Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/4 s. 10—13
  • Müqəddəs Kitab həyatları dəyişir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab həyatları dəyişir
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/4 s. 10—13

Müqəddəs Kitab həyatları dəyişir

SÖYÜŞ söyən, içki və narkotik düşgünü olan, barda ofisiant işləyən qadın həyat tərzini necə dəyişdi? Necə oldu ki, dinə nifrət edən keçmiş siyasətçi Allaha ibadət etməyə başladı? Rusiyadan olan və əlbəyaxa döyüş üzrə instruktor işləyən bir nəfər Yehovanın Şahidi olmaq üçün hansı çətinliklərin öhdəsindən gəlməli olub? Gəlin görək, onların özləri bu barədə nə danışır.

«İndi anamla gözəl münasibətlərimiz var» (NATALİ HAM).

ANADAN OLDUĞU İL: 1965

ÖLKƏ: AVSTRALİYA

KEÇMİŞDƏ: NARKOTİK QƏBUL EDİRDİ

AVTOBİOQRAFİYA. Mən Avstraliyanın cənubunda yerləşən və əsas məşğuliyyəti balıqçılıq olan kiçik Rob şəhərində böyümüşəm. Adətən, belə şəhərlərdə yerli camaatın boş vaxtlarını keçirdiyi mehmanxanalar olur. Valideynlər uşaqları ilə birgə vaxtlarının çoxunu bu yerdə keçirirlər. Buna görə də onların uşaqları sərxoş, söyüş söyən və siqaret çəkən insanların əhatəsində böyüyür.

12 yaşım olanda artıq siqaret çəkir, söyüş söyür və anamla yola getmirdim. 15 yaşım olanda valideynlərim ayrıldılar, il yarımdan sonra isə mən evdən çıxıb getdim. Çox içir, narkotik qəbul edir və əxlaqsız həyat tərzi sürürdüm. Hamıya qarşı acıqlı idim və özümü çarəsiz hiss edirdim. Lakin beş il əlbəyaxa döyüş məşqlərinə və qadınlar üçün özünümüdafiə kurslarına getdiyimdən fikirləşirdim ki, mənə heç kim dəyib-dolaşa bilməz. Ancaq sakit vaxtlarımda oturub fikirləşəndə məyusluğa qapılırdım və Allahdan kömək diləyirdim. Amma deyirdim: «Bircə məndən kilsəyə getməyimi istəmə».

Müəyyən vaxtdan sonra heç bir kilsəyə getməyən, ancaq Allaha inanan bir dostum mənə Müqəddəs Kitab verdi. Digər dostlarım kimi, o da nəşə çəkirdi. Bununla belə, o, Allaha inandığını deyirdi, hətta məni vəftiz olunmağa inandırdı. Biz yaxınlıqdakı gölə getdik və o, məni orada vəftiz etdi. Bundan sonra fikirləşirdim ki, mənim Allahla xüsusi münasibətlərim var, halbuki Müqəddəs Kitabı oxumağa heç vaxt macal tapmırdım.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. 1988-ci ildə iki Yehovanın Şahidi qapımı döydü. Onlardan biri: «Allahın adını bilirsinizmi?» — deyə soruşdu. O, mənə Müqəddəs Kitabdan Məzmur 83:18 ayəsini oxudu: «İnsanlar bilsinlər ki, adı Yehova olan Sən, bütün yer üzərində yalnız Sən Ucasan» (Kitabı Mukaddes). Məni heyrət bürüdü! Onlar gedən kimi, 56 kilometr aralıda yerləşən dini kitablar satılan mağazaya gedib Müqəddəs Kitabın digər tərcümələrində və lüğətdə Allahın adının olub-olmadığını yoxladım. Allahın adının Yehova olduğuna əmin olduqdan sonra fikirləşdim ki, görəsən, bilmədiyim daha nə var.

