Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Luka 1:1—24:53
  • Luka

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Luka
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Luka

LUKANIN YAZDIĞI MÜJDƏ

1 Möhtərəm Teofil!+ Bir çoxları hamımızın doğruluğuna əmin olduğu hadisələr barədə yazmağa cəhd edib.+ 2 (Bu hadisələri başlanğıcdan onların şahidi olmuş+ və Allahın sözünü bəyan edən insanlar+ bizə söyləmişlər.) 3 Odur ki, mən də onları sənə ardıcıllıqla yazmaq qərarına gəldim, çünki hər şeyi lap başdan dəqiqliklə araşdırmışam. 4 Beləcə, sən eşidib öyrəndiyin şeylərin doğruluğuna tam əmin ola bilərsən.+

5 Yəhudiyyə padşahı Hirodun* günlərində+ Əbiyya+ bölüyünə mənsub olan Zəkəriyyə adlı bir kahin vardı. Onun arvadı İlsəba Harun nəslindən idi. 6 Onların ikisi də Yehovanın qarşısında saleh idi, Onun bütün əmr və qanunlarına riayət edib təmiz həyat sürürdülər. 7 Amma uşaqları yox idi. İlsəba sonsuz idi və hər ikisi artıq qocalmışdı.

8 Bir gün Zəkəriyyə öz bölüyünün+ növbətçiliyi zamanı Allah qarşısında kahinlik xidmətini icra edirdi. 9 Kahinlik qaydası üzrə Yehovanın məbədinə girib+ buxur təqdim etmək+ növbəsi ona çatmışdı. 10 Buxur təqdim edilən vaxt bütün camaat bayırda dua edirdi. 11 Birdən Yehovanın mələyi buxur qurbangahının sağ tərəfində peyda olub Zəkəriyyəyə göründü. 12 Zəkəriyyə mələyi görəndə təşvişə düşüb bərk qorxdu. 13 Lakin mələk ona dedi: «Zəkəriyyə, qorxma, çünki Allah sənin yalvarışını eşitdi. Arvadın İlsəba sənə bir oğul doğacaq. Adını Yəhya qoyarsan.+ 14 Sən sevinib-şadlanacaqsan, onun doğulmasına çoxları sevinəcək,+ 15 çünki o, Yehovanın gözündə böyük olacaq.+ Amma onun dilinə şərab və başqa kefləndirici içki dəyməməlidir.+ O, hələ anasının bətnində ikən müqəddəs ruhla dolacaq.+ 16 İsrail oğullarının bir çoxunu onların Allahı Yehovaya tərəf döndərəcək.+ 17 Həmçinin ataların ürəyini uşaqlara,+ itaətsizləri salehlərin hikmətinə yönəltmək və xalqı Yehova üçün hazırlamaqdan ötrü+ Onun qarşısında İlyasın ruhu və gücü+ ilə yeriyəcək».

18 Zəkəriyyə mələyə dedi: «Bu necə ola bilər? Axı mən də, arvadım da qocayıq». 19 Mələk cavabında ona dedi: «Mən Allahın hüzurunda+ duran Cəbrayılam+ və bu şad xəbəri sənə söyləmək üçün göndərilmişəm. 20 Amma bunlar baş verənə qədər dilin tutulacaq, danışa bilməyəcəksən, ona görə ki vaxtı gələndə yerinə yetəcək sözlərimə inanmadın». 21 Bu arada camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngidiyinə mat qalmışdı. 22 O, çölə çıxanda camaatla danışa bilmədi. Onda adamlar onun məbəddə qeyri-adi bir şey gördüyünü başa düşdülər. Zəkəriyyənin dili açılmırdı, o, camaatla işarələrlə danışırdı. 23 O, məbəddə müqəddəs xidməti icra edib qurtarandan sonra evinə qayıtdı.

24 Bundan bir müddət sonra onun arvadı İlsəba hamilə qaldı və beş ay evdən bayıra çıxmadı. O belə deyirdi: 25 «Görün Yehova mənə necə yaxşılıq etdi! O, mənə nəzər saldı, məni el içində rüsvayçılıqdan qurtardı».+

26 İlsəbanın hamiləliyinin altıncı ayında Allah Cəbrayıl+ mələyi Cəlilənin Nasirə şəhərinə, 27 Davudun nəslindən olan Yusif adlı adamın nişanlısının+ yanına göndərdi. Qızın adı Məryəm idi.+ 28 Mələk qızın yanına gəlib dedi: «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» 29 Bu sözlərdən bərk həyəcanlanan Məryəm bu salamın nə demək olduğunu fikirləşməyə başladı. 30 Onda mələk dedi: «Məryəm, qorxma, sən Allahın gözündə lütf tapmısan. 31 Sən hamilə qalıb oğul doğacaqsan.+ Onun adını İsa qoyarsan.+ 32 O, böyük olacaq,+ Haqq-Taalanın Oğlu adlanacaq.+ Yehova Allah ona atası Davudun taxtını verəcək.+ 33 O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun Padşahlığının sonu olmayacaq».+

34 Məryəm isə mələyə dedi: «Bu, necə ola bilər? Axı mənim kişi ilə yaxınlığım olmayıb?»+ 35 Mələk cavabında ona dedi: «Müqəddəs ruh üzərinə gələcək,+ Haqq-Taalanın gücü sənin üstünə kölgə salacaq. Buna görə də bətnindən çıxana müqəddəs deyiləcək,+ o, Allahın Oğlu* adlanacaq.+ 36 Bax, sonsuz adlandırılan qohumun İlsəba da qoca yaşında bir oğlan uşağına hamilə qalıb və artıq altıncı ayındadır. 37 Çünki Allahın dediyi hər bir söz mütləq yerinə yetir».+ 38 Onda Məryəm dedi: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun». Bundan sonra mələk onun yanından ayrıldı.

39 Məryəm dərhal yığışıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə getdi. 40 Zəkəriyyənin evinə girib İlsəbanı salamladı. 41 İlsəba Məryəmin salamını eşidəndə bətnindəki uşaq tərpəndi. İlsəba müqəddəs ruhla doldu və 42 ucadan dedi: «Qadınlar arasında bəxtiyarsan, bətnindəki uşaq da bəxtiyardır! 43 Gör mənə necə böyük şərəf nəsib olub! Ağamın anası yanıma gəlib! 44 Bax, salamını eşidən kimi bətnimdəki uşaq sevincindən tərpəndi. 45 İman gətirdiyin üçün xoşbəxtsən, Yehovanın sənə söylədiyi hər şey yerinə yetəcək».

46 Məryəm dedi: «Qəlbim Yehovanı ucaldır,+ 47 ruhum Allahıma, Xilaskarıma görə cuşa gəlir,+ 48 çünki O, fağır bəndəsinə fikir verdi.+ Bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər.+ 49 Qüdrətli Allahım mənim üçün böyük işlər gördü. Onun adı müqəddəsdir.+ 50 Ondan qorxanlara nəsildən-nəslə mərhəmət göstərir.+ 51 Qolunun qüvvəti ilə böyük işlər gördü, ürəyində təkəbbürlü niyyət tutanları pərən-pərən etdi.+ 52 O, güclüləri taxtdan saldı,+ fağırları yüksəltdi.+ 53 Acları naz-nemətlə doyurdu,+ varlıları əliboş qaytardı. 54 O, qulu İsrailin imdadına çatdı. 55 Bununla göstərdi ki, İbrahimə və onun övladlarına*+ mərhəmət göstərəcəyi haqda verdiyi vədi heç vaxt unutmur.+ O, bunu ata-babalarımıza söyləmişdi». 56 Məryəm İlsəbanın yanında təqribən üç ay qaldı və sonra evinə qayıtdı.

57 İlsəbanın doğmaq vaxtı gəldi və o, bir oğlan uşağı doğdu. 58 Qohumlar, qonşular Yehovanın ona böyük mərhəmət göstərdiyini eşidib onunla birgə sevindi.+ 59 Səkkizinci gün onlar uşağı sünnət etməyə gəldilər+ və ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60 Lakin uşağın anası dedi: «Yox! Onun adı Yəhya olacaq». 61 Ona dedilər: «Axı qohumlarınız arasında bu adda adam yoxdur». 62 Sonra gedib uşağa hansı adı qoymaq istədiyini işarə ilə atasından soruşdular. 63 O, bir lövhəcik istədi və orada «uşağın adı Yəhyadır»+ yazdı. Hamı buna təəccüb etdi. 64 O anda Zəkəriyyənin dili açıldı, danışıq qabiliyyəti özünə qayıtdı+ və o, Allaha alqış oxumağa başladı. 65 Onlarla qonşuluqda yaşayanların hamısı qorxuya düşdü. Bu hadisələrin sorağı Yəhudiyyənin bütün dağlıq bölgəsinə yayıldı. 66 Bunları eşidənlər: «Görəsən, bu uşaq kim olacaq?» — deyə düşünürdülər, çünki Yehova onunla idi.

67 Uşağın atası Zəkəriyyə müqəddəs ruhla dolub peyğəmbərlik etməyə başladı: 68 «İsrailin Allahı Yehovaya alqış olsun!+ Çünki O, Öz xalqına nəzər saldı, ona nicat yolunu açdı.+ 69 Qulu Davudun evindən+ bizə güclü bir xilaskar*+ yetirdi. 70 O, qədimdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə+ 71 bizi düşmənlərimizin və bizə nifrət edənlərin əlindən qurtaracağını söyləmişdi.+ 72 O, ata-babalarımıza vəd etdiyi kimi, bizə mərhəmət göstərəcək, müqəddəs əhdini,+ 73 atamız İbrahimə içdiyi andı yadına salacaq.+ 74 Bizi düşmənlərin əlindən qurtardıqdan sonra Ona ömür boyu cəsarətlə, 75 sədaqət və salehlik içində qulluq etmək şərəfini bizə nəsib edəcək. 76 Ey körpə, sən isə Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, ona görə ki Yehovanın qarşısında gedib Onun yollarını hazırlayacaqsan,+ 77 Onun xalqına günahların əfvi vasitəsilə xilas olunacağını bildirəcəksən.+ 78 Bu, Allahımızın rəhmi sayəsində olacaq. Bu rəhmin sayəsində göydən gələn şəfəq üzərimizə nur saçacaq, 79 zülmətdə və ölüm kölgəsində oturanlara işıq verəcək,+ addımlarımızı sülh yoluna yönəldəcək».

80 Uşaq böyüdü və Allahın ruhu sayəsində möhkəmləndi. İsrail xalqının qarşısına çıxmaq vaxtı gələnə qədər çöllükdə yaşadı.

2 O günlərdə Sezar Avqust bütün imperiyada* əhalinin siyahıya alınması üçün fərman verdi. 2 (Bu, ilk siyahıyaalma idi və Kirini Suriyanın valisi olanda keçirilmişdi.) 3 Hər kəs qeydiyyatdan keçmək üçün öz şəhərinə getdi. 4 Yusif+ də Davud evindən və nəslindən olduğuna görə Cəlilənin Nasirə şəhərindən çıxıb Yəhudiyyəyə, Davudun Beytləhm+ adlanan şəhərinə yola düşdü. 5 O, artıq Məryəmlə evləndiyi üçün+ onunla birlikdə qeydiyyatdan keçməyə getdi. Məryəm bir azdan doğmalı idi.+ 6 Onlar Beytləhmdə olarkən Məryəmin doğmaq vaxtı gəldi. 7 Məryəm bir oğlan uşağı doğdu. Bu, onun ilki idi.+ O, uşağı bələyib tövlədə axura qoydu,+ çünki mehmanxanada yer tapa bilməmişdilər.

8 O yerlərdə çobanlar vardı, onlar çöldə qalıb gecələr sürülərinin keşiyini çəkirdilər. 9 Birdən Yehovanın mələyi onların qarşısında peyda oldu və Yehovanın calalı onların ətrafına nur ələdi. Çobanları qorxu bürüdü. 10 Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün insanlara bəxtiyarlıq bəxş edəcək müjdəni çatdırmağa gəlmişəm. 11 Bu gün Davudun şəhərində+ sizin üçün xilaskar,+ Ağa Məsih doğulub.+ 12 Sizə nişan verirəm: axurun içində, bələkdə bir körpə tapacaqsınız». 13 Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər*+ göründü. Onlar Allahı mədh edərək deyirdilər: 14 «Göylərdəki Allahımıza alqış olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!»

15 Mələklər göyə qalxandan sonra çobanlar bir-birinə dedilər: «Gəlin elə bu saat durub Beytləhmə gedək və Yehovanın bizə bildirdiyi bu hadisəni gözümüzlə görək». 16 Onlar dərhal yola düşdülər, gəlib Məryəmi, Yusifi və axurda yatan körpəni tapdılar. 17 Bunu görəndə mələyin bu uşaq haqqında söylədiklərini onlara danışdılar. 18 Çobanların dediklərini eşidənlər mat-məəttəl qaldılar. 19 Məryəm isə eşitdiklərini ürəyində saxlayır, onların mənası üzərində düşünürdü.+ 20 Sonra çobanlar görüb-eşitdikləri hər şey üçün Allaha həmd-səna edə-edə geri qayıtdılar. Hər şey onlara deyildiyi kimi idi.

21 Səkkizinci gün körpəni sünnət etmək+ vaxtı gələndə onun adını İsa qoydular. Bu adı hamilə qalmazdan əvvəl Məryəmə mələk söyləmişdi.+

22 Musanın Qanununa əsasən,+ pak olmaq vaxtları yetişəndə uşağı Yehovaya təqdim* etmək üçün Yerusəlimə gətirdilər. 23 Çünki Yehovanın qanununda «ilk doğulan oğlan uşağı Yehovaya məxsusdur*»+ deyilmişdir. 24 Onlar həmçinin Yehovanın Qanunundakı «bir cüt qumru quşu, ya da iki bala göyərçin gətirin»+ buyruğuna əsasən qurban gətirdilər.

25 Yerusəlimdə Şəmun adlı saleh və mömin bir kişi vardı. O, İsrailin təsəlli tapacağı günləri gözləyirdi+ və müqəddəs ruh onun üzərində idi. 26 Allah müqəddəs ruh vasitəsilə ona bildirmişdi ki, o, Yehovanın Məsihini görməyincə ölməyəcək. 27 Şəmun müqəddəs ruhun təsiri ilə məbədə gəldi. Elə bu vaxt Yusif və Məryəm də Qanunun tələbini icra etmək üçün körpə İsanı məbədə gətirmişdilər.+ 28 Şəmun körpəni qucağına alıb Allaha alqış etdi: 29 «Ya Külli-İxtiyar Allah! Dediyin kimi, indi qulun qəbrə arxayın gedə bilər,+ 30 çünki xilas yolunu öz gözlərimlə gördüm,+ 31 o yolu ki Sən bütün xalqların önündə hazırladın.+ 32 O, xalqların+ gözündəki duvağı qaldıran işıqdır,+ xalqın İsrailin şərəfidir». 33 Uşağın atası ilə anası onun haqqında deyilənlərə təəccüblənirdilər. 34 Şəmun onlara xeyir-dua verib uşağın anası Məryəmə dedi: «Bax, bu körpə İsraildə bir çoxlarının yıxılması+ və yenidən qalxması üçündür.+ O, bir nişanədir, ona həqarətlə yanaşacaqlar.+ 35 (Səninsə bağrını, sanki, qılınc yaracaq.)+ Bununla bir çoxlarının ürəyinin düşüncələri üzə çıxacaq».

36 Aşir qəbiləsindən olan Fənuilin qızı peyğəmbər Hənnə də orada idi. (Artıq ahıl yaşına çatmış bu qadın ərə gedib əri ilə cəmi yeddi il yaşamış 37 və sonra dul qalmışdı. İndi onun səksən dörd yaşı vardı.) O, həmişə məbəddə olurdu, oruc tutub həraratlə dua edərək gecə-gündüz ibadət edirdi. 38 Bu vaxt bu qadın onlara yaxınlaşıb Allaha şükür etməyə və Yerusəlimin qurtuluşunu gözləyənlərə uşaq haqqında danışmağa başladı.+

39 Yusif və Məryəm Yehovanın qanununun tələb etdiyi hər şeyi icra etdikdən sonra+ Cəliləyə, öz şəhərləri Nasirəyə qayıtdılar.+ 40 Uşaq isə yavaş-yavaş böyüyür, güclənir və hikmətlə dolurdu. Allahın lütfü də onunla idi.+

41 Onun valideynləri hər il Yerusəlimə Pasxa bayramına+ gedirdilər. 42 İsanın on iki yaşı olanda valideynləri, həmişəki kimi, ora bayrama getdilər.+ 43 Amma qayıdanbaş İsa Yerusəlimdə qaldı, valideynlərinin isə bundan xəbəri yox idi. 44 Valideynləri onun yol yoldaşlarının arasında olduğunu düşünüb bir gün yol getdilər, sonra onu qohumların və tanış-bilişin arasında axtarmağa başladılar. 45 Onu tapmayanda Yerusəlimə qayıdıb orada axtardılar. 46 Nəhayət, üç gündən sonra onu məbəddə tapdılar. O, müəllimlərin arasında oturub onlara qulaq asır və sual verirdi. 47 İsanı dinləyənlərin hamısı onun zəkasına və cavablarına valeh olurdu.+ 48 Valideynləri onu görəndə mat-məəttəl qaldılar. Anası ona dedi: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik». 49 Amma İsa onlara dedi: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?»+ 50 Onlarsa İsanın nədən danışdığını başa düşmədilər.

51 İsa valideynləri ilə birlikdə Nasirəyə gəldi. O, bundan sonra da valideynlərinin sözündən çıxmadı.+ Anası bütün bu sözləri ürəyində qoruyub saxlayırdı.+ 52 İsa böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı.

3 Sezar Tiberinin hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudiyyənin valisi, Hirod*+ Cəlilənin, onun qardaşı Filip İtureya və Traxonitin, Lisani isə Abileniyanın hakimi olarkən, 2 baş kahin Qayafanın+ və böyük kahin Hənnanın günlərində çöllükdə Zəkəriyyənin oğlu Yəhyaya+ Allahdan bir buyruq gəldi.+

3 Yəhya İordanın ətrafındakı bölgələri gəzib-dolaşır, günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi* təbliğ edirdi,+ 4 necə ki Əşiya peyğəmbərin kitabında yazılmışdır: «Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın.+ 5 Bütün dərələr doldurulmalı, dağlar və təpələr alçaldılmalı, əyri-üyrü yollar düzəldilməli, kələ-kötür yerlər hamar olmalıdır. 6 Onda bütün bəşər Allahın xilas yolunu görəcək”».+

7 Yəhya vəftiz olunmaq üçün onun yanına gələnlərə belə deyirdi: «Ey əfi ilan balaları, qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?+ 8 Tövbəyə yaraşan bəhrələr gətirin. “Atamız İbrahimdir” deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yaradar. 9 Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq».+

10 Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 11 Yəhya cavabında onlara dedi: «İki dəst köynəyi olan adam birini köynəyi olmayana versin, yeməyi olan da bu cür etsin».+ 12 Hətta vergiyığanlar da vəftiz olunmağa gəlir+ və ondan soruşurdu: «Ustad, biz nə edək?» 13 Yəhya onlara belə deyirdi: «Camaatdan təyin olunmuş vergidən artığını tələb etməyin».+ 14 Əsgərlər də ondan soruşurdu: «Bəs biz nə edək?» Yəhya onlara deyirdi: «Heç kəsi incitməyin, heç kəsə şər atmayın,+ aldığınız zəhmət haqqına qane olun».

15 Xalq Məsihin intizarında idi. Hər kəs ürəyində Yəhya haqqında düşünürdü: «Bəlkə, Məsih budur?»+ 16 Yəhya hamıya belə cavab verirdi: «Mən sizi su ilə vəftiz edirəm. Amma məndən daha güclüsü gəlir. Mən onun ayağındakı səndəlin bağını belə, açmağa layiq deyiləm.+ O, sizi müqəddəs ruhla və alovla vəftiz edəcək.+ 17 O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdanı anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq».

18 Yəhya digər nəsihətlər də verib xalqa müjdəni bəyan edirdi. 19 Amma hakim Hirod qardaşı arvadı Hirodiadaya görə və digər pis işlərinə görə onu ifşa edən 20 Yəhyanı zindana atdı+ və bununla pis əməllərinin sayını daha da artırdı.

21 Camaat vəftiz olunarkən İsa da gəlib vəftiz olundu.+ O, dua edərkən göy açıldı+ 22 və müqəddəs ruh cismani şəkildə, bir göyərçin kimi onun üzərinə endi və göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam».+

23 İsa+ xidmətə başlayanda təqribən otuz yaşında idi.+ Belə hesab edirdilər ki, o,

Yusifin oğlu idi.

