Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/8 s. 15—19
  • Yehova iztirab çəkənləri qurtarır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova iztirab çəkənləri qurtarır
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Problemlərin nəticəsi
  • Günahlı təbiətimiz bizi kədərləndirə bilər
  • İmkanlarımızın məhdudluğu bizi ruhdan sala bilər
  • «Çətin anlar» bizi üzə bilər
  • Mə’yusluğun öhdəsindən necə gəlmək olar?
  • Allahın «güclü əlinin altında» yaşayın
  • Sıxıntı vaxtında Yehova bizim qalamızdır
    Gözətçi qülləsi 2004
  • Yehova sənin qayğına qalır
    Gözətçi qülləsi 2003
  • Depressiyada olanlara təsəlli
    Depressiyada olanlara təsəlli
  • «Hər cür təsəlli» verən Yehovaya güvən!
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/8 s. 15—19

Yehova iztirab çəkənləri qurtarır

«Salehlər çox bəlaya düçar olar, lakin Rəbb onları hər birindən qurtarır» (MƏZMUR 34:19).

1, 2. Bir sadiq məsihçi hansı problemlə üzləşmişdi və nə üçün bizdə də oxşar hisslər baş qaldıra bilər?

KEYKOa adlı cavan qadın 20 ildən artıqdır ki, Yehovanın Şahididir. Bir müddət o, daimi pioner, yə’ni Padşahlığın tammüddətli təbliğçisi kimi xidmət etmişdir. Bu xidmət növü onun üçün çox əziz idi. Lakin yaxınlarda Keykonu ümidsizlik və tənhalıq hissləri çulğadı. O deyir: «Ağlamaqdan başqa heç nə edə bilmirdim». Cansıxıcı fikirlərdən yaxa qurtarmaq üçün Keyko şəxsi öyrənməyə daha çox vaxt ayırmağa başladı. O deyir: «Vəziyyətimi dəyişdirə bilmədiyim üçün, iş o yerə çatdı ki, artıq ölmək istəyirdim».

2 Sən də əlacsızlıq hissi ilə mübarizə aparmalı olmusanmı? Yehovanın Şahidi olduğun üçün sevinməyə çoxlu səbəblərin var, çünki Allaha sədaqət «indiki və gələcək həyat üçün ümid verir» (1 Timoteyə 4:8). Hal-hazırda sən ruhani cənnətdə yaşayırsan! Lakin bu o deməkdirmi ki, sənin nə problemlərin, nə də ruh düşkünlüyün olacaq? Xeyr! Müqəddəs Kitab deyir: «Salehlər çox bəlaya düçar olar, lakin Rəbb onları hər birindən qurtarır» (Məzmur 34:19). Bu təəccüblü deyil, çünki «bütün dünya... şəririn», Şeytan İblisin «hakimiyyəti altındadır» (1 Yəhya 5:19). Hər birimiz müəyyən dərəcədə həyatımızda bunun nəticələrini hiss edirik (Efeslilərə 6:12).

Problemlərin nəticəsi

3. Müqəddəs Kitabda haqlarında yazılan şiddətli kədər hissi keçirən Allahın xidmətçilərindən nümunə gətirin.

3 Uzun sürən problem bizim baxışımızı bütünlüklə tutqunlaşdıra bilər (Süleymanın məsəlləri 15:15). Saleh Əyyuba diqqət yetirək. Ağır sınaq içində ikən Əyyub belə dedi: «Qadından doğulan insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur» (Əyyub 14:1). Əyyub sevincini itirmişdi. O, bir müddət hətta Yehovanın onu tərk etdiyini düşünürdü (Əyyub 29:1-5). Allahın xidmətçiləri arasında şiddətli iztirab çəkən təkcə Əyyub olmamışdır. Müqəddəs Kitabda yazılıb ki, Xanna sonsuz olduğuna görə ‘ürəyi yanırdı’ (1 Şamuel 1:9-11). Ailəsindəki vəziyyətə görə əzab çəkən Rivqa həyatından bezdiyini söylədi (Yaradılış 27:46). Öz səhvləri üzərində düşünərkən Davud dedi: «Daim yaslı gəzirəm» (Məzmur 38:6). Bu nümunələrdən aydın görünür ki, məsihçiliyə qədərki dövrdə də Allahdan qorxan insanların şiddətli kədər hissi keçirdiyi vaxtlar olmuşdur.

4. Bu gün məsihçilər arasında ‘kədərlilərin’ olması nə üçün təəccüblü deyil?

4 Bəs məsihçilər haqda nə demək olar? Həvari Pavel saloniklilərə ‘kədərli olanlara’ təsəlli vermələrini söyləməyi vacib bilmişdi (1 Saloniklilərə 5:14, YD). Bir arayış əsərində qeyd olunur ki, «kədərli olanlar» kimi tərcümə edilən yunan sözü «müvəqqəti olaraq həyatın çətinliklərinə görə ruh düşkünlüyünə qapılan» adamlara da aid edilə bilər. Pavelin sözləri göstərir ki, Salonikdəki yığıncaqda ruhla məsh olunmuş bə’zi məsihçilər mə’yus idilər. Bu gün də məsihçilər arasında mə’yus olanlar vardır. Onların belə vəziyyətlərinin səbəbi nədir? Gəlin geniş yayılmış üç səbəbi araşdıraq.

Günahlı təbiətimiz bizi kədərləndirə bilər

5, 6. Romalılara 7:22-25 ayələri bizə necə təsəlli verir?

5 ‘Hər cür həssaslığı itirən’ pozğun insanlardan fərqli olaraq, günahlı olmaları həqiqi məsihçiləri incidir (Efeslilərə 4:19). Onlar da Pavelin keçirdiyi eyni hissləri keçirə bilərlər. O yazırdı: «Allahın Qanunundan daxili varlığıma görə zövq alıram. Lakin mən üzvlərimdə başqa bir qanun da görürəm ki, o, ağlımın təsvib etdiyi qanun ilə mübarizə edir və üzvlərimdə olan günah qanununa məni əsir edir». Sonra Pavel nida edir: «Nə zavallı adamam!» (Romalılara 7:22-24).

6 Sən də heç Pavelin keçirdiyi hissləri keçirmisənmi? Qeyri-kamilliyini dərindən başa düşmək heç də pis deyildir, çünki bunun sayəsində günahın təhlükəli olduğunu dərk edəcək və pislikdən qaçmağa daha qətiyyətli olacaqsan. Lakin bu o demək deyildir ki, sən səhvlərinə görə daima əzab çəkməlisən. Pavel keçirdiyi hisslərini bölüşdükdən sonra əlavə etdi: «Rəbbimiz İsa Məsih vasitəsi ilə Allaha şükür edirəm!» (Romalılara 7:25). Bəli, Pavel əmin idi ki, İsanın tökülən qanı onu miras alınmış günahdan xilas edə bilər (Romalılara 5:18).

7. İnsana günahlı meyllərinə görə mə’yusluğa qapılmamağa nə kömək edə bilər?

7 Əgər günahlı təbiətin sənə əziyyət verirsə, qoy həvari Yəhyanın sözləri sənə təsəlli olsun. O yazırdı: «Əgər biri günaha batsa belə, Atanın yanında Müdafiəçiyə, yə’ni adil olan İsa Məsihə malikik. O Özü günahlarımız və yalnız bizim deyil, bütün dünyanın günahları üçün əfv tə’min edən qurbandır» (1 Yəhya 2:1, 2). Əgər sən özünün günahlı meyllərinə görə üzülürsənsə, heç vaxt unutma ki, İsa kamil insanlar üçün deyil, günahkarlar üçün ölüb. Əslində «hamı günah işlətmiş və Allahın izzətindən məhrumdur» (Romalılara 3:23).

8, 9. Nə üçün ittihamedici fikirləri özümüzdən qovmalıyıq?

8 Fərz edək ki, sən keçmişdə ciddi günah işlətmisən. Şübhəsiz, bu haqda duada Yehovaya demisən, güman ki, bir yox, bir neçə dəfə. Məsihçi ağsaqqallarından ruhani kömək almısan (Yaqub 5:14, 15). Həqiqətən tövbə etdiyin üçün yığıncağın üzvü olaraq qalmısan. Və ya bəlkə də sən bir müddət Allahın təşkilatını tərk etmiş, ancaq sonralar peşman olmuş və təmiz adını bərpa etmisən. Hər iki halda, keçmiş günahın yadına düşüb, səni kədərləndirə bilər. Belə hallarda unutma ki, həqiqətən peşman olanlar üçün Yehovanın «əfvi boldur» (Yeşaya 55:7). Bundan başqa, O istəmir ki, sən bağışlanmayacağını düşünəsən. Bunu istəyən Şeytandır (2 Korinflilərə 2:7, 10, 11). Şeytanı məhv gözləyir, çünki o buna layiqdir, lakin o elə etmək istəyir ki, sən də eyni hökmə layiq olduğunu düşünəsən (Vəhy 20:10). Şeytana yol vermə ki, imanını məhv etməyə müvəffəq olsun (Efeslilərə 6:11). Əksinə, başqa hallarda olduğu kimi, bu halda da ‘ona qarşı dur’ (1 Peter 5:9).

9 Vəhy 12:10 ayəsində Şeytan «qardaşlarımızın», yə’ni məsh olunmuşların «ittihamçısı» adlanır. İblis ‘onları Allahımızın önündə gecə və gündüz ittiham edir’. Bu ayə üzərində fikirləşsən başa düşəcəksən ki, Yehova səni ittiham etmədiyi halda sən özün-özünü qınayıb və ittiham etsən, Şeytan sevinəcək (1 Yəhya 3:19-22). Nə üçün günahlarına görə əzab içində o qədər qıvrılasan ki, tərk edildiyini düşünəsən? Şeytana Allahla münasibətini məhv etməyə icazə vermə. Heç vaxt Şeytana imkan vermə ki, Yehovanın ‘rəhmli və lütfkar, hədsiz səbirli, bol məhəbbətli’ olduğuna gözlərini yumsun (Çıxış 34:6).

İmkanlarımızın məhdudluğu bizi ruhdan sala bilər

10. İmkanlarımızın məhdudluğu bizi necə ruhdan sala bilər?

10 Bə’zi məsihçilər xidmətdə istədikləri qədər iştirak edə bilmədiklərinə görə ruhdan düşürlər. Bu səninlə də baş verirmi? Ola bilər, ciddi xəstəlik, qocalıq və ya başqa səbəblər ucbatından xidmətə əvvəlki qədər vaxt sərf edə bilmirsən. Düzdür, məsihçilər Allaha xidmət etmək üçün vaxtı satın almağa təşviq olunurlar (Efeslilərə 5:15, 16). Bəs əgər daha çox xidmət etməyinə mane olan səbəblər ciddidirsə və bu da səni ruhdan salırsa, onda necə?

11. Pavelin Qalatiyalılara 6:4 ayəsində yazılmış məsləhəti bizə necə kömək edə bilər?

11 Müqəddəs Kitab bizi ‘tənbəl olmamağa, və’d olunanları iman və səbirliliklə miras alanlardan nümunə götürməyə’ çağırır (İbranilərə 6:12). Bunu yalnız onların gözəl nümunələrini tədqiq etmək və imanlarını təqlid etməklə bacararıq. Lakin özümüzü başqaları ilə müqayisə edir və heç bir işi yaxşı görmədiyimiz qənaətinə gəliriksə, bu fayda gətirməyəcək. Buna görə də, Pavelin məsləhətinə əməl etmək yaxşı olardı: «Qoy hər kəs öz işini sınasın və o zaman başqası ilə deyil, özü ilə iftixara səbəb olsun» (Qalatiyalılara 6:4).

12. Yehovaya xidmət edərkən sevinməyə hansı səbəblərimiz vardır?

12 Məsihçilərin sağlamlıqla bağlı ciddi problemləri olduqda belə şadlanmaq üçün əsaslı səbəbləri vardır. Müqəddəs Kitab bizi əmin edir: «Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İbranilərə 6:10). Ola bilər ki, səndən asılı olmayan səbəblərə görə xidmətdə əvvəlki qədər iştirak edə bilməyəsən. Buna baxmayaraq, Yehovanın köməyilə xidmətin müəyyən növlərində, məsələn, telefon və ya məktubla şahidlik etməkdə daha səmərəli iştirak edə bilərsən. Əmin ol ki, Yehova Allah ürəkdən etdiyin xidmətə, Ona və insanlara göstərdiyin məhəbbətə görə sənə xeyir-dua verəcək (Matta 22:36-40).

«Çətin anlar» bizi üzə bilər

13, 14. a) «Çətin anlar» bizə necə əziyyət verə bilər? b) İnsanların yaxınlarına qarşı şəfqətsiz olduqları bizim günlərdə necə aydın görünür?

13 Allahın saleh dünyasında yaşamaq ümidimiz olsa da, hal-hazırda ‘çətin anlarda’ yaşayırıq (2 Timoteyə 3:1). Kədərli hadisələrin qurtuluşumuzun yaxın olduğunu göstərdiyini bilmək bizə təsəlli verir. Bununla belə, ətrafdakı vəziyyət bizə də öz tə’sirini göstərir. Məsələn, ola bilsin, sən işsizsən, iş tapmaq isə çətindir. Aylar keçir və sən düşünürsən: «Görəsən Yehova dualarımı eşidirmi, Onun mənim vəziyyətimdən xəbəri varmı?» Yaxud bəlkə də ayrıseçkiliyin və ya başqa ədalətsizliyin qurbanı olmusan. Hətta qəzetlərdəki başlıqları nəzərdən keçirəndə, ola bilsin, ətrafındakıların pozğun davranışından «əziyyət çəkən saleh» Lutun keçirdiyi hissləri keçirirsən (2 Peter 2:7).

14 Axır günlərin yan keçə bilməyəcəyimiz bir səciyyəvi xüsusiyyəti də vardır. Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, çoxları yaxınlarına qarşı «şəfqətsiz» olacaqlar (2 Timoteyə 3:3). Bir çox evlərdə ailə üzvləri arasında məhəbbət kəskin surətdə çatışmır. «Ailədə zorakılıq» kitabında deyilir: «Faktlara əsasən, qətl hallarına ən çox ailədə rast gəlinir, insanlar fiziki zorakılığa, emosional və ya seksual təhqirlərə başqalarından çox ailə üzvləri tərəfindən mə’ruz qalırlar. İnsanların sevildiklərini və özlərini təhlükəsizlikdə hiss etməli olduqları yer, bə’zi uşaqlar və böyüklər üçün ən təhlükəli yerdir». Pis ailə mühitində böyüyənlər sonralar təşviş və əlacsızlıq hiss edə bilərlər. Əgər səninlə də bu baş verirsə, onda necə?

15. Yehovanın məhəbbəti hər hansı insanın məhəbbətindən nə dərəcədə üstündür?

15 Məzmurçu Davud oxuyurdu: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» (Məzmur 27:10). Yehovanın məhəbbətinin istənilən valideynin məhəbbətindən qat-qat artıq olduğunu bilmək necə də təsəllivericidir! Valideynlərinin laqeydliyi, pis rəftarı, səndən imtina etmələri nə dərəcədə ağır olsa da, bu Yehovanın sənə olan qayğısına əsla tə’sir etmir (Romalılara 8:38, 39). Yadda saxla ki, Yehova sevdiyi adamları Özünə cəlb edir (Yəhya 3:16; 6:44). İnsanların səninlə necə rəftar etmələrindən asılı olmayaraq, səmavi Atan səni sevir!

Mə’yusluğun öhdəsindən necə gəlmək olar?

16, 17. Mə’yusluq hiss edəndə insan ruhən zəifləməmək üçün nə edə bilər?

16 Mə’yusluğun öhdəsindən gəlmək üçün müəyyən addımları ata bilərsən. Məsələn, ruhlandırıcı məsihçi xidmətində iştirak et. Xüsusilə də mə’yusluq dəfedilməz göründükdə Allahın Kəlamı üzərində düşün. Məzmurçu oxuyurdu: «Mən “büdrəyir ayağım” deyən zaman, ya Rəbb, mənə məhəbbətinlə dayaqsan. Mən daxilən çox narahat olarkən təsəlli verərək məni fərəhləndirirsən» (Məzmur 94:18, 19). Müntəzəm olaraq Müqəddəs Kitabı oxuduqda zehnin təsəlliverici sözlərlə və ruhlandırıcı fikirlərlə dolacaq.

17 Dua da çox vacibdir. Hətta ürəyinin dərinliyindəki hissləri sözlərlə ifadə edə bilməyəndə də, Yehova nə demək istədiyini bilir (Romalılara 8:26, 27). Məzmurçu bizi əmin edir: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz» (Məzmur 55:22).

18. Depressiyadan əziyyət çəkən insan nə edə bilər?

18 Bə’zilərinin ruh düşkünlüyü depressiyadan əziyyət çəkmələri ilə əlaqədardırb. Əgər sən də bundan əziyyət çəkirsənsə, bacardığın qədər diqqətini Allahın yeni dünyasına və ‘heç bir sakinin “xəstəyəm” deməyəcəyi’ vaxta yönəltməyə çalış (Yeşaya 33:24). Əgər belə vəziyyətin vaxtaşırı olan mə’yusluq hissindən daha uzun müddət davam edirsə, həkimə müraciət etmək müdriklik olardı (Matta 9:12). Sağlamlığın qayğısına qalmaq çox vacibdir. Müalicəvi pəhriz və gimnastikanın faydası dəyə bilər. Kifayət qədər istirahət et. Gecəyə kimi televizora baxma, səni fiziki və emosional cəhətdən gücdən salan əyləncələrdən qaç. Ən əsası isə Allahın işi ilə məşğul olmağa davam et. Yehovanın ‘gözlərdən bütün yaşları siləcəyi’ vaxt hələ çatmasa da, O, tab gətirməkdə sənə kömək olacaqdır (Vəhy 21:4; 1 Korinflilərə 10:13).

Allahın «güclü əlinin altında» yaşayın

19. Yehova iztirab çəkənlərə nə və’d edir?

19 Müqəddəs Kitab əmin edir ki, salehin bəlası çox olduğuna baxmayaraq, ‘Rəbb onların hər birindən onu qurtarır’ (Məzmur 34:19). Allah bunu necə edir? Həvari Pavel ‘bədənindəki neştərdən’ xilas olmaq üçün dəfələrlə dua edəndə Yehova ona dedi: «Mənim qüdrətim zəiflikdə kamilləşir» (2 Korinflilərə 12:7-9). Yehova Pavelə nə və’d etmişdi, bəs sənə hansı və’di verir? O, dərhal şəfa yox, tab gətirmək üçün güc verməyi və’d edir.

20. 1 Peter 5:6, 7 ayələri bizi nəyə əmin edir?

20 Həvari Pavel yazır: «Allahın güclü əlinin himayəsi altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın. Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur» (1 Peter 5:6, 7). Yehova qayğına qaldığı üçün heç vaxt səni tərk etməyəcək. Sınaqlarına baxmayaraq, O sənə kömək edəcək. Yadda saxla ki, sadiq məsihçilər ‘Allahın güclü əlinin himayəsi altındadırlar’. Yehovaya xidmət etdiyimizdən, O, tab gətirmək üçün bizə güc verir. Əgər Ona sadiq qalsaq, heç bir şey bizim ruhani sağlamlığımıza zərər vura bilməyəcək. Buna görə də, gəlin Yehovanın qarşısında nöqsansızlığımızı qoruyaq ki, Onun və’d etdiyi yeni dünyada əbədi həyatı alaq və iztirab çəkənləri həmişəlik qurtardığı günü görək!

[Haşiyələr]

a Ad dəyişdirilib.

b Ruh düşkünlüyündən fərqli olaraq, depressiya xəstəlikdir, bu zaman kədər daha uzun çəkir və şiddətli olur. Əlavə mə’lumat üçün «Gözətçi Qülləsi»nin 1989-ci il 15 iyul sayının 18-22-ci (rus.); 15 avqust sayının 20-23-cü səhifələrinə (rus.); 1996-cı il 1 sentyabr sayının 30-31-ci səhifələrinə (rus.) baxın.

Xatırlayırsınızmı?

• Nə üçün hətta Yehovanın xidmətçilərinin də problemləri ola bilər?

• Allahın xalqından bə’zilərinin ruh düşkünlüyünə qapılmasının bə’zi səbəbləri hansılardır?

• Yehova ruh düşkünlüyünün öhdəsindən gəlməkdə bizə necə kömək edir?

• Biz hansı mə’nada ‘Allahın güclü əlinin himayəsi altındayıq’?

[17-ci səhifədəki şəkillər]

Sınaqlara baxmayaraq, Yehovanın xalqının sevinmək üçün əsası vardır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş