Böyüklüyə dair məsihçi nöqteyi-nəzərini inkişaf etdir
“Aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun” (MATTA 20:26).
1. Böyüklüyə dair dünyəvi nöqteyi-nəzər nədən ibarətdir?
QƏDİM Misirin yaxınlığındakı Fiva (müasir Karnak) şəhərində, Qahirədən 500 kilometr cənubda, fir’on III Amenhotepin 18 metrlik abidəsi ucalır. Bu abidəyə baxarkən qeyri-ixtiyari olaraq, özünü tamamilə kiçik hiss edirsən. Şübhəsiz ki, fir’on qarşısında qorxu hissi oyatmaq üçün qurulan bu abidə, böyüklüyə dair dünyəvi nöqteyi-nəzərin simvoludur; onun məğzi özünü bacardıqca böyük və əhəmiyyətli göstərmək və başqalarını, özlərini əhəmiyyətsiz hiss etməyə məcbur etməkdir.
2. İsa öz davamçılarına hansı ibrət dərsini verdi və biz özümüzə hansı sualları verməliyik?
2 Böyüklüyə dair olan bu nöqteyi-nəzər İsa Məsihin öyrətdiyindən nə qədər fərqlənir! Öz ardıcılları üçün “Rəbb və Müəllim” olduğu halda İsa onları öyrədirdi ki, başqalarına xidmət etməklə böyük olmaq olar. Yer üzündəki həyatının axırıncı günü İsa şagirdlərinin ayaqlarını yuyaraq bunun nə demək olduğunu göstərdi. Necə də təvazökar davranışdır! (Yəhya 13:4, 5, 14). Başqalarına xidmət etmək sənin xoşuna gəlir, yoxsa istərdin ki, sənə xidmət etsinlər? Məsihin nümunəsi səndə onun kimi təvazökar olmaq həvəsi oyatmırmı? Gəl Məsihin böyüklüyə dair nöqteyi-nəzərini müzakirə edək və onu bu dünyanın nöqteyi-nəzəri ilə müqayisə edək.
Böyüklüyə dair dünyəvi nöqteyi-nəzərdən qaçın
3. Müqəddəs Kitabın hansı nümunələri göstərir ki, insanlardan izzət almaq yanğısı kədərli nəticələrə gətirib çıxarır?
3 Müqəddəs Kitabın çoxsaylı nümunələri təsdiq edir ki, böyüklüyə dair dünyəvi nöqteyi-nəzər məhvə aparır. Esterin və Mordekayın günlərində fars padşahının sarayında böyük mövqeyə malik olan qüdrətli Hamanı xatırlayaq. Şan-şöhrət yanğısı Hamanı hörmətdən saldı və ölümə apardı (Ester 3:5; 6:10-12; 7:9, 10). Bəs hakimiyyətinin zirvəsində olarkən ağlını itirən lovğa Navuxodonosor barəsində nə demək olar? Onun böyüklük barəsindəki yanlış təsəvvürü növbəti sözlərdə əks olunur: “Padşah evi olsun deyə, qüvvətimin qüdrəti ilə və həşəmətimin izzəti üçün tikmiş olduğum böyük Babil bu deyilmi?” (Daniel 4:30). Allaha izzət vermək əvəzinə layiq olmadığı izzəti mənimsəyən məğrur I Hirod Aqrippanın da nümunəsi var. Onun “içi qurdlar tərəfindən gəmirilərək can verdi” (Həvarilərin işləri 12:21-23). Bu insanların alçaldıcı surətdə süqutunun səbəbi onda idi ki, onlar Yehovanın böyüklüyə olan nöqteyi-nəzərini qəbul etmədilər.
4. Dünyada yayılmış məğrurluq ruhunun arxasında duran kimdir?
4 Davranışımızın bizə şərəf və hörmət gətirməsini arzulamaq tamamilə təbii istəkdir. Lakin İblis bu istəkdən istifadə edərək, insanlarda onun özünə məxsus şöhrətpərəst meyllər əks etdirən məğrurluq ruhunu oyadır (Matta 4:8, 9). Heç zaman unutma ki, o, “bu əsrin tanrısı”dır və nəyin bahasına olursa-olsun Yer kürəsinin sakinlərinə öz fikirlərini yeritmək istəyir (2 Korinflilərə 4:4; Efeslilərə 2:2; Vəhy 12:9). Bu cür fikirlərin arxasında kimin durduğunu başa düşərək, məsihçilər böyüklüyə dair bu dünyanın nöqteyi-nəzərindən qaçınırlar.
5. Müvəffəqiyyət, şöhrət və var-dövlət xoşbəxt həyata zəmanətdirmi? İzah edin.
5 İblis insanlara təlqin etmək istəyir ki, böyük ad, ətrafdakıların iltifatını qazanmaq və pul dolu ciblər avtomatik olaraq insanı xoşbəxtliyə çatdırır. Bu belədirmi? Müvəffəqiyyət, şöhrət və var-dövlət xoşbəxt həyata zəmanət verirmi? Müqəddəs Kitab bizi bu yalana uymamağa çağırır. Müdrik padşah Süleyman yazırdı: “Hər əməyi və yaxşı gedən işi gördüm ki, bir kimsənin qonşusu tərəfindən qısqanılması bundan ötrüdür. Bu da boş və yeli qovmağa çalışmaqdır” (Vaiz 4:4). Həyatlarının mə’nasını var-dövlət və izzət qazanmaqda görən bir çox insanlar Müqəddəs Kitabın ilhamlanmış bu sözlərinin həqiqiliyini təsdiqləyə bilər. İnsanların Aya uçduqları kosmik gəminin layihəsində, yaradılmasında və sınaqdan keçirilməsində iştirak etmiş bir mütəxəssisi nümunə gətirmək olar. O xatırlayır: “Mən çox əlləşdim və öz işimdə böyük nailiyyətlərə çatdım. Lakin bunların hamısı boş şey imiş — mən həqiqi xoşbəxtliyi tapmadım və daxili rahatlığa nail olmadım”a. Kommersiyada, idmanda və ya əyləncə sahəsində dünyəvi böyüklük, insanın dərin məmnunluq hissi duyacağına heç də zəmanət deyil.
Başqalarına məhəbbətdən xidmət edərək böyük olursan
6. Yaqub və Yəhyanın böyüklük barəsində düzgün nöqteyi-nəzərə malik olmadıqları nədən görünür?
6 Əsl böyüklüyün nə ilə bağlı olduğunu İsa Məsihin həyatında baş verən bir hadisə göstərir. Eramızın 33-cü ilində İsa və onun şagirdləri Yerusəlimə, Pasxaya gedirdilər. Yolda mə’lum oldu ki, İsanın qohumları — ehtimal ki, xalası oğlanları olan Yaqub və Yəhya böyüklük barədə düzgün təsəvvürə malik deyillər. Analarının vasitəsilə onlar İsadan xahiş etdilər ki, onun “Padşahlığında biri sağında biri solunda otursun” (Matta 20:21). Yəhudilərdə sağda və solda oturmaq çox böyük şərəf sayılırdı (1 Krallar 2:19). Yaqub və Yəhya şöhrətpərəstlik edib görkəmli yer tutmaq istəyirdilər. Onlar yüksək vəzifə iddiasında idilər. İsa onların xahişlərinin məğzini başa düşdü və bu imkandan onların böyüklüyə dair nöqteyi-nəzərlərini düzəltmək üçün istifadə etdi.
7. İsanın sözlərinə görə, məsihçilər əsl böyüklüyə necə nail ola bilərlər?
7 İsa bilirdi ki, bu məğrur dünyada hakimiyyətə malik olan, başqalarını idarə edən və göstəriş verən, həmçinin çırtma çalan kimi bütün şıltaqlıqları icra olunan kəslər böyük sayılırlar. Lakin İsanın şagirdləri arasında başqalarına təvazökarlıqla xidmət edənlər böyükdürlər. İsa demişdir: “Aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun. Və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun” (Matta 20:26, 27).
8. Nökər olmaq nə deməkdir və biz özümüzə hansı sualları verə bilərdik?
8 Müqəddəs Kitabın bu hissəsində “nökər” kimi tərcümə olunan yunan sözü, başqalarına xidmət etmək üçün çalışqanlıqla və tə’kidlə sə’y göstərən adama tətbiq olunur. İsa istəyirdi ki, onun şagirdləri vacib bir dərsi öyrənsinlər: insanlara əmr edən deyil, onlara məhəbbətlə xidmət edən adam böyük sayılır. Özündən soruş: “Yaqubun və Yəhyanın yerində olsaydım özümü necə aparardım? Əsl böyüklüyün insanlara məhəbbətlə xidmət etməklə bağlı olduğunu başa düşərdimmi?” (1 Korinflilərə 13:3).
9. İsa insanlara münasibətə dair hansı nümunəni verdi?
9 İsa şagirdlərinə öz nümunəsində göstərdi ki, məsihçilər arasındakı böyüklük, bu dünyanın qəbul etdiyi böyüklükdən fərqlənir. O, xidmət etdiyi kəslərə heç zaman yuxarıdan baxmırdı və onların ləyaqətini alçaltmırdı. Müxtəlif insanlar — kişilər, qadınlar, uşaqlar, varlılar, kasıblar, tanınmış insanlar, hətta hamının tanıdığı günahkarlar — özlərini onunla rahat hiss edirdilər (Mark 10:13-16; Luka 7:37-50). İnsanlar çox vaxt, onları əhatə edənlər zəiflik göstərəndə səbirlərini itirirlər. İsa fərqlənirdi. Hətta şagirdləri fikirləşməmiş davransalar və bir-biriləri ilə yola getməsələr də, İsa onlara səbirlə öyüd verir, bununla da əsl mə’nada təvazökar və həlim olduğunu göstərirdi (Zəkarya 9:9; Matta 11:29; Luka 22:24-27).
10. İsanın bütün həyatı başqalarına təmənnasız xidmət etmək istəyini necə əks etdirirdi?
10 Çox üstün vəzifə tutan Allahın Oğlu, özünün təmənnasız xidməti ilə əsl mə’nada böyüklüyün nə demək olduğunu göstərdi. İsa yer üzünə ona xidmət edilmək üçün deyil, “müxtəlif xəstəliklərə” tutulmuş olanları sağaldaraq və insanları cinlərin əsarətindən azad edərək başqalarına xidmət etməyə gəlmişdir. O, yorğunluğun nə demək olduğunu bilir və istirahətə ehtiyac duyurdu, lakin həmişə insanların tələbatlarını öz şəxsi maraqlarından üstün tutur və var gücü ilə çalışırdı ki, kədərli olanlara təsəlli versin (Mark 1:32-34; 6:30-34; Yəhya 11:11, 17, 33). Məhəbbət onu insanlara ruhani yardım göstərməyə təşviq edirdi: o, tozlu yollarla yüz kilometrlərlə məsafə qət edir və Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edirdi (Mark 1:38, 39). Şübhəsiz ki, İsa başqalarına xidmət etməyə çox ciddi yanaşırdı.
Məsihin təvazökarlığını təqlid et
11. Yığıncaq nəzarətçiləri kimi xidmət etməyə tə’yin olunan qardaşlardan nə gözlənilir?
11 Məsihçi nəzarətçilərinin inkişaf etdirməli olduqları ruh, XIX əsrin sonunda, Allahın xalqına xidmət etmək üçün səyyah nümayəndələrin seçilməsi zamanı vurğulanmışdır. “Sion Gözətçi Qülləsi”nin 1894-cü il 1 sentyabr sayında (ing.) deyilirdi ki, “həlim, lovğa olmayan... ağılda təvazökar, öz maraqlarını deyil, Məsihin maraqlarını güdən və diqqəti öz biliklərinə deyil, onun Kəlamına və bu Kəlama xas olan sadəliyə və qüvvəyə yönəldən” kişilər tələb olunur. Aydındır ki, Məsihin həqiqi davamçıları görkəmli mövqe tutmaq, hakimiyyət sahibi olmaq və başqaları üzərində hökmranlıq etmək ümidinə düşərək, öz şəxsi arzularını tə’min etmək xətrinə məs’ul vəzifələrə can atmamalıdırlar. Təvazökar nəzarətçi dərk edir ki, onun məs’uliyyəti ona izzət gətirən yüksək mövqeyi deyil, “xeyirli bir işi” nəzərdə tutur (1 Timoteyə 3:1, 2). Bütün ağsaqqallar və xidməti köməkçilər həmimanlılarına təvazökarlıqla xidmət etmək üçün var qüvvələri ilə çalışmalı və təqlid etməyə layiq nümunə verərək müqəddəs xidmətdə rəhbərliyi öz üzərlərinə götürməlidirlər (1 Korinflilərə 9:19; Qalatiyalılara 5:13; 2 Timoteyə 4:5).
12. Yığıncaqda imtiyaz əldə etmək istəyən kəslər özlərinə hansı sualları verə bilərlər?
12 Yığıncaqda imtiyaz əldə etmək istəyən hər bir qardaş özündən soruşa bilər: “Mən başqalarına xidmət etmək imkanı axtarıarammı, yoxsa başqalarının mənə xidmət edəcəklərini gözləməyə meylliyəm? Ətrafdakıların nəzərinə o qədər də çarpmayan faydalı işi yerinə yetirməyə hazırammı?” Misal üçün, gənc qardaş yığıncaqda mə’ruzə ilə can-başla çıxış edir, lakin yaşlılara həvəssiz kömək edir. Məs’ul qardaşların əhatəsində olmaq ona xoş gəlir, lakin təbliğ işində iştirak etməyə həvəsi yoxdur. Bu cür gənc özündən soruşmalıdır: “Diqqətimi əsas e’tibarı ilə Allaha xidmətin şöhrət və tə’rif gətirən sahələrinəmi cəmləşdirirəm? Başqalarının qarşısında fərqlənməyəmi çalışıram?” Özünə izzət axtaranlar, qətiyyətlə demək olar ki, Məsihi təqlid etmirlər (Yəhya 5:41).
13. a) Nəzarətçi tərəfindən göstərilən təvazökarlıq nümunəsi başqalarına necə tə’sir edə bilər? b) Nəyə görə demək olar ki, təvazökarlıq məsihçilər üçün seçim məsələsi deyil?
13 Biz Məsihin təvazökarlığını təqlid etməyə sə’y göstərəndə, başqalarına xidmət etməyə təşviq olunuruq. Yehovanın Şahidlərinin filiallarından birinin işini yoxlayan zonal nəzarətçinin nümunəsini nəzərdən keçirək. Cədvəlində boş vaxtının olmamasına və çoxlu məs’uliyyətlərinə baxmayaraq, o, məftillə pərçimləyən maşını kökləməyə çalışan qardaşa kömək etmək üçün ayaq saxlamışdır. Həmin qardaş yada salır: “Bu inanılmaz idi! O mənə söylədi ki, cavanlıqda Beyt-Eldə xidmət edərkən, o da bu cür maşında işləyirmiş və o da həmən maşını çətinliklə kökləyirmiş. Onun bir çox başqa vacib işləri olsa da, bir müddət mənimlə işlədi. Bu mənə dərin təəssürat bağışladı”. Hal-hazırda Yehovanın Şahidlərinin filiallarından birində nəzarətçi işləyən həmin qardaş, zonal nəzarətçinin təvazökarlığını indiyə qədər xatırlayır. Gəlin heç zaman düşünməyək ki, başqalarına təvazökarlıqla xidmət etmək üçün həddindən artıq böyük insanlarıq. Əksinə, biz ‘təvazökarlığı geyinməliyik’. Təvazökarlıq seçim məsələsi deyil. O, məsihçinin geyinməli olduğu ‘yeni mənliyin’ bir hissəsidir (Filipililərə 2:3; Koloslulara 3:10, 12; Romalılara 12:16).
Böyüklüyə dair məsihçi nöqteyi-nəzərini necə inkişaf etdirməli?
14. Allahla və yaxınlarımızla qarşılıqlı münasibətlərimiz barədə düşünmək bizə böyüklüyə dair düzgün nöqteyi-nəzəri inkişaf etdirməkdə necə kömək edə bilər?
14 Biz böyüklüyə dair düzgün nöqteyi-nəzəri necə inkişaf etdirə bilərik? Yehova Allahla olan qarşılıqlı münasibətlərimiz haqqında düşünmək vacibdir. Özünün möhtəşəmliyinə, gücünə və müdrikliyinə görə O bizdən, adi insanlardan olduqca böyükdür (İşaya 40:22). Yaxınlarımızla olan qarşılıqlı münasibətlərimiz barəsində düşünmək də bizə təvazökarlığı inkişaf etdirməkdə kömək edir. Məsələn, biz müəyyən sahədə nəyisə başqalarından yaxşı edə bilərik, lakin ehtimal ki, həmin insanlar həyatın daha vacib sahələrində bizdən üstün ola bilərlər və ya məsihçi bacı-qardaşlarımız bizdə çatışmayan keyfiyyətlərə sahib ola bilərlər. Və ümumiyyətlə, Allahın gözündə dəyərli olanların çoxu öz həlimliklərinə və təvazökarlıqlarına görə onları əhatə edənlərin zəminində xüsusi olaraq seçilmirlər (Süleymanın məsəlləri 3:34; Yaqub 4:6).
15. Allahın xidmətçilərinin sadiqlik nümunələri, heç kimin başqaları üzərində yüksəlməyə haqqı olmadığını necə göstərir?
15 Bunu, imanlarına görə tə’qib olunan Yehovanın Şahidlərinin nümunəsində yaxşı görmək olar. Çox vaxt sərt sınaqlar zamanı Allaha imanlarını qoruyub saxlayanlar dünyanın gözündə adi sayılan insanlar olmuşlar. Bu cür nümunələr üzərində düşünmək təvazökar olaraq qalmağa və ‘özümüz barədə lüzumundan çox düşünməməyə’ kömək edir (Romalılara 12:3)b.
16. Yığıncağın hər bir üzvü İsanın böyüklüyə dair nöqteyi-nəzərini necə inkişaf etdirə bilər?
16 Bütün məsihçilər — uşaqlar və böyüklər — böyüklüyə dair məsihçi nöqteyi-nəzərini inkişaf etdirməyə çalışmalıdırlar. Yığıncaqda müxtəlif tapşırıqları yerinə yetirmək lazımdır. Bu dünyada kimin isə layiqli saymadığı işi sənə həvalə edəndə, heç zaman incimə (1 Samuel 25:41; 2 Krallar 3:11). Valideynlər, uşaqlarınızı, o cümlədən yeniyetmə yaşında olan uşaqlarınızı onlara Padşahlıq Zalında və ya konqresin keçirildiyi yerdə həvalə olunan hər bir işə həvəslə girişməyə təşviq edirsinizmi? Onlar sizin özünüzün adi, nəzərə çarpmayan işləri yerinə yetirdiyinizi görürlərmi? Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində çalışan bir qardaş öz valideynlərinin nümunəsini indiyədək yaxşı xatırlayır. O deyir: “Onların Padşahlıq Zalının və ya konqres keçirilən yerin yığışdırılmasına münasibətlərindən görünürdü ki, onlar bu işi vacib sayırlar. Onlar çox vaxt yığıncaq və ya bacı-qardaşlar üçün hansısa işləri könüllü olaraq yerinə yetirir və heç bir tapşırığı alçaldıcı saymırdılar. Bu cür əhval-ruhiyyə mənə Beyt-Eldə hər bir tapşırığı həvəslə qəbul etməyə kömək edir”.
17. Təvazökar qadınlar yığıncaq üçün hansı tərzdə xeyir-dua ola bilərlər?
17 Başqalarının maraqlarını öz şəxsi maraqlarından üstün tutmağa dair gözəl nümunəni b. e. ə. V əsrdə Fars imperiyasında padşah arvadı olan Ester vermişdir. Sarayda yaşamasına baxmayaraq, o, Allahın iradəsinə müvafiq davranaraq, Allahın xalqı uğrunda öz həyatını təhlükəyə atmağa hazır idi (Ester 1:5, 6; 4:14-16). İqtisadi vəziyyətlərindən asılı olmayaraq, bizim dövrdə məsihçi qadınlar da kədərli olanları ruhlandıraraq, xəstələrə baş çəkərək, təbliğ işində iştirak və ağsaqqallarla əməkdaşlıq edərək buna bənzər ruhu təzahür etdirə bilərlər. Bu cür təvazökar bacılar yığıncaq üçün əsl xeyir-duadırlar!
Böyüklüyə dair məsihçi nöqteyi-nəzəri xeyir-dualar gətirir
18. Böyüklüyə dair məsihçi nöqteyi-nəzərinə malik olmaq hansı faydaları gətirir?
18 Böyüklüyə dair məsihçi nöqteyi-nəzərinə malik olmaq çox sahədə faydalıdır. İnsanlara təmənnasız xidmət həm onlara, həm də sənə sevinc gətirir (Həvarilərin işləri 20:35). Əgər sən vaxtını və gücünü hazırlıqla və böyük həvəslə qardaşlara verirsənsə, onların sənə olan məhəbbətləri artır (Həvarilərin işləri 20:37). Daha vacibi isə odur ki, həmimanlılarının rifahı uğrunda gördüyün işləri Yehova xoşagələn həmd qurbanı kimi qəbul edir (Filipililərə 2:17).
19. Böyüklüyə dair məsihçi nöqteyi-nəzərinə münasibətdə nəyə qətiyyətli olmalıyıq?
19 Hər birimizə öz ürəyini yoxlamaq və özündən soruşmaq vacibdir: “Böyüklüyə dair məsihçi nöqteyi-nəzəri barəsində yalnız danışacam, yoxsa onu sə’ylə inkişaf etdirməyə çalışacam?” Yehovanın məğrurlara qarşı olan nöqteyi-nəzəri aydındır (Süleymanın məsəlləri 16:5; 1 Peter 5:5). Qoy bizim əməllərimiz göstərsin ki, həm yığıncaqda, həm ailə həyatında, həm də insanlarla münasibətdə böyüklüyə dair məsihçi nöqteyi-nəzərinə malik olmaq bizim üçün xoşdur. Və hər şeyi Allahın izzəti üçün edəcəyik (1 Korinflilərə 10:31).
[Haşiyələr]
a “Gözətçi Qülləsi”nin 1984-cü il 1 oktyabr sayının (rus.) 8-11-ci səhifələrinə, “Müvəffəqiyyət axtarışında” məqaləsinə baxın.
b Nümunələrə, 1992-ci il üçün “Yehovanın Şahidlərinin illik məcmuəsi”nə, 181, 182-ci səhifələrə (ing.), və “Gözətçi Qülləsi”nin 1993-cü il 1 sentyabr sayının 27-31-ci səhifələrinə (rus.) baxın.
İzah edə bilərsinizmi?
• Böyüklüyə dair dünyəvi nöqteyi-nəzərdən nəyə görə qaçınmaq lazımdır?
• İsanın sözlərinə görə kimlər böyük sayılır?
• Nəzarətçilər Məsihin təvazökarlığını necə təqlid edə bilərlər?
• Böyüklüyə dair məsihçi nöqteyi-nəzərini inkişaf etdirməkdə bizə nə kömək edə bilər?
[27-ci səhifədəki çərçivə]
Məsihçi nöqteyi-nəzərincə kim böyükdür?
Ona xidmət edilməsini istəyən kəslər, yoxsa başqalarına xidmət etməyə hazır olanlar?
Diqqət mərkəzində olmağı üstün tutanlar, yoxsa gözə çarpmayan işləri görənlər?
Özünü yüksəldən, yoxsa başqalarını yüksəldən kəslər?
[24-cü səhifədəki şəkil]
Fir’on III Amenhotepi təsvir edən abidə.
[25-ci səhifədəki şəkil]
Hamanın həlakına nə səbəb olduğunu bilirsənmi?
[26-cı səhifədəki şəkillər]
Başqalarına xidmət etmək üçün imkanlar axtarırsanmı?