Yusif+ Əlinin oğlu,

24 Əli Məttatın,

Məttat Lavinin,

Lavi Məlkinin,

Məlki Yənnayın,

Yənnay Yusifin,

25 Yusif Məttəsyahın,

Məttəsyah Amusun,

Amus Nahumun,

Nahum Əsləyin,

Əsləy Nəqqayın,

26 Nəqqay Mahatın,

Mahat Məttəsyahın,

Məttəsyah Şimənin,

Şimən Yusihin,

Yusih Yudanın,

27 Yuda Yəhnanın,

Yəhnan Resanın,

Resa Zərubabilin+,

Zərubabil Şəəltiilin+,

Şəəltiil Nurinin,

28 Nuri Məlkinin,

Məlki Addinin,

Addi Kəsəmin,

Kəsəm Əlmədamın,

Əlmədam Əirin,

29 Əir Yuşənin,

Yuşə Əlyəzərin,

Əlyəzər Yurimin,

Yurim Məttatın,

Məttat Lavinin,

30 Lavi Şəmunun,

Şəmun Yəhudanın,

Yəhuda Yusifin,

Yusif Yunamın,

Yunam Əlyakimin,

31 Əlyakim Məlyanın,

Məlya Mənnanın,

Mənna Məttəsin,

Məttəs Natanın+,

Natan Davudun+,

32 Davud Yəssənin+,

Yəssə Abidin+,

Abid Buəzin+,

Buəz Salmanın+,

Salman Nəhsunun+,

33 Nəhsun Əminədabın,

Əminədab Arninin,

Arni* Həsrunun,

Həsrun Farəsin+,

Farəs Yəhudanın+,

34 Yəhuda Yaqubun+,

Yaqub İshaqın+,

İshaq İbrahimin+,

İbrahim Tarixin+,

Tarix Nahurun+,

35 Nahur Sərucun+,

Səruc Rəhunun+,

Rəhu Faliqin+,

Faliq Abirin+,

Abir Salehin+,

36 Saleh Qəynanın,

Qəynan Ərfəhsadın+,

Ərfəhsad Samın+,

Sam Nuhun+,

Nuh Ləmekin+,

37 Ləmek Mətuşələhin+,

Mətuşələh Hənuqun,

Hənuq Yarədin+,

Yarəd Məhlailin+,

Məhlail Qəynanın+,

38 Qəynan Ənuşun+,

Ənuş Şeysin+,

Şeys Adəmin+,

Adəm Allahın oğlu idi.

4 İsa müqəddəs ruhla dolaraq İordandan çıxıb getdi. Allahın ruhu onu çöllüyə apardı.+ 2 İsa çöllükdə qırx gün qaldı. Bu müddət ərzində o, heç bir şey yemədi və qırx gün başa çatanda acdı. Orada İblis onu imtahana çəkdi.+ 3 İblis ona dedi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daş çörəyə dönsün». 4 Lakin İsa ona dedi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır”».+

5 Sonra İblis İsanı yüksək bir yerə qaldırdı və bir göz qırpımında dünyanın bütün səltənətlərini ona göstərib+ 6 dedi: «Bunlar üzərində hakimiyyəti və onların cah-calalını sənə verəcəyəm, çünki bu, mənə verilib+ və mən onu kimə istəsəm, ona da verirəm. 7 Əgər sən bircə dəfə mənə səcdə qılsan, bütün bunlar sənin olacaq». 8 İsa ona cavab verdi: «Yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et”».+

9 Sonra İblis onu Yerusəlimə gətirib məbədin ən hündür yerinə qoydu və dedi: «Əgər sən Allahın oğlusansa, özünü buradan aşağı at,+ 10 axı yazılıb: “O, mələklərinə səni qorumağı əmr edəcək” 11 və “Ayağın daşa dəyməsin deyə, səni əlləri üstündə aparacaqlar”».+ 12 Cavabında İsa dedi: «Yazılıb: “Allahın Yehovanı sınağa çəkmə”».+ 13 Beləliklə, İblis imtahanı qurtarıb başqa bir fürsət tapana qədər ondan ayrıldı.+

14 Ruhun qüdrəti ilə dolmuş İsa Cəliləyə qayıtdı.+ Onun xoş sorağı hər tərəfə yayıldı. 15 İsa oradakı sinaqoqlarda vəz etməyə* başladı və hamının hörmətini qazandı.

16 O, boya-başa çatdığı Nasirə şəhərinə gəldi.+ Adəti üzrə şənbə günü sinaqoqa girdi+ və Müqəddəs Yazıları oxumaq üçün ayağa qalxdı. 17 Ona Əşiya peyğəmbərin tumarını verdilər. İsa tumarı açıb bu yeri tapdı: 18 «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara müjdə vermək üçün məsh etdi. O, məni əsirlərə azadlığı və korlara işığı təbliğ etmək, məzlumlara qurtuluş vermək,+ 19 Yehovanın iltifat ilini+ təbliğ etmək üçün göndərdi». 20 Bundan sonra o, tumarı bürmələyib xidmətçiyə verdi və oturdu. Sinaqoqda olanların gözü ona zillənmişdi. 21 İsa onlara dedi: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi».+

22 Hamı onu tərifləməyə başladı və ağzından çıxan lətif kəlmələrə heyran qaldı.+ Onlar bir-birindən soruşurdular: «Məgər bu, Yusifin oğlu deyil?»+ 23 İsa onlara dedi: «Yəqin siz “Təbib, əvvəlcə özünü sağalt” məsəlini mənə aid edəcəksiniz. “Kəfərnahumda+ gördüyün işlərin sorağı qulağımıza çatıb, onlardan öz el-obanda da elə”, — deyəcəksiniz». 24 Sonra əlavə etdi: «Əslində, heç bir peyğəmbəri öz yurdunda qəbul etmirlər.+ 25 Misal üçün, İlyasın vaxtında İsraildə çoxlu dul qadın var idi. O zaman üç il altı ay yağış yağmadığından böyük qıtlıq oldu,+ 26 amma İlyas bu qadınlardan heç birinin yanına göndərilmədi. O, yalnız Sidon torpağındakı Sarfatda yaşayan dul qadının yanına göndərildi.+ 27 Həmçinin Əlyəsə peyğəmbərin vaxtında İsraildə çoxlu cüzamlı var idi, amma onlardan heç biri təmizlənmədi. Yalnız arami Neman təmizləndi».+ 28 Sinaqoqdakılar bu sözləri eşidəndə bərk qəzəbləndilər+ 29 və ayağa qalxıb tez onu şəhərdən kənara çıxartdılar. Onu şəhərin salındığı dağın sıldırımına gətirib aşağı atmaq istədilər. 30 İsa onların arasından keçib yoluna davam etdi.+

31 Sonra o, Cəlilənin Kəfərnahum şəhərinə getdi və şənbə günləri orada vəz etməyə başladı.+ 32 Adamlar onun necə vəz etdiyinə heyran qalırdılar,+ çünki o, ixtiyar sahibi kimi danışırdı. 33 Sinaqoqda içinə cin, murdar ruh girmiş bir adam var idi. Bu adam ucadan qışqıraraq dedi:+ 34 «Ey nəsrani İsa! Bizdən nə istəyirsən?+ Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən».+ 35 Lakin İsa ona zəhmlə dedi: «Səsini kəs, ondan çıx». Cin hamının qabağında o adamı yerə sərdi və xətər yetirmədən ondan çıxdı. 36 Bunu görənlərin matı-qutu qurudu. Onlar bir-birinə deyirdilər: «Onun sözlərindəki hökmə, qüdrətə bir bax! Hətta murdar ruhlar onun əmrinə tabe olub adamlardan çıxırlar!» 37 İsanın sorağı get-gedə o bölgənin hər tərəfinə yayılırdı.

38 İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası qızdırma içində yatırdı. İsadan xahiş etdilər ki, onu sağaltsın.+ 39 O, xəstəyə yaxınlaşıb onun qızdırmasını saldı və qızdırma keçdi. Qadın dərhal ayağa qalxıb onlara qulluq etməyə başladı.

40 Günəş batanda camaat müxtəlif azarı olan xəstələrini onun yanına gətirdi. İsa əllərini hər birinin üzərinə qoyaraq onları sağaldırdı.+ 41 Bir çox adamdan cinlər çıxır və: «Sən Allahın Oğlusan!» — deyə qışqırırdı.+ Lakin İsa onlara hökm edərək danışmağı qadağan edirdi,+ çünki cinlər onun Məsih olduğunu bilirdilər.+

42 Sübh tezdən İsa çıxıb tənha bir yerə getdi.+ Camaat isə onu axtarmağa başladı və tapanda yalvar-yaxar edib onu yolundan saxlamağa çalışdı. 43 Lakin İsa onlara dedi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib».+ 44 Beləliklə, İsa Yəhudiyyədəki sinaqoqlarda təbliğ edirdi.

5 Bir dəfə İsa Gennesaret gölünün*+ sahilində durub Allahın sözünü xalqa öyrədirdi. Camaat qulaq asır və get-gedə onu sıxışdırırdı. 2 İsa gölün qırağında iki qayıq gördü. Balıqçılar qayıqlardan düşüb torlarını yuyurdular.+ 3 O, qayıqlardan birinə mindi. Bu qayığın sahibi Şimon idi. İsa ondan xahiş etdi ki, qayığı sahildən bir az aralasın. Sonra qayıqda əyləşib camaatın qarşısında vəz etməyə başladı. 4 İsa sözünü bitirəndə Şimona dedi: «Qayığı dərin bir yerə sürüb torları suya atın». 5 Şimon isə dedi: «Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq.+ İndi ki sən deyirsən, baş üstə, torları ataram». 6 Onlar belə etdikdə o qədər balıq tutdular ki, torları yırtılmağa başladı.+ 7 Onlar o biri qayıqdakı yoldaşlarını işarə ilə köməyə çağırdılar. Yoldaşları yaxınlaşıb hər iki qayığı balıqla doldurdular. Qayıqlar o qədər doldu ki, ağırlıqdan batmağa başladı. 8 Bunu görən Şimon Butrus İsanın ayaqlarına yıxılıb dedi: «Ağa, mən günahlı adamam, sənə layiq deyiləm». 9 Çünki bir belə balıq tutduqlarına görə onu və yanındakıları heyrət bürümüşdü. 10 Şimonla bərabər işləyən Zəbədinin oğlanları+ Yaqub və Yəhya da heyrət içində idilər. Amma İsa Şimona dedi: «Qorxma! İndən belə adam ovlayacaqsan».+ 11 Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər.+

12 Bir dəfə də İsa bir şəhərdə olanda başdan-ayağadək cüzam içində olan bir adamla rastlaşdı. Həmin adam İsanı görəndə onun qarşısında üzüqoylu yıxılıb yalvarmağa başladı: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən».+ 13 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən». Həmin andaca o adamın cüzamı keçdi.+ 14 İsa ona tapşırdı ki, bu barədə heç kimə danışmasın. Ona dedi: «Ancaq get, özünü kahinə göstər və onlara şəhadət olsun deyə,+ Musanın əmr etdiyi kimi,+ təmizləndiyin üçün qurban gətir». 15 Lakin İsanın sorağı daha çox yayılırdı, onu dinləmək və azar-bezardan şəfa tapmaq üçün onun yanına izdihamlar gəlirdi.+ 16 İsa dua etmək üçün tez-tez çöllüyə gedirdi.

17 Günlərin bir günü İsa vəz edirdi. Yerusəlimdən, Cəlilənin və Yəhudiyyənin bütün kəndlərindən gəlmiş fərisilər və Qanun müəllimləri də orada əyləşmişdilər. Yehova ona insanlara şəfa vermək gücü vermişdi.+ 18 Həmin vaxt bir neçə adam iflic olmuş bir xəstəni xərəkdə ora gətirdi və onu içəri salıb İsanın qarşısına qoymaq istədi.+ 19 Lakin basabas olduğundan içəri girə bilmədilər, ona görə də dama çıxıb kirəmitləri qaldırdılar və xəstəni xərəkdəcə tavandan aşağı salladıb İsanın qarşısındakı adamların arasına qoydular. 20 Onların imanını görən İsa xəstəyə dedi: «Qardaş, günahların bağışlandı».+ 21 Mirzələr və fərisilər isə düşünməyə başladılar: «Bu kimdir ki, belə küfr danışır? Allahdan başqa kim günah bağışlaya bilər?»+ 22 İsa onların fikirlərini başa düşüb dedi: «Ürəyinizdə nə fikirləşirsiniz? 23 “Günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, yeri”? 24 Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» İflic olmuş adama dedi: «Dur, xərəyi götür, evinə get».+ 25 Həmin adam dərhal ayağa qalxdı və xərəyi götürüb Allaha alqış oxuya-oxuya evinə yollandı. 26 Hamını heyrət bürüdü və onlar Allahı mədh etməyə başladılar. Onlar heyrət içində: «Biz hələ belə möhtəşəm şey görməmişik!» — deyirdilər.

27 Bundan sonra İsa çölə çıxıb Lavi adlı bir vergiyığanı gördü. O, vergi idarəsində oturmuşdu. İsa ona dedi: «Ardımca gəl».+ 28 O, hər şeyi qoyub ayağa qalxdı və İsanın ardınca getdi. 29 Lavi öz evində İsa üçün böyük ziyafət qurdu. Süfrə arxasında onlarla birlikdə çoxlu vergiyığan və başqa adamlar da var idi.+ 30 Fərisilər və onların mirzələri İsanın şagirdlərinə deyinməyə başladılar: «Niyə siz vergiyığanlarla, günahlılarla yeyib-içirsiniz?»+ 31 İsa onlara cavab verdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır.+ 32 Mən salehləri yox, günahlıları tövbəyə çağırmağa gəlmişəm».+

33 Onlar İsaya dedilər: «Yəhyanın və fərisilərin şagirdləri tez-tez oruc tutur, hərarətlə dualar edir, səninkilər isə yeyib-içir».+ 34 İsa onlara dedi: «Bəy yanlarında olarkən məgər onun dostlarını oruc tutmağa məcbur etmək olar? 35 Amma gün gələcək, bəyi+ aralarından götürəcəklər, bax o günlərdə onlar oruc tutacaqlar».+

36 Sonra İsa onlara bir misal çəkdi: «Heç kim təzə paltardan kəsib köhnə paltara yamaq tikmir, belə etsə, təzə yamaq qopar. Təzə paltardan kəsilmiş yamaq köhnə paltara yaramır.+ 37 Həmçinin heç kim təzə şərabı köhnə tuluqlara tökmür. Belə etsə, təzə şərab köhnə tuluqları yırtıb yerə tökülər, tuluqlar da yararsız olar. 38 Təzə şərab təzə tuluqlara tökülməlidir. 39 Köhnə şərabı içən təzə şərab istəməz. “Köhnə şərab yaxşıdır”, — deyər».

6 Bir şənbə günü İsa zəmilərin arasından keçirdi. Şagirdləri sünbül dərir,+ ovuclarında ovub yeyirdilər.+ 2 Bu zaman bir neçə fərisi dedi: «Siz niyə şənbə günü qadağan olunmuş işi görürsünüz?»+ 3 İsa cavabında onlara dedi: «Məgər oxumamısınız, Davudla yoldaşları acanda Davud nə etmişdi?+ 4 Onun Allahın evinə girib ona verilən təqdim çörəklərini* yediyini və yoldaşlarına da verdiyini bilmirsiniz? Halbuki bu çörəkləri kahinlərdən başqa heç kim yeyə bilməzdi».+ 5 İsa əlavə etdi: «İnsan Oğlu şənbənin ağasıdır».+

6 Başqa bir şənbə günü+ İsa sinaqoqa girib vəz etməyə başladı. Orada sağ əli qurumuş bir adam vardı.+ 7 Mirzələr və fərisilər İsanı ittiham etmək üçün bəhanə axtarırdılar. Buna görə də diqqətlə baxırdılar ki, görsünlər İsa şənbə günü adam sağaldacaq, ya yox. 8 İsa onların fikirlərini bilirdi,+ bununla belə, əli qurumuş adama dedi: «Dur, keç ortaya». O adam ayağa qalxıb ortaya keçdi. 9 Sonra İsa onlara dedi: «Sizdən soruşuram: şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?»+ 10 İsa hamıya göz gəzdirəndən sonra həmin adama dedi: «Əlini uzat». O, belə də etdi və əli sağaldı. 11 Onlar bərk qəzəbləndilər və öz aralarında götür-qoy etməyə başladılar ki, İsaya nə etsinlər.

12 O günlərdə İsa dua etmək üçün dağa qalxdı+ və bütün gecəni Allaha dua etdi.+ 13 Səhər açılanda şagirdlərini çağırıb aralarından on iki nəfər seçdi və onları həvari* adlandırdı.+ 14 Onlar İsanın Butrus adlandırdığı Şimon və onun qardaşı Andreas, Yaqub və Yəhya, Filip+ və Bartolmay, 15 Mətta və Tomas+, Alfayın oğlu Yaqub, Qeyrətli ləqəbi verilmiş Şimon, 16 Yaqubun oğlu Yəhuda və sonradan satqın çıxan Yəhuda İskəryut idi.

17 İsa onlarla birlikdə aşağı enib düzənlik bir yerdə dayandı. Orada onun çoxlu şagirdi və bütün Yəhudiyyə, Yerusəlim, Sur və Sidonun sahilboyu bölgələrindən gəlmiş xeyli adam vardı. Onlar İsanı dinləmək və xəstəliklərindən şəfa tapmaq üçün yığışmışdılar. 18 Hətta murdar ruhların əziyyət verdiyi adamlar da sağalırdılar. 19 Camaat ona toxunmağa çalışırdı, çünki ondan güc çıxır+ və onları sağaldırdı.

20 İsa şagirdlərinə baxıb dedi:

«Ey yoxsullar, siz xoşbəxtsiniz, çünki Allahın Padşahlığı sizindir.+

21 Ey indi aclıq çəkənlər, siz xoşbəxtsiniz, çünki doyacaqsınız.+

Ey indi ağlayanlar, siz xoşbəxtsiniz, çünki güləcəksiniz.+

22 İnsan Oğlundan ötrü sizə nifrət edəndə,+ sizi qovanda,+ təhqir edəndə və adınızı bədnam edəndə siz necə də xoşbəxtsiniz. 23 O gün sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı onların ata-babaları da peyğəmbərlərlə bu cür rəftar etmişdilər.+

24 Ancaq, ey varlılar, vay halınıza!+ Siz təsəllinizi artıqlaması ilə almısınız.+

25 Ey qarnı toxlar, vay halınıza! Siz aclıq çəkəcəksiniz.

İndi gülənlər, vay halınıza! Siz yas tutub ağlayacaqsınız.+

26 Hamı sizi tərifləyəndə vay halınıza!+ Onların ata-babaları yalançı peyğəmbərləri də tərifləyirdilər.

27 Məni dinləyənlərə isə deyirəm: düşmənlərinizi həmişə sevin, sizə nifrət edənlərə həmişə yaxşılıq edin,+ 28 sizə lənət yağdıranlara həmişə xeyir-dua verin, sizi təhqir edənlər üçün həmişə dua edin.+ 29 Bir yanağına vurana o biri yanağını da çevir və üst paltarını götürəndən köynəyini də əsirgəmə.+ 30 Kimsə səndən bir şey istəyəndə ver.+ Səndən götürülən şeyi geri istəmə.

31 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.+

32 Təkcə sizi sevənləri sevirsinizsə, məgər böyük iş görürsünüz? Günahlılar da onları sevənləri sevirlər.+ 33 Sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, məgər böyük iş görürsünüz? Günahlılar da eyni şeyi edirlər. 34 Həmçinin borcunuzu qaytaracağına arxayın olduğunuz adamlara borc* verirsinizsə, nə böyük iş görürsünüz?+ Günahlılar da günahlılara borc verirlər ki, sonra eyni məbləği geri alsınlar. 35 Amma siz həmişə düşmənlərinizi sevin, yaxşılıq edin, borc verin və borcunuzun qaytarılacağını gözləməyin.+ Onda mükafatınız böyük olacaq və siz Haqq-Taalanın oğulları olacaqsınız, çünki O, naşükürlərə və pislərə qarşı xeyirxahdır.+ 36 Atanız mərhəmətli olduğu kimi, siz də həmişə mərhəmətli olun.+

37 Daha insanları mühakimə etməyin, onda mühakimə olunmazsınız.+ İnsanları məhkum etməyin, onda məhkum olunmazsınız. İnsanları bağışlayın, onda bağışlanacaqsınız.+ 38 Həmişə verin, onda sizə də verəcəklər.+ Ətəyinizə silkələnib-basılmış, ağzınacan doldurulmuş, dopdolu bir ölçü ilə tökəcəklər. Çünki hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər».

39 Sonra İsa onlara bir misal çəkdi: «Heç kor kora bələdçilik edər? Məgər ikisi də çuxura düşməz?+ 40 Şagird ustadından üstün deyil, amma mükəmməl təlim almış adam öz ustadı kimi olacaq. 41 Niyə başqasının* gözündə çöpü görürsən, amma öz gözündə tiri görmürsən?+ 42 Öz gözündə tiri görməyib, başqasına necə deyirsən: “Qardaş, gəl gözündəki çöpü çıxarım”? Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, onda aydın görüb başqasının gözündəki çöpü çıxara bilərsən.

43 Yaxşı ağac çürük meyvə verməz, çürük ağac da yaxşı meyvə verməz.+ 44 Hər ağac meyvəsindən tanınar.+ Misal üçün, tikanlıqdan əncir, tikan kolundan üzüm yığmazlar. 45 Yaxşı adam ürəyindəki yaxşı xəzinədən yaxşı şeylər çıxarır, pis adam isə pis xəzinəsindən pis şeylər çıxarır. İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir.+

46 Mənə: “Ağa, Ağa”, — deyirsiniz, bəs niyə dediyimi etmirsiniz?+ 47 Yanıma gəlib sözlərimi eşidən və onlara əməl edən, bilirsiniz, kimə bənzəyir?+ 48 O, dərin qazıb tikdiyi evin təməlini daş üzərində qoyan adama bənzəyir. Daşqın zamanı sel evin üstünə gəldi, amma evi yerindən tərpədə bilmədi, çünki ev möhkəm tikilmişdi.+ 49 Sözlərimi eşidib onlara əməl etməyənsə+ evini torpağın üstündə bünövrəsiz tikmiş adama bənzəyir. Sel evin üstünə gələndə o ev dərhal uçub darmadağın oldu».

7 İsa onu dinləyənlərə sözünü deyib qurtardı və Kəfərnahuma gəldi. 2 Bir yüzbaşının sevimli nökəri ağır xəstələnmişdi, ölüm ayağında idi.+ 3 Yüzbaşı İsa haqqında eşidəndə yəhudi ağsaqqallarından bir neçəsini onun yanına göndərdi və xahiş etdi ki, gəlib onun nökərini sağaltsın. 4 Onlar İsanın yanına gəlib yalvar-yaxar etməyə başladılar. Onlar dedilər: «O, belə yaxşılığa layiq adamdır, 5 çünki xalqımızı sevir. Sinaqoqu da bizim üçün o tikib». 6 İsa bu adamlarla getdi. Amma evə yaxınlaşanda yüzbaşının göndərdiyi dostları onunla rastlaşıb dedilər: «Ağa, zəhmət çəkmə. Mən layiq deyiləm ki, sən mənim evimə girəsən.+ 7 Buna görə də sənin yanına gəlməyə özümü layiq bilmədim. Sən bircə kəlmə söz de, nökərim sağalsın. 8 Elə mən özüm də qulluq adamıyam, mənim də tabeliyimdə əsgərlər var. Birinə “get” deyirəm, gedir, o birisinə “gəl” deyirəm, gəlir, nökərə “filan şeyi elə” deyirəm, eləyir». 9 İsa bu sözləri eşidəndə o adama valeh oldu. O çönüb ardınca gələn camaata dedi: «İnanın, mən hətta İsraildə də belə güclü imana rast gəlməmişəm».+ 10 Yüzbaşının göndərdiyi adamlar evə qayıtdıqda gördülər ki, nökər sapsağlamdır.+

11 Bu hadisədən bir qədər sonra İsa Nain şəhərinə getdi. Onu şagirdləri və xeyli adam müşayiət edirdi. 12 İsa şəhərin darvazasına yaxınlaşanda gördü ki, oradan bir cənazə çıxarırlar. Mərhum anasının yeganə oğlu idi.+ Qadın həm də dul idi. Qadının yanında şəhər camaatından çoxlu adam var idi. 13 Ananı görəndə Ağanın ona yazığı gəldi+ və dedi: «Ağlama».+ 14 O yaxınlaşıb mafəyə toxundu. Mafəni aparanlar ayaq saxladılar. İsa dedi: «Ey cavan, səninləyəm, ayağa qalx!»+ 15 Ölü qalxıb oturdu və danışmağa başladı. İsa onu anasına verdi.+ 16 Hamının canına vahimə düşdü. Onlar Allahı mədh etməyə və: «Aramızda böyük bir peyğəmbər zühur edib»,+ «Allah öz xalqına nəzər salıb»,+ — deməyə başladılar. 17 İsanın sorağı bütün Yəhudiyyəyə və ətraf bölgələrə yayıldı.

18 Yəhyanın şagirdləri bütün bu hadisələri ona danışdılar.+ 19 Onda Yəhya iki şagirdini çağırıb onları «gəlişini gözlədiyimiz Məsih sənsən,+ yoxsa başqasını gözləyək?» sualı ilə Ağanın yanına göndərdi. 20 Şagirdlər İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi sənin yanına göndərdi ki, soruşaq: “Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?”» 21 Həmin vaxt İsa bir çox adamı naxoşluqdan,+ ağır xəstəliklərdən sağaldır, insanlardan cinləri çıxarır, korların gözlərini açırdı. 22 İsa şagirdlərə dedi: «Gedin, görüb-eşitdiklərinizi Yəhyaya çatdırın: korların gözləri açılır,+ topallar gəzir, cüzamlılar təmizlənir, karlar eşidir,+ ölülər dirilir, yoxsullara müjdə bildirilir.+ 23 Mənimlə bağlı şübhələrə qapılmayan nə xoşbəxtdir».+

24 Yəhyanın şagirdləri çıxıb getdikdən sonra İsa camaata Yəhya haqqında bunları söylədi: «Çöllüyə nə görməyə getmişdiniz? Küləyin əsdirdiyi qamışı?+ 25 Onda ora nə görməyə getmişdiniz? Zərif libas geymiş adamı?+ Bəs bilmirsiniz ki, yaraşıqlı libas geyənlər, dəbdəbəli həyat sürənlər padşah saraylarında olurlar? 26 Yaxşı, bəs ora nə görməyə getmişdiniz? Peyğəmbər? Bəli, bunu bilin ki, bu adam peyğəmbərdən də üstündür.+ 27 “Sənin qabağınca Öz elçimi göndərirəm, o, qarşında gedib sənin yolunu hazırlayacaq” sözləri onun haqqında yazılmışdır.+ 28 Sizə deyirəm: bəşər övladları arasında Yəhyadan böyüyü yoxdur, amma Allahın Padşahlığında ən kiçiyi ondan böyükdür».+ 29 (Camaat və vergiyığanlar bunu eşidəndə Allahın adil olduğunu təsdiq etdilər, çünki Yəhya onları vəftiz etmişdi.+ 30 Ancaq fərisilər və qanunşünaslar Allahın onlara olan öyüdünü rədd etdiklərindən+ onun tərəfindən vəftiz edilməmişdilər.)

31 «Bu nəslin adamlarını kimlə müqayisə edim? Onlar kimə bənzəyir?+ 32 Bu adamlar bazar meydanında oturub bir-birilərinə: “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız, biz ağı dedik, amma siz ağlamadınız”, — deyən uşaqlara bənzəyirlər. 33 Siz də onlar kimi. Vəftizçi Yəhya gəlib çörək yemir, şərab içmir,+ deyirsiniz ki: “Onda cin var”. 34 İnsan Oğlu gəlib yeyir də, içir də, siz isə deyirsiniz: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu!”+ 35 Nə olursa olsun, hikmət əməlləri* sayəsində haqlı çıxır».+

36 Bir fərisi İsanı nahara dəvət edirdi. İsa onun evinə gəlib süfrəyə əyləşdi. 37 Şəhərdə günahkar kimi tanınan bir qadın biləndə ki, İsa fərisinin evində nahar edir, bir qab* ətirli yağ götürüb ora gəldi.+ 38 Qadın İsanın arxasında, ayaqları yanında durub ağlayır, göz yaşları ilə onun ayaqlarını isladıb saçı ilə silirdi. O, İsanın ayaqlarını nəvazişlə öpür və ayaqlarının üstünə ətirli yağ tökürdü. 39 İsanı evinə dəvət etmiş fərisi bunu görəndə ürəyində dedi: «Bu adam peyğəmbər olsaydı, ona toxunan qadının nə yolun yolçusu olduğunu, günahkar olduğunu bilərdi».+ 40 İsa ona dedi: «Şimon, sənə sözüm var». O dedi: «Buyur, Ustad!»

41 «Bir sələmçiyə iki nəfər pul borclu idi. Birinin borcu beş yüz dinar*, o birisininki isə əlli dinar idi. 42 Borcu qaytarmağa heç bir şeyləri olmadığından sələmçi alicənablıqla onları bağışladı. İndi necə bilirsən, onlardan kim o kişini daha çox sevəcək?» 43 Şimon cavab verdi: «Belə düşünürəm ki, borcu daha çox olan». İsa təsdiq etdi: «Düz dedin». 44 Sonra üzünü qadına tərəf çevirib Şimona dedi: «Bu qadını görürsən? Sənin evinə gəldim, ayaqlarımı yumağa mənə su vermədin. Amma bu qadın ayaqlarımı göz yaşları ilə yuyub, saçı ilə sildi. 45 Sən məni öpmədin, amma bu qadın, mən gələndən bəri ayaqlarımı nəvazişlə öpür. 46 Sən başıma yağ sürtmədin, bu qadın isə ayaqlarıma ətirli yağ sürtdü. 47 Sənə deyirəm, onun günahları çox olsa da, bağışlandı.+ Bu səbəbdən böyük məhəbbət göstərir. Az bağışlanan isə az sevir». 48 Sonra İsa qadına dedi: «Günahların bağışlandı».+ 49 Bunu eşidəndə onunla süfrə arxasında olanlar dedilər: «Bu kimdir ki, günahları da bağışlayır?!»+ 50 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi.+ Salamat get».

8 Bunun üstündən bir qədər vaxt keçdi. İsa şəhərbəşəhər, kəndbəkənd gəzərək Allahın Padşahlığı haqqında müjdəni təbliğ edirdi.+ On iki həvari, 2 həmçinin cinlərdən qurtulmuş və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar: yeddi cindən azad edilmiş Məcdəlli adlanan Məryəm, 3 Hirodun evində eşikağası olan Huzanın arvadı Yuhənnə+, Süsən və bir çox başqa qadınlar onunla idi. Qadınlar İsa ilə şagirdlərinə qulluq edir, nələri vardısa onlarla bölüşürdülər.+

4 İsanın ətrafına çoxlu adam, o cümlədən başqa şəhərlərdən gələnlər də yığışmışdı. İsa sözə başlayıb bir məsəl çəkdi:+ 5 «Bir əkinçi toxum səpməyə çıxdı. Toxum səpərkən bəzi toxumlar yol kənarına düşdü, ayaq altında qalıb tapdalandı və göyün quşları onları dənlədi.+ 6 Başqaları daşlığa düşüb orada bitdi, amma rütubət olmadığından qurudu.+ 7 Digərləri tikanlığa düşdü. Tikan kolları onlarla birgə boy atıb onları boğdu.+ 8 Bəzi toxumlar isə münbit torpağa düşdü və böyüyüb yüzqat bar verdi».+ Məsəli qurtarandan sonra İsa ucadan dedi: «Qulağı olan eşitsin!»+

9 Şagirdləri İsadan bu məsəlin mənasını soruşdular.+ 10 O dedi: «Sizə Allahın Padşahlığının müqəddəs sirlərini başa düşmək ənamı verilib, başqalarına isə bunlar məsəllərlə söylənilir+ ki, baxanda heç nə görməsinlər, eşidəndə mənasını dərk etməsinlər.+ 11 Məsəlin mənası isə budur: toxum Allahın sözüdür.+ 12 Toxumun yol kənarına düşməsi o deməkdir ki, insanlar Allahın sözünü eşidir, amma sonra İblis gəlir və sözü onların ürəyindən götürüb aparır ki, onlar inanıb xilas olmasınlar.+ 13 Toxumun daşlığa düşməsi o deməkdir ki, insanlar Allahın sözünü eşidib sevinclə qəbul edir, amma kök atmırlar. Onlar bir müddət inanır, amma sınağa düşən kimi imandan dönürlər.+ 14 Toxumun tikanlığa düşməsi o deməkdir ki, insanlar Allahın sözünü eşidirlər, amma başları həyatın qayğılarına, var-dövlətə+ və zövq-səfaya+ qarışdığından tamamilə boğulurlar və bəhrələri dəymir.+ 15 Toxumun münbit torpağa düşməsi isə o deməkdir ki, yaxşı və gözəl ürəkli insanlar Allahın sözünü eşidib onu ürəyində qoruyur+ və dözümlə bəhrə gətirirlər.+

16 Heç kəs çırağı yandırıb üstünü qabla örtmür, ya da onu çarpayının altına qoymur. Əksinə, onu çıraqdana qoyur ki, içəri girənlər işığı görsün.+ 17 Çünki elə bir sirr yoxdur ki, bir gün aşkar olmasın. Elə bir gizli şey yoxdur ki, bir gün üstü açılmasın, aşkar edilməsin.+ 18 Buna görə də necə qulaq asdığınıza fikir verin, çünki kimin varıdırsa, ona daha çox veriləcək,+ kimin yoxudursa, ondan varıdır deyə zənn etdiyi şey də alınacaq».+

19 İsanın anası və qardaşları+ onun yanına gəldilər, lakin basabas olduğundan onun yanına keçə bilmədilər.+ 20 Onda İsaya dedilər: «Anan və qardaşların bayırdadırlar, səni görmək istəyirlər». 21 İsa onlara dedi: «Mənim anam və qardaşlarım Allahın sözünü dinləyib ona əməl edənlərdir».+

22 Bir gün İsa şagirdləri ilə qayığa minib dedi: «Gəlin gölün o biri tərəfinə üzək». Onlar sahildən aralandılar.+ 23 Onlar qayıqla üzərkən İsa yuxuya getdi. Birdən göldə güclü bir fırtına qopdu və qayığa su dolmağa başladı. Onlar böyük təhlükədə idilər.+ 24 Şagirdlər İsaya yaxınlaşıb onu oyadaraq: «Müəllim, Müəllim, batırıq!» — dedilər. İsa durub küləyi və coşmuş dalğaları ram etdi. Külək dayandı, dalğalar yatdı. Ətrafa sükut çökdü.+ 25 İsa onlara dedi: «Hanı sizin imanınız?» Amma şagirdləri qorxu bürümüşdü və onlar çaşqınlıq içində bir-birinə deyirdilər: «Bu kimdir ki, hətta küləyə və suya əmr edir, onlar da itaət edirlər?!»+

26 Onlar Cəlilə ilə üzbəüz olan gerasalıların torpağına+ yan aldılar. 27 İsa sahilə çıxanda o şəhərin sakini ilə rastlaşdı. Bu adamın içinə cin girmişdi. O, uzun müddət idi ki, çılpaq gəzirdi, evdə yox, sərdabələrin arasında yaşayırdı.+ 28 O, İsanı görən kimi bağırdı və qarşısında yerə sərilib bərkdən qışqırdı: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Yalvarıram sənə, mənə əzab vermə».+ 29 (Çünki İsa murdar ruha ondan çıxmağı əmr edirdi. Onu tez-tez cin tuturdu*.+ Dəfələrlə onu zəncirləyib qandallamış və keşiyini çəkmişdilər. O isə buxovları qırırdı və cin onu çöl-biyabana qovurdu.) 30 İsa ondan soruşdu: «Adın nədir?» O cavab verdi: «Legion»*. Çünki onun içinə çoxlu cin girmişdi. 31 Cinlər İsaya yalvarırdılar ki, onları dibsiz quyuya* göndərməsin.+ 32 Bu vaxt dağda böyük donuz sürüsü+ otlayırdı. Cinlər İsaya yalvardılar ki, onlara donuzlara girməyə icazə versin. İsa icazə verdi.+ 33 Cinlər o adamdan çıxıb donuzlara girdilər və bütün sürü uçurumdan gölə atılıb boğuldu. 34 Bunu görən çobanlar qaçıb baş verənləri şəhərdə və kəndlərdə danışdılar.

35 Camaat nə baş verdiyini görmək üçün oraya axışdı. İsanın yanına gələndə gördülər ki, içindən cin çıxmış adam əynində paltar, ağlı başında İsanın ayaqlarının yanında oturub. Onlar bərk qorxdular. 36 Hadisəni öz gözləri ilə görənlər içinə cin girmiş adamın necə yaxşılaşdığını onlara danışdılar. 37 Gerasa torpağının camaatı İsadan xahiş etdi ki, çıxıb getsin, çünki onları dəhşət bürümüşdü. İsa qayığa mindi və sahildən aralanmaq istəyəndə 38 cinlərdən azad edilmiş adam yalvardı ki, o da onunla getsin. Amma İsa etiraz edib dedi:+ 39 «Evinə qayıt və Allah sənin üçün nə edibsə, hamısını camaata danış». Onda həmin adam gedib İsanın onun üçün nə etdiyini bütün şəhər əhlinə danışdı.

40 İsa geri qayıdanda camaat onu sevinclə qarşıladı, çünki hamı onun yolunu gözləyirdi.+ 41 Bu zaman sinaqoq rəisi, Yair adında bir adam gəlib İsanın ayaqlarına düşdü və yalvar-yaxar edib ondan evinə gəlməyini xahiş etdi.+ 42 Onun on iki yaşında olan yeganə qızı ölüm ayağında idi.

İsa yolla gedərkən camaat onu sıxışdırırdı. 43 Düz on iki il idi ki, qanaxmadan əziyyət çəkən+ və heç kimin sağalda bilmədiyi bir qadın+ 44 arxadan yaxınlaşıb İsanın paltarının saçağına toxundu+ və o andaca qanaxması dayandı. 45 İsa soruşdu: «Mənə kim toxundu?» Heç kim boynuna almayanda Butrus dedi: «Müəllim, camaat səni dövrəyə alıb sıxışdırır».+ 46 Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki məndən qüvvə+ çıxdığını hiss etdim». 47 Gizlin qala bilmədiyini başa düşən qadın titrəyə-titrəyə gəlib İsanın ayaqlarına yıxıldı və ona nə üçün toxunduğunu və dərhal sağaldığını hamının qarşısında danışdı. 48 İsa ona dedi: «Bacım*, imanın səni sağaltdı. Salamat get».+

49 İsa hələ danışarkən sinaqoq rəisinin yaxın adamlarından biri gəlib dedi: «Qızın öldü. Daha Ustada əziyyət vermə».+ 50 İsa bunu eşidən kimi Yairə dedi: «Qorxma, sən bircə inan. Qızın xilas olacaq».+ 51 Onlar evə çatanda İsa Butrusa, Yəhyaya, Yaquba və qızın ata-anasından başqa heç kimə özü ilə içəri girməyə icazə vermədi. 52 Hamı kədər içində idi. Onlar qızı ağlayır, sinə döyürdü. İsa onlara dedi: «Bəsdir ağladınız,+ qız ölməyib, yatır».+ 53 Onda camaat ona gülməyə başladı, çünki qızın öldüyünü bilirdilər. 54 İsa qızın əlindən tutub səslədi: «Bala, dur!»+ 55 O dirildi*+ və dərhal ayağa qalxdı.+ İsa buyurdu ki, qıza yemək versinlər. 56 Uşağın ata-anasının sevinci yerə-göyə sığmırdı, lakin İsa onlara tapşırdı ki, bu hadisəni heç kimə danışmasınlar.+

9 İsa on iki həvarisini yanına çağırıb bütün cinləri qovmaq+ üçün, xəstəlikləri sağaltmaq+ üçün onlara güc və səlahiyyət verdi. 2 Sonra onları Allahın Padşahlığını təbliğ etməyə və xəstələri sağaltmağa göndərdi. 3 İsa tapşırdı: «Özünüzlə yola heç nə götürməyin: nə əsa, nə heybə, nə çörək, nə pul, nə də dəyişək köynək*.+ 4 Hansı evə girsəniz, orada qalın və oradan da yola düşün.+ 5 Harada sizi qəbul etməsələr, həmin şəhərdən çıxanda onlara qarşı şəhadət olaraq ayağınızın tozunu çırpın*».+ 6 Şagirdlər yola çıxdılar. Onlar bütün o ərazini kəndbəkənd gəzib müjdəni təbliğ edir və xəstələrə şəfa verirdilər.+

7 Hakim Hirod* bu hadisələrdən xəbər tutanda çaşbaş qaldı, çünki bəziləri deyirdilər ki, Yəhya dirilib.+ 8 Digərləri İlyasın zühur etdiyini, başqaları isə qədimdəki peyğəmbərlərdən birinin dirildiyini söyləyirdilər.+ 9 Hirod dedi: «Yəhyanın boynunu vurdurmuşam,+ bəs görəsən, barəsində bu qədər söhbət gedən bu adam kimdir?» Buna görə də İsanı görmək istəyirdi.+

10 Həvarilər qayıdıb gördükləri işləri İsaya danışdılar.+ Onda İsa onları götürüb xəlvətcə Beytsəyda adlanan şəhərə getdi.+ 11 Camaat bundan xəbər tutub onun dalınca yollandı. İsa onları mehribanlıqla qarşıladı, onlara Allahın Padşahlığı haqqında danışmağa başladı və şəfaya ehtiyacı olanları sağaltdı.+ 12 Yavaş-yavaş qaş qaralırdı. Bu vaxt on iki həvarisi onun yanına gəlib dedi: «Bura çöllükdür, camaatı burax ətrafdakı kəndlərə, obalara gedib gecələməyə bir yer tapsınlar, bir şey yesinlər».+ 13 Lakin İsa onlara dedi: «Siz onlara yemək verin».+ Şagirdlər dedilər: «Onda gərək gedib bu qədər camaata yemək alaq. Çünki beş çörəkdən və iki balıqdan savayı heç nəyimiz yoxdur». 14 Orada təxminən beş min kişi vardı. Onda İsa dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». 15 Şagirdlər camaatı əyləşdirdilər. 16 İsa beş çörəyi və iki balığı əlinə götürdü. Göyə baxdı və bərəkət dilədi. Sonra çörəyi böldü, camaata paylamaq üçün çörəyi və balığı şagirdlərinə verdi. 17 Hamı yeyib doydu və artıq qalmış tikələrdən on iki səbət yığıldı.+

18 Daha sonra İsa təklikdə dua edəndə şagirdləri yanına gəldilər. İsa onlardan soruşdu: «Camaat nə deyir? Mən kiməm?»+ 19 Onlar cavab verdilər: «Kimisi deyir Vəftizçi Yəhyasan, kimisi deyir İlyassan. Başqaları isə deyir ki, qədimdə yaşamış peyğəmbərlərdən biri dirilib».+ 20 İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz, mən kiməm?» Butrus cavab verdi: «Allahın Məsihi».+ 21 İsa onlarla ciddi danışıb bərk-bərk tapşırdı ki, bunu heç kəsə deməsinlər+ 22 və əlavə etdi: «İnsan Oğlu çoxlu əziyyət çəkməli, ağsaqqallar, böyük kahinlər və mirzələr onu rədd etməli, o ölməli+ və üçüncü gündə dirilməlidir».+

23 Sonra o hamıya dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin,+ işgəncə dirəyini* götürüb günbəgün daşısın və daima ardımca gəlsin.+ 24 Həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda itirən onu xilas edəcək.+ 25 Doğrudan da, əgər insan bütün dünyaya sahib olarsa, amma həyatını itirərsə, yaxud həyatı tar-mar olarsa, bunun ona nə faydası?+ 26 Kim məndən və sözlərimdən utanarsa, insan Oğlu da özünün, Atasının və müqəddəs mələklərin əzəmətilə gələndə həmin adamı şagirdi adlandırmağa utanacaq.+ 27 Eşidin və agah olun, burada duranlardan bəziləri Allahın Padşahlığını görməmiş ölməyəcək».+

28 Bu söhbətdən təxminən səkkiz gün sonra İsa Butrusu, Yəhyanı və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı.+ 29 Dua etdiyi zaman onun siması dəyişdi və libası dümağ ağardı. 30 Birdən onunla iki adam danışmağa başladı. Bunlar Musa və İlyas idi. 31 Onlar əzəmətlə peyda oldular və Yerusəlimdə baş verəcək hadisədən, İsanın dünyadan ayrılmasından söhbət etməyə başladılar.+ 32 Butrus və onun yoldaşları mürgüləyirdilər. Onlar tam oyananda İsanın calalını+ və yanında duran iki adamı gördülər. 33 Bu iki nəfər İsadan ayrılarkən Butrus ona dedi: «Müəllim, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa». O, nə dediyini özü də bilmirdi. 34 Butrus hələ danışarkən onların başı üstünə bulud yığıldı. Onlar buludun içində qaldıqda bərk qorxdular. 35 Buluddan bir səs+ gəldi: «Bu, Mənim Oğlumdur, onu seçmişəm.+ Ona qulaq asın».+ 36 Bu səs gələndə onlar gördülər ki, İsa təkdir. Onlar gördüklərini o vaxt gizli saxladılar və heç kəsə danışmadılar.+

37 Ertəsi gün dağdan düşəndə İsanı böyük bir izdiham qarşıladı.+ 38 Camaatın içindən bir kişi qışqırdı: «Ustad, sənə yalvarıram, nə olar, bir oğluma bax, o, mənim yeganə övladımdır.+ 39 Bir cin* onu tutur, oğlum qəflətən qışqırır, qıc olur, ağzı köpüklənir və cin onu tam üzəndən sonra handan-hana ondan əl çəkir. 40 Şagirdlərinə yalvardım ki, cini qovsunlar, amma bacarmadılar». 41 İsa dedi: «Ey imansız və yolunu azmış nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu bura gətir».+ 42 Oğlan İsaya yaxınlaşanda cin onu yerə sərdi və o, qıc olub şiddətlə çırpınmağa başladı. İsa murdar ruha hökm etdi, oğlanı sağaldıb atasına verdi. 43 Hamı Allahın möhtəşəm gücünə heyran qaldı.

Camaat onun etdiklərinə heyran qalarkən o, şagirdlərinə dedi: 44 «Sözlərimi diqqətlə dinləyin və yadınızda yaxşı saxlayın: insan Oğlunu ələ verəcəklər».+ 45 Lakin şagirdlər onun nə demək istədiyini başa düşmədilər. Bu, onlardan gizlədilmişdi ki, bunun mənasını anlamasınlar. Amma bu haqda soruşmağa da qorxurdular.

46 Bundan sonra onlar kimin daha böyük olduğu barədə mübahisə etməyə başladılar. + 47 İsa onların ürəyindəkiləri bildiyindən balaca bir uşağı götürüb yanına qoydu 48 və belə dedi: «Bu balaca uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir. Məni qəbul edən isə məni göndərəni qəbul edir.+ Aranızda ən təvazökar kimdirsə*, böyük odur».+

49 Onda Yəhya dedi: «Müəllim, biz bir adam gördük. O, sənin adınla cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o, bizimlə gəzmir».+ 50 Lakin İsa dedi: «Ona mane olmayın, çünki sizə qarşı çıxmayan sizin tərəfinizdədir».

51 İsanın göyə qaldırılması vaxtı yaxınlaşırdı.+ O, Yerusəlimə getmək qətiyyətində idi 52 və qabağınca adamlarını göndərdi. Onlar İsa üçün hazırlıq görməkdən ötrü yola düşdülər və gəlib səməriyyəlilərin bir kəndinə çıxdılar. 53 Amma oranın camaatı İsanı qəbul etmədi,+ çünki o, Yerusəlimə getməyi qərarlaşdırmışdı. 54 Şagirdlərdən Yaqub və Yəhya+ bunu görəndə dedilər: «Ağa, istəyirsən deyək göydən alov gəlib bunları məhv etsin?»+ 55 İsa dönüb onları danladı. 56 Sonra başqa kəndə getdilər.

57 Onlar yolla gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, mən də sənin ardınca gedəcəyəm». 58 Lakin İsa ona dedi: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə, yeri yoxdur».+ 59 Başqa adama isə: «Ardımca gəl», — dedi. O adam cavab verdi: «Ağa, icazə ver, əvvəlcə gedim atamı dəfn edim».+ 60 Lakin İsa dedi: «Qoy ölülər+ öz ölülərini dəfn etsinlər, sən isə get hər yerdə Allahın Padşahlığını təbliğ et».+ 61 Başqa birisi dedi: «Ağa, sənin ardınca gedəcəyəm, amma icazə ver gedim əvvəl evdəkilərlə sağollaşım». 62 İsa ona dedi: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan+ adam Allahın Padşahlığına layiq deyil».+

10 Bütün bunlardan sonra Ağa daha yetmiş şagird təyin edib onları gedəcəyi hər şəhərə, hər yerə özündən qabaq iki-iki+ göndərdi. 2 O, şagirdlərə dedi: «Bəli, məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin.+ 3 Gedin. Mən sizi canavarlar arasına quzu kimi göndərirəm.+ 4 Özünüzlə pul kisəsi, heybə, səndəl götürməyin+ və yolda heç kəslə qucaqlaşıb görüşməyin. 5 Hansı evə girsəniz, əvvəlcə deyin: “Bu evə salam olsun*!”+ 6 O evdə sülhsevər bir adam olmasa, dilədiyiniz sülh sizə qayıdacaq. Əgər olsa, onun üzərində qalacaq. 7 O evdə qalın.+ Qabağınıza nə qoysalar yeyin, için,+ çünki zəhmətkeş əməkhaqqına layiqdir.+ Bir evi qoyub başqa evə keçməyin.

8 Hər hansı bir şəhərə girəndə sizi orada qəbul etsələr, qabağınıza qoyulan şeyləri yeyin, 9 o şəhərdəki xəstələri sağaldın və onlara: “Allahın Padşahlığı yaxındır”, — deyin.+ 10 Hansı şəhərdə ki sizi qəbul etmədilər, onun baş küçələrinə çıxıb deyin: 11 “Hətta şəhərinizdən ayağımıza yapışan tozu da sizə qarşı şəhadət olaraq çırpırıq.+ Ancaq yadınızda qalsın, Allahın Padşahlığı yaxındır”. 12 Bilin və agah olun, Hökm günü Sədumun cəzası o şəhərinkindən yüngül olacaq.+

13 Vay halına, Xorəzin! Vay halına, Beytsəyda! Çünki sizdə edilmiş qüdrətli işlər Sur və Sidon şəhərlərində edilsəydi, onlar çula bürünüb kül içində oturaraq çoxdan tövbə etmişdilər.+ 14 Buna görə də Hökm günü Surla Sidon şəhərlərinin cəzası sizinkindən yüngül olacaq. 15 Ey Kəfərnahum, elə bilirsən, göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* düşəcəksən!

16 Sizə qulaq asan mənə də qulaq asır.+ Sizi rədd edən məni də rədd edir. Məni rədd edən isə Məni göndərəni də rədd edir».+

17 Bundan bir qədər sonra yetmiş şagird sevinc içində qayıdıb dedilər: «Ağa! Sənin adını çəkəndə cinlər də bizə boyun əyirlər!»+ 18 İsa dedi: «Şeytanın göydən ildırım kimi düşdüyünü+ görürəm. 19 Mən sizə ilanları və əqrəbləri tapdalamaq hökmü, həmçinin düşmənin bütün gücü üzərində səlahiyyət vermişəm.+ Sizə heç bir şey zərər vura bilməz. 20 Ancaq cinlərin* sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin».+ 21 O an İsa müqəddəs ruhla doldu və sevincdən cuşa gəlib dedi: «Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan+ bərk-bərk gizlədib körpələrə açdın. Bəli, Ata, Sən belə məsləhət bildin.+ 22 Hər şeyi Atam mənə verib. Oğulu Atadan savayı heç kim tanımır. Atanı da Oğuldan+ savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır».+

23 İsa bunu deyib şagirdlərinə tərəf döndü və ayrıca onlara dedi: «Sizin gördüyünüzü görən gözlər nə xoşbəxtdir!+ 24 İnanın, bir çox peyğəmbər və padşah sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişdir,+ eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişdir».

25 Bir qanunşünas İsanı sınamaq üçün ayağa qalxıb soruşdu: «Ustad, əbədi həyatı almaq üçün nə etməliyəm?»+ 26 İsa cavab verdi: «Qanunda nə yazılıb? Necə başa düşürsən?» 27 O, cavabında dedi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev”+ və “başqasını özünü sevdiyin kimi sev”».+ 28 İsa ona dedi: «Düz dedin: “Həmişə belə et, onda əbədi həyatı alacaqsan”».+

29 Lakin bu adam özünə bəraət qazandırmaq+ üçün İsadan soruşdu: «Bəs mən kimi sevməliyəm?» 30 İsa cavab verdi: «Bir adam Yerusəlimdən Ərihaya enirdi. Yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər, ölümcül halda qoyub getdilər. 31 Bu vaxt bir kahin də o yolla gedirdi, lakin onu gördükdə yolun o tayına keçib getdi. 32 Habelə bir lavili də həmin yerə çatıb onu görəndə yolun o biri tərəfinə keçib getdi. 33 O yol ilə bir səməriyyəli+ də gedirdi. O, həmin yerə çatanda bu adamı gördü. Ona yazığı gəldi. 34 Yaxınlaşıb onun yaralarına yağ və şərab tökdü, yaralarını sarıdı. Sonra onu öz eşşəyinə mindirib bir karvansaraya gətirdi və orada onun qayğısına qaldı. 35 Ertəsi gün səməriyyəli iki dinar* çıxarıb karvansara sahibinə verdi və dedi: “Bu adama yaxşı bax, artıq xərcin çıxsa, qayıdanda ödəyərəm”. 36 Səncə, bu üç nəfərdən hansı biri quldurların əlinə düşmüş adama məhəbbət+ göstərdi?» 37 O cavab verdi: «Ona mərhəmət göstərən».+ İsa ona dedi: «Get, sən də belə elə».+

38 Onlar yollarına davam edərkən İsa bir kəndə girdi. Burada Marta+ adlı bir qadın onu evinə dəvət etdi. 39 Bu qadının bacısı Məryəm Ağanın ayaqları yanında oturub ona qulaq asırdı. 40 Martanın isə başı biş-düşə bərk qarışmışdı. O yaxınlaşıb dedi: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin». 41 Ağa ona dedi: «Marta, Marta, sən çox şeyə görə narahat olub özünü yorursan. 42 Əslində, insana az şey lazımdır, hətta bir şey də kifayət edər. Məryəm özünə yaxşı pay seçib+ və bu, ondan alınmayacaq».

11 Günlərin bir günü İsa dua edirdi. Duasını qurtaranda bir şagirdi ondan xahiş etdi: «Ağa, Yəhya şagirdlərinə öyrətdiyi kimi, sən də bizə dua etməyi öyrət».

2 İsa onlara dedi: «Dua edəndə deyin: “Ata, qoy adın müqəddəs tutulsun.+ Qoy Padşahlığın gəlsin.+ 3 Hər gün bizə gündəlik ruzimizi* ver+ 4 və günahlarımızı bağışla,+ çünki özümüz də bizə qarşı günah iş tutmuş* hər kəsi bağışlayırıq.+ Qoyma yolumuzu azaq”».+

5 Sonra İsa onlara belə dedi: «Tutaq ki, sizlərdən kiminsə bir dostu var. O, gecə yarısı dostunun evinə gedib deyir: “Dostum, mənə üç çörək ver, 6 indicə yoldan bir dostum gəlib, onun qabağına qoymağa heç nəyim yoxdur”. 7 Ev sahibi içəridən deyir: “Məni narahat eləmə. Qapı bağlıdır, uşaqlarım da yanımda yatırlar. Mən durub sənə heç nə verə bilmərəm”. 8 Sizə onu deyim ki, bu adam dostluq xatirinə durub ona heç nə verməsə də, dostu israr etdiyi+ üçün duracaq və istədiyi şeyi ona verəcək. 9 Beləliklə, durmadan diləyin,+ sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar.+ 10 Çünki diləyən istədiyini alır,+ axtaran tapır və qapını döyənə açırlar. 11 Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin?+ 12 Yaxud yumurta istəyəndə ona əqrəb versin? 13 Beləliklə, əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Ata Ondan istəyənlərə müqəddəs ruh verməyəcək?»+

14 Daha sonra İsa bir nəfərdən insanı lal edən cini qovdu.+ Cin çıxandan sonra həmin adam danışmağa başladı. Camaatı heyrət bürüdü.+ 15 Amma bəziləri dedilər: «Bu adam cinlərin hökmdarı Beelzebubun* əli ilə cinləri qovur».+ 16 Başqaları isə onu sınamaq üçün göydən bir əlamət+ göstərməsini istədilər. 17 Onların ürəyindəkiləri bilən+ İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq, daxildən parçalanmış ev uçacaq. 18 Əgər Şeytan da içəridən parçalanıbsa, onun padşahlığı necə davam gətirəcək? Axı deyirsiniz ki, mən cinləri Beelzebubun əli ilə qovuram. 19 Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin şagirdləriniz onları kimin əli ilə qovur? Buna görə də sizi onlar məhkum edəcəklər. 20 Yox əgər mən cinləri Allahın gücü*+ ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur.+ 21 Güclü, yaraq-yasaqlı bir adam imarətinin keşiyini çəkirsə, onun əmlakı üçün qorxu yoxdur. 22 Amma ondan güclüsü onun evinə basqın edib onu üstələyərsə, güvəndiyi yaraq-yasağı götürər və qarət etdiyi şeyləri başqaları ilə bölüşər. 23 Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır.+

24 Murdar ruh insandan çıxandan sonra özünə rahat yer tapmaq üçün quraq yerlərdə gəzib-dolaşır. Lakin bir yer tapmayanda öz-özünə deyir: “Çıxdığım evə qayıdım”.+ 25 Geri qayıdanda görür ki, ev silinib-süpürülüb və bərbəzək içindədir. 26 Onda o gedir və özündən betər başqa yeddi ruh götürüb gəlir. Onlar o evə girib orada məskunlaşırlar. O adamın axırı əvvəlindən də pis olur».

27 İsa danışarkən camaatın arasından bir qadın ucadan dedi: «Səni bətnində daşıyan, səni əmizdirən qadın nə xoşbəxtdir!»+ 28 Ancaq İsa dedi: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!»+

29 İsanın ətrafına daha çox adam yığışanda o dedi: «Bu nəsil şər nəsildir. O, əlamət axtarır, amma ona Yunusun əlamətindən savayı başqa bir əlamət verilməyəcək.+ 30 Yunus+ neynəvalılar üçün bir əlamət olduğu kimi, insan Oğlu da bu nəsil üçün bir əlamət olacaq. 31 Hökm vaxtı cənub məlikəsi+ bu nəslin adamları ilə birlikdə dirilib onları məhkum edəcək. Çünki məlikə Süleymanın hikmətini dinləmək üçün dünyanın o başından durub gəlmişdi, hərçənd burada Süleymandan daha hikmətlisi durub.+ 32 Hökm vaxtı neynəvalılar bu nəslin adamları ilə birlikdə dirilib onları məhkum edəcəklər. Çünki neynəvalılar Yunusun bəyan etdiyi hökmü eşidəndə tövbə etdilər,+ hərçənd burada Yunusdan daha böyük insan durub. 33 Çırağı yandırıb gizli yerə və ya səbət altına qoymurlar. Əksinə, onu çıraqdana+ qoyurlar ki, otağa girən işığı görsün. 34 Bədənin çırağı gözdür. İnsanın gözü toxdursa*, deməli, bütün bədəni nur içindədir. Yox əgər gözü acdırsa*, deməli, bütün bədəni zülmət içindədir.+ 35 Buna görə də ayıq ol. Qoyma içindəki işıq zülmət olsun. 36 Əgər bədənin büsbütün nur içindədirsə və onun heç bir hissəsi zülmətdə deyilsə, çıraq səni işıqlandırdığı kimi, bədənin də tamamilə nura qərq olacaq».

37 İsa sözünü qurtaranda bir fərisi onu nahara dəvət etdi. İsa onun evinə girib süfrə arxasında əyləşdi. 38 Fərisi İsanın nahardan əvvəl yuyunmadığını* görəndə təəccübləndi.+ 39 Ağa ona dedi: «Siz fərisilər, camı və nimçəni üstdən təmizləyirsiniz, amma daxiliniz acgözlük və pisliklə doludur.+ 40 Ağılsızlar! Məgər zahiri yaradan daxili də yaratmayıb? 41 Siz ürəkdən sədəqə verin, onda sizin üçün hər şey təmiz olacaq. 42 Vay halınıza, fərisilər! Çünki siz nanə, sədəfotu və digər göyərtilərin onda birini verirsiniz,+ amma ədalətə və Allaha qarşı məhəbbətə barmaqarası baxırsınız. Ondabiri vermək borcunuzdur, amma gərək qalan şeylərə də etinasız yanaşmayaydınız.+ 43 Vay halınıza, fərisilər! Çünki siz sinaqoqlarda qabaq cərgələrdə oturmağı, bazar meydanlarında camaatdan salam almağı sevirsiniz.+ 44 Vay halınıza, çünki siz adamların bilmədən tapdalayıb keçdikləri gözə çarpmayan qəbirlər+ kimisiniz».

45 Onda bir qanunşünas İsaya dedi: «Ustad, bu sözlərlə sən bizi də təhqir edirsən». 46 İsa ona cavab verdi: «Ey qanunşünaslar, vay sizin də halınıza! Çünki siz camaatın boynuna ağır yük qoyursunuz, özünüz isə barmağınızı da o yükə vurmaq istəmirsiniz.+

47 Vay halınıza, çünki siz peyğəmbərlər üçün türbələr ucaldırsınız, halbuki onları öldürən elə sizin atalarınız olub.+ 48 Atalarınızın əməllərindən xəbəriniz var, bununla belə, onların əməlləri ilə razılaşırsınız: onlar peyğəmbərləri öldürüblər,+ siz isə həmin peyğəmbərlər üçün türbələr ucaldırsınız. 49 Buna görə də Allahın hikməti demişdir: “Mən onlara peyğəmbər və həvari göndərəcəyəm. Onlardan bəzisini öldürəcək, bəzisinə zülm edəcəklər. 50 Beləcə, bəşərin təməli qoyulandan bəri bütün peyğəmbərlərin, 51 Habildən+ tutmuş qurbangahla Allahın evi arasında öldürülmüş Zəkəriyyəyə qədər hamısının axıdılmış qanına+ görə bu nəsil cavab verəcək”.+ Bəli, buna görə bu nəsil cavab verəcək.

52 Vay halınıza, ey qanunşünaslar! Çünki siz bilik qapısının açarını götürmüsünüz. Özünüz də içəri girmədiniz, girmək istəyənləri də qoymursunuz».+

53 İsa oradan çıxanda mirzələr və fərisilər onu dövrəyə aldılar, sıxışdıraraq ona sual yağdırmağa başladılar. 54 Onlar İsanı sözdə tutmaq üçün fürsət axtarırdılar.+

12 Bu arada İsanın başına minlərlə adam toplaşmışdı, adam əlindən tərpənmək olmurdu. İsa əvvəlcə öz şagirdlərinə müraciət edərək sözə başladı: «Özünüzü fərisilərin mayasından, yəni ikiüzlülükdən gözləyin.+ 2 Elə gizli şey yoxdur ki, bir gün üzə çıxmasın, elə bir sirr yoxdur ki, sonradan üstü açılmasın.+ 3 Buna görə də qaranlıqda dediyiniz işıqda eşidiləcək, dörd divar arasında pıçıldadığınız evlərin damından vəz ediləcək. 4 Dostlar+, bədəni öldürüb ondan sonra heç nə edə bilməyənlərdən qorxmayın.+ 5 Sizə deyim kimdən qorxmaq lazımdır: bədəni öldürəndən sonra onu Hinnom vadisinə*+ ata biləndən qorxun. Bəli, sizə deyirəm, Ondan qorxun.+ 6 Məgər beş sərçəni ikicə qara qəpiyə* satmırlar? Amma onlardan heç biri Allahın yadından çıxmır.+ 7 Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb.+ Odur ki, qorxmayın, siz sərçələrdən qat-qat qiymətlisiniz.+

8 Bunu bilin ki, kim insanların qarşısında məni tanıdığını etiraf etsə,+ insan Oğlu da Allahın mələkləri qarşısında onu tanıdığını etiraf edəcək.+ 9 Amma kim insanların qarşısında məni dansa, mən də Allahın mələkləri qarşısında onu danacağam.+ 10 İnsan Oğluna qarşı bir söz deyən adam bağışlanacaq, lakin müqəddəs ruha qarşı küfr danışan adam bağışlanmayacaq.+ 11 Sizi xalq məclislərinə*, hökmdarların və məmurların qarşısına çəkib gətirəndə özünüzü müdafiə etmək üçün nəyi necə deyəcəyiniz, nə danışacağınız haqqında narahat olmayın.+ 12 Çünki müqəddəs ruh sizə nə demək lazım olduğunu həmin an öyrədəcək».+

13 Bundan sonra camaat arasından bir adam ona dedi: «Ustad, qardaşıma de ki, mirası mənimlə bölsün». 14 İsa ona cavab verdi: «A qardaş, məni aranızda hakimlik, vəkillik etməyə kim qoyub?» 15 Sonra əlavə etdi: «Ayıq-sayıq olun, özünüzü hər cür tamahkarlıqdan qoruyun,+ çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil».+ 16 Sonra onlara bir məsəl çəkdi: «Bir varlının torpağı bol məhsul verdi. 17 Bu adam ürəyində düşünməyə başladı: “Mən indi necə edim? Məhsulu yığmağa yerim yoxdur”. 18 Sonra dedi: “Bilirəm nə edəcəyəm!+ Anbarlarımı söküb, yerinə daha böyüklərini tikəcəyəm. Bütün taxılımı, sərvətimi ora yığacağam. 19 Sonra özümə deyəcəyəm: “Canım, dincəl, ye, iç, kef elə, çünki topladığın bu var-dövlət sənə ömrünün axırına kimi bəsdir”. 20 Ancaq Allah ona dedi: “Ey ağılsız, elə bu gecə sənin canını alacaqlar. Bu topladığın sərvət kimə qalacaq?”+ 21 Allahın gözündə varlanmaq əvəzinə özünə var-dövlət toplayanların aqibəti belə olur»+.

22 Sonra o, şagirdlərinə dedi: «Buna görə də sizə deyirəm, “nə yeyəcəyik?” deyə canınızdan ötrü və “nə geyəcəyik?” deyə bədəninizdən ötrü daha qayğı çəkməyin.+ 23 Çünki can qidadan, bədən isə geyimdən daha qiymətlidir. 24 Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir.+ Siz isə quşlardan qat-qat qiymətlisiniz!+ 25 Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər? 26 Əgər sizin belə kiçicik bir işə gücünüz çatmırsa, nəyə görə qalan şeylərdən ötrü qayğı çəkəsiniz?+ 27 Zanbaqların necə boy atdığına baxın: onlar nə zəhmət çəkir, nə ip əyirir, amma inanın ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdi.+ 28 Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey imanı az olanlar, məgər sizi geyindirməyəcək?! 29 Buna görə də yemək-içmək dərdi çəkməyi və həddindən artıq narahat olmağı qurtarın,+ 30 çünki bütün bu şeylərin dalınca bu dünyanın xalqları düşür. Amma sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir.+ 31 Onun Padşahlığını həyatınızda hər şeydən üstün tutun, onda bunlar da sizə veriləcək.+

32 Qorxma, kiçik sürü,+ çünki Atanız Padşahlığı sizə verməyi məsləhət bildi.+ 33 Hər nəyiniz varsa, satın və sədəqə verin.+ Özünüzə yırtılmayan pul kisələri düzəldin, göydə heç vaxt tükənməyən xəzinə yığın.+ Orada xəzinənizə oğrunun əli çatmaz və onu güvə yeməz. 34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq.

35 Hazır olun*,+ qoy çırağınız həmişə yansın.+ 36 Siz ağasının toy ziyafətindən+ qayıtmasını gözləyən,+ ağa gəlib qapını döyəndə qapını dərhal açan adamlar kimi olun. 37 Ağa gələndə oyaq tapdığı nökərlər necə də xoşbəxtdirlər! İnanın ki, ağa qurşaqlanıb onları süfrə arxasında əyləşdirəcək və özü durub onlara qulluq edəcək. 38 Əgər ağa gec*, hətta gecə yarısından sonra* da gəlib onları oyaq taparsa, o nökərlər necə də xoşbəxtdirlər! 39 Bunu bilin, ev yiyəsi oğrunun nə vaxt gələcəyini bilsəydi, oyaq qalıb oğrunun evə girməsinə yol verməzdi.+ 40 Siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək».+

41 Butrus soruşdu: «Ağa, sən bu məsəli təkcə bizim üçün çəkirsən, yoxsa hamı üçün?» 42 Ağa cavab verdi: «Öz qulluqçularına vaxtlı-vaxtında yemək paylarını vermək üçün onların üzərində ağanın qoyacağı sadiq və ağıllı* nökərbaşı kimdir?+ 43 Ağası gələndə iş başında olan nökər necə də xoşbəxtdir! 44 İnanın, ağası bütün əmlakının idarəsini ona tapşıracaq. 45 İşdir, əgər o nökər ürəyində: “Ağam gecikir”, — deyib nökərləri və qarabaşları döyərsə, yeyib-içib sərxoşluq edərsə,+ 46 ağası onun gözləmədiyi gün və bilmədiyi saatda gəlib ona ağır cəza verəcək və onun aqibəti imansızlarla eyni olacaq. 47 Ağasının istəyini başa düşüb, amma yerinə yetirməyən və ya onun gəlişinə hazır olmayan nökər çoxlu kötək yeyəcək.+ 48 Amma ağasının istəyini başa düşməyən, kötəklənməyə layiq iş görən nökər az kötək yeyəcək. Kimə çox verilibsə, ondan çox tələb olunacaq. Kimə çox şey etibar edilibsə, ondan daha çox şey tələb olunacaq.+

49 Mən yer üzündə alov yandırmağa gəlmişəm və alov artıq yanırsa, mənə bundan başqa nə lazımdır ki? 50 Mən başqa bir vəftizlə də vəftiz olunmalıyam və o, tamam olanadək ürəyim bərk sıxılır!+ 51 Siz elə bilirsiniz ki, mən yerə sülh gətirməyə gəlmişəm? Xeyr! Mən sülh yox, ixtilaf gətirməyə gəlmişəm.+ 52 Bundan sonra evlərdə ziddiyyət olacaq: beş adamın yaşadığı bir evdə üç adam iki nəfərə qarşı, iki adam üç nəfərə qarşı çıxacaq. 53 Ata oğula, oğul ataya qarşı, ana qıza, qız anaya qarşı, qayınana gəlinə, gəlin qayınanaya qarşı çıxacaq».+

54 Sonra İsa camaata müraciət etdi: «Qərbdən qalxan bir bulud görəndə deyirsiniz: “Tufan olacaq”. Belə də olur. 55 Cənub küləyinin əsdiyini görəndə deyirsiniz: “Bərk isti olacaq”. Belə də olur. 56 İkiüzlülər! Yerin və göyün görünüşündən havanın necə olacağını müəyyən edə bilirsiniz. Bəs necə olur ki, bu zamanda baş verənlərin mənasını dərk edə bilmirsiniz?+ 57 Nəyin doğru olub-olmadığına niyə özünüz qərar vermirsiniz? 58 Misal üçün, rəqibinlə hakimin yanına gedəndə hələ yolda ikən çalış onunla mübahisəni həll et ki, o səni hakimin qarşısına aparmasın. Yoxsa hakim səni məhkəmə icraçısına verər, o da səni zindana salar.+ 59 Sənə deyirəm, axırıncı qəpiyini* verməyincə oradan çıxmayacaqsan».

13 Həmin vaxt oradakılardan bəziləri Cəlilə sakinlərinin başına gəlmiş müsibəti İsaya danışdılar. Pilat onların qanını gətirdikləri qurbanların qanına qatmışdı. 2 İsa onlara dedi: «Elə bilirsiniz ki, Cəlilənin bu sakinləri onun digər sakinlərindən daha günahlı olduqları üçün başlarına belə müsibət gəldi? 3 Xeyr! Bilin və agah olun, əgər tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız.+ 4 Yaxud Şilam qülləsinin altında qalıb ölmüş on səkkiz nəfər Yerusəlimin bütün digər sakinlərindən daha günahlı idi? 5 Xeyr! Bilin və agah olun, əgər tövbə etməsəniz, hamınız beləcə məhv olacaqsınız».

6 Sonra onlara bir məsəl çəkdi: «Bir adamın üzümlüyündə əncir ağacı var idi. Bir gün o, ağacdan əncir dərməyə gəldi, amma üstündə heç nə tapmadı.+ 7 Onda bağbana dedi: “Düz üç ildir gəlirəm, lakin bu ağacda bir dənə də olsun əncir tapmamışam. Kəs onu getsin! Nə üçün torpağı boş yerə tutur?” 8 Bağban dedi: “Ağa, qoy bir il də qalsın. Dibini belləyərəm, peyinləyərəm. 9 Gələn il bar verər, lap yaxşı, verməz, onda kəsərsən”».+

10 İsa bir şənbə günü sinaqoqların birində vəz edirdi. 11 Orada içinə cin girmiş bir qadın var idi. O, düz on səkkiz il idi ki, naxoş idi. Onun beli tamam bükülmüşdü və dikəlmirdi. 12 İsa ona baxıb dedi: «Bacım, xəstəliyindən qurtuldun».+ 13 İsa əllərini onun üzərinə qoydu. Qadın həmin andaca dikəldi və Allaha alqış oxumağa başladı. 14 Lakin sinaqoq rəisi İsanın şənbə günündə adam sağaltdığına hirslənib xalqa dedi: «İşləmək üçün altı gün var,+ həmin günlərdə gəlib sağalın, daha şənbə günü yox».+ 15 Ağa ona dedi: «İkiüzlülər!+ Məgər şənbə günü siz öz öküzünüzü və ya eşşəyinizi tövlədən açıb suvarmağa aparmırsınız?+ 16 Bəs düz on səkkiz ildir ki, Şeytanın bağlı saxladığı bu qadını, İbrahimin qızını şənbə günü bu buxovdan azad etmək lazım deyildi?» 17 İsanın bu sözlərindən sonra onun əleyhdarları utandılar, camaat isə onun möhtəşəm işlərinə sevindi.+

18 İsa sözünə davam etdi: «Allahın Padşahlığını nəyə bənzətmək olar? Onu nə ilə müqayisə edim? 19 O, xardal toxumuna bənzəyir. Bir adam bu toxumu götürüb öz bağında əkdi. O böyüyüb ağac oldu və göy quşları onun budaqlarında yuva saldılar».+

20 O, təkrarən dedi: «Allahın Padşahlığını nə ilə müqayisə edim? 21 O, mayaya bənzəyir. Qadın onu üç iri qab* una qatdı və bütün xəmir acıdı».+

22 İsa şəhərlərdə, kəndlərdə vəz edə-edə Yerusəlimə gedirdi. 23 Bir nəfər ondan soruşdu: «Ağa, doğrudan da, az adam xilas olacaq?» İsa belə cavab verdi: 24 «Dar qapıdan girmək üçün var gücünüzlə çalışın,+ çünki çoxları bu qapıdan girməyə çalışacaq, lakin bacarmayacaq. 25 Ev yiyəsi durub qapını bağlayanda siz bayırda qalacaqsınız və qapını döyüb: “Ağa, bizə qapını aç”, — deyəcəksiniz.+ O isə cavab verəcək: “Mən sizi tanımıram”. 26 Onda siz deyəcəksiniz: “Biz səninlə bir yerdə çörək kəsmişik, sən şəhərimizin baş küçələrində vəz etmisən”.+ 27 Amma ev yiyəsi sizə deyəcək: “Mən sizi tanımıram. Rədd olun, bədəməllər!” 28 Siz İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzün isə bayırda qaldığını görəndə dişlərinizi qıcayacaqsınız, hönkür-hönkür ağlayacaqsınız.+ 29 İnsanlar şərqdən və qərbdən, şimaldan və cənubdan gəlib Allahın Padşahlığında süfrəyə əyləşəcəklər. 30 Axırıncılardan kimisi birinci, birincilərdən kimisi axırıncı olacaq».+

31 Bu dəm bir neçə fərisi İsanın yanına gəlib dedi: «Buradan çıx get, Hirod səni öldürmək istəyir». 32 O dedi: «Gedin, o tülküyə deyin ki, bu gün və sabah cinləri qovacağam, insanlara şəfa verəcəyəm, üçüncü gün işimi başa çatdıracağam. 33 Amma mən bu gün, sabah və birigün yoluma davam etməliyəm. Çünki ola bilməz ki, peyğəmbər Yerusəlimdən kənarda qətlə yetirilsin.+ 34 Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim!+ Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz!+ 35 Allah bu məbədi tərk edəcək.+ Baxın, sizə deyirəm, siz: “Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər məni görməyəcəksiniz».+

14 Bir şənbə günü İsa fərisilərin rəhbərlərindən birinin evinə nahara getdi. Oradakılar İsaya göz qoyurdular. 2 İsanın qarşısında bədəninə su yığılan bir xəstə vardı. 3 İsa bu adamı görəndə qanunşünaslardan və fərisilərdən soruşdu: «Necə bilirsiniz, şənbə günü adam sağaltmaq düzgündür, ya yox?»+ 4 Amma onlar dinmədilər. Onda İsa xəstəyə toxunub onu sağaltdı və yola saldı. 5 Sonra onlara dedi: «Hansınızın oğlu ya öküzü şənbə günü quyuya düşsə,+ dərhal onu oradan dartıb çıxarmaz?»+ 6 Onlar cavab verə bilmədilər.

7 İsa qonaqların yuxarı başda yer axtardığını görəndə onlara bir məsəl çəkdi:+ 8 «Kimsə səni toy məclisinə dəvət edəndə yuxarı başa keçmə.+ Ola bilsin, məclisə səndən daha adlı-sanlı bir adam çağırılıb. 9 Belə olduqda toy yiyəsi gəlib sənə deyəcək: “Yerini bu adama ver”. Onda sən xəcalətlə aşağı başa keçməli olacaqsan. 10 Amma səni bir yerə çağıranda aşağı başda otur. Məclis yiyəsi gəlib sənə deyəcək: “Qardaş, keç yuxarı başa”. Onda bütün qonaqların qarşısında hörmətli olarsan.+ 11 Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».+

12 Sonra İsa onu dəvət etmiş adama dedi: «Qonaqlıq verəndə evinə dostlarını, qohum-qardaşını və ya varlı-hallı qonşularını çağırma. Gün gələr, onlar da səni öz evlərinə dəvət edərlər, onda əvəz-əvəz olarsınız. 13 Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır.+ 14 Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur. Salehlər diriləndə+ əvəzini alacaqsan».

15 Bunu eşidəndə qonaqlardan biri dedi: «Allahın Padşahlığında çörək yeyən nə xoşbəxtdir!»

16 İsa ona dedi: «Bir adam böyük bir ziyafət verməyə hazırlaşırdı.+ O, evinə çoxlu qonaq dəvət etmişdi. 17 Ziyafət vaxtı gələndə bu adam nökərini göndərdi ki, onlara desin: “Hər şey hazırdır, gəlin”. 18 Amma onların hamısı bəhanə gətirməyə başladı.+ Biri dedi: “Tarla almışam, gərək gedib ona baxım. Xahiş edirəm, məni üzrlü hesab elə”. 19 Başqası dedi: “Beş cüt öküz almışam, onları yoxlamağa gedirəm. Nə olar, məni üzrlü say”.+ 20 Başqa birisi dedi: “Təzəcə evlənmişəm, gələ bilmərəm”. 21 Nökər qayıdıb onların sözlərini ağasına çatdırdı. Onda ev yiyəsi qəzəblənib nökərinə dedi: “Durma, tez şəhərin baş küçələrinə və yollara çıx, kasıbları, şikəstləri, korları və çolaqları yığ bura gətir”. 22 Bir azdan nökər gəlib dedi: “Ağa, əmrini yerinə yetirdim, amma hələ bir az da yer qalıb”. 23 Ağa nökərə dedi: “Yollarda, cığırlarda kimi tapsan hamını məcbur edib bura gətir ki, evim dolsun.+ 24 Bunu bilin ki, qabaqcadan dəvət etdiyim qonaqlardan heç biri mənim şam yeməyimin dadına baxmayacaq”».+

25 İsa ilə çoxlu adam gedirdi. O çönüb onlara dedi: 26 «Yanıma gəlib, amma ata-anasını, arvadını, uşaqlarını, bacı-qardaşını, bəli, hətta həyatını+ məndən çox sevən mənim şagirdim ola bilməz.+ 27 İşgəncə dirəyini götürüb mənim arxamca gəlməyən mənim şagirdim ola bilməz.+ 28 Misal üçün, sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz? 29 Əks təqdirdə, bünövrəni qoyacaq, amma tikintini qurtara bilməyəcək. Onda camaat: 30 “Bu adam tikməyə başladı, amma qurtara bilmədi”, — deyib ona güləcək. 31 Yaxud müharibəyə çıxan hansı padşah əvvəlcə oturub məsləhətçiləri ilə məşvərət etməz ki, görsün on min əsgərilə düşmənin iyirmi min əsgərinə qalib gələ biləcək, ya yox? 32 Əgər gücü çatmırsa, rəqib padşah hələ uzaqda ikən elçilərini göndərib onunla sülh bağlamağa çalışacaq. 33 Əmin ola bilərsiniz, əmlakından əl çəkməyən adam mənim şagirdim ola bilməz.+

34 Duz, əlbəttə ki, yaxşı şeydir. Amma o, öz dadını itirsə, onun dadını necə qaytarmaq olar?+ 35 O, artıq nə torpağa, nə də gübrəyə yarayar. Onu tullayarlar. Qulağı olan, qoy eşitsin».+

15 Vergiyığanların və günahlıların hamısı ona qulaq asmağa gəlirdi.+ 2 Fərisilər və mirzələr isə deyinirdilər: «Bu adam günahlılarla oturub-durur, onlarla çörək kəsir». 3 Onda İsa onlara bu məsəli çəkdi: 4 «Sizdən kiminsə yüz qoyunu olsaydı və onlardan biri itsəydi, məgər doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapana kimi gedib onu axtarmazdı?+ 5 Onu tapanda çiyninə qoyub sevinə-sevinə 6 evinə qayıdar, qonum-qonşunu çağırıb deyərdi: “Mənimlə birgə sevinin, çünki itmiş qoyunumu tapmışam”.+ 7 Bunu bilin ki, göydə tövbə edən bir günahkardan+ ötrü tövbəyə ehtiyacı olmayan doxsan doqquz salehdən daha çox sevinəcəklər.

8 Yaxud on gümüş pulu* olan hansı qadın pulun birini itirərsə, çırağı yandırıb evi süpürməz və onu tapana qədər diqqətlə axtarmaz? 9 Pulu tapanda rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birgə sevinin, çünki itirdiyim gümüş pulu tapmışam”. 10 Bunu bilin ki, Allahın mələkləri də tövbə etmiş bir günahkardan ötrü belə sevinirlər».+

11 Sonra o, sözünə davam etdi: «Bir adamın iki oğlu vardı. 12 Kiçik oğul atasına dedi: “Ata, əmlakından mənə düşən payı ver”. Onda ata öz malını iki oğulun arasında böldü. 13 Çox keçmədi ki, kiçik oğul hər şeyini yığıb uzaq ölkəyə yollandı. Orada eyş-işrətə qurşanıb bütün malını puç etdi. 14 Hər şeyini xərcləyib qurtarmışdı ki, o ölkədə möhkəm aclıq oldu və oğlan korluq çəkməyə başladı. 15 O, həmin ölkənin sakinlərindən birinin yanına gedib ətəyindən yapışdı. O da oğlanı otlaqlarına donuz+ otarmağa göndərdi. 16 Oğlan donuzların yediyi keçibuynuzu ağacının meyvəsi ilə qarnını doydurmağa şad olardı, amma heç kim ona heç nə vermirdi.

17 Ağlı başına gələndə oğlan özü-özünə dedi: “Atamın evində muzdla işləyən neçə-neçə adamın doyunca yeməyə çörəyi var, mən isə burada acından ölürəm! 18 Atamın yanına qayıdıb deyəcəyəm: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. 19 Artıq sənin oğlun adlanmağa layiq deyiləm. İcazə ver, muzdla işləyən adamlarına qoşulum”. 20 O durub atasının yanına getdi. Hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü. 21 Oğlan atasına dedi: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm.+ Artıq sənin oğlun adlanmağa layiq deyiləm”. 22 Atası isə nökərlərinə əmr etdi: “Tez olun! Ən gözəl xələti gətirib oğluma geyindirin. Barmağına üzük taxın, ayaqlarına səndəl geyindirin. 23 Bəslənmiş dananı gətirib kəsin, yeyək-içək şadlanaq. 24 Çünki mənim bu oğlum ölmüşdü dirildi,+ itmişdi tapıldı”. Onlar şənliyə başladılar.

25 Bu zaman böyük oğul tarlada idi. Geri qayıdarkən evə yaxınlaşanda musiqi və rəqs sədaları eşitdi, 26 nökərlərdən birini yanına çağırıb ondan nə baş verdiyini soruşdu. 27 Nökər dedi: “Qardaşın qayıdıb, atan da onun sağ-salamat qayıtdığına görə bəslənmiş dana kəsib”. 28 Böyük oğul qəzəbləndi və evə girmək istəmədi. Onda atası çıxıb ona yalvarmağa başladı. 29 O, cavabında atasına dedi: “Neçə ildir sənə nökərçilik edirəm, heç vaxt sənin sözündən çıxmamışam. Sən isə mənə dostlarımla şənlik etmək üçün bir çəpiş də verməmisən. 30 Amma sənin malını fahişələrə xərcləyib puç edən bu oğlun gələn kimi onun üçün bəslənmiş dana kəsdin”. 31 Onda atası dedi: “Oğlum, sən həmişə yanımdasan, nəyim varsa, sənindir. 32 Amma biz ona görə sevinib-şadlanırıq ki, qardaşın ölmüşdü dirildi, itmişdi tapıldı”».

16 Sonra İsa şagirdlərinə müraciət edərək dedi: «Bir dövlətli adamın evində nökərbaşı vardı. Bir gün onu ağasının malını israf etməkdə ittiham etdilər. 2 Onda ağa nökərbaşını yanına çağırıb dedi: “Bu nədir sənin haqqında eşidirəm? İşin barədə hesabat ver, sən artıq bu evi idarə etməyəcəksən”. 3 Nökərbaşı öz-özünə dedi: “Ağam vəzifəmi əlimdən alır, bəs mən nə edəcəyəm? Torpaq qazmağa qüvvəm yox, dilənməyə də utanıram. 4 Aha! Bilirəm nə etmək lazımdır ki, işdən qovulandan sonra camaat məni öz evində qəbul etsin”. 5 O, ağasına borcu olanları bir-bir yanına çağırdı. Birincisindən soruşdu: “Ağama nə qədər borclusan?” 6 O cavab verdi: “Yüz bat* zeytun yağı”. Nökərbaşı ona dedi: “Borc sənədini götür, otur, cəld əlli bat yaz”. 7 Sonra digərindən soruşdu: “Bəs sənin borcun nə qədərdir?” O cavab verdi: “Yüz kor* buğda”. Nökərbaşı ona: “Borc sənədini götür, səksən kor yaz”, — dedi. 8 Ağası nökərbaşını, düzgün davranmasa da, ağılla tərpəndiyi üçün təriflədi. Bunu bilin, bu dövrün* oğulları nurun oğullarına+ nisbətən öz dövrünün adamları ilə daha ağılla davranırlar.

9 Baxın sizə deyirəm: özünüzə bu şər dünyanın sərvətilə+ dostlar qazanın ki, bu sərvət qurtaranda onlar sizi əbədi məskənlərə qəbul etsinlər.+ 10 Xırda işdə etibarlı olan böyük işdə də etibarlı olur, xırda işdə düzgün davranmayan böyük işdə də düzgün davranmır. 11 Beləliklə, əgər siz bu şər dünyanın sərvəti ilə münasibətdə sadiq olmasanız, kim sizə həqiqi sərvəti etibar edər? 12 Özgəsinin malına qarşı sadiq olmasanız, kim sizə sizin üçün hazırlanmış mükafatı verər?+ 13 Heç bir nökər iki ağaya qulluq edə bilməz, çünki ya birinə nifrət edib, o birini sevəcək, ya da birinə sadiq qalıb digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz».+

14 Bu sözləri eşidən pulgir fərisilər ona istehza etməyə başladılar.+ 15 Buna görə də İsa onlara dedi: «Siz insanların qarşısında özünüzü saleh göstərirsiniz,+ lakin Allah ürəyinizi bilir.+ İnsanların gözündə uca sayılan şey Allahın gözündə iyrəncdir.+

16 Tövrat* və Peyğəmbərlərin kitabı Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın Padşahlığı haqqında müjdə təbliğ edilir və hər cür adam var gücü ilə ora girməyə can atır.+ 17 Yerlə göy yox olsa belə, Tövratdan bir hərfin nöqtəsi də boşa çıxmaz.+

18 Arvadını boşayıb başqası ilə evlənən zina edir, boşanmış qadınla evlənən də zina edir.+

19 Bir varlı adam var idi. O, kətan və bənövşəyi libas geyinir, ömrünü təmtəraq içində, kefdə-damaqda keçirirdi. 20 Bir də İlazər adlı bir dilənçi vardı. Onun bədəni büsbütün yara içində idi. Adətən onu varlının qapısına qoyardılar. 21 O, varlının süfrəsindən düşən şeylərlə qarnını doydurmağı arzulayardı. İtlər gəlib onun yaralarını yalayardı. 22 Bir gün dilənçi öldü və mələklər onu İbrahimin yanına* apardılar.

Varlı adam da öldü və dəfn edildi. 23 O, Məzarda* əzab çəkən vaxt başını qaldırıb uzaqda İbrahimi və yanındakı İlazəri gördü. 24 Varlı çağırıb dedi: “İbrahim ata! Mənə rəhm et. İlazəri göndər, barmağının ucunu suya batırıb dilimi sərinlətsin, alovun içində əzab çəkirəm”. 25 Lakin İbrahim ona dedi: “Bala, unutma ki, sən bütün ömrün boyu firavan yaşamısan, İlazər isə bir xoş gün görməyib. İndi o, burada təsəlli tapır, sən isə əzab çəkirsən. 26 Üstəlik, aramızda dərin uçurum qoyulub ki, kimsə bizdən sizə ya sizdən bizə keçmək istəsə, keçə bilməsin”. 27 Varlı adam dedi: “Ata, onda səndən xahiş edirəm, İlazəri atamın evinə göndər, 28 çünki mənim beş qardaşım var. Qoy onları xəbərdar etsin ki, onlar da bu əzablı yerə düşməsinlər”. 29 Lakin İbrahim dedi: “Onların Musası var, Peyğəmbərləri var, qoy onları dinləsinlər”.+ 30 Varlı isə dedi: “Xeyr, dinləmirlər, ay İbrahim ata! Amma ölülərdən kimsə gəlsə, tövbə edərlər”. 31 Onda İbrahim dedi: “Əgər Musaya+ və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən kimsə dirilib gəlsə də inanmazlar”».

17 Sonra İsa şagirdlərinə dedi: «İman yolunda mütləq maneələr olacaq. Amma vay səbəbkarın halına! 2 Bu kiçiklərdən birini büdrətməkdənsə onun üçün daha yaxşı olardı ki, boynuna dəyirman daşı asıb onu dənizə atsınlar.+ 3 Ehtiyatlı olun. Kimsə* günah işləsə, onu məzəmmət et,+ tövbə etsə, bağışla.+ 4 Hətta bir gündə sənə qarşı yeddi dəfə günah işləsə və hər dəfə yanına gəlib: “Tövbə edirəm”, — desə, onu bağışlamalısan».+

5 Həvarilər Ağaya dedilər: «İmanımızı artır».+ 6 Ağa isə dedi: «Əgər sizdə bir xardal toxumu boyda iman olsaydı, bu xartut ağacına: “Kökündən qop, dənizdə bit”, — deyərdiniz, ağac da sizə itaət edərdi.+

7 Tutalım nökəriniz var. O, yer şumlamaqdan və ya sürünü otarmaqdan qayıdanda hansınız ona: “Tez süfrəyə keç, əyləş”, — deyər? 8 Məgər: “Şam yeməyimi hazırla, önlüyünü tax, mən yeyib qurtaranadək mənə qulluq et, özün sonra yeyərsən”, — deməz? 9 Tapşırığını yerinə yetirdiyinə görə məgər ağası nökərə minnətdar olacaq? 10 Siz də sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə öhdəmizə düşən işi gördük”».+

11 Yerusəlimə gedərkən İsa Səməriyyə ilə Cəlilənin arasından keçirdi. 12 Bir kəndə girəndə onu on nəfər cüzamlı kişi gördü. Onlar uzaqda durub+ 13 qışqırdılar: «İsa, Müəllim, bizə rəhm et!» 14 İsa onları görəndə dedi: «Gedin özünüzü kahinlərə göstərin».+ Bu adamlar yolda ikən cüzamdan təmizləndilər.+ 15 Onlardan biri sağaldığını görüb Allahı ucadan mədh edə-edə geri qayıtdı. 16 O, üzüqoylu İsanın ayaqlarına yıxılıb ona təşəkkür etdi. Bu adam səməriyyəli+ idi. 17 O zaman İsa dedi: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı? 18 Başqa xalqdan olan bu adamdan savayı Allahı mədh etmək üçün geri qayıdan olmadı?» 19 Sonra həmin adama dedi: «Dur get, imanın səni sağaltdı».+

20 Fərisilər ondan Allahın Padşahlığının nə vaxt gələcəyini soruşanda+ İsa belə cavab verdi: «Allahın Padşahlığı açıq-aşkar şəkildə gəlməyəcək. 21 Onun barəsində “baxın, buradadır” ya “oradadır” deməyəcəklər. Çünki Allahın Padşahlığı aranızdadır».+

22 Sonra şagirdlərinə dedi: «Elə bir vaxt gələcək ki, insan Oğlunun günlərindən birini görməyi çox arzulayacaqsınız, amma görməyəcəksiniz. 23 Sizə “bax, oradadır!”, yaxud “bax, buradadır!” deyəcəklər. Getməyin, onların dalınca düşməyin.+ 24 Çünki şimşək çaxanda göyün bir ucundan o biri ucuna qədər necə parlayırsa, insan Oğlu+ da zühur edəcəyi gün belə olacaq.+ 25 Ancaq əvvəlcə o, çoxlu əzablara qatlaşmalı, bu nəsil tərəfindən rədd olunmalıdır.+ 26 Nuhun vaxtında necə idisə,+ insan Oğlunun vaxtında da elə olacaq:+ 27 Nuh gəmiyə girən günə qədər+ insanlar yeyir-içir, evlənir, ərə gedirdilər. Sonra daşqın gəlib onların hamısını tələf etdi.+ 28 Lutun vaxtında da belə idi:+ insanlar yeyir-içir, alır-satır, əkir, tikirdilər. 29 Amma Lut Sədumdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi.+ 30 İnsan Oğlunun zühur edəcəyi gündə də belə olacaq.+

31 O gün kim damda olarsa, əşyalarının dalınca evə düşməsin, tarlada olan da geri qayıtmasın. 32 Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın.+ 33 Kim həyatını qorumağa çalışırsa, onu itirəcək, amma həyatını itirən onu qoruyacaq.+ 34 Bunu bilin: həmin gecə iki nəfər bir yataqda olacaq. Biri götürüləcək, o birisi qalacaq.+ 35 Bir dəyirmanda iki qadın dən üyüdəcək. Biri götürüləcək, o birisi qalacaq». 36 *⁠—— 37 Şagirdləri ondan soruşdu: «Ağa, hara?» O cavab verdi: «Cəsəd haradadırsa, qartallar da ora yığışacaq».+

18 Sonra İsa həmişə dua etməyin və ruhdan düşməməyin vacibliyi barəsində onlara bir məsəl çəkdi:+ 2 «Bir şəhərdə Allahdan qorxmayan və insanları saymayan bir hakim vardı. 3 Orada həmçinin bir dul qadın da yaşayırdı. Bu qadın daima hakimin yanına gedib: “Mənimlə rəqibimin işinə bax, mənim üçün ədaləti bərqərar et”, — deyirdi. 4 Hakim bir müddət ona kömək etmədi, amma sonradan öz-özünə dedi: “Düzdür, Allahdan qorxmuram, insanları da saymıram, 5 amma bu dul qadının gəlib-getməyi məni lap boğaza yığdı. Gərək onun üçün ədaləti bərqərar edim ki, daha gəlib baş-beynimi aparmasın”».+ 6 Ağa dedi: «Görürsünüz, haqq-nahaq tanımayan hakim nə dedi?! 7 Əgər o, belə etdisə, məgər səbirli Allah+ Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?+ 8 Bunu bilin ki, Allah tez bir zamanda onlar üçün ədaləti bərpa edəcək. Bəs görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaq?»

9 Özünü saleh sayıb başqalarını heç sayan adamlar üçün İsa bu məsəli çəkdi: 10 «İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisi, digəri vergiyığan idi. 11 Fərisi ayaq üstə durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar deyiləm. Nə də bu vergiyığanın tayı deyiləm. 12 Həftədə iki dəfə orucumu tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm”.+ 13 Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”.+ 14 Bunu bilin ki, bu adam fərisidən daha saleh sayılaraq evinə getdi.+ Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».+

15 Camaat öz körpələrini İsanın yanına gətirirdi ki, İsa onlara toxunsun. Şagirdlər isə onları danlayırdı.+ 16 Amma İsa uşaqları yanına çağırdı və dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur.+ 17 Bilin və agah olun: Allahın Padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək».+

18 Rəhbərlərdən biri ondan soruşdu: «Gözəl Ustad, əbədi həyatı almaq üçün mən nə etməliyəm?»+ 19 İsa ona dedi: «Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur.+ 20 Sən ki “zina etmə+, adam öldürmə+, oğurluq etmə+, yalan şahidlik etmə+, atana və anana hörmət et+” əmrlərini bilirsən». 21 O adam cavab verdi: «Bütün bunlara ta uşaqlıqdan əməl edirəm». 22 İsa ona qulaq asıb dedi: «Amma bir şey də etməlisən. Nəyin varsa, sat, kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl».+ 23 O, bunu eşidəndə bərk kədərləndi, çünki çox varlı idi.+

24 İsa ona baxıb dedi: «Pullu adamlara Allahın Padşahlığına girmək necə də çətin olacaq!+ 25 Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+ 26 Bu sözləri eşidənlər soruşdular: «Bəs onda kim xilas ola bilər?»+ 27 İsa cavab verdi: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür».+ 28 Onda Butrus dedi: «Bax, nəyimiz vardısa qoyub sənin ardınca gəldik».+ 29 İsa onlara dedi: «Əmin olun, Allahın Padşahlığı uğrunda evini, arvadını, qardaşlarını, valideynlərini və uşaqlarını qoyub gələn+ 30 bu dövrdə əvəzini artıqlaması ilə alacaq, gələcəkdə isə əbədi həyata qovuşacaq».+

31 Sonra İsa on iki həvarisini kənara çəkib onlara dedi: «İndi Yerusəlimə gedirik. Peyğəmbərlərin insan Oğluna aid yazdıqları hər şey yerinə yetəcək.+ 32 Məsələn, o, başqa xalqlardan olan adamların əlinə veriləcək.+ Onu lağa qoyacaqlar+, təhqir edəcəklər+, üzünə tüpürəcəklər. 33 Onu qamçı ilə döyəcək, sonra öldürəcəklər,+ amma o, üçüncü gün diriləcək».+ 34 Ancaq şagirdlər bu sözlərdən bir şey başa düşmədilər, çünki bunların mənası onlardan gizlədilmişdi, buna görə də onun dediklərini dərk etmədilər.

35 İsa Ərihaya yaxınlaşanda yolun qırağında bir kor dilənçi oturmuşdu.+ 36 O, yoldan çoxlu adamın keçdiyini eşidəndə nə baş verdiyini soruşdu. 37 Ona dedilər: «Nəsrani İsa keçir!» 38 Kor bunu eşidəndə qışqırdı: «Ey Davud Oğlu İsa, mənə rəhm et!» 39 Qabaqda gedənlər təpinərək onu susdurmağa çalışdılar, amma o, daha da bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!» 40 İsa ayaq saxladı və əmr etdi ki, o adamı yanına gətirsinlər. O yaxınlaşanda İsa soruşdu: 41 «Nə istəyirsən? Sənin üçün nə edim?» O cavab verdi: «Ağa, gözlərimə şəfa ver». 42 İsa ona dedi: «Qoy gözlərin görsün, imanın səni sağaltdı».+ 43 Həmin andaca o adamın gözləri açıldı və o, Allaha alqış oxuya-oxuya İsanın ardınca getdi.+ Bunu görən camaat da Allaha alqış oxudu.+

19 İsa Əriha şəhərindən keçirdi. 2 Orada Zəkkay adında varlı bir adam vardı. Bu adam vergiyığanların rəisi idi. 3 O, İsanı görmək istəyirdi, lakin adam çox olduğundan görə bilmirdi, çünki balacaboy idi. 4 Buna görə də Zəkkay qabağa qaçıb İsanı görmək üçün bir əncir ağacına dırmaşdı, çünki İsa həmin yoldan keçməli idi. 5 İsa o yerə çatanda başını qaldırıb ona dedi: «Zəkkay, tez aşağı düş. Mən bu gün sənin evində qalmalıyam». 6 Zəkkay tez aşağı düşdü və onu sevinclə evində qonaq etdi. 7 Adamlar bunu görəndə: «Siz bir buna baxın, günahlının evinə qonaq gedir», — deyə deyinməyə başladılar.+ 8 Zəkkay isə ayağa qalxıb Ağaya dedi: «Ağa, malımın yarısını yoxsullara verəcəyəm, kimin əlindən nəyini almışamsa, ona dördqat qaytaracağam».+ 9 İsa bunu eşidəndə dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. 10 İnsan Oğlu itkinləri tapıb xilas etməyə gəlib».+

11 Bu sözlərdən sonra İsa şagirdlərinə başqa bir məsəl çəkdi, çünki onlar elə düşünürdülər ki, Yerusəlimə gələn kimi Allahın Padşahlığını görəcəklər.+ 12 O dedi: «Kübar ailədən olan bir adam padşahlıq hakimiyyətini alıb geri qayıtmaq üçün uzaq bir ölkəyə yollanırdı.+ 13 O, yanına on nökər çağırıb onlara on mina* verdi və tapşırdı: “Mən gələnə kimi bu pulu dövriyyəyə buraxın”.+ 14 Lakin ölkəsinin sakinləri ona nifrət edirdilər. Onlar onun ardınca bir neçə elçi göndərib dedilər: “Biz bu adamın üzərimizdə hökmranlıq etməsini istəmirik”.

15 Padşahlıq hakimiyyətini alıb geri qayıdandan sonra o, nökərləri yanına çağırtdırdı ki, görsün onlara verdiyi pulu dövriyyəyə buraxıb nə qədər gəlir əldə ediblər.+ 16 Birinci nökər gəlib dedi: “Ağa, verdiyin mina on mina gətirdi”.+ 17 Ağası ona dedi: “Afərin, qoçaq nökər! Xırda işdə etibarlı olduğun üçün sənə on şəhər üzərində hakimiyyət verirəm”.+ 18 Sonra ikinci nökər gəlib dedi: “Ağa, verdiyin mina beş mina gətirdi”.+ 19 Ağası bu nökərə də dedi: “Sənə də beş şəhər üzərində hakimiyyət verirəm”. 20 Lakin başqa birisi gəlib belə dedi: “Ağa, al, bu da sənin pulun. Onu yaylığa büküb gizlətmişdim. 21 Səndən qorxdum, çünki sən sərt adamsan, qoymadığını götürürsən, əkmədiyini biçirsən”.+ 22 Ağası ona dedi: “Yaramaz nökər! Sən öz dilinlə özünü məhkum etdin. Axı sən mənim qoymadığını götürən, əkmədiyini biçən sərt adam olduğumu bilirdin!+ 23 Belə isə, nə üçün pulumu dövriyyəyə buraxmadın ki, qayıdanda onu faizlə geri alım?”

24 Onda ağa yanındakılara dedi: “Pulu bundan alıb on minası olana verin”.+ 25 Ona dedilər: “Ağa, axı onun artıq on minası var!” 26 “Bunu bilin ki, kimdə varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, əlindəki də alınacaq.+ 27 Üzərlərində padşahlıq etməyimi istəməyən düşmənlərimi isə bura gətirib gözümün qabağında öldürün”».

28 İsa bunları deyəndən sonra yoluna davam edib Yerusəlimə qalxdı. 29 O, Zeytun dağında+ yerləşən Beytfəciyə və Beytaniyyəyə yaxınlaşanda qabağınca iki şagirdini göndərib+ 30 dedi: «Qarşıdakı kəndə gedin. Kəndə girəndə payaya bağlanmış və heç kimin minmədiyi bir qoduq görəcəksiniz. Onu açıb mənə gətirin. 31 Əgər kimsə sizdən onu niyə açdığınızı soruşsa, deyin ki, Ağaya lazımdır». 32 Onlar gedib gördülər ki, hər şey onun dediyi kimidir.+ 33 Heyvanı açarkən onun yiyələri dedilər: «Onu niyə açırsınız?» 34 Şagirdlər cavab verdilər: «Ağaya lazımdır». 35 Onlar heyvanı İsanın yanına gətirdilər, üst paltarlarını çıxarıb heyvanın belinə qoydular və İsanı ona mindirdilər.+

36 İsa yolla gedərkən camaat üst paltarını yerə sərirdi.+ 37 O, Zeytun dağının enişinə yaxınlaşanda bütün şagirdləri sevindi. Onlar gözləri ilə gördükləri əzəmətli işlərə görə Allahı ucadan mədh edib 38 dedilər: «Yehovanın adı ilə Padşah kimi gələnə eşq olsun! Göylərdə sülh, ucalarda yaşayana alqış!»+ 39 Lakin bəzi fərisilər camaatın arasından qışqırıb dedilər: «Ustad, şagirdlərini susdur».+ 40 İsa onlara dedi: «Bunu bilin ki, onlar sussaydılar, daşlar dilə gəlib hayqırardı».

41 İsa şəhərə yaxınlaşanda ona baxıb ağladı.+ 42 O dedi: «Kaş bu gün sən sülhə aparan yolu dərk edəydin... Amma gözlərin bağlıdır.+ 43 Çünki vaxt gələcək, düşmənlərin sənin ətrafında ucu şiş payalarla istehkam quracaq, səni mühasirəyə alıb hər tərəfdən sıxışdıracaq.+ 44 Onlar səni, uşaqlarını yerə çırpacaq,+ səndə daşı daş üstə qoymayacaq,+ çünki sən yoxlama vaxtını sezmədin».

45 Sonra İsa məbədə girib oradakı alverçiləri qovmağa başladı.+ 46 O deyirdi: «Yazılıb: “Mənim evim dua evi olacaq”.+ Siz isə onu quldur yuvasına döndərmisiniz».+

47 İsa hər gün məbəddə vəz edirdi. Böyük kahinlər, mirzələr və xalqın nüfuzlu adamları onu öldürmək üçün fürsət axtarırdılar,+ 48 amma tapa bilmirdilər, çünki bütün xalq onu diqqətlə dinləyir, ondan ayrılmırdı.+

20 Bir gün İsa məbəddə vəz edir və müjdəni təbliğ edirdi. Böyük kahinlər və mirzələr ağsaqqallarla birlikdə onun yanına gəlib 2 soruşdular: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»+ 3 İsa dedi: «Mən də sizə bir sual verəcəyəm: deyin görüm 4 Yəhyaya vəftiz etmək ixtiyarını Allah vermişdi, yoxsa insanlar?» 5 Onlar öz aralarında götür-qoy edib belə qənaətə gəldilər: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?” 6 Əgər desək ki, “insanlar vermişdi”, onda camaat bizi daşa basar, çünki hamı Yəhyanın peyğəmbər olduğuna inanır».+ 7 Onlar belə dedilər: «Bilmirik kim vermişdi». 8 İsa onlara dedi: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm».

9 Sonra İsa camaata belə bir məsəl çəkdi: «Bir adam üzüm bağı saldı+ və bağı bağbanlara icarəyə verib uzun müddətə başqa ölkəyə yollandı.+ 10 Məhsul yığımı mövsümündə öz nökərini bağbanların yanına göndərdi ki, bağın barından ona versinlər. Bağbanlar isə nökəri döyüb əliboş geri qaytardılar.+ 11 Bağın sahibi yenidən bir nökər göndərdi. Bağbanlar onu da döyüb təhqir etdilər və əliboş qaytardılar. 12 O, üçüncü dəfə nökər göndərdi. Bağbanlar onu da şil-küt edib çölə atdılar. 13 Onda bağın sahibi belə dedi: “Nə edim? Gəlsənə sevimli oğlumu göndərim.+ Yəqin ona hörmətlə yanaşarlar”. 14 Lakin bağbanlar oğulu görəndə bir-birinə dedilər: “Bu, varisdir. Gəlin onu öldürək ki, miras bizim olsun”. 15 Bağbanlar oğulu bağdan çölə atıb öldürdülər.+ Görəsən, bağın sahibi onlara nə edəcək? 16 O gəlib bu bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək».

Bunu eşidəndə onlar dedilər: «İraq olsun!» 17 İsa onlara baxıb dedi: «Bəs onda “bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu” sözlərinin mənası nədir?+ 18 Onun üstünə yıxılan hər kəs tikə-parça olacaq.+ Bu daş kimin üstünə düşsə, onu tələf edəcək».

19 Mirzələr və böyük kahinlər İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu dərhal tutmaq istədilər, amma camaatdan qorxdular.+ 20 Onu yaxşıca müşahidə etdikdən sonra xəlvətcə muzdla bir neçə adam tutdular və onun yanına göndərdilər. Bu adamlar özlərini saleh göstərib onu sözdə tutmalı idilər.+ Mirzələr və böyük kahinlər İsanı hökumətə və valiyə təslim etmək istəyirdilər. 21 Həmin adamlar gəlib İsaya dedilər: «Ustad, biz bilirik ki, sən həmişə düz danışırsan, doğru təlim verirsən. Səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. 22 Necə bilirsən, Sezara vergiləri ödəmək düzgündür, ya yox?» 23 İsa onların kələyini dərhal anlayıb dedi: 24 «Mənə bir dinar* göstərin. Bu dinarın üzərində kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Sezarın». 25 İsa onlara dedi: «Belə isə, Sezara məxsus şeyləri Sezara,+ Allaha məxsus şeyləri Allaha verin».+ 26 Onlar xalqın qarşısında İsanı sözdə tuta bilmədilər və onun cavabına mat qalıb susdular.

27 Dirilməyə inanmayan saddukilərdən bir neçəsi+ onun yanına gəlib soruşdu:+ 28 «Ustad, Musa bizə belə yazıb: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalı və onun nəslini davam etdirməlidir”.+ 29 Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övladsız öldü. 30 İkincisi də o qadınla evləndi və sonra öldü, 31 üçüncüsü də elə. Beləliklə, qardaşların yeddisi də onunla evləndilər, amma özlərindən sonra övlad qoymayıb öldülər. 32 Axırda o qadın da öldü. 33 Görəsən, diriləndən sonra həmin qadın bu qardaşlardan hansının arvadı olacaq? Axı yeddisi də onu almışdı».

34 İsa onlara dedi: «Bu dövrün övladları evlənirlər, ərə gedirlər, 35 lakin gələcək dövrdə yaşamağa və ölülərdən dirilməyə layiq görülənlər nə evlənəcək, nə də ərə gedəcəklər.+ 36 Onlar artıq ölməyəcəklər, çünki mələk kimi olacaq və dirildikləri üçün Allahın övladları olacaqlar. 37 O ki qaldı ölülərin dirilməsinə, bunu hətta Musa kol haqqındakı əhvalatında Yehovanı “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandırmaqla göstərib.+ 38 O, ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır».+ 39 Mirzələrdən bir neçəsi dedi: «Ustad, yaxşı dedin». 40 Onlar artıq bir söz belə soruşmağa cürət etmirdilər.

41 İsa onlardan soruşdu: «Necə olur ki, Məsihi Davudun oğlu adlandırırlar?+ 42 Axı Davud özü Zəbur kitabında belə deyir: “Yehova Ağama dedi: 43 “Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur”.+ 44 Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»

45 Camaat ona qulaq asarkən o, şagirdlərinə dedi: 46 «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı, sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər.+ 47 Onlar dul qadınların evlərini talayır, özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək».

21 İsa ətrafa göz gəzdirəndə varlıların xəzinə qablarına ianə* saldıqlarını gördü.+ 2 Sonra kasıb bir dul qadın da gəlib qaba iki xırda pul* saldı.+ 3 İsa dedi: «İnanın, bu kasıb dul qadın onların hamısından çox pul saldı.+ 4 Çünki onlar varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola, dolanmaq üçün nəyi vardısa, hamısını verdi».+

5 Daha sonra bəziləri məbədin özündən, onun gözəl daşlarla, Allaha təqdim edilmiş əşyalarla bəzədildiyindən danışanda+ 6 o dedi: «Elə vaxt gələcək ki, burada gördüklərinizdən daş daş üstə qalmayacaq, hamısı dağılacaq».+ 7 Onda İsadan soruşdular: «Ustad, bunlar nə vaxt olacaq? Bunların baş verəcəyi vaxt hansı əlamətdən bilinəcək?»+ 8 İsa cavab verdi: «Diqqətli olun ki, sizi aldatmasınlar.+ Çünki bir çoxları mənim adımla gəlib deyəcək: “Məsih mənəm”, “Vaxt yaxınlaşır”. Onların ardınca getməyin.+ 9 Bundan əlavə, müharibələr və iğtişaşlar barəsində eşidəndə dəhşətə gəlməyin. Çünki əvvəlcə bunlar baş verməlidir, ancaq son dərhal gəlməyəcək».+

10 Sonra əlavə etdi: «Millət millətə qarşı,+ dövlət dövlətə qarşı qalxacaq.+ 11 Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər* olacaq.+ İnsanlar dəhşətli mənzərələrin, göydən gələn böyük əlamətlərin şahidi olacaq.

12 Lakin bütün bunlardan əvvəl sizi tutacaqlar, təqib edəcəklər,+ sinaqoqlara verəcəklər, zindanlara atacaqlar, mənim adıma görə sizi padşahların və valilərin önünə gətirəcəklər.+ 13 Bunun sayəsində siz şəhadət verəcəksiniz. 14 Buna görə də özünüzü müdafiə etmək üçün nə deyəcəyinizi qabaqcadan düşünməyin,+ 15 çünki mən sizin dilinizə elə sözlər qoyacağam, sizə elə hikmət verəcəyəm ki, düşmənləriniz sizə bata bilməyəcək, sözünüzün qabağında söz deyə bilməyəcək.+ 16 Bundan başqa, valideynləriniz, qohum-qardaşınız, dostlarınız sizi ələ verəcək, hətta bəzilərinizi öldürəcəklər.+ 17 Mənim adıma görə hamı sizə nifrət edəcək.+ 18 Bunlara baxmayaraq, başınızdan bir tük belə, əskik olmayacaq.+ 19 Dözümlə həyatınızı xilas edəcəksiniz.+

20 Qoşunların Yerusəlimi mühasirəyə aldığını görəndə+ bilin ki, o, tezliklə viran olacaq.+ 21 Onda qoy Yəhudiyyədə olanlar dağlara qaçsın,+ şəhərdəkilər oradan çıxsın, ətraf kəndlərdə olanlar şəhərə girməsin. 22 Çünki o günlər qisas günləri olacaq* və beləliklə, bütün yazılanlar yerinə yetəcək. 23 O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına!+ Bu torpaqda böyük müsibət olacaq. Bu xalq qəzəbə tuş gələcək, 24 qılıncdan keçiriləcək, bütün ölkələrə əsir aparılacaq.+ Xalqlara verilən vaxt qurtarana qədər Yerusəlim xalqların tapdağı altında qalacaq.+

25 Həmçinin günəşdə, ayda, ulduzlarda əlamətlər olacaq.+ Yerdə dənizin nəriltisindən və çalxalanmasından çıxış yolu tapmayan xalqlar əzab çəkəcək. 26 İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcək, çünki göylərin qüvvələri sarsılacaq. 27 Sonra insan Oğlunun+ qüdrətlə, calal içində buludda gəldiyini görəcəklər.+ 28 Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır».

29 Sonra İsa onlara bu məsəli çəkdi: «Əncir ağacına və başqa ağaclara fikir verin.+ 30 Onların tumurcuqlandığını görəndə bilirsiniz ki, tezliklə yay gələcək. 31 Eləcə də bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındadır. 32 Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək.+ 33 Yer-göy yox olub gedəcək, amma mənim sözlərim qalacaq.+

34 Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq+ və həyatın qayğıları+ ilə yükləməyin ki, o gün 35 üstünüzə tor kimi qəflətən,+ bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəsin üstünə gələcək. 36 Buna görə də oyaq durun+ və hər zaman Allaha yalvarın+ ki, baş verəcək bu hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz».+

37 İsa gündüzlər məbəddə vəz edir, gecələr isə gedib Zeytun dağında qalırdı. 38 Bütün xalq onu dinləmək üçün sübh tezdən məbədə gəlirdi.

22 Pasxa adlanan Mayasız çörək bayramı+ yaxınlaşırdı.+ 2 Böyük kahinlər və mirzələr xalqdan qorxurdular,+ ona görə də İsanı aradan götürmək üçün əlverişli yol axtarırdılar.+ 3 Onda Şeytan on iki həvaridən biri olan Yəhuda İskəryutun ürəyinə girdi.+ 4 Yəhuda böyük kahinlərin və məbəd rəislərinin yanına gedib onlarla İsanı ələ vermək barəsində danışdı.+ 5 Bu, onların ürəyincə oldu, onlar Yəhudaya gümüş pul verməyi qərarlaşdırdılar.+ 6 Yəhuda razılaşdı və İsanı camaatdan xəlvət ələ vermək üçün fürsət axtarmağa başladı.

7 Mayasız çörək bayramı gəldi. Həmin gün Pasxa qurbanı kəsilirdi.+ 8 İsa Butrusla Yəhyanı göndərib dedi: «Gedin və bizə Pasxa yeməyi hazırlayın».+ 9 Onlar soruşdular: «Harada hazırlayaq?» 10 İsa cavab verdi: «Şəhərə girəndə əlində saxsı səhəng aparan bir adam görəcəksiniz. Onun girdiyi evə gedin+ 11 və ev sahibinə belə deyin: “Ustad soruşur, şagirdləri ilə Pasxa yeməyini hansı otaqda yeyəcək”. 12 O adam sizə yuxarı mərtəbədə hazırlanmış böyük bir otaq göstərəcək. Yeməyi orada hazırlayın». 13 Şagirdlər getdilər və doğrudan da, hər şey İsanın dediyi kimi oldu. Onlar Pasxa üçün hazırlıq gördülər.

14 Vaxt yetişəndə İsa həvariləri ilə süfrəyə əyləşdi.+ 15 İsa onlara dedi: «Mən çox arzulayırdım ki, əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə yeyim. 16 Çünki bu*, Allahın Padşahlığında gerçəkləşməyincə bir daha bunu yeməyəcəyəm». 17 Sonra bir cam götürdü və Allaha şükür edib dedi: «Bu camı götürün, bir-birinizə ötürün. 18 Çünki Allahın Padşahlığı gəlməyincə mən bir daha şərab içməyəcəyəm».

19 Sonra çörək götürdü,+ Allaha şükür edib çörəyi böldü və şagirdlərinə verib dedi: «Bu çörək sizin uğrunuzda+ fəda ediləcək bədənimi təmsil edir.+ Xatirəmi yad etmək üçün bunu həmişə edin».+ 20 Şam yeməyini yeyəndən sonra eynilə də camı götürüb dedi: «Bu cam sizin uğrunuzda+ axıdılacaq qanım+ əsasında bağlanan yeni əhdi+ təmsil edir.

21 Lakin xain mənimlə bir süfrə arxasındadır.+ 22 İnsan Oğlu onun üçün təyin edilmiş yolla gedir.+ Amma yenə də vay onu satanın halına!»+ 23 Onlar aralarında danışmağa başladılar ki, görəsən, bunu kim edəcək.+

24 Sonra onların arasında qızğın mübahisə düşdü: onlardan kim daha böyükdür.+ 25 İsa onlara dedi: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami* kimi ucaldırlar.+ 26 Siz isə belə olmamalısınız.+ Qoy aranızda böyük sayılan kiçik kimi olsun,+ başçılıq edən xidmətçi kimi olsun. 27 Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən? Məgər böyük süfrədə oturan deyil? Mən isə sizə qulluq edirəm.+

28 Amma bütün sınaqlarım boyu+ mənim yanımda+ siz olmusunuz. 29 Buna görə Atam mənimlə əhd bağladığı kimi, mən də padşahlıqda hökmranlıq etmək üçün sizinlə əhd bağlayıram+ ki, 30 mənim Padşahlığımda süfrəmdə yeyəsiniz, içəsiniz+ və taxtda oturub+ İsrailin on iki qəbiləsini mühakimə edəsiniz.+

31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyi tələb edirdi.+ 32 Amma mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin.+ Sən də qayıdanda qardaşlarının imanını möhkəmləndir».+ 33 Butrus isə dedi: «Ağa, mən səninlə zindana da, ölümə də getməyə hazıram».+ 34 Ancaq İsa dedi: «Butrus, bunu bil ki, bu gün xoruz banlamamış sən məni üç dəfə danacaqsan».+

35 Sonra İsa şagirdlərinə dedi: «Mən sizi xidmətə göndərəndə özünüzlə pul kisəsi, heybə və səndəl götürməmişdiniz.+ Bir şeydə korluq çəkdiniz?» Onlar dedilər: «Xeyr!» 36 Onda İsa dedi: «İndi isə pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan üst paltarını satıb qılınc alsın. 37 Bunu bilin ki, mənim haqqımda yazılmış: “Cinayətkarlara tay tutuldu”, — sözləri yerinə yetməlidir.+ Çünki haqqımda yazılanlar artıq həyata keçir».+ 38 Onlar dedilər: «Ağa, burada iki qılınc var». İsa dedi: «Kifayətdir».

39 İsa oradan çıxıb həmişəki kimi Zeytun dağına getdi. Şagirdləri də dalınca getdilər.+ 40 Ora çatanda İsa onlara dedi: «Dua edin ki, günaha yol verməyəsiniz».+ 41 Özü isə onlardan bir qədər* aralandı, diz çöküb dua etməyə başladı: 42 «Ata, əgər istəyirsənsə, bu camı* məndən uzaqlaşdır. Fəqət qoy mənim yox, Sənin istədiyin kimi olsun».+ 43 Bu zaman göydən bir mələk peyda olub onu ürəkləndirdi.+ 44 İsa şiddətli iztirab çəkərək daha da hərarətlə dua edirdi+ və təri qan damlaları kimi yerə düşürdü. 45 İsa duasını qurtarıb ayağa qalxdı, şagirdlərinin yanına qayıtdı və gördü ki, onlar kədərdən üzülüb yuxuya gediblər.+ 46 İsa onlara dedi: «Niyə yatırsınız? Qalxın və durmadan dua edin ki, günaha yol verməyəsiniz».+

47 O hələ danışarkən ora bir izdiham gəldi. On iki həvaridən biri olan Yəhuda bu izdihamın önündə idi. Yəhuda İsanı öpmək üçün ona yaxınlaşdı.+ 48 İsa ona dedi: «Yəhuda, insan Oğlunu öpüşlə satırsan?» 49 İsanın yanındakılar vəziyyəti başa düşüb ona dedilər: «Ağa, qılıncları işə salaq?» 50 Hətta onlardan biri qılıncla vurub baş kahinin nökərinin sağ qulağını kəsdi.+ 51 Ancaq İsa dedi: «Yetər!» Sonra nökərin qulağına toxunub onu sağaltdı. 52 İsa onu tutmağa gələn böyük kahinlərə, məbəd rəislərinə və ağsaqqallara dedi: «Məgər mən qulduram ki, üstümə qılınc və dəyənəklə gəlirsiniz?+ 53 Hər gün məbəddə sizin yanınızda olanda+ heç məni tutmurdunuz?!+ Amma indi sizin vaxtınızdır, indi zülmətin hakimiyyətidir».+

54 Onlar İsanı tutub baş kahinin evinə apardılar.+ Butrus isə bir qədər aralıdan onların dalınca gedirdi.+ 55 Adamlar həyətin ortasında tonqal qalayıb dövrəsində oturdular. Butrus da onların arasında oturdu.+ 56 Bu zaman qarabaşlardan biri tonqalın yanında oturan Butrusu görüb ona diqqətlə baxdı və dedi: «Bu da onlarla idi». 57 Lakin Butrus danmağa başladı: «Ay bacı, mən onu tanımıram». 58 Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Lakin Butrus dedi: «Yox, ay kişi!»+ 59 Təqribən bir saatdan sonra başqa bir adam israrla dedi: «Bu adam onunla idi! Bu da cəliləlidir». 60 Butrus dedi: «Ay kişi, başa düşmürəm, sən nə danışırsan?!» Elə həmin andaca, söz hələ onun ağzında ikən xoruz banladı. 61 Ağa dönüb düz Butrusun üzünə baxdı. Butrus da Ağanın dediyi: «Bu gün xoruz banlamamış sən məni üç dəfə danacaqsan», — sözlərini xatırladı.+ 62 O, çölə çıxıb hönkür-hönkür ağladı.

63 İsanın keşiyini çəkənlər onu lağa qoyub+ vurmağa+ başladılar. 64 Onlar İsanın üzünü örtüb ondan soruşurdular: «Hə, peyğəmbər, tap görək səni kim vurdu?» 65 Ona çoxlu başqa küfrlər də deyirdilər.

66 Nəhayət, səhər açılanda xalqın ağsaqqalları, böyük kahinlər və mirzələr yığışdılar+ və İsanı Sinedrion zalına gətirib dedilər: 67 «Əgər Məsihsənsə, de, biz də bilək».+ Ancaq İsa dedi: «Desəm də inanmayacaqsınız. 68 Sizdən soruşsam, cavab verməyəcəksiniz. 69 Lakin indən belə insan Oğlu+ qüdrətli Allahın sağında oturacaq».+ 70 Bunu eşidəndə onların hamısı dedi: «Deməli, sən Allahın Oğlusan?» O cavab verdi: «Elədir ki var». 71 Onlar dedilər: «Daha başqa şəhadət nəyimizə lazımdır? Bunu özümüz onun dilindən eşitdik».+

23 Sonra hamısı qalxıb İsanı Pilatın yanına gətirdilər.+ 2 Onlar İsanı təqsirləndirərək+ deyirdilər: «Bu adam xalqımızı yoldan çıxarır, Sezara+ vergi ödəməyi qadağan edir, üstəlik, özünü Məsih, padşah adlandırır».+ 3 Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa cavab verdi: «Dediyin kimidir».+ 4 Pilat böyük kahinlərə və camaata dedi: «Mən bu adamda bir günah görmürəm».+ 5 Amma onlar təkidlə dedilər: «Bu adam bütün Yəhudiyyədə, Cəlilədən tutmuş buraya kimi hər yerdə təlimləri ilə xalqı qızışdırır». 6 Pilat bunu eşidəndə onun Cəlilədən olub-olmadığını soruşdu. 7 Biləndə ki, İsa Hirodun tabeliyindəki bölgədəndir, onu Hirodun yanına göndərdi. Hirod+ həmin vaxt Yerusəlimdə idi.

8 Hirod İsanı görəndə çox sevindi, neçə vaxt idi ki, onu görmək istəyirdi. İsanın səsi-sorağı onun qulağına çatmışdı.+ O ümid edirdi ki, İsa ona bir möcüzə göstərəcək. 9 Hirod onu uzun-uzadı sorğu-suala tutdu, amma İsa cavab vermədi.+ 10 Böyük kahinlər və mirzələr ayağa qalxır, İsanı hiddətlə ittiham edirdilər. 11 Sonra Hirod əsgərləri ilə birlikdə onu alçaltmağa başladı.+ Əyninə gözəl libas geydirib onu ələ saldı.+ Sonra isə Pilatın yanına göndərdi. 12 Həmin gün Hirodla Pilat dost oldular, hərçənd o vaxta kimi bir-birinə düşmən idilər.

13 Pilat böyük kahinləri, rəhbərləri və xalqı yığıb 14 dedi: «Siz bu adamı yanıma gətirib dediniz ki, o, camaatı üsyana qaldırır. Mən onu sizin qarşınızda dindirdim, ancaq onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır.+ 15 Hirod da onda bir təqsir tapmadığından onu geri qaytardı. Bu adam ölümə layiq bir iş görməyib. 16 Buna görə də onu cəzalandırıb+ buraxacağam». 17 * ⁠—— 18 Onlar isə bir ağızdan qışqırdılar: «Onu edam et! Barabbanı burax!»+ 19 (Bu adam şəhərdə qaldırılmış qiyama və törədilmiş qətlə görə həbs edilmişdi.) 20 Pilat yenə də onlara müraciət etdi, çünki İsanı buraxmaq istəyirdi.+ 21 Onlarsa: «Onu dirəkdə edam et! Dirəkdə edam et!» — deyərək qışqırırdılar.+ 22 Pilat üçüncü dəfə onlara dedi: «Axı niyə? Bu adam nə pis iş görüb ki? Mən onda ölümə layiq bir şey tapmadım. Cəzalandırıb buraxacağam». 23 Camaat isə daha bərkdən bağıraraq onu dirəyə mıxlamağı tələb edirdi. Onlar o qədər bağırdılar+ ki, 24 axırda Pilat təslim olub onların tələb etdiyi hökmü çıxardı. 25 Onların tələbi ilə qiyama və qətlə görə həbs edilmiş adamı buraxdı, İsanı isə onların ixtiyarına verdi.

26 Onu edama apararkən kənddən gələn kirenalı Şimonu tutdular, işgəncə dirəyini* İsanın arxasınca aparmaq üçün onun belinə qoydular.+ 27 Camaat da İsanın ardınca gedirdi. Qadınlar kədərdən sinələrinə vurur, ondan ötrü ağlayırdılar. 28 İsa çönüb onlara dedi: «Ey Yerusəlim qızları, məndən ötrü ağlamayın. Özünüzdən, uşaqlarınızdan ötrü ağlayın.+ 29 Gün gələcək, insanlar deyəcəklər: “Sonsuz, uşaq doğmamış, uşaq əmizdirməmiş qadınlar nə xoşbəxtdir!”+ 30 O zaman insanlar dağlara: “Üstümüzə yıxılın!”, təpələrə: “Bizi örtün!”, — deyəcəklər.+ 31 Əgər ağacın canında su var ikən belə edirlərsə, görün o quruyanda nə olacaq!»

32 Onunla birlikdə iki nəfər cinayətkarı da edama aparırdılar.+ 33 Onlar Kəllə adlanan yerə gəlib çatdılar.+ Orada İsanı və cinayətkarları dirəyə mıxladılar. Birini İsanın sağında, o birini solunda asdılar.+ 34 Lakin İsa deyirdi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər». Sonra İsanın paltarlarını bölüşdürmək üçün püşk atdılar.+ 35 Camaat durub baxırdı, rəhbərlər isə rişxəndlə deyirdilər: «Bəs başqalarını xilas edirdi? Əgər o, Allahın seçdiyi Məsihdirsə, qoy özünü xilas etsin».+ 36 Hətta əsgərlər də onu ələ salırdılar. Onlar yaxınlaşıb İsaya turş şərab uzadır+ 37 və deyirdilər: «Əgər sən yəhudilərin padşahısansa, özünü xilas et!» 38 İsanın başının üstündə lövhə vardı. Lövhədə yazılmışdı: «Bu, yəhudilərin padşahıdır».+

39 Dirəkdən asılmış cinayətkarlardan biri onu təhqir edərək+ deyirdi: «Məgər sən Məsih deyilsən? Özünü də xilas et, bizi də». 40 Amma o birisi ona acıqlanıb dedi: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən. 41 Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam isə heç bir pis iş görməyib». 42 Sonra üzünü İsaya tutub dedi: «İsa, Padşahlığına gələndə məni yada sal».+ 43 İsa ona cavab verdi: «Bunu bil:* sən mənimlə Cənnətdə olacaqsan!»+

44 Günorta saat on iki* olardı. Bütün yer üzünə qaranlıq çökdü və haradasa saat üçədək* davam etdi.+ 45 Günəş işığı yox idi. O zaman məbədin pərdəsi*+ tən ortadan cırıldı+ 46 və İsa ucadan qışqırıb dedi: «Ata, ruhumu Sənin əlinə əmanət edirəm».+ Bunu deyib son nəfəsini verdi.+ 47 Yüzbaşı baş verənləri görəndə Allahı mədh edib dedi: «Bu adam, doğrudan da, saleh adam imiş».+ 48 Tamaşaya durmuş adamlar da baş verənləri görəndə sinələrinə vura-vura dağılışıb getdilər. 49 İsanı tanıyanlar isə kənarda durmuşdular. Onların arasında Cəlilədən onun ardınca gəlmiş qadınlar var idi. Onlar da baş verənlərin şahidi oldular.+

50 Orada Yusif adlı saleh və xeyirxah bir adam vardı. O, Şuranın* üzvü idi.+ 51 Bu adam onların qurduğu fəndə, əməllərinə qol qoymamışdı. O, Yəhudiyyənin Arimatay şəhərindən idi və Allahın Padşahlığını gözləyirdi. 52 Yusif Pilatın yanına gedib ondan İsanın cəsədini istədi. 53 O, cəsədi dirəkdən düşürüb+ zərif kətan parçaya sarıdı və qayada oyulmuş təzə bir sərdabəyə qoydu.+ 54 Həmin gün Hazırlıq günü+ idi və artıq şənbə+ başlayırdı. 55 İsa ilə Cəlilədən gəlmiş qadınlar gedib sərdabəyə və cəsədin necə qoyulduğuna baxdılar.+ 56 Onlar qayıdıb xoş iyli otlar və ətirli yağlar hazırladılar. Ertəsi gün şənbə+ olduğundan Qanuna əsasən istirahət etdilər.

24 Həftənin ilk günü* səhər tezdən onlar hazırladıqları ətirli otları da götürüb sərdabəyə gəldilər.+ 2 Yaxınlaşanda gördülər ki, sərdabənin ağzındakı daşı kənara yuvarlayıblar.+ 3 Qadınlar sərdabəyə girəndə orada Aǧa İsanın cəsədini tapmadılar.+ 4 Onlar çaşbaş qaldılar. Birdən yanlarında parlaq libasda iki nəfər peyda oldu. 5 Qadınlar qorxudan onların üzünə baxmadılar. Amma o iki nəfər onlara dedi: «Siz nə üçün dirini ölülər arasında axtarırsınız?+ 6 O, burada yoxdur, dirilib. Hələ Cəlilədə olarkən onun sizə 7 insan Oğlunun günahlıların əlinə veriləcəyi, dirəkdə edam olunacağı, ancaq üçüncü gündə diriləcəyi barəsində dediklərini yadınıza salın».+ 8 Qadınlar İsanın sözlərini xatırladılar+ 9 və sərdabədən geri dönüb hər şeyi on bir həvariyə və digər şagirdlərə danışdılar.+ 10 Bu qadınlar Məcdəlli Məryəm, Yuhənnə və Yaqubun anası Məryəm idi. Onlarla olan digər qadınlar da bu haqda həvarilərə danışdılar. 11 Ancaq həvarilər qadınların dediklərini boş şey sanıb onlara inanmadılar.

12 Butrus isə ayağa qalxıb sərdabəyə qaçdı və içəri boylananda orada kəfəndən başqa bir şey görmədi. Butrus mat-məəttəl çıxıb gəldi.

13 Elə həmin gün iki şagird Yerusəlimdən təqribən on bir kilometr* aralıda yerləşən İmmas kəndinə gedirdi. 14 Onlar aralarında baş vermiş bu hadisələr barədə söhbət edirdilər.

15 Şagirdlər aralarında danışarkən İsa yaxınlaşıb onlarla yanaşı getdi. 16 Amma onlar İsanı tanımadılar.+ 17 İsa onlardan soruşdu: «Nə barədə danışırsınız?» Şagirdlər dayandılar. Onlar çox qəmgin idilər. 18 Kleopas adlı şagird ona dedi: «Sən qəribsən, Yerusəlimdə tək qalırsan ki, xəbərin yoxdur* bu günlərdə şəhərdə nə baş verib?» 19 İsa onlardan soruşdu: «Nə olub ki?» Onlar cavab verdilər: «Nəsrani+ İsa ilə bağlı hadisələri deyirik. O, Allahın və bütün xalqın qarşısında sözdə və əməldə qüdrətli bir peyğəmbər idi.+ 20 Bizim böyük kahinlər və rəhbərlər isə onu Pilata təslim etdilər.+ O da ona ölüm hökmü kəsib dirəkdə edam etdi. 21 Eh, biz isə ümid edirdik ki, o, İsraili azad edəcək.+ Artıq bu hadisələrdən üç gün keçir. 22 Üstəlik, şagirdlər arasındakı qadınlardan bəziləri də bizi lap çaşbaş qoyublar. Onlar səhər tezdən sərdabəyə getdilər,+ 23 amma onun cəsədini orada tapmadılar. Gəlib orada qeyri-adi bir şey gördüklərini danışdılar. Guya mələklər peyda olub onun sağ olduğunu söyləyiblər. 24 Onda bizimkilərdən bəziləri sərdabəyə getdilər+ və gördülər ki, hər şey qadınların dediyi kimidir. Amma onun özünü görmədilər».

25 İsa onlara dedi: «Ey ağılsızlar! Ey peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! 26 Məgər Məsih bu əzablara qatlaşmalı+ və sonra şərəfə çatmalı deyildi?»+ 27 Sonra Musadan və bütün Peyğəmbərlərdən+ başlayıb Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah etdi.

28 Nəhayət, onlar kəndə çatdılar. Amma İsa özünü elə apardı ki, guya yoluna davam edir. 29 Onda şagirdlər təkid etdilər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». İsa razılaşıb içəri girdi. 30 Süfrədə oturan zaman İsa çörəyi götürüb dua etdi, sonra bölüb onlara verdi.+ 31 Onda şagirdlərin gözü tam açıldı və onu tanıdılar. Lakin İsa qeyb oldu.+ 32 Onlar bir-birinə dedilər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» 33 Onlar yubanmadan Yerusəlimə qayıtdılar və gördülər ki, on bir həvari və digər şagirdlər bir yerə yığışıblar. 34 Oradakılar dedilər: «Doğrudan da, Ağa dirilib və Şimona görünüb!»+ 35 Onda iki şagird də yolda baş vermiş hadisəni və İsa çörəyi bölərkən onu necə tanıdıqlarını hamıya danışdılar.+

36 Onlar bütün bunlardan danışarkən İsa özü orada peyda olub: «Sizə salam olsun», — dedi.+ 37 Amma şagirdlər bərk qorxdular, onları dəhşət bürüdü, elə zənn etdilər ki, qabaqlarındakı ruhdur. 38 İsa onlara dedi: «Niyə qorxursunuz? Nə üçün ürəyinizdə şübhələr var? 39 Əllərimə, ayaqlarıma baxın. Bu, mənəm. Mənə toxunun, baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var». 40 İsa bunları deyib əllərini və ayaqlarını onlara göstərdi. 41 Onlar sevinc və heyrət içində idilər, amma hələ də inana bilmirdilər. Onda İsa soruşdu: «Yeməyə bir şeyiniz var?» 42 Ona bir tikə qızardılmış balıq verdilər. 43 O, balığı götürüb onların gözü qabağında yedi.

44 Sonra İsa belə dedi: «Hələ sizinlə olanda sizə məhz bu haqda danışmışdım.+ Sizə demişdim ki, Musanın Tövratında*, Peyğəmbərlərin kitabında və Zəburda mənim haqqımda yazılanlar yerinə yetməlidir».+ 45 Sonra İsa Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı+ 46 və dedi: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gündə diriləcək,+ 47 Yerusəlimdən başlayaraq+ bütün xalqlara+ onun adı ilə günahların bağışlanması+ üçün tövbə təbliğ olunacaq. 48 Siz bunların şahidi olacaqsınız.+ 49 Mən Atamın vəd etdiyi ənamı sizə göndərəcəyəm. Ona görə də göydən gələn gücü almayınca şəhərdən çıxmayın».+

50 İsa onları Beytaniyyəyə kimi gətirdi, sonra əllərini qaldırıb onlara xeyir-dua verdi. 51 İsa onlara xeyir-dua verərkən onlardan ayrıldı və göyə qalxdı.+ 52 Şagirdlər ona təzim edib böyük sevinclə Yerusəlimə qayıtdılar.+ 53 Onlar daima məbəddə olurdular və Allahı mədh edirdilər.+

Lüğətə bax.

Lüğətə bax.

Hərfən: toxumuna.

Hərfən: xilas buynuzu. Lüğətdə «buynuz» sözünə bax.

Yaxud bütün yer üzündə.

Hərfən: böyük göylər ordusu.

Yaxud Yehovaya uşağın fidyəsini ödəmək üçün. Sy 18:15, 16 ayələrinə bax.

Hərfən: Yehova üçün müqəddəsdir.

Hirod Antipa. Lüğətə bax.

Lüğətə bax.

1Sm 2:9; Mt 1:3, 4 ayələrində Ram.

Yaxud təlim verməyə.

Cəlilə dənizi.

Yaxud hüzur çörəyini.

Yun. apostolos. Mənası: göndərilmiş; elçi.

Yəni sələmsiz borc.

Hərfən: qardaşının. Yəni dindaşının.

Hərfən: övladları.

Mt 26:7 haşiyəsinə bax.

B14 əlavəsinə bax.

Digər variant: o, artıq xeyli vaxt idi ki, murdar ruhun əsarətində idi.

Qədim Roma ordusunun baş hərbi hissəsi legion adlanırdı. Bu söz burada çoxluq mənasında işlənir.

Lüğətə bax.

Hərfən: qızım.

Hərfən: ruhu (həyat qüvvəsi) qayıtdı.

Hərfən: iki köynək.

Ayaqdan tozu çırpmaq məsuliyyətdən azad olmaq mənasını daşıyırdı.

Hirod Antipa. Lüğətə bax.

Lüğətə bax.

Hərfən: ruh.

Yaxud aranızda kim kiçik kimi davranırsa.

Yaxud sülh olsun.

Yun. hades. Lüğətə bax.

Hərfən: ruhların.

B14 əlavəsinə bax.

Hərfən: çörəyimizi.

Hərfən: bizə borcu olan.

Bu ad Şeytana aid işlənir.

Hərfən: barmağı.

Yaxud gözü bir şeyə cəmlənibsə.

Yaxud gözü çox şeyə cəmlənibsə.

Burada söhbət dini ayinin icrasından gedir.

Lüğətə bax.

Yun. assarion. Fəhlənin bir günlük əməkhaqqı olan dinarın on altıda biri dəyərində mis pul. B14 əlavəsinə bax.

Digər variant: sinaqoqlara.

Hərfən: beliniz qurşaqlı olsun.

Hərfən: ikinci növbədə. Təxminən axşam saat doqquzdan gecə yarısına kimi.

Hərfən: üçüncü növbədə. Gecənin yarısından təxminən gecə saat üçə kimi.

Yaxud müdrik, uzaqgörən, tədbirli.

Hərfən: axırıncı leptonunu. B14 əlavəsinə bax.

Hərfən: üç sea (təx. 10 kq). 1 sea 7,33 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

Hərfən: dirhəmi. B14 əlavəsinə bax.

Bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.

Kor 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

Lüğətə bax.

Lüğətə bax.

Hərfən: qoynuna. Xüsusi rəğbət mövqeyini bildirir.

Yun. hades. Lüğətə bax.

Hərfən: qardaşın. Yəni dindaşın.

A3 əlavəsinə bax.

Yunan minası 340 q ağırlığında idi və 100 dirhəm dəyərində idi. B14 əlavəsinə bax.

B14 əlavəsinə bax.

Hərfən: bəxşiş.

Hərfən: iki lepta. B14 əlavəsinə bax.

Yaxud epidemiyalar.

Yaxud o günlərdə ədalət öz yerini tutacaq.

Yəni Pasxanın təmsil etdiyi şeylərin hamısı.

Hami fəxri titul idi.

Yaxud bir daş atımı qədər.

Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.

A3 əlavəsinə bax.

Lüğətə bax.

Hərfən: bu gün sənə deyirəm.

Hərfən: təxminən altıncı saat.

Hərfən: təxminən doqquzuncu saatadək.

Bu pərdə Müqəddəs yeri Ən müqəddəs yerdən ayırırdı.

Yəni Sinedrionun.

Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.

Hərfən: 60 stadi. B14 əlavəsinə bax.

Digər variant: Yerusəlimə gələn qonaqların içində təkcə sənin xəbərin yoxdur?

Lüğətə bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş