“O... sizə yaxınlaşar”
“[Allah] heç birimizdən uzaq deyil” (HƏVARİLƏRİN İŞLƏRİ 17:27).
1, 2. a) Ulduzlu səmanı seyr etdikdə Yaradan haqqında bizdə hansı sual yarana bilər? b) Müqəddəs Kitab, Yehovanın gözündə insanların əhəmiyyətsiz olmadığına bizi necə əmin edir?
AYDIN gecədə ulduzlu səmanı heç seyr etmisənmi? Bu mənzərə səni valeh edibmi? Saysız-hesabsız ulduzlar və kosmik fəzanın ənginliyi insanda ehtiram hissi oyadır. Bu böyük Kainatda Yer kürəsi kiçik bir nöqtəni təşkil edir. Bu, “yer üzərində hər şeydən Uca olan” Yaradanın insanlar üçün əlçatmaz və ağlasığmaz dərəcədə yüksək olduğunumu bildirir? (Məzmur 83:18).
2 Müqəddəs Kitab bizi əmin edir ki, Yehovanın gözündə insanlar heç də əhəmiyyətsiz deyillər. Bundan əlavə, Allahın Kəlamı “O, heç birimizdən uzaq deyil” deyə, bizi Allahı axtarmağa təşviq edir (Həvarilərin işləri 17:27; 1 Tarixlər 28:9). Bəli, əgər biz Allaha yaxınlaşmaq üçün addımlar atırıqsa, O da bizə doğru addım atacaqdır. Necə? Bu suala sevindirici cavabı 2003-cü ilin illik ayəsində tapırıq: “O... sizə yaxınlaşar” (Yaqub 4:8). Gəlin, Yehovanın Ona yaxın olan kəslərə verdiyi gözəl xeyir-duaların bir neçəsini müzakirə edək.
Yehovanın xüsusi bəxşişi
3. Yehova Ona yaxınlaşan kəslərə hansı bəxşişi verir?
3 Birincisi, Yehovanın xidmətçiləri Onun öz xalqı üçün nəzərdə tutduğu xüsusi bəxşişə sahibdirlər. Dünyada mövcud olan hər hansı bir hakimiyyət, var-dövlət və təhsil vasitəsilə bu bəxşişə nail olmaq qeyri-mümkündür. Bu, xüsusi bəxşişdir və Yehova bunu, ancaq Ona yaxın olan kəslərə verir. Bu bəxşiş nədir? Allahın Kəlamı cavab verir: “Əgər... anlayışa səsini yüksəldərsənsə; əgər gümüş axtarar kimi onu axtarar və xəzinələr [“gizlədilmiş xəzinələr”, YD] araşdırar kimi onu araşdırarsansa; Rəbb qorxusunu o zaman anlayacaqsan və Allah biliyini tapacaqsan. Çünki Rəbb hikmət verir” (Süleymanın məsəlləri 2:3-6). Təsəvvür edin: qeyri-kamil insanlar “Allah biliyini” tapa bilərlər! Bu bəxşiş, yə’ni Allahın Kəlamındakı bilik “gizlədilmiş xəzinələr” ilə müqayisə edilir. Nəyə görə?
4, 5. “Allah biliyi” nəyə görə “gizlədilmiş xəzinələr” ilə müqayisə edilir? Nümunə gətirin.
4 İlk növbədə, Allah haqqındakı bilik olduqca dəyərlidir. Onun gətirdiyi ən böyük xeyir-dualardan biri, əbədi həyata olan ümiddir (Yəhya 17:3). Lakin bu bilik həyatımızı artıq indidən zənginləşdirir. Məsələn, Allahın Kəlamını diqqətlə tədqiq etməyin sayəsində biz bu vacib sualların cavabını tapmışıq: Allahın adı nədir? (Məzmur 83:18, YD). Ölənlər əslində hansı vəziyyətdədirlər? (Vaiz 9:5, 10). Allahın Yer üzünə və bəşəriyyətə aid olan niyyəti nədən ibarətdir? (İşaya 45:18). Bundan başqa, biz həyatda Müqəddəs Kitabın məsləhətlərinə riayət etmək kimi ən gözəl yolu tapmışıq (İşaya 30:20, 21; 48:17, 18). Beləliklə, gündəlik qayğıların öhdəsindən gəlmək üçün, həmçinin həqiqi xoşbəxtlik və məmnunluq gətirən həyat tərzi sürmək üçün bizə kömək edən e’tibarlı rəhbərliyimiz var. Ən başlıcası isə, Allahın Kəlamını öyrənmək bizə Yehovanın gözəl xüsusiyyətləri ilə tanış olmağa və Ona yaxınlaşmağa kömək etmişdir. Axı “Allah biliyi” əsasında Yehova ilə yaranan sıx münasibətdən dəyərli nə ola bilər?
5 Allah haqqındakı biliyi “gizlədilmiş xəzinələr” ilə müqayisə etmək üçün daha bir səbəbimiz var. Bu xəzinələr dünyadakı başqa xəzinələr kimi nadirdir. Yer üzündə yaşayan altı milyard sakindən cəmi altı milyona yaxın insan Yehovaya ibadət edir, yə’ni təxminən min nəfərdən biri “Allah biliyini” tapmışdır. Bu xəzinənin, yə’ni Allahın Kəlamındakı həqiqət biliyinin nadirliyini təsvir etmək üçün Müqəddəs Kitabdan cəmi bir sualı götürək: İnsan öləndə nə baş verir? Müqəddəs Yazılardan bilirik ki, can ölür və ölülər şüursuz vəziyyətdədirlər (Hezekiel 18:4). Dünyanın əksər dinləri isə belə bir yalan təsəvvürə malikdirlər ki, guya ölümdən sonra insanın daxilində nə isə yaşamağa davam edir. Bu, Xristian dünyasına mənsub olan dinlərin əsas tə’limlərindən biridir. Bu tə’lim həmçinin buddizm, caynizm, daosizm, hinduizm, islam, siqhizm, sintoizm və yəhudi dinində də üstünlük təşkil edir. Bir anlığa təsəvvürünüzə gətirin: bu yalan tə’limlə milyardlarla insanlar aldadılıb!
6, 7. a) “Allah biliyini” yalnız kimlər tapa bilər? b) Hansı nümunədən görmək olar ki, bir çox ‘müdriklərin və ağıllıların’ nəzərindən yayınan həqiqətləri anlamaqda Yehova bizə xeyir-dua verir?
6 “Allah biliyini” nə üçün bu qədər az adam tapıb? Çünki Allahın köməyi olmadan Onun Kəlamının mə’nasını tam dərk etmək mümkün deyil. Unutmayaq ki, bu bilik bəxşişdir. Yehova bu bəxşişi yalnız Onun Kəlamını vicdanla və təvazökarlıqla tədqiq etməyə hazır olan kəslərə verir. Bu insanlar “cismani nöqteyi-nəzərdən müdrik” olmaya bilərlər (1 Korinflilərə 1:26). Onların əksəriyyəti bu dünyanın nöqteyi-nəzərindən, hətta “oxumamış, avam adamlar” sayıla bilər (Həvarilərin işləri 4:13). Lakin bu heç bir əhəmiyyət kəsb еtmir. Ürəyimizdə gördüyü xüsusiyyətlərə görə Yehova bizi “Allah biliyi” ilə mükafatlandırır.
7 Belə bir nümunəni götürək. Xristian dünyasının bir çox ilahiyyatçıları Müqəddəs Kitaba dair geniş şərhlər tərtib etmişlər. Bu arayış işlərində Müqəddəs Kitab hadisələrinin tarixi şəraiti haqqında bəhs edilir, qədim ibrani və yunan sözlərinin mə’nası izah olunur və sairə. Bəs həmin ilahiyyatçılar bütün bu mə’lumatları əldə edərək “Allah biliyini” tapmışlarmı? Onlar Müqəddəs Kitabın əsas mövzusunu — Yehovanın öz hakimiyyətinə səmavi Padşahlığın vasitəsilə bəraət qazandıracağını aydın şəkildə başa düşürlərmi? Onlar Yehova Allahın Üç üqnumun bir hissəsi olmadığını bilirlərmi? Biz isə bu sualların dəqiq anlayışına sahibik. Haradan? Bir çox ‘müdriklərin və ağıllıların’ nəzərindən yayınan ruhani həqiqətləri anlamaqda bizə Yehova kömək edir (Matta 11:25). Yehova Ona yaxın olan kəslərə necə də xeyir-dua verir!
“Rəbb Onu sevənlərin hamısını qoruyar”
8, 9. a) Davud Yehovaya yaxın olan kəslərin faydalandığı başqa bir xeyir-duanı necə təsvir edir? b) Nəyə görə məsihçilər Allahın müdafiəsinə möhtacdırlar?
8 Yehovaya yaxın olan kəslər daha bir xeyir-duadan — Onun müdafiəsindən faydalanırlar. Başı bir çox bəlalar çəkmiş məzmurçu Davud yazırdı: “Rəbb onu çağıranların hamısına yaxındır, onlar ki, onu həqiqətlə çağırırlar. Ondan qorxanların diləyini yerinə yetirər; və fəryadlarını eşidər və onları qurtarar. Rəbb Onu sevənlərin hamısını qoruyar” (Məzmur 145:18-20). Bəli, Yehova Onu sevənlərə yaxındır, buna görə də onların kömək üçün etdikləri müraciətlərə dərhal hay verə bilir.
9 Biz nə üçün Allahın müdafiəsinə möhtacıq? Məsihçilər “axır günlərdə çətin anlar”ın tə’sirini hiss etməklə bərabər, Yehovanın ilk düşməni Şeytan İblis üçün əsas hədəfdirlər (2 Timoteyə 3:1). Bu məkrli düşmən bizi “aşırmaq üçün” var qüvvəsi ilə çalışır (1 Peter 5:8). Şeytan bizi tə’qib edir, sınağa çəkir və bizə təzyiq göstərir. O, həmçinin düşüncə tərzimizdə və ürəyimizdə elə bir əhval-ruhiyyə axtarır ki, ondan istifadə edə bilsin. Onun məqsədi — imanımızı zəiflətmək və bizi ruhani cəhətdən məhv etməkdir (Vəhy 12:12, 17). Belə bir güclü düşmənlə mübarizə aparmalı olduğumuz üçün, məgər ‘Rəbbin Onu sevənlərin hamısını qoruduğunu’ bilmək bizə təsəlli vermirmi?
10. a) Yehova öz xalqını necə qoruyur? b) Hansı müdafiə daha vacib hesab edilir və nəyə görə?
10 Yehova öz xalqını necə qoruyur? Onun bizi müdafiə edəcəyinə dair verdiyi və’d, bizim bu dünyada problemsiz yaşayacağımıza zəmanət vermir və bizim xətrimizə mö’cüzələr göstərməyi də Onun öhdəsinə qoymur. Bununla belə, Yehova ümumi olaraq öz xalqının fiziki müdafiəsini tə’min edir. Nə olursa-olsun, İblisə imkan verilməyəcək ki, Allahın həqiqi ibadətçilərini yer üzündən silsin! (2 Peter 2:9). Ən vacibi isə odur ki, Yehova bizi ruhani cəhətdən müdafiə edir. Sınaqlara tab gətirib, Onunla olan münasibətlərimizi qorumaq üçün O, bizi lazım olan hər şeylə tə’min edir. Nəticədə, ruhani müdafiə daha vacib müdafiə olur. Nəyə görə? Nə qədər ki, Yehova ilə münasibətimiz var, heç nə, hətta ölüm belə bizə sağalmaz yara vura bilməyəcəkdir (Matta 10:28).
11. Yehova xalqının ruhani müdafiəsi üçün nə edir?
11 Yehova Ona yaxın olan kəslərin ruhani müdafiəsi üçün çox şey edir. Müxtəlif sınaqların öhdəsindən gəlməyimiz üçün, Öz Kəlamının, Müqəddəs Kitabın vasitəsilə bizə lazım olan müdrikliyi verir (Yaqub 1:2-5). Müqəddəs Yazıların praktiki məsləhətlərinə riayət etmək artıq müdafiə kimi xidmət edir. Üstəlik, Yehova “Ondan diləyənlərə müqəddəs ruhu” pay verir (Luka 11:13). Kainatda ən qüdrətli qüvvə olan bu ruh, şübhəsiz ki, hər cür sınaq və təzyiqlərin öhdəsindən müvəffəqiyyətlə gələ bilməyimiz üçün bizi təchiz edə bilər. Yehova Məsihin vasitəsilə “insanlar timsalında hədiyyələr” verir (Efeslilərə 4:8, YD). Ruhən təchiz edilmiş bu kişilər həmimanlılarına kömək edərək, Yehovanın böyük şəfqətini əks etdirməyə çalışırlar (Yaqub 5:14, 15).
12, 13. a) Yehova bizi ruhani qida ilə vaxtlı-vaxtında necə tə’min edir? b) Ruhani rifahımız üçün Yehovanın verdiklərinə necə yanaşırsan?
12 Bizim müdafiəmiz üçün Yehova daha bir tədbir görüb. O, bizə vaxtlı-vaxtında ruhani qida verir (Matta 24:45). Çap olunmuş nəşrlərin, o cümlədən “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının, həmçinin yığıncaq və konqres görüşlərinin vasitəsilə Yehova bizə ehtiyac duyduğumuz şeyləri lazım olan vaxtda verir. Məsihçi görüşlərində və ya konqreslərdə eşitdiklərinin ürəyinə yatdığı, səni möhkəmləndirdiyi, yaxud təsəlli verdiyi hallar olubmu? Bəs jurnallarımızdan birində oxuduğun hansısa məqalə haqqında “bu məhz mənim üçün yazılıb” deyə, düşündüyün hallar necə, olubmu?
13 Şeytanın ən tə’sirli silahlarından biri mə’yusluqdur və heç birimiz bu tə’sirdən mühafizə olunmamışıq. Şeytana yaxşı mə’lumdur ki, uzun müddət davam edən ruh düşkünlüyü bizi gücdən sala, hətta zəiflədə bilər (Süleymanın məsəlləri 24:10). Şeytan mənfi emosiyalarımızla oynamağa çalışdığı üçün bizim köməyə ehtiyacımız var. “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında vaxtaşırı bizə mə’yusluğu aradan qaldırmaqda kömək edən məqalələr dərc olunur. Bu cür məqalələrdən biri haqqında bir məsihçi bacımız yazır: “Mən bu məqaləni, demək olar ki, hər gün oxuyuram və hər dəfə də gözlərim yaşarır. Jurnalı həmişə çarpayımın yanına qoyuram ki, özümü pis hiss edəndə yenidən oxuya bilim. Bu cür məqalələri oxuduqda elə təəssürat yaranır ki, təsəlli vermək üçün Yehova məni sanki qucaqlayır”a. Vaxtlı-vaxtında təqdim etdiyi ruhani qidaya görə Yehovaya minnətdar deyilikmi? Unutma ki, Allahın bizim ruhani rifahımız üçün verdiyi hər şey Onun bizə yaxın olduğuna və bizi qayğıkeşliklə müdafiə etdiyinə şəhadətdir.
“Duanı eşidən” Kəsə müraciət etmək imkanı
14, 15. a) Yehova Ona yaxın olan kəslərə hansı xeyir-duanı bəxş edir? b) İstənilən vaxt Yehovaya duada müraciət etmək imkanı nəyə görə olduqca qiymətlidir?
14 İnsan yüksək vəzifəyə, yaxud hakimiyyətə çatanda, tabeçiliyində olan adamların ona yaxınlaşmasının daha az mümkün olduğuna heç diqqət yetirmisənmi? Bəs Yehova Allah haqqında nə demək olar? O, bizdən o qədərmi uzaqdır ki, duada müraciət etdiyimiz xahişlərə e’tinasız yanaşsın? Xeyr! Əksinə, bəxşiş sayılan dua Yehovanın Ona yaxın olan kəslərə bəxş etdiyi daha bir xeyir-duadır. “Duanı eşidən” Kəsə istənilən vaxt müraciət etmək imkanı olduqca qiymətlidir (Məzmur 65:2). Nəyə görə?
15 Misal üçün, böyük korporasiya rəhbəri bir çox məs’uliyyətə sahibdir. Özünün nə ilə məşğul olacağını və başqalarına nəyi həvalə edəcəyini qərarlaşdırır. Kainatın Ali Hökmdarı da Özünə hansı işləri saxlayacağını və başqalarına nəyi həvalə edəcəyini özü qərarlaşdırır. Gör Yehova sevimli Oğlu İsaya nə qədər tapşırıq həvalə edib! Oğula “hökm etmək səlahiyyəti” verilib (Yəhya 5:27). “Mələklər... Ona” tabedirlər (1 Peter 3:22). Yehovanın qüdrətli müqəddəs ruhu İsanın sərəncamındadır və onun köməyi ilə İsa yer üzündə yaşayan şagirdlərinə rəhbərlik edir (Yəhya 15:26; 16:7). Buna görə də İsa belə deyə bilmişdir: “Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir” (Matta 28:18). O ki, qaldı bizim dualarımıza, Yehova onları şəxsən Özü dinləməyi qərara alıb. Elə bu səbəbdən Müqəddəs Kitabda deyilir ki, dualarımızı İsanın adı naminə yalnız Yehovaya yönəltməliyik (Məzmur 69:13; Yəhya 14:6, 13).
16. Nəyə görə əmin ola bilərik ki, Yehova həqiqətən də dualarımızı eşidir?
16 Həqiqətənmi Yehova dualarımızı eşidir? Əgər Yehova dualarımıza e’tinasız yanaşsaydı, bizi ‘duada mətanətli olmağa’ və bütün qayğılarımızı Onun üzərinə qoymağa təşviq etməzdi (Romalılara 12:12; Məzmur 55:22; 1 Peter 5:7). Müqəddəs Kitabın yazıldığı dövrlərdə Yehovanın sadiq xidmətçiləri Onun duaları dinlədiyinə zərrə qədər də şübhə etmirdilər (1 Yəhya 5:14). Buna görə də, məzmurçu Davud demişdir: “[Yehova] səsimi eşidəcəkdir” (Məzmur 55:17). Yehovanın bizə yaxın olduğuna, hər fikrimizə və narahatçılığımıza diqqət yetirdiyinə əmin olmaq üçün bizim də bütün əsasımız var.
Yehova öz xidmətçilərini mükafatlandırır
17, 18. a) Yehova yaratdığı dərrakəli varlıqların sədaqətli xidmətinə necə yanaşır? b) İzah edin, Süleymanın məsəlləri 19:17 ayəsi necə göstərir ki, əməllərimizdə göstərdiyimiz şəfqət Yehovanın gözündən yayınmır?
17 Yehovanın Kainatın Hökmdarı kimi tutduğu mövqe, insanların Ona tabe olmaq istəyib-istəməməklərindən asılı deyil. Bununla belə, Yehova yaxşılıq bilən Allahdır. O, yaratdığı dərrakəli varlıqların sədaqətli xidmətini qiymətləndirir (Məzmur 147:11). Bəli, Yehovaya yaxın olan kəslər daha bir xeyir-duaya sahib olurlar: O, xidmətçilərini mükafatlandırır (İbranilərə 11:6).
18 Müqəddəs Kitabın aydın surətdə göstərdiyi kimi, Yehova ibadətçilərinin gördükləri işləri qiymətləndirir. Misal üçün, oxuyuruq: “Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr” (Süleymanın məsəlləri 19:17, MKŞ). Yehovanın kasıblara göstərdiyi şəfqət Musanın qanununda öz əksini tapmışdır (Levililər 14:21; 19:15). Biz Yehovanı təqlid edərək kasıblara şəfqət göstərdikdə O hansı hissləri keçirir? Əvəzində heç nə gözləmədən kasıblara nə isə verdikdə, Yehova elə hesab edir ki, biz şəxsən Ona borc veririk. O, həmin borcu öz rəğbəti və xeyir-duası ilə qaytaracağını söz verir (Süleymanın məsəlləri 10:22; Matta 6:3, 4; Luka 14:12-14). Bəli, biz ehtiyacı olan həmimanlımıza şəfqət göstərdikdə, bu, Yehovaya dərin tə’sir bağışlayır. Əməllərimizdə göstərdiyimiz şəfqətin səmavi Atamızın gözündən yayınmadığını bilmək bizdə necə də minnətdarlıq hissi doğurur! (Matta 5:7).
19. a) Nəyə görə əmin ola bilərik ki, təbliğ və şagirdlər hazırlamaq işində etdiklərimizi Yehova qiymətləndirir? b) Yehova, Onun Padşahlığı naminə xidmətdə etdiyimiz işləri necə mükafatlandırır?
19 Yehova, Onun Padşahlığının mənafeyi naminə etdiyimiz işləri xüsusilə qiymətləndirir. Yehovaya yaxınlaşanda, bizdə Padşahlıq haqqında təbliğ və şagirdlər hazırlamaq işində daha çox iştirak edərək vaxtımızı, qüvvəmizi və maddi imkanlarımızı həsr etmək üçün təbii istək yaranır (Matta 28:19, 20). Hərdən bizə elə gələ bilər ki, biz çox az iş görürük. Qeyri-kamil ürək, Yehovanın bizim cəhdimizdən məmnun qalıb-qalmadığına dair, hətta şübhə də oyada bilər (1 Yəhya 3:19, 20). Lakin Yehova üçün, nə qədər kiçik olmasından asılı olmayaraq, məhəbbətlə ürəkdən verdiyimiz hər bir hədiyyə qiymətlidir (Mark 12:41-44). Müqəddəs Kitab bizi əmin edir: “Allah haqsız deyildir ki, sizin işinizi... və Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10). Bəli, Yehova, hətta kiçik də olsa Onun Padşahlığı naminə etdiyimiz xidmətdə hər bir işi yadda saxlayır və qiymətləndirir. İndi aldığımız ruhani bol-bol xeyir-dualarla bərabər, Yehovanın öz əlini səxavətlə açıb və Ona yaxın olan kəslərin düzgün arzularını tə’min edəcəyi yeni dünyanın sevincini da dada bilərik! (Məzmur 145:16; 2 Peter 3:13).
20. İllik ayəmizdəki sözləri 2003-cü il ərzində yadımızda saxlamağa nə kömək edəcəkdir və bu hansı səmərələri gətirəcəkdir?
20 Gəlin, 2003-cü il ərzində özümüzə sual verək: Səmavi Atamıza yaxınlaşmaq üçün daim cəhd göstəririkmi? Əgər göstəririksə, söz verdiyi kimi, O da bizə doğru addım atacaqdır. Axı Yehova “yalan danışmayan” Allahdır (Titusa 1:2). Əgər Ona yaxınlaşırıqsa, O da bizə yaxınlaşacaqdır (Yaqub 4:8). Bu hansı səmərələri gətirəcəkdir? Hal-hazırda bol-bol xeyir-dualar, əbədiyyət boyunca isə Yehovaya daima yaxınlaşmaq imkanı!
[Haşiyə]
a Bu fikir, “Gözətçi Qülləsi”nin 2000-ci il 1 may sayında (rus.), 28-31 səhifələrdə dərc edilmiş “Yehova ürəyimizdən böyükdür” adlı məqalə haqqındadır.
Yadınızdadırmı?
• Yehova Ona yaxınlaşan kəslərə hansı bəxşişi verir?
• Yehova xalqının ruhani müdafiəsi üçün nə edir?
• Nəyə görə duada Yehovaya yaxınlaşmaq üçün bizə bəxş edilən imkan bu qədər qiymətlidir?
• Müqəddəs Kitabda necə göstərilir ki, Yehova yaratdığı dərrakəli varlıqların sədaqətli xidmətini qiymətləndirir?
[15-ci səhifədəki şəkil]
Ruhani həqiqətləri anlamaqla Yehova bizə xeyir-dua verib.
[16 və 17-ci səhifələrdəki şəkillər]
Yehova ruhani müdafiəni tə’min edir.