«Göydə olduğu kimi, yerdə də»
«Katoliklərin tə’limlərinə görə dörd son mərhələ mövcuddur: Ölüm, Qiyamət, Cəhənnəm və Göy» («Katolisizm», Corc Brantlın redaktəsi ilə).
DİQQƏT yetirin ki, sadalananların arasında Yer kürəsi yoxdur. Bu heç də təəccüblü deyil, çünki bir çox başqa dinlər kimi, Katolik kilsəsi də Yer kürəsinin nə vaxtsa məhv ediləcəyinə inanır. Bir lüğətdə «Dünyanın sonu» adlı məqalədə belə izahat verilir: «Katolik kilsəsi müasir dünyanın Allahın yaratdığı və hal-hazırda mövcud olduğu formada əbədiyyən qalmayacağına inanır və öyrədir» («Dictionnaire de Théologie Catholique»). Bu yaxınlarda çıxan katoliklərin katexizis dərsliyində də belə fikir qeyd edilir: «Dünyamız... məhvə məhkum edilib». Əgər bu doğrudan da belədirsə, bəs niyə Müqəddəs Kitabda yer üzündə Cənnətin olacağı və’d edilir?
Müqəddəs Kitabda açıq-aydın göstərilir ki, gələcəkdə yer üzündə Cənnət olacaq. Məsələn, Yeşaya peyğəmbər Yer kürəsi və onun sakinləri haqqında yazır: «Onlar evlər tikib orada məskunlaşacaq, meynəliklər əkəcək, bəhrələrindən yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, seçilmişlərim əllərinin işlərindən zövq alacaq» (Yeşaya 65:21, 22). Bu və’dləri Allah yəhudilərə vermişdi. Onlar əmin idilər ki, yaşadıqları diyar, əslində isə bütün Yer kürəsi, Cənnətə çevriləcək və insanlar orada əbədi həyat sürəcəklər.
37-ci məzmur da bu ümidi təsdiq edir: «Məzlumlar [«həlimlər», KM] ölkəni mülk olaraq alacaq» (Məzmur 37:11). Bu ayədə sadəcə olaraq, yəhudilərin Və’d edilmiş diyara qayıdaraq orada müvəqqəti yaşamaları nəzərdə tutulmur. Məhz həmin məzmurda deyilir: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29)a. Diqqət yetirin ki, bu məzmurda yer üzündə əbədi həyatın ‘həlimlərin’ mükafatı olacağı deyilir. Fransız dilində Müqəddəs Kitabda bu ayəyə verilən haşiyədə izah edilir ki, bir çox dillərdə «həlim» kimi tərcümə edilən söz daha geniş mə’na daşıyır; bu sözlə, Yahvenin adına görə tə’qib edilən və ya əziyyət çəkənlər, Allaha itaətkar və həlim ürəklər nəzərdə tutulur».
Yerdə, yoxsa göydə?
Dağüstü təbliğində İsa yuxarıda sitat gətirdiyimiz ayələrdə yazılan və’də oxşar bir və’d vermişdi: «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Matta 5:5). Vaxt gələcək ki, sadiq insanlar Yer kürəsini mükafat olaraq alacaq və orada əbədi yaşayacaqlar. Amma İsa həvarilərinə ‘Atasının evində’ onlara yer hazırlamaq üçün getdiyini və onunla birgə göydə olacaqlarını açıqladı (Yəhya 14:1, 2; Luka 12:32; 1 Peter 1:3, 4). Onda yer üzünə dair və’di necə başa düşməliyik? O, bu gün də hansısa mə’na kəsb edirmi və kimə aiddir?
Müqəddəs Kitab üzrə bir çox alimlər İsanın Dağüstü təbliğində və hətta 37-ci məzmurda xatırlanan «yer» sözünün sadəcə simvolik mə’na daşıdığını iddia edirlər. Müqəddəs Yazılara verdiyi şərhlərində Fulkran Viquru bu ayələrdə «göyün və Kilsənin rəmzini» gördüyünü qeyd edir («Bible de Glaire»). Müqəddəs Kitabı tədqiq edən digər fransız alimi Mari-Jozef Laqranjın zənnincə isə, «bu və’d o demək deyil ki, həlim insanlar yaşadıqları yeri — nə hazırkı, nə də daha mükəmməl vəziyyətdə miras alacaqlar; bu, harada olmasından asılı olmayaraq, göylər padşahlığını nəzərdə tutur». Digər alimin sözlərincə, burada «göyləri təsvir etmək üçün yerüzü dəyərlərdən rəmzi mə’nada istifadə olunur». Digərləri üçün isə, «Və’d edilmiş diyar olan Kən’an ruhani mə’na daşıyır və həlimlərin miras alacaqlarına zəmanət verilən Allahın padşahlığını, yə’ni göylərdəki məskəni təmsil edir. 37-ci məzmuru və Müqəddəs Kitabın digər yerlərini məhz belə başa düşmək lazımdır». Bəs biz Yer kürəsini Allahın niyyətindən kənar etməyə tələsməliyikmi?
Yer üçün dəyişməz niyyət
Başlanğıcdan Yer kürəsi Allahın insanlara dair niyyəti ilə sıx bağlı idi. Məzmurçu yazmışdı: «Rəbb səmaya sahibdir, yeri bəşər övladlarına verdi» (Məzmur 115:16). Bu ayədən görünür ki, Allahın bəşəriyyət üçün əzəli məqsədi göylərlə deyil, yerlə bağlı idi. Yehova ilk insan cütünə bütün yer üzü Cənnətə çevrilənəcən Eden bağının hüdudlarını genişləndirməyi tapşırmışdı (Yaradılış 1:28). Bu, müvəqqəti niyyət deyildi. Yehova Öz Kəlamında təsdiq edir ki, Yer əbədiyyən mövcud olacaq: «Bir nəsil gedir, o biri nəsil gəlir, amma dünya daim qalır» (Vaiz 1:4; 1 Salnamələr 16:30; Yeşaya 45:18).
Allah Öz və’dlərini heç vaxt unutmur, çünki O Haqq-Taaladır və onların yerinə yetəcəyinə Özü bizi əmin edir. Müqəddəs Kitab təbiətdə suyun dövranının nümunəsi əsasında Allahın və’dlərinin mütləq həyata keçəcəyini izah edir: «Necə göydən yağan yağış və qar torpağı sulamadan, yeri məhsuldar edib əkin bitirmədən... göylərə qayıtmırsa, ağzımdan çıxan kəlmə [Allahın sözü] də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:10, 11). Allahın və’dləri yerinə yetənədək bir müddət keçə bilər, lakin onlar boşa çıxmayacaq. Onun ‘kəlməsi’ yalnız həyata keçəndən sonra ‘yanına qayıdır’.
Əlbəttə ki, Yehova Yer kürəsini insanlar üçün yaradanda, çox sevinirdi. Altıncı yaradılış gününün sonunda Allah ‘hər şeyin çox yaxşı’ olduğunu bəyan etdi (Yaradılış 1:31). Yer kürəsinin əbədi Cənnətə çevrilməsi Onun niyyətinin bir hissəsidir və o, hələ yerinə yetməyib. Ancaq Allahın və’dləri ‘boş yerə yanına qayıtmaz’. İnsanların yer üzündə mükəmməl şəraitdə və əmin-amanlıqda əbədi yaşamalarına dair bütün və’dlər həyata keçəcəkdir (Məzmur 135:6; Yeşaya 46:10).
Allahın niyyəti mütləq yerinə yetəcək
Ulu valideynlərimiz Adəmlə Həvvanın günahı Allahın Yer kürəsini Cənnətə çevirmək niyyətinə müvəqqəti olaraq mane oldu. İtaətsizlik göstərdikdən sonra onlar Cənnət bağından qovuldular. Adəm və Həvva Allahın niyyətinin yerinə yetirilməsində iştirak etmək, yə’ni Cənnət şəraitində əbədi yaşayacaq kamil insanlar dünyaya gətirmək imkanını itirdilər. Lakin Allah niyyətinin icra edilməsi üçün müəyyən tədbir gördü. Necə? (Yaradılış 3:17-19, 23).
Edendəki vəziyyəti, gözəl torpaq sahəsində ev tikən insanın vəziyyətinə bənzətmək olar. Evin təməli qoyulandan sonra, bir nəfərin gəlib onu dağıtmasına baxmayaraq, həmin adam tikintini dayandırmır və onu başa çatdırır. Bu, əlavə xərclərlə bağlı olsa da, layihə mütləq başa çatdırılacaq.
Allah da niyyətini yerinə yetirmək üçün tədbir görüb. Ulu valideynlərimizin günahından sonra, O, vurulan zərəri aradan qaldıracaq bir ‘Zürriyyət’ (KM) gələcəyini e’lan etdi. Bununla da Allah onların nəslinə ümid verdi. ‘Zürriyyətin’ əsas hissəsi Allahın Oğlu İsa oldu. Yer üzünə gələrək, İsa bəşəriyyəti satın almaq üçün canını qurban verdi (Qalatiyalılara 3:16; Matta 20:28). İsa dirilərək göyə qayıtdı və Allahın Padşahlığının Padşahı oldu. Padşahlığında onunla hakimiyyət sürmək üçün dirilən seçilmişlərlə birlikdə yeri miras alan həlim ilk növbədə İsadır (Məzmur 2:6-9). Bu hökumət Yeri Cənnətə çevirərək Allahın ilk məqsədini həyata keçirmək üçün tezliklə Yer üzərində hakimiyyəti ələ alacaq. Milyonlarla həlim insanlar Padşahlığın xeyir-dualarından faydalanacaq. Məhz bu mə’nada onlar yeri miras alacaqlar (Yaradılış 3:15; Daniel 2:44; Həvarilərin işləri 2:32, 33; Vəhy 20:5, 6).
«Göydə olduğu kimi, yerdə də»
Bə’zi insanların göydə, digərlərinin isə yer üzündə yaşamaq üçün xilas olunacaqları həvari Yəhyaya verilən vəhydə xatırlanır. O, İsanın sadiq şagirdləri arasından seçilmiş səmavi taxtlarda əyləşən padşahları görmüşdü. Müqəddəs Kitabda məhz Məsihin hakimiyyət şərikləri haqda yazılıb ki, onlar padşah kimi ‘dünya üzərində səltənət sürəcəklər’ (Vəhy 5:9, 10). Allahın niyyətinin yerinə yetməsinin iki cəhətinə diqqət yetirin: İsa və onun hakimiyyət şəriklərindən ibarət səmavi Padşahlığın rəhbərliyi altında yer üzü bərpa olunacaq. Bütün bu tədbirlərin sayəsində yer üzü Allahın başlanğıcda niyyət etdiyi kimi Cənnətə çevriləcək.
Nümunəvi duada İsa şagirdlərinə Allahın iradəsinin «göydə olduğu kimi, yerdə də» yerinə yetməsi barədə dua etməyi öyrətmişdi (Matta 6:9, 10). Əgər Yer kürəsini məhv gözləsəydi və ya o, sadəcə olaraq, göyün simvolu olsaydı, yaxud bütün saleh insanlar göyə getsəydi, bu sözlərin mə’nası olardımı? Müqəddəs Yazılardan, «Yaradılış»dan «Vəhy» kitabınadək, Allahın yer üçün iradəsinin nədən ibarət olduğu aydın görünür. Yer üzü Yehovanın niyyətində tutduğu kimi, Cənnət olacaq. Allah bu iradəsini yerinə yetirəcəyini və’d edir. Onun sadiq xidmətçiləri də məhz bu haqda dua edirlər.
Bəli, yer üzündə əbədi həyat — ‘heç vaxt dəyişməyən’ Allahın əzəli niyyətidir (Malaki 3:6; Yəhya 17:3; Yaqub 1:17). Əlinizdə tutduğunuz «Gözətçi Qülləsi» jurnalı yüz ildən çoxdur ki, Allahın niyyətinin iki cəhətini izah edir. Bunun sayəsində biz Müqəddəs Yazılarda yerüzü Cənnətin bərpası haqqında verilən və’di başa düşürük. Biz sizi qonşuluğunuzdakı Yehovanın Şahidləri və ya bu jurnalı nəşr edənlərlə əlaqə saxlayaraq, bu haqda daha çox mə’lumat əldə etməyə təşviq edirik.
[Haşiyə]
a Bir çox Müqəddəs Kitab tərcümələrində ibrani sözü eʹrets «yer» əvəzinə «ölkə» kimi tərcümə edilsə də, Məzmur 37:11, 29 ayələrindəki eʹrets sözünü sadəcə İsrail xalqına verilən torpaqla məhdudlaşdırmaq üçün heç bir əsas yoxdur. Uilyam Uilsonun «Əhdi-Ətiq sözlərinin tədqiqi» əsərində eʹrets sözünə belə tə’rif verilir: «Bu söz burada daha geniş mə’nada yer üzünü, həm məskunlaşmış, həm də məskun olmayan sahələri nəzərdə tutur; digər sözlərlə işlətdikdə isə o, yer üzünün müəyyən hissəsinə — ərazi və ya ölkəyə aid edilir». Deməli, bu ibrani sözünün birinci və əsas mə’nası planetimiz, yə’ni Yer kürəsidir. («Gözətçi Qülləsi»nin 1986-cı il 1 yanvar sayının 31-ci səhifəsinə (ing.) baxın.)
[4-cü səhifədəki şəkil]
Müqəddəs Kitabda yer üzündə Cənnət olacağı açıq-aydın deyilir.
[7-ci səhifədəki şəkil]
Əgər Yer kürəsi məhvə məhkum edilsəydi, İsanın nümunəvi duasının mə’nası olardımı?