürük». 19 İsa görəndə ki, onlar nə isə soruşmaq istəyirlər, onlara dedi: «Siz bir-birinizdən “bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz” sözlərimin mənasını soruşursunuz? 20 Bunu bilin, siz ağlayıb fəryad edəcəksiniz, dünya isə şadyanalıq edəcək. Siz kədərlənəcəksiniz, ancaq kədəriniz sevincə dönəcək.+ 21 Qadın doğuş zamanı əziyyət çəkir, çünki vaxtı yetişib. Ancaq uşağı doğandan sonra çəkdiyi əziyyət artıq yadına düşmür, çünki dünyaya övlad gətirdiyinə sevinir. 22 Siz də indi kədərlənirsiniz, ancaq sizinlə yenidən görüşəndə ürəyiniz sevinəcək+ və heç kəs sevincinizi əlinizdən almayacaq. 23 O gün siz məndən heç nə soruşmayacaqsınız. Yadınızda qalsın, Atadan mənim adımla nəsə istəsəniz,+ sizə verəcək.+ 24 Bu vaxtadək mənim adımla heç bir şey istəməmisiniz. Diləyin, alacaqsınız və ürəyiniz sevinclə dolacaq.
25 Bunları sizə məsəllərlə dedim. Elə vaxt gələcək ki, daha sizə məsəl çəkməyəcəyəm. Ata haqqında açıq-aşkar danışacağam. 26 O gün özünüz mənim adımla Ataya müraciət edəcəksiniz. Sizdən ötrü mənim Ataya müraciət etməyimə ehtiyac olmayacaq. 27 Çünki Ata sizi sevir, ona görə ki, siz məni sevirsiniz+ və Allahın elçisi olaraq gəldiyimə inanırsınız.+ 28 Mən dünyaya Atanın elçisi kimi gəldim. İndi isə dünyanı tərk edib Atamın yanına gedirəm».+
29 Şagirdlər dedilər: «Bax, indi sən açıq danışırsan, daha məsəl çəkmirsən. 30 İndi bilirik ki, sən hər şeyi bilirsən, kiminsə sənə sual verməsinə ehtiyac yoxdur, çünki insanın fikirlərindən agahsan. Buna görə də biz inanırıq ki, səni Allah göndərib». 31 İsa dedi: «Siz indi inanırsınız. 32 Amma elə bir vaxt gələcək ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız.+ Ancaq mən tək deyiləm, çünki Atam mənimlədir.+ 33 Bunu sizə ona görə dedim ki, mənim sayəmdə sülhünüz olsun.+ Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim».+
17 Bu sözlərdən sonra İsa başını göyə qaldırıb dedi: «Ata, vaxt yetişdi. Oğlunu şərəfləndir ki, oğlun da Səni şərəfləndirsin.+ 2 Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin+ ki, o, Sənin ona verdiyin adamların hamısını+ əbədi həyata qovuşdursun.+ 3 Əbədi həyat odur+ ki, Səni, tək gerçək Allahı+ və göndərdiyin İsa Məsihi tanısınlar*.+ 4 Mənə tapşırdığın işi başa çatdırdım,+ Səni yerdə şərəfləndirdim.+ 5 İndi isə Ata, qoy yanında olum, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şərəflə məni şərəfləndir.+
6 Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım.+ Onlar Səninki idilər, Sən onları mənə verdin. Onlar Sənin sözünə əməl edirlər. 7 İndi onlar bilirlər ki, mənə verdiyin hər şeyin sahibi Sənsən, 8 çünki mənə verdiyin sözləri onlara çatdırdım.+ Onlar bu sözləri qəbul etdilər və Sənin elçin olduğumu aydın dərk etdilər,+ inandılar ki, məni Sən göndərmisən.+ 9 Onlardan ötrü Səndən xahiş edirəm, dünya üçün yox, mənə verdiyin adamlar üçün Sənə yalvarıram, çünki onlar Sənindirlər. 10 Nəyim varsa, Sənindir, Sənin də nəyin varsa, mənimdir.+ Mən onların arasında şərəfləndim.
11 Mən artıq dünyada olmayacağam, Sənin yanına gəlirəm, onlar isə dünyadadırlar.+ Müqəddəs Atam, mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun+ ki, biz bir olduğumuz kimi, onlar da bir olsunlar.+ 12 Mən onlarla olanda mənə verdiyin adının xatirinə gözüm onların üstündə idi.+ Mən onları qorudum, həlaka gedən adamdan*+ başqa heç biri həlak olmadı.+ Beləcə, Müqəddəs Yazılarda deyilən söz yerinə yetdi.+ 13 İndi isə Sənin yanına gəlirəm və hələ dünyada olduğum üçün bu şeyləri deyirəm ki, onların ürəyi duyduğum sevinclə aşıb-daşsın.+ 14 Mən onlara Sənin sözünü verdim, lakin dünya onlara nifrət edir, çünki mən dünyaya aid olmadığım kimi,+ onlar da dünyaya aid deyillər.
15 Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən* qoruyasan.+ 16 Onlar da mənim kimi+ dünyaya aid deyillər.+ 17 Onları həqiqət vasitəsilə müqəddəs et.+ Həqiqət Sənin sözündür.+ 18 Sən məni dünyaya göndərdiyin kimi, mən də onları dünyaya göndərdim.+ 19 Mən onlar üçün müqəddəsliyimi qoruyuram ki, onlar da həqiqət vasitəsilə müqəddəs olsunlar.
20 Mən yalnız onlar üçün yox, onların sözləri vasitəsilə mənə iman edəcək adamlar üçün də yalvarıram ki, 21 aralarında birlik olsun.+ Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi,+ qoy onlar da bizimlə vəhdətdə olsunlar və beləcə, bütün dünya inansın ki, məni Sən göndərmisən. 22 Biz bir olduğumuz kimi, onlar da bir olsunlar+ deyə, Sən məni şərəfləndirdiyin kimi, mən də onları şərəfləndirdim. 23 Mən onlarla vəhdətdəyəm, Sən də mənimlə vəhdətdəsən. Bu, onun üçündür ki, onlar kamil birliyə yetişsinlər. Beləcə, qoy dünya bilsin ki, məni Sən göndərmisən və məni sevdiyin kimi, onları da sevirsən. 24 Ata, arzu edirəm ki, mənə verdiyin adamlar mənim olduğum yerdə, yanımda olsunlar+ və mənə verdiyin şərəfi görsünlər, çünki Sən məni bəşərin təməli qoyulandan əvvəl sevmisən.+ 25 Ey adil Ata, dünya Səni tanımır.+ Mən isə Səni tanıyıram+ və bunlar da bilirlər ki, məni Sən göndərmisən. 26 Mən Sənin adını onlara açdım və yenə açacağam+ ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum».+
18 İsa dua edib qurtarandan sonra şagirdləri ilə birlikdə Qidron vadisinin+ o biri tayına keçdi. Orada bir bağ var idi və İsa şagirdləri ilə həmin bağa girdi.+ 2 Xain Yəhuda da o yeri yaxşı tanıyırdı, çünki İsa dəfələrlə şagirdləri ilə orada görüşmüşdü. 3 Bu vaxt Yəhuda bir dəstə əsgərlə, həmçinin böyük kahinlərin və fərisilərin keşikçiləri ilə oraya gəldi. Onların əllərində məşəl, çıraq və silah vardı.+ 4 İsa başına nə gələcəyini bildiyi üçün qabağa çıxıb soruşdu: «Kimi axtarırsınız?» 5 Onlar cavab verdilər: «Nəsrani İsanı».+ İsa dedi: «Mənəm». Xain Yəhuda da onların yanında durmuşdu.+
6 İsa: «Mənəm», — deyəndə onlar geri çəkilib yerə yıxıldılar.+ 7 İsa yenə də soruşdu: «Kimi axtarırsınız?» Onlar dedilər: «Nəsrani İsanı». 8 İsa dedi: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın». 9 Beləcə, onun dediyi bu sözlər yerinə yetdi: «Mənə verdiyin adamlardan birini də itirmədim».+
10 Şimon Butrusun qılıncı var idi. O, qılıncı çəkdi və vurub baş kahinin nökərinin sağ qulağını kəsdi.+ Nökərin adı Məlk idi. 11 İsa Butrusa dedi: «Qılıncını qınına qoy.+ Məgər Atamın mənə verdiyi camı* içməməliyəm?»+
12 Onda əsgərlər, sərkərdə* və yəhudilərin keşikçiləri İsanı tutub əl-qolunu bağladılar 13 və əvvəlcə Hənnanın yanına apardılar. O, həmin il baş kahin+ olan Qayafanın+ qayınatası idi. 14 Bu, həmin o Qayafadır ki, bütün xalqın uğrunda bir adamın ölməsinin onların xeyrinə olduğunu yəhudilərə məsləhət görmüşdü.+
15 Şimon Butrus və başqa bir şagird İsanın dalınca gedirdilər.+ O şagird baş kahinin tanışı idi. Həmin şagird İsa ilə bir yerdə baş kahinin həyətinə girdi, 16 Butrus isə çöldə, qapının ağzında dayandı. Baş kahinin tanışı olan o biri şagird çıxıb qapıçı qızla danışdı və Butrusu içəri saldı. 17 Bu qulluqçu qız Butrusa dedi: «Sən onun şagirdi deyilsən, yox?» Butrus dedi: «Yox».+ 18 Hava soyuq olduğundan nökərlərlə keşikçilər tonqal qalayıb ətrafında isinirdilər. Butrus da onların yanında durub isinirdi.
19 Bu vaxt böyük kahin İsadan şagirdləri və təlimləri haqqında soruşurdu. 20 İsa ona cavab verdi: «Mən hər şeyi dünyaya açıq-aşkar söyləmişəm. Mən həmişə yəhudilərin toplaşdığı sinaqoqlarda və məbəddə vəz etmişəm.+ Heç bir sözü xəlvətdə deməmişəm. 21 Niyə məni sorğu-suala çəkirsən? Danışdıqlarımı eşidənlərdən soruş. Onlar mənim nədən danışdığımı bilirlər». 22 İsa bunu deyəndə yanında durmuş bir keşikçi onun üzünə şillə çəkib+ dedi: «Böyük kahinlə belə danışırlar?» 23 İsa dedi: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» 24 Hənna İsanı əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.+
25 Şimon Butrus durub isinirdi. Birdən ondan soruşdular: «Sən onun şagirdi deyilsən, yox?» Butrus inkar etdi: «Yox».+ 26 Baş kahinin bir nökəri, Butrusun qılıncla vurub qulağını kəsdiyi adamın qohumu+ dedi: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?» 27 Butrus yenidən bunu inkar etdi və o andaca xoruz banladı.+
28 Səhər təzəcə açılırdı. İsanı Qayafanın yanından vali sarayına apardılar.+ Lakin onu gətirənlər murdarlanmamaq üçün valinin sarayına girmədilər,+ yoxsa Pasxa yeməyini yeyə bilməzdilər. 29 Pilat onların qabağına çıxıb dedi: «Bu adamı nədə ittiham edirsiniz?» 30 Onlar cavab verdilər: «Bu adam cinayətkar olmasaydı, onu sənin yanına gətirməzdik». 31 Pilat dedi: «Aparın onu öz qanunuza görə mühakimə edin».+ Onda yəhudilər dedilər: «Bizim adam öldürməyə ixtiyarımız yoxdur».+ 32 Beləcə, İsanın özünün necə öləcəyinə işarə edərək söylədiyi sözlər yerinə yetdi.+
33 Onda Pilat yenidən vali sarayına girdi və İsanı yanına çağırıb dedi: «Sən yəhudilərin padşahısan?»+ 34 İsa cavab verdi: «Sən bunu özündən deyirsən, yoxsa mənim haqqımda kimdənsə eşitmisən?» 35 Pilat dedi: «Məgər mən yəhudiyəm? Öz xalqın və böyük kahinlərin səni mənə təslim edib. De görüm nə iş tutmusan?» 36 İsa cavab verdi:+ «Mənim Padşahlığım bu dünyadan deyil.+ Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm.+ Xeyr, mənim Padşahlığım buradan deyil». 37 Pilat dedi: «Deməli, sən padşahsan?» İsa cavab verdi: «Düz deyirsən, mən padşaham.+ Mən həqiqətə şəhadət etmək üçün doğulmuşam və bu dünyaya gəlmişəm.+ Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır». 38 Pilat ona dedi: «Həqiqət nədir?!»
Pilat bunu deyib yenidən yəhudilərin yanına çıxdı və onlara dedi: «Mən bu adamda bir təqsir görmürəm.+ 39 Həm də adətiniz üzrə mən Pasxa bayramında sizin üçün bir adam azad edirəm.+ İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?» 40 Onlar yenə qışqırdılar: «Onu yox, Barabbanı burax!» Barabba quldur idi.+
19 Onda Pilat İsanı aparıb qamçılamağı+ əmr etdi. 2 Əsgərlər tikandan çələng hörüb İsanın başına qoydular və əyninə bənövşəyi xələt geyindirdilər.+ 3 Onlar yaxınlaşıb: «Salam, ey yəhudilərin Padşahı!» — deyir və üzünə şillə vururdular.+ 4 Pilat yenə də bayıra çıxıb dedi: «Bura baxın! Bu adamı qarşınıza çıxarıram ki, biləsiniz: mən onda təqsir görmürəm».+ 5 İsa başında tikandan çələng və əynində bənövşəyi xələt bayıra çıxdı. Pilat onlara dedi: «Budur o adam!» 6 Lakin böyük kahinlər və keşikçilər İsanı görəndə qışqırdılar: «Onu dirəkdə edam et! Edam et!»+ Pilat isə dedi: «Aparın özünüz edam edin, mən onda heç bir günah görmürəm».+ 7 Yəhudilər dedilər: «Bizim bir qanunumuz var və həmin qanuna görə o ölməlidir,+ çünki o, özünə Allahın oğlu deyir».+
8 Pilat bunu eşidəndə daha da qorxdu. 9 O, saraya girib İsadan soruşdu: «Sən haradansan?» Lakin İsa cavab vermədi.+ 10 Onda Pilat dedi: «Sən mənə cavab vermirsən? Məgər bilmirsən ki, səni azad etmək də, edam etmək də mənim əlimdədir?» 11 İsa ona cavab verdi: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı. Buna görə də məni sənə təslim etmiş adamın günahı daha ağırdır».
12 Onda Pilat İsanı azad etmək üçün yol axtarmağa başladı. Ancaq yəhudilər dedilər: «Sən bu adamı azad etsən, Sezara dost deyilsən. Özünü padşah elan edən hər bir adam Sezara qarşı çıxır».+ 13 Pilat bu sözləri eşidəndə İsanı bayıra çıxartdı, özü isə gəlib Daş döşəmə, ibranicə Qabbata adlanan yerdə qoyulmuş hakim kürsüsünə oturdu. 14 Həmin gün Pasxa bayramına hazırlıq görülürdü.+ Günorta saat on iki* olardı. Pilat yəhudilərə dedi: «Bu da sizin padşahınız!» 15 Onlar isə: «Ona ölüm! Ona ölüm! Onu dirəkdə edam et!» — deyə qışqırırdılar. Pilat onlardan soruşdu: «Deyirsiniz, padşahınızı edam edim?» Böyük kahinlər cavab verdilər: «Bizim Sezardan başqa padşahımız yoxdur». 16 Onda Pilat İsanın edamına əmr verdi.+
Əsgərlər İsanı apardılar. 17 İsa işgəncə dirəyini* daşıyaraq Kəllə,+ ibranicə Qolqota adlanan yerə qalxdı.+ 18 Onu orada dirəyə mıxladılar.+ Onunla bərabər iki adamı da edam etdilər: birini sağında, birini də solunda dirəkdən asdılar. İsa ortada idi.+ 19 Pilat bir lövhənin üzərinə «Yəhudilərin padşahı nəsrani İsa» sözlərini yazıb işgəncə dirəyinə vurdurdu.+ 20 İsanın edam edildiyi yer şəhərə yaxın olduğu üçün bu yazını xeyli yəhudi görüb oxudu. Bu sözlər ibranicə, latınca və yunanca yazılmışdı. 21 Yəhudilərin böyük kahinləri Pilata dedilər: «“Yəhudilərin padşahı” yox, özünün dediyi kimi: “Mən yəhudilərin padşahıyam” yaz». 22 Pilat cavab verdi: «Nə yazmışam, yazmışam».
23 Əsgərlər İsanı dirəyə mıxlayandan sonra onun üst paltarlarını dörd yerə böldülər, hər əsgərə bir pay düşdü. Köynəyini də götürdülər. Amma köynəyi tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. 24 Ona görə də bir-birilərinə dedilər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək».+ Beləcə, Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, libasım üçün püşk atdılar»,+ — sözləri yerinə yetdi. Bəli, əsgərlər məhz belə də etdilər.
25 İsanın edam olunduğu işgəncə dirəyinin yanında anası,+ xalası, Klopasın arvadı Məryəm və Məcdəlli Məryəm durmuşdular.+ 26 İsa anasını və onun yanında duran sevimli şagirdini+ görəndə anasına dedi: «İndən belə bu, sənin oğlundur!» 27 Sonra şagirdinə dedi: «İndən belə bu, sənin anandır!» O gün həmin şagird İsanın anasını öz evinə apardı.
28 Bundan sonra artıq hər şeyin tamamlandığını bilən İsa Müqəddəs Yazılarda yazılmış sözün yerinə yetməsi üçün: «Su istəyirəm»,+ — dedi. 29 Orada turş şərabla dolu bir qab var idi. Onlar hissop* çubuğuna bir süngər taxıb turş şəraba batırdılar və onun dodaqlarına yaxınlaşdırdılar.+ 30 İsa şərabdan dadıb: «Tamam oldu!»+ — dedi və başını əyib canını tapşırdı.+
31 Hazırlıq günü idi.+ Cəsədlər şənbə günü dirəklərdə qalmasın+ deyə (o şənbə böyük şənbə idi),+ yəhudilər Pilatdan xahiş etdilər ki, edam olunmuşların qıçlarını sındırıb cəsədlərini dirəkdən düşürsünlər. 32 Əsgərlər gəlib əvvəl İsanın bir tərəfində, sonra isə o biri tərəfində olan adamların qıçlarını sındırdılar. 33 İsaya yaxınlaşanda gördülər ki, o, artıq ölüb. Buna görə də onun qıçlarını sındırmadılar. 34 Ancaq əsgərlərdən biri nizə ilə onun böyrünü deşdi+ və böyründən qan ilə su axdı. 35 Bunları öz gözü ilə görən şəhadət edir və onun şəhadəti doğrudur. O, həqiqəti danışdığını bilir və istəyir ki, siz də inanasınız.+ 36 Bunlar Müqəddəs Yazılardakı «onun bir sümüyü belə, sınmayacaq» sözləri yerinə yetsin deyə, baş verdi.+ 37 Müqəddəs Yazıların başqa yerində isə yazılıb: «Onlar bədənini deşdikləri adama baxacaqlar».+
38 Sonra İsanın şagirdi olan, lakin bunu yəhudilərin qorxusundan+ gizli saxlayan arimataylı Yusif Pilatdan İsanın cəsədini istədi. Pilat razılıq verdi. O da gəlib İsanın cəsədini götürdü.+ 39 İsanın yanına birinci dəfə gecə ikən gəlmiş Nikodem+ də otuz kiloqrama* yaxın mürr* və əzvay qatışığı gətirdi*.+ 40 Onlar İsanın cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirli otlarla birlikdə kətan parçaya bürüdülər.+ 41 İsanın edam olunduğu yerdə bir bağ vardı. O bağda hələ heç kəsin qoyulmadığı təzə bir sərdabə+ var idi. 42 Yəhudilərin Hazırlıq günü+ olduğu üçün, sərdabə də yaxınlıqda yerləşdiyi üçün İsanı ora qoydular.
20 Həftənin ilk günü* səhər tezdən, hələ hava açılmamış Məcdəlli Məryəm sərdabəyə gəldi+ və gördü ki, sərdabənin ağzındakı daş qırağa çəkilib.+ 2 O qaçıb Şimon Butrusun və İsanın sevdiyi o biri şagirdin+ yanına gəldi və dedi: «Ağanı sərdabədən+ götürüblər, bilmirik aparıb hara qoyublar».
3 Onda Butrus və o biri şagird sərdabəyə yollandılar. 4 Onların ikisi də qaçırdılar, amma o biri şagird Butrusdan bərk qaçırdı və sərdabəyə birinci çatdı. 5 O, içəri boylanıb yerdəki kətan parçanı gördü,+ lakin içəri girmədi. 6 Şimon Butrus da gəlib çatdı və sərdabəyə girdi. O da yerdəki parçanı 7 və İsanın başını örtən dəsmalı gördü. Dəsmal kətan parçadan ayrı bir yerdə bürmələnib qalmışdı. 8 Onda sərdabəyə birinci çatmış o biri şagird də içəri girdi. O, bunları gördü və inandı. 9 Onlar Müqəddəs Yazılarda onun diriləcəyi haqda deyilmiş sözü hələ dərk etməmişdilər.+ 10 Beləcə, şagirdlər evlərinə qayıtdılar.
11 Məryəm isə sərdabənin yanında durub ağlayırdı. O ağlaya-ağlaya içəriyə boylandı 12 və ağ libaslı iki mələk gördü.+ Mələklərdən biri İsanın cəsədi qoyulduğu yerin baş tərəfində, o birisi ayaq tərəfində oturmuşdu. 13 Onlar Məryəmə dedilər: «Niyə ağlayırsan?» O cavab verdi: «Ağamı aparıblar, bilmirəm hara qoyublar». 14 O, bunu deyəndən sonra çönüb gördü ki, İsa arxada durub. Lakin Məryəm başa düşmədi ki, bu, İsadır.+ 15 İsa ona dedi: «Bacım, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm elə bilirdi ki, bu, bağbandır. Ona görə də dedi: «Ağa, əgər onu sən aparmısansa, de hara qoymusan, mən gedim onu götürüm». 16 İsa ona dedi: «Məryəm!» O çönüb ibranicə: «Rabbuni!» — dedi. (Rabbuni «ustad» deməkdir.) 17 İsa ona dedi: «Tutma məni. Mən ki hələ Atamın yanına qalxmıram. Qardaşlarımın yanına get+ və onlara de: “Mən öz Atamın+ və sizin Atanızın, öz Allahımın+ və sizin Allahınızın yanına gedirəm”». 18 Məcdəlli Məryəm gəlib şagirdlərə dedi: «Mən Ağanı gördüm!» O, İsanın dediklərini onlara çatdırdı.+
19 Həmin gün həftənin ilk günü idi. Axşamüstü şagirdlər bir yerdə oturmuşdular və yəhudilərin qorxusundan qapıları kilitləmişdilər. Qəfildən İsa gəlib ortada durdu və onları salamladı: «Sizə salam olsun!»+ 20 Sonra İsa əllərini və böyrünü onlara göstərdi.+ Şagirdlər Ağanı görəndə çox sevindilər.+ 21 İsa onlara dedi: «Sizə salam olsun!+ Atam məni dünyaya göndərdiyi kimi,+ mən də sizi dünyaya göndərirəm».+ 22 Sonra İsa onların üzərinə üfürüb dedi: «Müqəddəs ruhu alın.+ 23 Kimin günahlarını bağışlasanız, onlar bağışlanacaq, kimin günahlarını bağışlamasanız, onlar bağışlanmayacaq».
24 İsa gələndə on iki həvaridən biri olan Əkiz ləqəbli Tomas+ onlarla deyildi. 25 O biri şagirdlər ona: «Biz Ağanı gördük!» — deyəndə Tomas cavab verdi: «Əgər onun əllərində mıx izlərini görməsəm, bu yaralara barmağımla toxunmasam, əlimi onun böyrünə qoymasam,+ ömrümdə inanmaram».
26 Bu hadisədən səkkiz gün sonra şagirdlər yenə bir yerdə yığışmışdılar, Tomas da onlarla idi. Qapılar bağlı olsa da, İsa gəldi, otağın ortasında durub dedi: «Sizə salam olsun!»+ 27 Sonra üzünü Tomasa tutub dedi: «Barmağını bura qoy və əllərimə bax. Əlini uzat, böyrümə qoy və daha şübhə etmə, inan!» 28 Tomas ona cavab verdi: «Ağam, allahım!*» 29 İsa ona dedi: «Məni gördüyün üçün inandın? Görməyib iman edənlər nə xoşbəxtdirlər!»
30 Əlbəttə, İsa şagirdlərinin gözü qabağında çoxlu başqa möcüzələr də göstərdi. Lakin onlar haqqında bu tumarda yazılmayıb.+ 31 Bunlar isə ona görə yazılıb ki, siz İsanın Allahın Oğlu Məsih olduğuna inanasınız və iman sayəsində, onun adı vasitəsilə həyata qovuşasınız.+
21 Bundan sonra İsa Təbəriyyə dənizinin kənarında şagirdlərinə göründü. Əhvalat belə olmuşdu. 2 Şimon Butrus, Əkiz ləqəbli Tomas+, Cəlilənin Qanə şəhərindən olan Natanail+, Zəbədinin oğulları+ və başqa iki şagird bir yerdə idilər. 3 Şimon Butrus onlara dedi: «Gedirəm balıq tutmağa». Onlar: «Biz də səninlə gedirik», — dedilər və bayıra çıxıb qayığa mindilər. Ancaq o gecə heç nə tutmadılar.+
4 Dan yeri sökülürdü. İsa sahildə durmuşdu, şagirdlər isə onun İsa olduğunu başa düşmədilər.+ 5 İsa onlardan soruşdu: «Balalar, yeməyə bir şeyiniz var?» Onlar: «Yoxdur», — dedilər. 6 O dedi: «Toru qayığın sağ tərəfindən atın, tutacaqsınız». Onlar toru atdılar və tora çoxlu balıq düşdü. Balıq o qədər çox idi ki, toru dartıb çıxara bilmirdilər.+ 7 Onda İsanın sevimli şagirdi+ Butrusa dedi: «Bu, Ağadır!» Şimon Butrus bunu eşidəndə yarıçılpaq olduğundan paltarını əyninə keçirib suya tullandı. 8 O biri şagirdlər isə balıqla dolu toru çəkə-çəkə balaca qayıqda gəlirdilər. Onlar sahildən çox da uzaqda deyildilər, təxminən doxsan metr* aralıda idilər.
9 Şagirdlər sahilə çıxanda bir tonqal gördülər. Tonqalın üstündə balıq, yanında da çörək var idi. 10 İsa onlara dedi: «Tutduğunuz balıqdan bir neçəsini gətirin». 11 Onda Şimon Butrus qayığa girib iri balıqlarla dolu toru sahilə çıxartdı, torda yüz əlli üç dənə balıq var idi. Lakin tor bu qədər balığın ağırlığından yırtılmadı. 12 İsa onları çağırdı: «Gəlin səhər yeməyinizi yeyin». Şagirdlərdən heç biri cəsarət edib: «Sən kimsən?» — deyə soruşmadı, çünki hamısı Ağanı tanımışdı. 13 İsa yaxınlaşıb çörəyi də, balığı da onlara payladı. 14 O diriləndən sonra artıq üçüncü dəfə+ idi ki, şagirdlərinə görünürdü.
15 Onlar yeyib qurtarandan sonra İsa Şimon Butrusdan soruşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən, bunları?» Butrus cavab verdi: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm». İsa dedi: «Quzularımı bəslə».+ 16 İsa ikinci dəfə ondan soruşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» O cavab verdi: «Bəli, Ağa, sən bilirsən ki, səni çox istəyirəm». İsa dedi: «Quzularımı otar».+ 17 İsa üçüncü dəfə soruşdu: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» Butrus İsanın ondan üç dəfə onu sevdiyini soruşduğuna görə qüssələndi və ona dedi: «Ağa, sən hər şeyi bilirsən. Sən yaxşı bilirsən ki, səni çox istəyirəm». İsa dedi: «Quzularımı bəslə.+ 18 Eşit və agah ol, cavanlığında özün geyinib istədiyin yerə gedirdin, amma qocalanda əllərini uzadacaqsan, başqası səni geyindirib istəmədiyin yerə aparacaq». 19 Bunu deməklə İsa Butrusun Allahı hansı ölümlə şərəfləndirəcəyinə işarə edirdi. Sonra ona dedi: «Bundan sonra da ardımca gəl».+
20 Butrus çönüb arxadan İsanın sevimli şagirdinin+ gəldiyini gördü. Bu həmin o şagirddir ki, şam yeməyi vaxtı İsaya tərəf əyilib soruşmuşdu: «Ağa, səni kim satacaq?» 21 Butrus onu görəndə İsadan soruşdu: «Ağa, bəs bu necə olacaq?» 22 İsa ona cavab verdi: «Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 23 Nəticədə qardaşlar arasında belə bir söz yayıldı ki, guya həmin şagird ölməyəcək. Amma İsa onun ölməyəcəyini deməmişdi, o demişdi: «Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə?»
24 Bunlar haqda şəhadət edən və bunları yazan həmin o şagirddir.+ Biz bilirik ki, onun şəhadəti doğrudur.
25 Sözsüz, İsa çox iş görüb, lakin onların hamısı bir-bir yazılsaydı, elə düşünürəm ki, yazılan tumarlar dünyaya belə, sığmazdı.+
Xüsusi rəğbət mövqeyini bildirir.
Lüğətə bax.
Hərfən: onuncu saat.
Kifa və Butrus adlarının mənası daşdır.
Lüğətə bax.
Hərfən: iki və ya üç maye ölçüsü. Görünür, burada 22 l-ə bərabər olan maye olçüsü bat nəzərdə tutulur. B14 əlavəsinə bax.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Digər variant: yuxarıdan.
Yaxud Allahın haqq olduğuna möhürünü vurmuşdur.
Hərfən: altıncı saat.
Yəni ruhani varlıqdır.
Hərfən: yeddinci saat.
A3 əlavəsinə bax.
Hərfən: saat.
Hərfən: xatirə sərdabələrində.
B14 əlavəsinə bax.
Hərfən: təxminən 25—30 stadi. B14 əlavəsinə bax.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Hərfən: dünyaya.
Digər variant: xalq məclisində.
Yaxud təlim verərkən.
Yaxud iblis. Yun. diabolos.
Burada söhbət dini məktəblərdən gedir.
Bir sıra qədim və mötəbər əlyazmalarda 53-cü ayədən 8-ci fəslin 11-ci ayəsinədək olan hissə yoxdur.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
İbr. Hanukka. Yəhudilərin Suriya-Yunan hökmranlığından azad olmaları və Yerusəlim məbədinin yenidən Yehovaya həsr edilməsi münasibətilə keçirilən bayram.
Yaxud allah kimisiniz.
Lüğətə bax.
Yaxud müqəddəs edib.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Hərfən: təxminən 15 stadi. B14 əlavəsinə bax.
Hərfən: bir litran. Təxminən 327 q ağırlığı olan çəki vahidi. B14 əlavəsinə bax.
Lüğətə bax.
B14 əlavəsinə bax.
Hərfən: saatdan.
Lüğətə bax.
Hərfən: qolunu.
Hərfən: mənə dabanını qaldırdı.
Hərfən: qoynunda. Xüsusi rəğbət mövqeyini bildirir.
Yun. parakletos. Mənası: təsəlliverici.
Hərfən: təmizləyir.
Lüğətə bax.
Tanımaq kimi tərcümə olunan yunan feli daimi prosesi bildirir.
Hərfən: həlak oğlu.
Yəni Şeytandan.
Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.
Yaxud minbaşı.
Hərfən: altıncı saat.
Lüğətə bax.
Bu bitkinin dəqiq adı məlum deyil. Ehtimal ki, kalış.
Hərfən: yüz litra. 327 q ağırlığı olan Roma çəki vahidi. B14 əlavəsinə bax.
Lüğətə bax.
Digər variant: bir bağlamada otuz kiloqrama yaxın mürr və əzvay gətirdi.
Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.
Yəni Allahın elçisi.
Hərfən: iki yüz qulac. B14 əlavəsinə bax.