Anam Yehovanın Şahidlərinin qəribə insanlar olduğunu deyərdi. Uşaqlıqdan məndə belə bir fikir formalaşmışdı ki, onlar həddən artıq dardüşüncəli və əylənməyi bacarmayan insanlardır. Qərar verdim ki, onlar gələn dəfə gələndə qapını açmayım, guya evdə yoxam. Lakin onlar gələndə fikrimi dəyişdim, evə dəvət etdim və dərhal Müqəddəs Kitabı öyrənməyə başladım.

Hər dəfə öyrəndiklərimi istədiyim oğlana, Kreyqə danışırdım. O, danışdıqlarımdan təngə gəlib, axırda dərs keçdiyimiz kitabı əlimdən çəkib aldı və onu özü oxumağa başladı. Cəmi üç həftədən sonra Allah haqqında həqiqəti tapdığına əmin oldu. Biz narkotikdən istifadəyə və sərxoşluğa son qoyduq, eləcə də mən bardakı ofisiant işimi atdım. Həyatımızı Allahın normalarına uyğunlaşdırmaq üçün Kreyqlə nikaha daxil olmaq qərarına gəldik.

MƏNƏ FAYDASI. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda Kreyqlə biz ayrılmaq üzrəydik. İndi isə Kreyq gözəl həyat yoldaşıdır və bizim gözəl-göyçək iki övladımız, həmçinin imanımıza şərik olan yaxşı dostlarımız var.

Yehovanın Şahidləri ilə ünsiyyət etdiyimi biləndə anamın əvvəlcə acığı tutdu. Lakin onun bu narahatçılığı yanlış təsəvvürlərə əsaslanırdı. İndi anamla gözəl münasibətlərimiz var. Artıq daxilimdə əvvəlki kimi boşluq hiss etmirəm. Əksinə, həyatımın mənasını tapmışam və özümü Allaha yaxın hiss edirəm (Matta 5:3).

«Müqəddəs Kitabdan çoxlu maraqlı şeylər öyrəndim» (İSAKALA PAENİU).

ANADAN OLDUĞU İL: 1939

ÖLKƏ: TUVALU

KEÇMİŞDƏ: SİYASƏTÇİ

AVTOBİOQRAFİYA. Mən indi Tuvaluya aid olan Sakit okeanın gözəl Nukulaelae adasında doğulmuşam. Bu adada hər şey Samoadakı kollecdə dini təhsil almış keşişlərin əlində idi. Buranın sakinləri keşişləri və onların ailələrini gündəlik qida və evlə təmin etməli, özü də hər şeyin yaxşısını verməli idilər. Hətta insanın öz ailəsini dolandırmaqda çətinlik çəkməsinə baxmayaraq, o, yenə də keşişləri təmin etmək məcburiyyətində idi.

Yaşadığım adada keşiş kənd məktəbində din, riyaziyyat və hərdən coğrafiya fənlərindən dərs deyirdi. Yadımdadır, keşiş şagirdləri al-qana bələnənə kimi döyürdü. Heç kim, hətta valideynlər belə keşişə söz deməyə cürət etmirdilər. Ona elə yanaşırdılar, sanki, göydə Allah, yerdə keşişdir.

On yaşım olanda evi tərk edib başqa adada yerləşən yeganə dövlət məktəbində oxumağa getdim. Təhsilimi bitirdikdən sonra dövlət işinə düzəldim. Həmin vaxtlar bu adalar Britaniyanın müstəmləkəsində olan Gilbert və Ellis adaları kimi tanınırdı. Müxtəlif idarələrdə işlədikdən sonra həftəlik dövlət qəzetlərinin birində redaktor işləməyə başladım. Bir oxucunun məktubunu dərc edənə kimi hər şey qaydasında gedirdi. Həmin oxucu öz məktubunda Uels şahzadəsinin gəlişilə əlaqədar hazırlıq işlərinə nə qədər pul sərf olunduğunu tənqid edirdi. Oxucu məktubunda əsil adını göstərməmişdi və rəhbərlik onun adının açıqlanmasını tələb edirdi. Lakin mən imtina etdim. Buna görə aramızda böyük səs-küyə səbəb olan mübahisə düşdü.

Bu xoşagəlməz hadisədən sonra işdən çıxıb siyasətə girişdim. Nukulaelae adasında keçirilən seçkilərdə qalib gəlib Ticarət və Təbii Sərvətlər naziri təyin olundum. Sonralar Kiribati (keçmiş Gilbert) və Tuvalu (keçmiş Ellis) adaları Britaniyadan müstəqillik əldə edəndə general-qubernator mənə Tuvalu administrasiyasının rəhbəri postunu təklif etdi. Lakin mən müstəmləkə hökuməti ilə heç bir əlaqəmin olmasını istəmirdim. Buna görə də təklifdən imtina etdim və heç kimin dəstəyi olmadan bu seçkilərdə öz namizədliyimi irəli sürdüm. Lakin uduzdum. Bundan sonra yoldaşımla doğma kəndimizə qayıdıb orada sadə həyat sürmək qərarına gəldik.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Adalarda həftənin bazar günü dinclik günü hesab olunur və hamı tərəfindən müqəddəs tutulurdu, — təkcə məndən başqa. Qəsdən həmin gün dənizə çıxıb balıq tuturdum. İstəmirdim ki, məni dindar insan kimi tanısınlar. Atam deyirdi ki, mənim hərəkətlərim ona və başqalarına pis təsir bağışlayır. Lakin kilsənin həyatıma təsir etməsinə yol verməməkdə qəti qərarlı idim.

Bir dəfə Tuvalunun paytaxtının yerləşdiyi Funafuti adasında olanda kiçik qardaşım məni Yehovanın Şahidlərinin yığıncağına dəvət etdi. Sonra onlardan biri mənə xeyli «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalı verdi, həmçinin kilsələrin təlimlərinin kökünü ifşa edən bir kitab bağışladı. Bu kitabı bir neçə dəfə oxudum. Müqəddəs Kitabdan çoxlu maraqlı şeylər öyrəndim. Məsələn, öyrəndim ki, Allah şənbə gününə riayət etməyi tələb etmira. Bunları arvadıma da danışdım, o, bundan sonra bir də kilsəyə getmədi.

Amma mən özümə söz vermişdim ki, heç vaxt dinlə məşğul olmayacağam. İki il keçməsinə baxmayaraq, hələ də oxuduqlarımı unuda bilmirdim. Əvvəl-axır Funafutidə yaşayan həmin adama məktub yazıb, özümdə dəyişikliklər etməyə hazır olduğumu bildirdim. Müqəddəs Kitabı öyrənməyə mənə kömək etmək üçün o, elə ilk gəmiyə minib yanıma gəldi. Yehovanın Şahidi olmaq istədiyimi biləndə atam bərk qəzəbləndi. Ancaq atama dedim ki, Yehovanın Şahidlərinin köməyilə Müqəddəs Kitabdan kifayət qədər bilik aldığım üçün qərarımda qətiyəm.

MƏNƏ FAYDASI. 1986-cı ildə mən, bir il sonra isə həyat yoldaşım vəftiz olub Yehovanın Şahidi olduq. İki qızımız da Müqəddəs Kitabı öyrənib bizə qoşuldular.

Necə də xoşbəxtəm ki, İsa Məsihin birinci əsrdəki davamçıları kimi, heç bir dini təbəqəyə bölünməyən insanlarla bərabər Allaha xidmət edirəm (Matta 23:8—12). Onlar həmçinin İsa Məsih kimi təvazökarlıqla Allahın Padşahlığı, yəni Onun qurduğu səmavi hökuməti barədə xoş xəbəri bütün insanlara çatdırırlar (Matta 4:17). Necə də Allaha minnətdaram ki, Özü və xalqı haqqında həqiqəti öyrənməyə mənə bu qədər imkan verdi!

«Yehovanın Şahidləri mənə ağıl verməyə çalışmırdılar» (ALEKSANDR SOSKOV).

ANADAN OLDUĞU İL: 1971

ÖLKƏ: RUSİYA

KEÇMİŞDƏ: ƏLBƏYAXA DÖYÜŞ ÜZRƏ İNSTRUKTOR

AVTOBİOQRAFİYA. Mən əvvəllər Sovet İttifaqının paytaxtı olan Moskvada anadan olmuşam. Ailəmiz çoxmərtəbəli binada yaşayırdı və qonşularımızın əksəriyyəti bir zavodda işləyirdi. Yadımdadır, onlar mənim həddən artıq nadinc uşaq olduğumdan şikayətlənirdilər və fikirləşirdilər ki, məni ya bir gün vurub öldürəcəklər, ya da ömrümün axırına kimi həbsxanada çürüyəcəyəm. Artıq on yaşım olanda milis bölməsində qeydiyyata alınmışdım.

18 yaşımda mən hərbi xidmətə çağırılaraq sərhəd qoşunlarına göndərildim. İki ildən sonra evə qayıtdım və zavodda işə düzəldim. Lakin bu iş mənim üçün bezdirici idi. Buna görə də bu işdən çıxıb Moskva OMON-nunda (xüsusi təyinatlı milis dəstəsi) əlbəyaxa döyüş üzrə instruktor işinə düzəldim. Silahlı quldurlara qarşı əməliyyatlarda iştirak edirdim və ölkənin müxtəlif qaynar nöqtələrinə getməli olurdum. Daxilimdə böyük bir gərginlik keçirirdim. Hətta yatanda həyat yoldaşıma xətər yetirməmək üçün bəzən ayrı yatmalı olurdum.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənəndə gördüm ki, mənim işim Allahın Kəlamında deyilənlərə zidd gedir. Eləcə də siqareti atmalı və spirtli içkilərdən sui-istifadə etməməli olduğumu da başa düşdüm. Lakin mənə elə gəlirdi ki, işimi dəyişə bilmərəm, çünki ailəni dolandırmaq üçün əlimdən başqa iş gəlmirdi. Həmçinin Yehovanın Şahidləri kimi təbliğ edə bilməyəcəyimi fikirləşirdim.

Əvvəl-axır əmin oldum ki, Müqəddəs Kitabda yazılanlar həqiqətdir. Yezekel 18:21, 22 ayələrindən özümə təsəlli tapırdım. Orada belə sözlər var: «Pis adam etdiyi bütün günahlardan dönərsə,.. etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq».

Bir şeydən xoşum gəlirdi — Yehovanın Şahidləri mənə ağıl verməyə çalışmırdılar, əksinə, məni oxuduqlarım üzərində mülahizə yürütməyə təşviq edirdilər. Onlardan təxminən 40 dənə jurnal götürüb üç həftəyə oxudum. Oradan öyrəndiklərimdən həqiqət yolunu tapdığıma əmin oldum.

MƏNƏ FAYDASI. Müqəddəs Kitabı öyrənməzdən qabaq həyat yoldaşımla boşanmaq üzrə idik. Lakin indi gözəl münasibətlərimiz var. Biz birlikdə Müqəddəs Kitabı öyrənməyə və birgə Yehovaya xidmət etməyə başladıq. İndiki ailə həyatım mənə xoşbəxtlik gətirir. Həmçinin özümə Allahın Kəlamına zidd getməyən bir iş tapa bildim.

Birinci dəfə evdən-evə təbliğə gedəndə bir vaxtlar döyüş əməliyyatlarında keçirdiyim gərginlik hissini keçirirdim. İndi əminəm ki, hətta məni özümdən çıxartmağa çalışsalar da, əsəblərimi cilovlaya bilərəm. Vaxt keçdikcə insanlarla münasibətdə daha təmkinli olmağı bacardım. Ömrümün çox hissəsini boş şeylərə sərf etdiyimə heyfsilənirəm. Lakin indi həyatımda məna var. Böyük sevinclə gücümü Yehova Allaha xidmətə və başqalarına kömək etməyə sərf edirəm.

[Haşiyə]

a Əlavə məlumat üçün «Gözətçi Qülləsi»nin 2009-cu il 1 iyul sayının 30-cu səhifəsində yerləşən «Nə üçün artıq şənbə gününə riayət edilmir?» adlı yarımbaşlığa baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş