Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/12 s. 13—18
  • ‘Durmadan dua etmək’ nəyə görə vacibdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Durmadan dua etmək’ nəyə görə vacibdir?
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Dua dostluğa yol açır
  • ‘Durmadan dua etmək’ nəyə görə lazımdır?
  • Səhvlərə baxmayaraq, duada mətanətli olun
  • Müntəzəm dua edin
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?
    Əbədi həyata aparan bilik
  • ‘Öz xahişlərinizi Allaha bildirin’
    Gözətçi qülləsi 2006
  • Dua
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/12 s. 13—18

‘Durmadan dua etmək’ nəyə görə vacibdir?

“Durmadan dua edin. Hər şəraitdə şükür edin” (1 SALONİKİLİLƏRƏ 5:17, 18).

1, 2. Daniel dua etmək imkanını qiymətləndirdiyini necə göstərdi və bu onun Allahla olan münasibətlərində necə əks olunurdu?

DANİEL peyğəmbər gündə üç dəfə Allaha dua etməyi vərdiş etmişdi. O, pəncərələri Yerusəlimə doğru açılan otağında diz çöküb, dualarını Allaha yönəldirdi (1 Krallar 8:46-49; Daniel 6:10). Hətta Midiya padşahı Dariusdan başqa kimə isə müraciət etməyi qadağan edən fərman çıxanda da, peyğəmbər öz vərdişini dəyişmək barəsində düşünmək belə istəmədi. Daniel dua etmək imkanını çox qiymətləndirirdi, buna görə də həyatının təhlükəyə mə’ruz qalıb-qalmamasından asılı olmayaraq, durmadan Yehovaya dua edirdi.

2 Bəs Yehova Danielə hansı münasibəti bəsləyirdi? Bir dəfə Cəbrayıl mələk Danielin duasına cavab vermək üçün gələndə, o, peyğəmbəri ‘çox sevilmiş’ kəs adlandırdı (Daniel 9:20-23). Hezekielin peyğəmbərliyində Yehova Daniel haqqında saleh adam kimi danışdı (Hezekiel 14:14, 20). Ehtimal ki, həyatı boyu dua etməsi sayəsində Daniel öz Allahı ilə sıx münasibətlər yaratmışdır; bu faktı hətta Darius da e’tiraf edirdi (Daniel 6:16).

3. Bir missionerin başına gələn hadisənin göstərdiyi kimi, nöqsansızlığı qorumaqda dua bizə necə kömək edir?

3 Müntəzəm dualar həm də sərt sınaqlara tab gətirməkdə bizə kömək edir. Misal üçün, Çində missioner xidməti zamanı beş il müddətinə həbs olunub, birnəfərlik kamerada saxlanılan Harold Kinqin hadisəsini nəzərdən keçirək. Qardaşımız Kinq təəssüratları barədə bunları deyirdi: “Məni qardaşlardan ayırmaq mümkün idi, lakin Allahdan heç kim ayıra bilməzdi. [...] Müqəddəs Kitabın Daniel haqqındakı hekayəsini yada salaraq, diz çöküb gün ərzində üç dəfə ucadan dua edirdim, belə ki, kameramın yanından keçənlər bunu görə bilirdilər. [...] Sanki, belə anlarda Allahın ruhu düşüncəmi ən dəyərli məsələlərə yönəldir və mənə sakitlik verirdi. Dualar mənə necə də ruhani qüvvə və təsəlli verirdi!”

4. Bu məqalədə duaya aid olan hansı sualları araşdıracağıq?

4 Müqəddəs Kitabda deyilir: “Durmadan dua edin. Hər şəraitdə şükür edin” (1 Saloniklilərə 5:17, 18). Bu məsləhəti xatırlayaraq, gəlin növbəti sualları araşdıraq: dualarımıza nəyə görə ciddi yanaşmalıyıq? Allaha daima müraciət etmək üçün hansı əsaslarımız var? Və əgər yol verdiyimiz səhvlər ucbatından özümüzü dua etməyə layiq bilmiriksə, nə etməli?

Dua dostluğa yol açır

5. Dua bizə hansı nadir dostluğu əldə etməyə imkan yaradır?

5 İstəyərdinmi ki, Yehova səni Öz dostu hesab etsin? O, qəbilə başçısı İbrahimi Öz dostu hesab edirdi (İşaya 41:8; Yaqub 2:23). Yehova istəyir ki, biz də Onunla bu cür münasibətlərdə olaq. Onun Özü bizi Ona yaxınlaşmağa də’vət edir (Yaqub 4:8). Məgər bu də’vət bizi dua etmək kimi nadir imkan üzərində düşünməyə təşviq etmirmi? Yüksək vəzifəli mə’murun qəbuluna düşmək olduqca çətindir, onunla dost olmaq barəsində isə heç danışmağa dəyməz! Kainatın Yaradanı isə bizi, ehtiyac duyduğumuz müxtəlif vaxtlarda, ya da istədiyimiz hər an Ona duada sərbəst şəkildə müraciət etməyə də’vət edir (Məzmur 37:5). Durmadan etdiyimiz dualar Yehova ilə yaxın dostluq əldə etməyimizə kömək edir.

6. İsanın nümunəsində duaya dair nəyi öyrənirik?

6 Biz duaya necə də asanlıqla e’tinasız yanaşa bilərik! Təkcə gündəlik həyatın qayğıları bizi o dərəcədə məşğul etməyə qadirdir ki, biz Allahla söhbət etməyə sə’y göstərməyə bilərik. İsa öz şagirdlərini “aramsız olaraq” (YD) ‘dua etməyə’ təşviq edir və özü də bu cür davranırdı (Matta 26:41). Özünün səhərdən axşama qədər məşğul olmasına baxmayaraq, səmavi Atası ilə söhbət üçün vaxt ayırırdı. Bə’zi hallarda, dua etmək üçün İsa “səhər, gün doğmazdan əvvəl” dururdu (Mark 1:35). Başqa hallarda, Yehova ilə söhbət etmək üçün, günün axırında tənhalığa çəkilirdi (Matta 14:23). İsa dua etmək üçün həmişə vaxt tapırdı, biz də bu cür davranmalıyıq (1 Peter 2:21).

7. Səmavi Atamızla hər gün söhbət etməyə bizi hansı şəraitlər təşviq etməlidir?

7 Biz hər gün problemlərlə, sınaqlarla və qərar qəbul etmək zərurəti ilə qarşılaşırıq, belə anlarda isə Allaha şəxsi duada müraciət etmək yerində olardı (Efeslilərə 6:18). Həyatımızın hər bir sahəsində Allahın rəhbərliyini axtarırıqsa, şübhəsiz ki, Onunla münasibətlərimiz daha yaxın olacaq. İki dost çətinlikləri bir yerdə qarşılayanda, məgər onlar arasındakı dostluq möhkəmlənmirmi? (Süleymanın məsəlləri 17:17). Yehovaya bel bağlayanda və Onun yardımını duyanda da Onunla olan münasibətimiz möhkəm olur (2 Tarixlər 14:11).

8. Nehemyanın, İsanın və Hannanın nümunəsində şəxsi dualarımızın uzunluğuna dair nə öyrənirik?

8 Yehovanın, Onunla duada neçə dəfə və nə qədər danışmağımıza məhdudiyyət qoymadığına necə də şadıq! Nehemya fars padşahına xahişlə müraciət etməzdən əvvəl, ürəyində qısa dua etdi (Nehemya 2:4, 5). Lazarı diriltmək üçün Allahdan qüvvə istəyəndə, İsa da qısa olaraq dua etdi (Yəhya 11:41, 42). Digər tərəfdən, Hanna ürəyini Yehovaya açarkən uzun-uzadı dua etdi (1 Samuel 1:12, 15, 16). Tələbatdan və şəraitlərdən asılı olaraq bizim şəxsi dualarımız həm qısa, həm də uzun ola bilər.

9. Nəyə görə dualarımız özünə, Yehovanın bizim üçün etdiyi hər şeyə görə həmd və minnətdarlığı daxil etməlidir?

9 Müqəddəs Kitabdakı duaların çoxu Yehovanın ali mövqeyinə və mö’cüzəli işlərinə bəslənilən səmimi ehtiram hissini əks etdirir (Çıxış 15:1-19; 1 Tarixlər 16:7-36; Məzmur 145). Həvari Yəhyanın gördüyü rö’yada, göydə öz mövqelərini tutan məsh edilmiş məsihçilərin tam sayını təmsil edən 24 ağsaqqal Yehovaya həmd edirlər: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı” (Vəhy 4:10, 11). Yaradana müntəzəm olaraq həmd etməyə bizim də əsasımız var. Uşaq onun üçün etdikləri hər şeyə görə valideynlərinə ürəkdən minnətdarlığını bildirəndə onlar özlərini necə də xoşbəxt hiss edirlər! Biz Yehovanın xeyirxahlıqları üzərində minnətdarlıq hissi ilə düşünə bilər və bunlara görə səmimi minnətdarlıq edə bilərik, bu isə dualarımızın keyfiyyətini yaxşılaşdırmaq üçün gözəl üsuldur.

‘Durmadan dua etmək’ nəyə görə lazımdır?

10. İmanımızın möhkəmlənməsində dua hansı rolu oynayır?

10 Müntəzəm dualar imanımız üçün çox vacibdir. “Daim dua etmək və heç ruhdan düşməmək” barədə əyani misal çəkərək, İsa soruşdu: “İnsan Oğlu gəldiyi zaman yer üzündə iman tapacaqmı?” (Luka 18:1-8). Dərin, səmimi dualar imanı möhkəmlədir. Qəbilə başçısı olan İbrahim qocaldığını və övladsız qaldığını görərək, öz narahatçılığını Allahla bölüşdü. Cavab olaraq Yehova ona əvvəlcə göyə baxmağı və əgər bacararsa ulduzları saymağı xahiş etdi. Sonra Allah İbrahimi arxayın etdi: “Nəslin o qədər olacaq”. Nəticəsi necə oldu? İbrahim “Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı” (Yaradılış 15:5, 6, MKŞ). Əgər duada ürəyimizi Yehovaya açır, Onun Müqəddəs Kitabda olan sözlərinə e’tibar edir və Ona itaət göstəririksə, Yehova bizim imanımızı möhkəmləndirəcəkdir.

11. Çətinliklərin öhdəsindən gəlməkdə dua bizə necə kömək edə bilər?

11 Dua həm də çətinliklərin öhdəsindən gəlməkdə bizə kömək etməyə qadirdir. Ola bilər ki, həyatda qayğılar və müxtəlif sıxıntılarla üzləşirik. Müqəddəs Kitab bizə deyir: “Yükünü Rəbbə burax və o sənə dəstək olar; salehi əsla sarsılmağa buraxmaz” (Məzmur 55:22). Çətin seçim qarşısında qalarkən, biz İsanın nümunəsini təqlid edə bilərik. O, 12 həvarisini seçməzdən əvvəl bütün gecəni Allaha dua edərək keçirdi (Luka 6:12-16). Ölümündən qabaqkı gecə İsa o qədər sə’ylə dua etdi ki, “təri yerə daman qan damlalarına bənzəyirdi” (Luka 22:44). Bəs sonra? O, “Allah qorxusu sayəsində” eşidildi (İbranilərə 5:7). Coşğun və arasıkəsilməyən dualarımız bizə gərgin anlarda və çətin sınaqlarda tab gətirməkdə kömək edəcək.

12. Dua etmək imkanı Yehovanın bizim hər birimizlə şəxsən maraqlandığını necə göstərir?

12 Yehovaya dua vasitəsilə yaxınlaşmağın digər səbəbi, cavab olaraq Onun da bizə yaxınlaşmasıdır (Yaqub 4:8). Məgər ürəyimizi duada Yehovaya açarkən, Onun bizim ehtiyaclarımıza e’tinasız yanaşmadığını və nəvazişlə qayğımıza qaldığını hiss etmirikmi? Allahın bizim hər birimizə şəxsən məhəbbət göstərdiyini görürük. Yehova duaları eşitmək vəzifəsini başqa heç bir kəsin üzərinə qoymayıb: xidmətçilərinin səmavi Ataları kimi Ona söylədikləri bütün duaları Özü dinləyir (Məzmur 66:19, 20; Luka 11:2). Həmçinin Yehova bizi də’vət edir ki, ‘bütün qayğılarımızı Onun üzərinə qoyaq, çünki bizim qayğımıza qalan Odur’ (1 Peter 5:6, 7).

13, 14. “Durmadan dua etmək” üçün hansı əsaslarımız var?

13 Dua bizi təbliğ xidmətində daha sə’ylə iştirak etməyə təşviq edə bilər, həmçinin insanların e’tinasızlığı və ya müqavimətləri ucbatından təslim olmaq istəyəndə bizi qüvvətləndirə bilər (Həvarilərin işləri 4:23-31). Həm də dua bizi ‘İblisin hiylələrindən’ qorumağa qadirdir (Efeslilərə 6:11, 17, 18). Gündəlik sınaqlarla mübarizə apararkən, Allahdan bizə daima qüvvə verməsini xahiş edə bilərik. İsanın nümunəvi duası özünə, “bizi şərdən” — Şeytan İblisdən xilas etmək barədə xahişi daxil edir (Matta 6:13).

14 Özümüzün günahlı meyllərimizə nəzarət etməyə dair kömək üçün dua edərək, Yehovanın bizə necə kömək etdiyini görəcəyik. Bizə belə zəmanət verilir: “Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13). Həvari Pavel şəxsi təcrübəsində əmin olmuşdur ki, Yehova ən müxtəlif vəziyyətlərdə Öz xidmətçilərinə yardım etməyə hazırdır. O demişdir: “Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13, İ–93; 2 Korinflilərə 11:23–29).

Səhvlərə baxmayaraq, duada mətanətli olun

15. Allahın normalarına zidd hərəkət edəriksə, nə baş verə bilər?

15 Dualarımız iltifatla eşidilsin deyə, biz Allahın Kəlamında olan nəsihətləri rədd etməməliyik. Həvari Yəhya yazırdı: “Nə rica etsək, Ondan alırıq, çünki Onun əmrlərinə riayət edirik və Onun qarşısında məqbul olan işləri görürük” (1 Yəhya 3:22). Əgər biz Allahın normalarına zidd hərəkət edəriksə, nə baş verə bilər? Adəm və Həvva Eden bağında günah işlətdikdən sonra gizləndilər. Bizdə də “Rəbb Allahın hüzurundan qaçıb” gizlənmək və dua etməmək meyli yarana bilər (Yaradılış 3:8, MKŞ). Təcrübəli səyyar nəzarətçi Klaus qeyd edir: “Diqqət yetirmişəm ki, Yehovadan və Onun təşkilatından uzaqlaşan adamların həmişə birinci səhv hərəkətləri o olur ki, onlar dua etməyi dayandırırlar” (İbranilərə 2:1). Xose Anxellə də hər şey məhz bu cür olmuşdur. O danışır: “Təxminən səkkiz il ərzində mən Yehovaya hərdənbir dua edirdim. Əvvəlki kimi Onu səmavi Atam hesab etsəm də, özümü Onunla danışmağa layiq bilmirdim”.

16, 17. Ruhani zəifliyin öhdəsindən gəlməkdə müntəzəm duanın bizə necə kömək edə biləcəyinə dair nümunələr söyləyin.

16 Bizlərdən kim isə, ruhən zəiflədiyi və ya günah işlətdiyi üçün özünü dua etməyə layiq görməyə bilər. Lakin biz dua etmək imkanından məhz bu cür anlarda istifadə etməliyik. Yunus ona tapşırılan işdən boyun qaçırdı. Lakin sıxıntı içində Yehovanı çağırdı, Yehova da onu eşitdi. Yunus ‘ölülər diyarının bağrından imdada çağırdı’, Yehova da onun səsini eşitdi (Yunus 2:2). Yunus dua etdi, Yehova onun duasına cavab verdi, Yunus isə yenidən ruhani qüvvə əldə etdi.

17 Xose Anxel də kömək üçün ürəkdən dua etdi. O xatırlayır: “Ürəyimi Allaha açdım və məni bağışlaması barədə yalvardım. O da mənə kömək etdi. Düşünürəm ki, duanın köməyi olmadan həqiqətə qayıda bilməzdim. İndi müntəzəm olaraq, hər gün dua edirəm və bu anları səbirsizliklə gözləyirəm”. Səhvlərimiz barəsində Allaha açıq danışmağa və həlimliklə Ondan əfv diləməyə heç zaman utanmamalıyıq. Davud padşah Yehovanın qarşısında günahlarını e’tiraf edəndə, Yehova onun günahlarını bağışladı (Məzmur 32:3-5). Yehova bizi mühakimə etmək yox, bizə kömək etmək istəyir (1 Yəhya 3:19, 20). Yığıncağın ağsaqqallarının duaları da bizə ruhən kömək edə bilər, çünki bu cür dualar “çox güclü” olur (Yaqub 5:13-16).

18. Həqiqi yoldan nə qədər uzaqlaşsalar da, Allahın xidmətçiləri nəyə əmin ola bilərlər?

18 Səhvə yol verdikdən sonra həlimliklə kömək və məsləhət istəyən oğuldan hansı ata üz döndərər? Qeyb olmuş oğul haqqındakı məsəldən görürük ki, həqiqi yoldan nə qədər uzaqlaşsaq da, səmavi Atamızın yanına qayıdanda, O sevinir (Luka 15:21, 22, 32). Yehova yolundan azan hər bir kəsi Onu çağırmağa təşviq edir, çünki O, ‘bol-bol bağışlayır’ (İşaya 55:6, 7). Bir neçə ciddi günah işlətməsinə baxmayaraq, Davud Yehovanı çağırdı: “Ey Allah, duama qulaq ver; və yalvarışımdan gizlənmə”. Həmçinin deyirdi: “Axşam, sabah və günorta şikayət edib inləyəcəyəm; və [Yehova] səsimi eşidəcəkdir” (Məzmur 55:1, 17). Bunu bilmək necə də təsəllivericidir!

19. Nəyə görə tələsik qənaətə gəlməli deyilik ki, cavabsız qalmış kimi görünən dualar Allahın narazılığına şəhadət edir?

19 Bəs əgər dualarımıza tə’cili cavab almırıqsa, onda necə? Onda dualarımızın Yehovanın iradəsinə müvafiq olduğuna və İsanın ismi naminə söylədiyimizə əmin olmalıyıq (Yəhya 16:23; 1 Yəhya 5:14). Şagird Yaqub, ‘pis niyyətlə dilədikləri’ üçün dualarına cavab almayan məsihçilər barəsində xatırladırdı (Yaqub 4:3). Digər tərəfdən, tələsik qənaətə gəlməli deyilik ki, cavabsız qalmış kimi görünən dualar Allahın narazılığına şəhadət edir. Bə’zən aydın tərzdə cavab verməzdən əvvəl, Yehova sadiq xidmətçilərinə müəyyən şey barədə bir müddət dua etməyə imkan verir. İsa öyrədirdi: “Diləyin [“diləməyə davam edin”, YD], sizə veriləcəkdir” (Matta 7:7). Buna görə də “duada mətanətli” olmaq zəruridir (Romalılara 12:12).

Müntəzəm dua edin

20, 21. a) Bu “axır günlərdə” nəyə görə durmadan dua etməliyik? b) Gündəlik olaraq Allahın taxtına yaxınlaşmaqla nəyə malik olacağıq?

20 ‘Çətin anlarla’ əlamətlənən bu “axır günlərdə” dünyanın göstərdiyi təzyiq güclənir və problemlər daha da çoxalır (2 Timoteyə 3:1). Və narahatçılıqlar bizim ağlımızı asanlıqla məşğul edə bilər. Lakin əgər durmadan dua etsək, sonsuz problemlərə, sınaqlara və mə’yusluğa baxmayaraq, diqqətimizi ruhani şeylərə mərkəzləşdirə bilərik. Yehovaya etdiyimiz gündəlik dualarımız, möhkəmlənməyimiz üçün lazım olan həyati yardım ola bilər.

21 Yehova ‘duanı eşidir’ və heç zaman bizi dinləmək üçün həddən ziyadə başı qarışıq olmur (Məzmur 65:2). Gəlin biz də Onunla danışmaq üçün heç vaxt həddindən artıq məşğul olmayaq. Allahla dostluğumuz, malik olduğumuz ən dəyərli şeydir. Gəlin bu dostluğu həmişə qiymətləndirək. “Beləliklə, lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında yardıma malik olmaq üçün mərhəmət alıb, lütf tapaq” (İbranilərə 4:16).

Necə cavab verərdiniz?

• Daniel peyğəmbərin nümunəsindən duanın dəyərinə dair hansı ibrət dərsini əldə edirik?

• Yehova ilə dostluğumuzu necə möhkəmləndirə bilərik?

• Nəyə görə durmadan dua etmək lazımdır?

• Özümüzü dua etməyə layiq bilmədiyimiz anlarda belə Yehovaya dua etmək nəyə görə vacibdir?

[14-cü səhifədəki şəkil]

Nehemya padşaha cavab verməzdən əvvəl ürəyində qısa dua etdi.

[15-ci səhifədəki şəkil]

Hanna Yehovaya uzun müddət dua etdi.

[16-cı səhifədəki şəkillər]

İsa 12 həvarisini seçməzdən əvvəl bütün gecəni dua edərək keçirdi.

[18-ci səhifədəki şəkillər]

Gün ərzində dua etmək üçün imkanlar yaranır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş