TƏLİM MƏQALƏSİ 49
Yehova duama cavab verəcək?
«Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm» (ƏRM. 29:12).
NƏĞMƏ 41 Ey Allahım, eşit duamı
İCMALa
1, 2. Nəyə görə bəzən Yehovanın dualarımıza cavab vermədiyini düşünürük?
«QOY səadətin Yehova olsun, O, qəlbinin muradını çin edər» (Zəb. 37:4). Necə də gözəl vəddir! Bəs Yehovanın bütün xahişlərimizi dərhal yerinə yetirəcəyini gözləməliyik? Bu sualın üzərində düşünməyə dəyər. Gəlin bir neçə vəziyyətə nəzər salaq. Subay bir bacı Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün dua edir. Lakin illər ötsə də o hələ də dəvət almır. Gənc bir qardaş Yehovaya üz tutub onu ciddi xəstəlikdən sağaltmasını diləyir. O, sağalıb yığıncağa daha çox töhfə vermək istəsə də, səhhətində bir irəliləyiş olmur. Bir məsihi ər-arvad övladının həqiqətdə qalması üçün dua edir, amma o, Yehovaya xidməti dayandırır.
2 Ola bilsin, siz də duada Yehovadan nəsə xahiş etmisiniz, amma cavab almamısınız. Buna görə də düşünürsünüz ki, Yehova başqalarının duasına cavab verir, sizinkinə isə yox. Yaxud da fikirləşirsiniz ki, yəqin, nəyisə səhv etmisiniz. Canisb adlı bacıda da bu cür fikirlər var idi. Bacı ilə yoldaşı Beyteldə xidmət etməyi çox istəyirdi və bu barədə Yehovaya dua edirdilər. Bacı deyir: «Əmin idik ki, bizi Beytelə dərhal çağıracaqlar». Lakin aylar ötdü, illər keçdi onlar hələ də dəvət olunmadılar. Canis deyir: «Məyus olmuşdum. Çaşqınlıq içində idim. Fikirləşirdim, yəqin, Yehovanı kədərləndirən nəsə etmişəm. Axı bu barədə Yehovaya dəfələrlə konkret dua eləmişdim. Bəs nəyə görə O mənim duama cavab vermədi?»
3. Məqalədə söhbət nədən gedəcək?
3 Hərdən bizdə belə bir sual yarana bilər: «Görəsən Yehova dualarımı eşidir?» Qədimdə yaşamış mömin insanlarda da belə fikirlər olurdu (Əyy. 30:20; Zəb. 22:2; Həb. 1:2). Yehovanın dualarınızı cavabsız qoymayacağına sizi nə əmin edə bilər? (Zəb. 65:2). Bu suala cavab tapmaq üçün gəlin əvvəlcə bir neçə məqama nəzər salaq: 1) Yehovanın nə edəcəyinə əmin ola bilərik? 2) Yehova bizim nə etməyimizi istəyir? 3) Nəyə görə dualarımızda dəyişiklik etmək lazım gələ bilər?
YEHOVANIN NƏ EDƏCƏYİNƏ ƏMİN OLA BİLƏRİK?
4. Ərəmya 29:12 ayəsinə əsasən Yehova nə edəcəyinə söz verir?
4 Yehova dualarımızı eşidəcəyinə söz verir. (Ərəmya 29:12 ayəsini oxuyun.) O, sadiq xidmətçilərini sevdiyi üçün onların duasına heç vaxt laqeyd yanaşmaz (Zəb. 10:17; 37:28). Amma bu o demək deyil ki, Yehova bizim bütün xahişlərimizi yerinə yetirəcək. Ola bilsin, Yehovadan xahiş etdiyimiz şeylərin bəzilərini yalnız yeni dünyada alaq.
5. Yehova dualarımızı dinləyərkən nələri nəzərə alır? İzah edin.
5 Yehova dualarımızı dinləyəndə Öz niyyətini də unutmur (Əşy. 55:8, 9). Yehovanın bir niyyəti odur ki, Yer üzündə Onun hakimiyyətini ürəkdən qəbul edən insanlar yaşasın. Şeytanın fikrincə isə insanlar özləri-özlərini idarə etsələr, daha xoşbəxt olarlar (Yar. 3:1—5). Şeytanın yalanını ifşa etmək üçün Yehova insanlara bir-biriləri üzərində hakimiyyət sürməyə izin verdi. Nəticə göz qabağındadır: dünya problemlər içində boğulur (Vaiz 8:9). Başa düşürük ki, Yehova bütün bu problemləri bu dəqiqə aradan qaldırmayacaq. Əgər Allah belə etsəydi, onda Ona inanmayan bəzi insanlar bu cür düşünərdi: «İnsanın hakimiyyət sürməsində pis bir şey yoxdur. Onlar özləri də dünyanın problemlərini yaxşı həll edir».
6. Yehovanın hər şeyi məhəbbətlə və ədalətlə etdiyinə nəyə görə əmin ola bilərik?
6 Yehova eyni duaya fərqli tərzdə cavab verə bilər. Məsələn, Hizqiyyə padşah bərk xəstələnmişdi. O, duada Yehovaya yalvarıb onu sağaltmasını xahiş etmişdi. Yehova da Hizqiyyənin duasına cavab olaraq onu sağaltmışdı (2 Pad. 20:1—6). Başqa bir vəziyyətə baxaq. Bulus cisminə batırılmış «tikan»dan azad olmaq üçün Yehovaya dua etmişdi. Yəqin, bu onun səhhəti ilə bağlı bir xahiş idi. Ancaq Yehova onun bu problemini aradan qaldırmadı (2 Kor. 12:7—9). Həmçinin həvari Yaqubla Butrusu yadımıza sala bilərik. Hirod onların hər ikisini də öldürməyi qət etmişdi. Yığıncaq Butrus üçün dua etdiyi kimi, hər halda, Yaqub üçün də dua etmişdi. Bununla belə, Yaqub öldürüldü, Butrus isə möcüzəvi şəkildə xilas oldu (Həv. 12:1—11). Təbii olaraq, bizdə sual yarana bilər: «Niyə Yehova Butrusu xilas etdi, Yaqubu isə yox?» Müqəddəs Kitabda bu barədə heç nə deyilmirc. Amma əmin ola bilərik ki, Yehova «nahaq iş görməyən» Allahdır (Qan. 32:4). Onu da bilirik ki, Butrus da Yaqub da Yehovanın rəğbətini qazanmışdılar (Vəhy 21:14). Hərdən Yehovanın duamıza verdiyi cavab gözlədiyimizdən fərqli ola bilər. Lakin biz Yehovanın məhəbbətdən və ədalətdən irəli gələrək duamıza cavab verdiyinə etibar edirik. Buna görə də Yehovanın duamıza hansı tərzdə cavab verməsindən asılı olmayaraq biz gileylənmirik (Əyy. 33:13).
7. Nə etməməliyik və nəyə görə?
7 Biz öz vəziyyətimizi başqalarının vəziyyəti ilə müqayisə etməməliyik. Ola bilsin, duada Yehovadan konkret nəsə xahiş edirik, bununla belə, duamıza istədiyimiz cavabı almırıq. Bir də xəbər tuturuq ki, başqası da eyni duanı edib, amma Yehova onun duasını cavablandırıb. Anna adlı bacı da oxşar vəziyyətlə üzləşmişdi. O, yoldaşı Metyunun xərçəngdən sağalması üçün dua etmişdi. Həmin vaxt yaşlı iki bacımız da xərçənglə mübarizə aparırdı. Anna həm yoldaşı, həm də bacılar üçün durmadan dua edirdi. Bacılar bu xəstəlikdən sağaldı, Metyu isə vəfat etdi. Əvvəl-əvvəl Anna düşünürdü: «Görəsən, bacıları Yehova sağaldıb? Əgər elədirsə, onda nəyə görə Yehova həyat yoldaşım üçün etdiyim duaları cavabsız qoydu?» Düzdür, biz bu iki bacının necə sağaldığını dəqiq deyə bilmərik. Bir şeyi dəqiq bilirik ki, Yehova bütün əzablarımıza birdəfəlik son qoyacaq. Həmçinin O, həyatını itirmiş dostlarını diriltməyin həsrətini çəkir (Əyy. 14:15).
8. a) Əşiya 43:2 ayəsinə əsasən Yehova bizə necə dəstək olur? b) Çətinliklərlə üzləşəndə dua bizə necə kömək edə bilər? («Dua dözməyə güc verir» adlı videoya baxın.)
8 Yehova həmişə bizə dayaq olacaq. Məhəbbətli Atamız Yehovaya bizim əzablarımızı görmək xoş deyil (Əşy. 63:9). Düzdür, O bizi oda, çaya bənzər problemlərin hələ ki hamısından qorumur. (Əşiya 43:2 ayəsini oxuyun.) Amma Yehova bizə bu sınaqlardan keçməyə kömək edəcəyinə söz verir. Yehova heç vaxt qoymaz ki, üzləşdiyimiz sınaqlar bizə sağalmaz yara vursun. Həm də O, dözə bilməyimiz üçün müqəddəs ruhundan verir (Luka 11:13; Filip. 4:13). Sınaqlara dözmək, sadiqliyimizi qorumaq üçün Yehova bizə nə lazımdırsa verəcək, buna arxayın ola bilərikd.
YEHOVA BİZİM NƏ ETMƏYİMİZİ İSTƏYİR?
9. Yaqub 1:6, 7 ayələrinə əsasən Yehovanın bizə kömək edəcəyinə nəyə görə əmin ola bilərik?
9 Yehova Ona etibar etməyimizi istəyir (İbr. 11:6). Bəzən problemlərimiz o qədər böyük olur ki, bizə aşılmaz sədd kimi görünür. Hətta ola bilsin, Yehovanın bizə kömək edəcəyinə ürəyimizdə şübhə yaranır. Amma Müqəddəs Kitabda yazılıb ki, «Allahın gücü ilə sədlər aşa» bilərik (Zəb. 18:29). Buna görə də şübhələrə yenilməməliyik. Əksinə, güclü imanla Yehovaya dua edib, dualarımıza cavab verəcəyinə əmin olmalıyıq. (Yaqub 1:6, 7 ayələrini oxuyun.)
10. Dua etdikdən sonra necə davranmaq lazımdır? Nümunə çəkin.
10 Yehova dualarımıza uyğun davranmağımızı istəyir. Məsələn, bir qardaş toplantıda iştirak edə bilmək üçün müdirindən icazə almalıdır. O bu barədə Yehovaya dua edir. Bəs Yehova ona hansı yolla cavab verə bilər? Ola bilsin, O, qardaşa müdirinə yaxınlaşa bilməsi üçün cəsarət verəcək. Amma qardaş da duasına uyğun davranıb müdirinə yaxınlaşmalıdır. Bəlkə də o bunu bir neçə dəfə etməli olacaq. O başqa işçi ilə növbəsini dəyişməyi xahiş edə bilər. Yaxud da lazım gələrsə, öz hesabına məzuniyyət götürməyi təklif edə bilər.
11. Narahatlığımız barədə nəyə görə dönə-dönə dua etmək lazımdır?
11 Yehova narahatlığımız barədə durmadan dua etməyimizi istəyir (1 Salon. 5:17). İsanın da sözlərindən görmək olar ki, biz bəzi xahişlərimizə dərhal cavab almayacağıq (Luka 11:9). Ona görə də ruhdan düşməyin. Hərarətlə, dönə-dönə dua edin (Luka 18:1—7). Bununla Yehovaya həmin məsələnin sizin üçün nə qədər vacib olduğunu göstərəcəksiniz. Həmçinin Yehovanın sizə kömək etməyə qadir olduğuna iman etdiyinizi sübut edəcəksiniz.
NƏYƏ GÖRƏ DUALARIMIZDA DƏYİŞİKLİK ETMƏK LAZIM GƏLƏ BİLƏR?
12. a) Xahişlərimiz barədə özümüzə hansı sualı verməliyik və nəyə görə? b) Dua edərkən Yehovaya hörmət etdiyimizi necə göstərə bilərik? («Duamdan Yehovaya hörmət etdiyim görünür?» adlı çərçivəyə baxın.)
12 Əgər duamıza cavab almırıqsa, özümüzə üç sual verə bilərik. Birincisi, «Mən düzgün şey barədə dua edirəm?» Çox vaxt bizə elə gəlir ki, nəyin xeyrimizə olduğunu bilirik. Amma bəlkə, istədiyimiz şey heç də bizim xeyrimizə deyil? Ya da ola bilsin, dua edib Yehovadan problemimizi filan cür həll etməsini xahiş edirik. Halbuki məsələnin bizim düşündüyümüzdən daha yaxşı həll yolu ola bilər. Bundan əlavə, xahiş etdiyimiz şey Yehovanın iradəsinə müvafiq olmaya bilər (1 Yəh. 5:14). Məqalənin əvvəlində haqqında danışdığımız valideynlərin nümunəsinə qayıdaq. Onlar Yehovadan övladlarının həqiqətdə qalmasını xahiş etmişdilər. Bu cür dua etməkdə səhv bir şey yoxdur. Bununla belə, Yehova heç kəsi Ona xidmət etməyə məcbur etmir. O istəyir ki, uşaqlar da daxil olmaqla hər kəs Ona ibadət etməyi özü seçsin (Qan. 10:12, 13; 30:19, 20). Ona görə də həmin valideynlər Yehovadan uşaqlarının qəlbinə yol tapmağı xahiş edə bilər. Beləcə, uşağın ürəyində Yehovaya məhəbbət oyanar və Onun dostu olmağa can atar (Məs. 22:6; Efes. 6:4).
13. Yehova bizə nə vaxt kömək edir? İzah edin (1 Butrus 5:6, 7).
13 İkincisi, bu sual barədə düşünə bilərik: «Yehova xahişimi indi yerinə yetirməyi məqbul bilir?» Bizə elə gələ bilər ki, duamıza dərhal cavab lazımdır. Amma Yehova bizə kömək etməyin ən yaxşı vaxtını bilir. (1 Butrus 5:6, 7 ayələrini oxuyun.) Duamızın cavabını həmin an almayanda düşünə bilərik ki, Yehova «yox» cavabını verib. Amma bəlkə də O «hələ yox» deyir. Məsələn, xəstəliyindən sağalmaq üçün dua edən qardaşı yadımıza salaq. Əgər Yehova onu möcüzəvi şəkildə sağaltsaydı, onda Şeytan iddia edib deyərdi: «O, sağaldığı üçün sənə xidmət edir» (Əyy. 1:9—11; 2:4). Bundan başqa, Yehova bütün xəstələrə şəfa verəcəyi vaxtı artıq təyin edib (Əşy. 33:24; Vəhy 21:3, 4). Həmin vaxta qədər isə möcüzəvi şəkildə sağalacağımızı gözləməməliyik. Buna görə də qardaş xəstəliyinə dözüb xidmətini davam etdirə bilməsi üçün Yehovadan güc və qəlb rahatlığı istəyə bilər (Zəb. 29:11).
14. Canisin hadisəsindən nə öyrənirsiniz?
14 İndi isə Beytel xidməti üçün dua edən Canis bacıdan danışaq. Bacı Yehovanın onun duasına necə cavab verdiyini beş il sonra başa düşdü. O deyir: «Yehova bu müddət ərzində mənə təlim verdi, yetkinləşməyimə kömək etdi. Bundan başqa, Yehovaya etibarımı artırmalı, mütaliə vərdişimi yaxşılaşdırmalı idim. Bir şeyi də öyrənməli idim: sevincim harada xidmət etməyimdən asılı olmamalıdır». Sonralar Canis bacı ilə yoldaşı səyyar xidmətə dəvət aldı. O günləri xatırlayaraq Canis deyir: «Əslində Yehova dualarıma cavab vermişdi, amma bu cür cavab verəcəyini heç gözləmirdim. Onun cavabının gözəlliyini görmək üçün mənə bir az vaxt lazım oldu. Yehovanın məhəbbətini, kəramətini daddığım üçün Ona minnətdaram».
Xahiş etdiyiniz şeylərə görə Yehovadan cavab almadığınızı düşünürsünüzsə, bəlkə, başqa şeylər barədə də dua edəsiniz? (15-ci abzasa baxın)f
15. Nəyə görə bəzən konkret yox, geniş dua etmək lazım gələ bilər? (Həmçinin şəkillərə baxın.)
15 Üçüncü sual belədir: «Bəlkə, başqa şey barədə də dua etməliyəm?» Düzdür, duada konkret nəyisə istəmək yaxşıdır. Amma Yehovanın bizimlə bağlı niyyətini görmək üçün daha geniş dua etmək lazım gələ bilər. Məsələn, Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün dua edən bacının nümunəsinə qayıdaq. O bu məktəbi keçib tələbat olan ərazidə xidmət etmək istəyir. Ona görə də bacı duasında məktəbdə oxumaq istədiyini konkret bildirməklə yanaşı, daha ətraflı dua edə bilər (Həv. 16:9, 10). Yehovadan xahiş edə bilər ki, xidmətini genişləndirmək üçün başqa hansı imkanlarının olduğunu ona göstərsin. Daha sonra o, duasına uyğun davranıb rayon nəzarətçisinə yaxınlaşa və yaxınlıqda öncüllərə tələbat olan yığıncağın olub-olmadığını soruşa bilər. Yaxud filiala yazıb təbliğçilərə tələbat olan ərazilər barədə məlumat ala biləre.
16. Nəyə əmin ola bilərik?
16 Bu məqalədə öyrəndik ki, biz Yehovanın dualarımıza məhəbbətindən və ədalətindən irəli gələrək cavab verdiyinə əmin ola bilərik (Zəb. 4:3; Əşy. 30:18). Hansısa duamızın cavabı hərdən gözlədiyimiz kimi olmur. Amma Yehova dualarımıza heç vaxt laqeyd yanaşmayacaq. O bizi çox sevir. Bizdən heç vaxt üz döndərməz (Zəb. 9:10). Odur ki, «daim Ona güvənin» və duada ürəyinizi Ona açın (Zəb. 62:8).
NƏĞMƏ 43 Şükran duası
a Bu məqalə Yehovanın dualarımıza məhəbbətlə və ədalətlə cavab verəcəyinə əminliyimizi artıracaq.
b Bəzi adlar şərtidir.
c «Gözətçi qülləsi»nin 2022-ci il fevral sayında yer alan «Yehovanın nahaq iş görmədiyinə etibar edin» adlı məqalənin 3—6 abzaslarına baxın.
d Yehovanın çətin sınaqlarımız zamanı bizə dözməyə necə kömək etdiyi ilə bağlı ətraflı məlumat üçün jw.org saytında «Dua dözməyə güc verir» adlı videoya baxın.
e Başqa filialın ərazisində xidmət etmək istəyirsinizsə, «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 10-cu fəslinin 6—9 abzaslarından məlumat tapa bilərsiniz.
f ŞƏKLİN İZAHI. İki bacı Padşahlıq Müjdəçiləri Məktəbinə blank doldurmazdan qabaq dua edir. Onlardan biri məktəbə dəvət olunur, digəri isə yox. Dəvət olunmayan bacı məyusluğa qərq olmur. O, xidmətini genişləndirməyin başqa yollarını görmək üçün dua edib Yehovadan kömək istəyir. Daha sonra filiala məktub yazıb, tələbat olan ərazidə xidmət etməyə hazır olduğunu bildirir.